Yuxarıya
skip to main content

“İqtisadi insan”ın tiraniyası (II hissə)

09.03.2023

XVIII-XIX əsrlərdə liberallar öz doktrinalarını təbiətin qanununa tabe olaraq təqdim etdilər. Bu baxımdan onlar hər şeyi ilahi lütfdən gözləyən Agüstinianlara (teoloq Avqustin Avrelinin tərəfdarları) bənzəyirdilər. Yeganə fərq o idi ki, onlar təbiətin qaçılmaz şəkildə tərəqqiyə yönləndirdiyini qeyd edirdilər. Onlara görə, insanda iradə təbiidir və iki kateqoriya, təbiət və iradə bir-birinə zidd deyil. Buna görə də, laissez-faire iqtisadiyyatı dövlətin güclü direktiv rol oynadığı dirijizmdirijist iqtisadiyyat qədər təbii idi.

Gerçək kontrast təbiət və iradə arasında deyil, kollektiv (dövlət) iradə və fərdlərin iradəsi arasındadır. Liberallara görə, fərdlər öz məqsədləri uğrunda energetik davranmalı və yalnız dövlət tarixin dəyişməz qanunlarına tabe olmalı, passivləşdirilməli idi. Bu anlamda liberallar/neo-liberallar və kommunistlər arasındakı fərq birisinin voluntarist (iradəçi, iradənin gücünə inanan), digərinin isə qeyri-voluntarist olmasında deyil. Onlar arasındakı müxtəliflik ondan ibarətdir ki, biri fərdi, digəri isə kollektiv iradənin gücünə inanır. Liberalizm bu perspektivdən psevdo-naturalizm olaraq da dəyərləndirilir.

Konstandan daha çox xeyirin zəfərinə olan inancın dini xarakteri Frederik Bastiada özünü göstərir (bax.8). Liberal düşüncənin radikal müdafiəçisi olan Bastia, Avqustindən fərqli olaraq, Pelagiusun izi ilə Tanrı tərəfindən yaradılan dünyanın mütləq xeyiri və tərəqqini özündə ehtiva etdiyini qeyd edirdi. “Ədalət və qardaşlıq” adlı əsərində Bastia qeyd edir ki, dini olan sadəcə səmavi olan deyil, həm də Tanrının müdriklyini aşkara çıxaran sosial mexanizmdir. Bastia Smitin “görünməz əl” və Marksın “tarixin dialektikası” kimi formulların dini mənşəyini ortaya çıxarır: “onlar insani varlıqları Tanrının əsasını qoyduğu yol ilə tərəqqiyə aparan Providensiya (Tanrının inayəti) ideyasının sekulyar versiyasını təmsil edir. Dünya xeyirin mütləq zəfərinə doğru irəliləyir və biz yürüşə əngəl olmamalıyıq”.

Kondorse və Konstan kimi, Tanrını tarix ilə əvəzləyən Bastia da öz ideyalarını elmə əsaslandırır, sosialist çağdaşlarını fantaziyalar və boş xəyallar üzərində vaxt itirməkdə ittiham edirdi. Bastia Pelagiusa əsaslanaraq bildirir ki, ilahi lütfə deyil, fərdi səy və çalışqanlığa arxalanmalıyıq. Tanrı insanı və dünyanı azad yaratmaqla öz işini yekunlaşdırmışdı.

XX əsrdə meydana çıxan neo-liberal düşüncə totalitar siyasi rejimlər, xüsusən də Fərdləri total şəkildə dövlətin əmrinə tabe edən və xüsusi mülkiyyəti qadağan edən Sovet iqtisadi prinsipləri kontekstində və ona qarşı olaraq inkişaf etmişdi. Hayekə görə, fərdi azadlıqları total şəkildə qadağan edən bu sistemlər vətəndaşları bütün iqtisadi muxtariyyətdən məhrum edir. Hayek bildirir ki, azad rəqabətin qarşısında heç bir əngəl mövcud olmamalıdır və keçmişdə də sivilizasiyanın tərəqqisinə təkan verən amil insanın qeyr-şəxsi bazara tabeliyi olub (bax.9). Tanrı kimi bazar da heç bir səhv edə bilməz. Təbiətin qanunlarına tabelik perspektivindən, Marksın “elmi sosializmi”nin “elmi liberalizm” ilə eyni prezumpsiyaları əks etdirdiyini müşahidə edirik.

