Yuxarıya
skip to main content

Mehriban Əliyevanın Türkiyənin acılarını bölüşməsi Azərbaycan qadınının böyüklüyünü göstərir

14.02.2023

Türkiyədə baş verən zəlzələdən sonra Azərbaycan xalqı əlindən gələn yardımı etdi və edir. Zəlzələ baş verən ilk andan dövlətimiz ən yüksək səviyyədə Türkiyəyə dəstək mesajları verdi. Prezident İlham Əliyevin Rəcəb Tayyib Ərdoğan ilə telefonla danışması, Türkiyədən rəsmi müraciət gözləmədən xilasedicilərimiz və yardımımızın Türkiyəyə göndərilməsi Türkiyənin bizim üçün vacibliyini ortaya qoyur. Dövlətimizin başçısının tapşırığı ilə Türkiyəyə yardım vahid mərkəzdən idarə olunur. Eyni zamanda, kəndlərdəki, rayonlardakı insanlar da qardaş ölkə üçün əlindən gələni etməyə çalışırlar. Azərbaycan xalqı, dövləti bu davranışlarla necə həmrəy və böyük qəlbə malik olduğunu bütün dünyaya nümayiş etdirir.

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəsmi instaqram səhifəsində Türkiyədəki zəlzələdən zərər çəkənlərə humanitar yardımla bağlı paylaşımı hamımızın qəlbini riqqətə gətirir. Xalqımızın Türkiyənin kədərinə hamılıqla şərik olması, vahidlik nümayiş etdirməsi bizim qardaşlığımızın yeni simvolikası hesab edilə bilər.

Mehriban Əliyevanı xalqımızın və ictimai rəyin ifadəçisi kimi mesajı Türkiyədə fəal yardımlar edən insanlarımıza daha çox mənəvi güc verir. Mehriban Əliyevanın paylaşımı və onun tapşırığı ilə həyata keçirilən humanitar yardım aksiyaları geniş vektorludur. Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın göstərişinə əsasən, Türkiyənin zəlzələ bölgəsinə humanitar yardım təyyarələri göndərilib. Humanitar yardıma faciədən zərər çəkmiş şəxslər üçün zəruri olan əlavə avadanlıqlar, o cümlədən qızdırıcısı olan çadırlar, generatorlar, istilik radiatorları, çöl üçün qızdırıcılar, dizel yanacaqlı kaloriferlər, həmçinin axtarış-xilasetmə işlərinə dəstək məqsədilə ləvazimat və avadanlıqlar daxildir.

Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyi tərəfindən qardaş ölkəyə humanitar yardım kampaniyasına da start verilib. Kampaniya zamanı İctimai Birliyin könüllüləri Türkiyənin təbii fəlakətdən zərər çəkmiş vilayətlərində hazırda çox ehtiyac duyulan ləvazimatları vətəndaşlardan toplayacaq, ən qısa zamanda qablaşdıraraq qardaş ölkəyə çatdıracaqlar”, – deyə Tural İsmayılov vurğulayıb.

Korporasiyalarımız və şirkətlərimiz də qardaş ölkənin yanında yer alır. “PAŞA Holding” və onun törəmə şirkətləri zəlzələdən zərər çəkmiş şəxslərə dəstək məqsədilə Türkiyənin iki önəmli yardım fonduna – AHBAP-ın və Türkiyənin Daxili İşlər Nazirliyinin Təbii Fəlakət və Fövqəladə Hallar Agentliyinin (AFAD) hər birinə 500 min dollar olmaqla ümumilikdə 1 milyon dollar ianə edib.

Mehriban Əliyevanın simasında yüksək mənəvi-əxlaqi dəyərlərə, milli təəssübkeşliyə malik, humanizm ideallarına sadiq Azərbaycan qadınının obrazı var. Azərbaycan xalqının milli birlik və həmrəylik nümayiş etdirməsinə, insanlarımızın Türkiyə xalqının, bütün türk dünyasının yaşadığı bu faciəyə olan yanğısına, dəstəyinə Mehriban Əliyevanın verdiyi yüksək dəyər qardaşlığımızın sarsılmazlığına yekdilliklə bağlılığımızı göstərir. Mehriban Əliyevanın hazırda təbii fəlakət zonasında çalışan xilasedicilərimizin, tibb işçilərimizin, diplomatlarımızın, media nümayəndələrimizin əməyinə verdiyi yüksək qiymət insanlar üçün həm də stimul mənbəyidir. Azərbaycan xalqı sonadək Türkiyənin yanında yer alacaq.

Tural İsmayılov
Bakı Dövlət Universitetinin Sosial Elmlər və Psixologiya fakültəsini bitirib, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Sosial Tədqiqatlar Mərkəzinin Mətbuat Xidmətində sektor müdiri, teleaparıcıdır