Neoliberallar özlərini klassik liberalların “laissez-faire” ideyasından uzaqlaşdırmaqla, rəqabət qarşısında hər növ bariyerin sistematik eliminasiyasına köklənirlər. Həm kommunistlər, həm də neo-liberallar bir nöqtədə birləşirlər: texno-elm (sientizm) hər şeyi bilə, her şeyə nail ola bilər. Cəmiyyətin yenidən modelləşdirilməsi sadəcə bir texnoloji məsələdir. Təbiət və tarixin qanunlarının kombinasiyasına olan kor inanc hər iki ideologiyada mövcuddur. 2008-2009-cu il qlobal maliyyə böhranı və özəl bankları xilas etmək üçün atılan addımlar, tətbiq edilən şok terapiyaları neoliberal proyektin daxili davamlılığını sual altına salan “dövlət neoliberlizmi”ni doğurdu. Gəlirlər fərdi qaldığı halda, risklər sosiallaşdırılır.

Neo-liberalizmin totalitar diskursu xatırladan daha bir səciyyəsi onun radikallığı yanaşı, həm də onu müşaiyət edən Manixeyizm də vurğulanmalıdır. İnsani varlıqlar həm sosial, həm də iqtisadi ehtiyacların daşıyıcısıdır, dolayısı ilə onların fərdi və kollektiv yaşamları var. Onlar qarşılıqlı olaraq bir-birini məhdudlaşdırır və tamamlayır. Lakin kommunist rejim fərdi mövcudluğu tamamilə kollektivliyin nəzarətinə alarkən, neoliberal baxış fərdi arzular üzərində hər hansı kollektiv təsiri “gulag”ın doğuluş təhdidi olaraq görürlər.

Bu gün yeni qlobal iqtisadiyyat dövlətlərin siyasi idarəetmələrinə tabe deyil, əksinə qlobal iqtisadiyyatın xidmətində olan dövlətlərdir. Qlobal anlamda və miqyasda şəbəkələşmiş bazar cüzi bir siyasi legitimliyə sahib olmamaqla yanaşı, siyasi akt(lar)a da heç bir məkan buraxmır. Hər zaman “daha çox istehlak” məntiqi yaxud da kredosu əsla sorğu-sual edilməməli, dövlətlər yalnız onun çarxlarının daha yaxşı işləməsi və sosial konfliktləri yumuşaltmaq üçün müdaxilə etməlidir.

Bu dəyişiklik Fransa inqilabı tərəfindən təlqin edilən dəyişiklikdən daha fundamental xarakterli oldu. Qeyd edilən inqilab monarxın suverenliyini xalq suverenliyi ilə əvəzləməkdən məmnun idi. Lakin ultraliberalizm fərdlərin iradəsində təcəssüm edilən iqtisadi qüvvələrin suverenliyini bütövlükdə siyasi suverenliyin üzərinə qoyur. Bununla o paradoksal şəkildə liberal düşüncənin essensial prinsipini  - bir hakimiyyət qolunun digəri tərəfindən məhdudlaşdırılması – pozur. Cəmiyyətin heterogenliyinə əsaslanan klassik liberalizmə görə, ümumi maraqlar həmişə xüsusi maraqlar ilə üst-üstə düşmür. Ümumi maraqların fərdlərin fəaliyyətlərinin qarşısını almasının total şəkildə qadağası yeni avatardır. Ümumi marağın mövcudluğunun qəbul edilməməsi demokratiyanın dərin təməllərini də sarsıdır. Benjamin Barber bildirir ki, bazarların hər yerə və hər şeyə diktə etməsini, reklamçılıq və istehlakın öz sekulyar şəriət qanununu təlqin etməsini, azadlıq adlandırırıq (bax.10).

Elmi həqiqətlər olaraq irəli sürdüyü diktumlarına kor-koranə tabelik tələb etməklə, neo-liberalizm (ultraliberalizm) də Kommunizm kimi bir “sekulyar din”ə çevrilir. Ultraliberalizm sadəcə müəyyən aspektlərdən totalitarizmin düşməni, eyni zamanda onun bir əkizi, güzgü surəti, həm ziddi, həm də bərabəridir. Ultraliberalizm proyekti bizi bir ifratdan digər bir ifrata, “hər şey dövlət üçün” totalitarizmindən “hər şey fərd üçün” totalitarizminə, “libertisidal” rejimdən “sosiosidal” rejimə daxil edir...

Ultraliberalizmin də kommunizm kimi yanlış abstraktsiyalar ilə zəngin olduğunu söyləyə bilərik. Bunlardan ilki, fərdlərin maddi (bəzən “rasional”) maraqlar ilə hərəkətləndirilən eqotist-mənfəətçi varlıqlar olması inancıdır. Lakin rifah sadəcə insanın maddi məhsullar və maddi güc arzusunun tətminindən qaynaqlana bilərmi? Bu, reallıqda iqtisadiyyat üçün faydalı olanın insani varlıqların xoşbəxtliyi üçün də zəruri və faydalıdır – kredosunun inyeksiyasıdır.

Ultraliberal/neoliberal düşüncənin təməlində problematik antropologiya dayanır. Bu, insanın “öz-özünə kifayət edən”, ətrafındakı digər insani varlıqlardan təcrid edilmiş essensial olaraq yalnız bir varlıq olmasıdır. Neo/ultraliberal ideya, insani varlığı inter-insani varlıq olaraq dərk edən Humanizm düşüncəsi, habelə Avropa intellektuallarının böyük ənənəsi ilə də ziddiyyət təşkil edir. İnsanlar arasındakı münasibətlər fərdin konstruksiyasından öncə gəlir. İnsani varlıq başqalarının gözündə aşkar etdiyi tanınma olmadan özünü tanıya, dolayısı ilə mövcud ola bilməz.

Digər tərəfdən bütün insani arzular iqtisadi zərurətlərdən qaynaqlanmır və cəmiyyət hər biri öz-özünə kifayət edən fərdlərin aqqreqatına endirilə bilməz. Hayek “ümumi xeyir”, “ümumi maraq” və “sosial ədalət” konsepsiyalarını mahiyyətsiz adlandırsa da, tarixi dimensiyasız və sosial aidiyyətsiz bir fərddən daha abstrakt nə ola bilər? İnsani varlıq izolyasiyada deyil, digər insani varlıqlarla mübadilələrdə, onlarla interaksiyalarda – dostluqlar və bağlılıqların geniş şəbəkəsində mövcuddur. Neoliberalların təxəyyül etdikləri cəmiyyət öz-özünə kifayət etdikləri üçün üzvlüklərini də istədikləri zaman dayandıra bilən “azad iradəli” fərdlərin klubudur.

Fərdin öz iradəsinin məhsulu olmadığı, ailə mühiti və sosial kontekst daxilində formalaşmasına dəlalət edən faktor – fərddən öncə gələn dildir. Əgər o sözlərin mühitinə immersiya olmasaydı, tamamilə heyvani şərtlərə məhkum olardı. İnsan bir sosial bütövlüyə uyğun akt göstərməzdən əvvəl, həmin sosial bütövlük tərəfindən formalaşdırılır. Fransız hüquq tarixçisi Alen Süpio qeyd edir ki, hər birimizi leqal subyektə çevirən qanun odur ki, subyekt azad olmaq üçün digərlərinə bağlı olmalıdır (bax.11).

 

            Ədəbiyyat:

1.         B. Constant, Principes de politique applicables à tous les gouvernements (Geneva: Droz, 1980), II, 1, p. 49.

2.         Constant, Principes de politique, II, 6, p. 58; XII, 1, p. 275.

3.         L. Dumont, Homo aequalis (Paris: Gallimard, 1977), p. 15.

4.         Tzvetan Todorov, “Inner enemies of Democracy”, trans.by Andrew Brown, Polity Press, 2014, p.81

5.         B. Constant, ‘Additions’ (1810) to the Principes de politique, p. 531.

6.         Constant, Filangieri, I, 7, pp. 53–4; II, 11, p. 186; II, 9, p. 176; IX, 6, p. 332.

7.         Tzvetan Todorov, “Inner enemies of Democracy”, trans.by Andrew Brown, Polity Press, 2014, p.84

8.         The works of Bastiat are freely accessible online: see for example http://www.gutenberg.org/files/44800/ 44800-h/44800–h.htm, accessed 27 March 2014.

9.         F. A. Hayek, The Road to Serfdom, p. 18.

10.      B. Barber, ‘Patriotism, autonomy and subversion’, Salmagundi, 170–1 (2011), p. 125.

11.      A. Supiot, Homo juridicus (Paris: Le Seuil, 2005), p. 8.