Rusiya Elmlər Akademiyasının üzvü olan azərbaycanlılar
Hal-hazırda Rusiya EA-nın neçə azərbaycanlı üzvü var?
Rusiya Elmlər Akademiyasının internet səhifəsində həqiqi, müxbir və xarici üzvlərin seçildikləri illər üzrə siyahısı yerləşdirilib. Həmin siyahıları nəzərdən keçirdikcə məlum olur ki, hal-hazırda həqiqi üzvlərin siyahısında Məmmədbağır Cavad oğlu Əliyevin və Bakıda doğulmuş Aslan Əmirxanoviç Kubatiyevin adları yer alıb.
M.Əliyev tibb elmləri doktoru (1992), Rusiyanın Elm və Texnika üzrə Dövlət Mükafatı laureatı (1999), Rusiya Federasiyasının Əməkdar elm xadimidir. 2003-cü ildə Rusiya Tibb Elmləri Akademiyasının müxbir üzvü, 2007-ci ildə həqiqi üzvü, 2011-ci ildə isə Rusiya Elmlər Akademiyasının həqiqi üzvü (fiziologiya elmləri bölməsi üzrə) seçilib. Rusiya EA Rəyasət Heyətinin üzvüdür. 500-ə yaxın elmi məqalənin, 6 elmi monoqrafiyanın, 2 tədris vəsaitinin, 5 kitabın, 7 ixtiranın və 6 səmərələşdirici təklifin müəllifidir.
2009-cu ildə M.Əliyevin təşəbbüsü ilə sarkomanın öyrənilməsi ilə məşğul olan Rusiya və digər ölkə alimlərindən ibarət Şərqi Avropa Qrupu (East-Eurapean Sarcoma Group) yaradılıb.
M.Əliyev hazırda Rusiya Tibb EA-nın Bloxin adına Onkologiya Mərkəzinin elm və müalicə işləri üzrə prorektoru, eyni zamanda Uşaq Onkologiyası və Hemotologiya İnstitutunun direktorudur.
Fəal ictimai fəaliyyətlə məşğul olan alim RF İctimai Palatasının üzvüdür. Ümumrusiya Azərbaycanlıları Konqresi (ÜRAK) fəaliyyətdə olduğu dövrdə təşkilatın prezidenti vəzifəsini icra etmişdir.
2011-ci ildə M.C.Əliyev Prezident sərəncamı ilə Azərbaycan Respublikasının "Dostluq" ordeni ilə təltif edilmişdir.
1941-ci ilin aprelin 6-da Bakıda doğulmuş Aslan Əmirxanoviç Kubatiyev isə tibb elmləri doktoru, 1993-cü ildə Rusiya Tibb Akademiyasının müxbir üzvü, 1999-cu ildə həqiqi üzvü, 2013-cü ildə isə Rusiya Elmlər Akademiyasının həqiqi üzvü seçilib. Molekulyar və hüceyrə patofizioloqlar məktəbinin yaradıcısıdır. Tələbələrindən ikisi Rusiya Tibb Elmləri Akademiyasının üzvü seçilib.
460-dan çox elmi məqalənin, 14 ixtiranın və patentin, 270 jurnal məqaləsinin (50-si ingilisdilli nəşrlərdə), 5 monoqrafiyanın müəllifi və həmmüəllifidir.
Rusiya Patofizioloqlar Elmi Cəmiyyətinin prezidenti, Ümumi Patologiya və Patofiziologiya Elmi Şurasının sədri, Rusiya Federasiyasının Dövlət Mükafatı laureatıdır.
Müxbir üzvlərin siyahısında isə Ədilə Əvəz qızı Namazova və Vüqar Əliniyaz oğlu Bağırovun adları yer alıb. Ədilə Namazova tibb elmləri üzrə, Vüqar Bağırov isə kənd təsərrüfatı elmləri üzrə Rusiya Elmlər Akademiyasının müxbir üzvlüyünə 2014-cü ildə seçiliblər.
Azərbaycanın görkəmli pediatrı, kardioloq Ədilə Namazova tibb elmləri doktoru (1965), professor (1966), SSRİ Tibb EA-nın müxbir üzvü (1971), Əməkdar elm xadimi (1981), Azərbaycan EA-nın həqiqi üzvü (1983), Rusiya Federasiyası Tibb EA-nın həqiqi üzvü (1993), Azərbaycan SSR Dövlət Mükafatı laureatıdır (1982).
Vüqar Bağırov biologiya elmləri doktoru (2005), Rusiya Kənd Təsərrüfatı Elmləri Akademiyasının müxbir üzvü (2010), Ümumrusiya Donuzçuluq ETİ-nin elmi katibi (1999-2002), Ümumrusiya Elmi‑Tədqiqat Heyvandarlıq İnstitutunun heyvanların reproduktiv kriobiologiya laboratoriyasının müdiri, SSRİ-Əfqanıstan müharibəsinin veteranıdır.
Bundan başqa, 2010-cu ildən etibarən 10 nəfər azərbaycanlı alim Rusiya Elmlər Akademiyasının xarici üzvü seçilib: Bəhram Hüseyn oğlu Əliyev (kənd təsərrüfatı elmləri üzrə, 2010), Qənbər Qara oğlu Abdullayev (kənd təsərrüfatı elmləri üzrə, 2012), Cəmil Əziz oğlu Əliyev (tibb elmləri üzrə, 2014), Namiq Nəriman oğlu Əliyev (tibb elmləri üzrə, 2014), Əhliman Tapdıq oğlu Əmiraslanov (tibb elmləri üzrə, 2014), Vasif Fətulla oğlu Əsgərov (tibb elmləri üzrə, 2014), Arif Məmməd oğlu Məmmədov (tibb elmləri üzrə, 2014), Vaqif Bilas oğlu Şadlinski (tibb elmləri üzrə, 2014), Abel Məmmədəli oğlu Məhərrəmov (2016).
Rusiya EA-nın üzvlüyünə seçkilər necə keçirilir?
Qeyd edək ki, Rusiya EA-nın üzvləri gizli səsvermə yolu ilə Nizamnaməyə uyğun olaraq seçilmiş həqiqi, müxbir və xarici üzvlərdən ibarətdir. Rusiya EA-nın Nizamnaməsinə əsasən, həqiqi üzvlər (akademiklər) Rusiya Federasiyasının vətəndaşı olan, elm istiqamətləri üzrə geniş tədqiqatlar aparan, elmi yeni biliklərlə zənginləşdirən, tanınmış elmi məktəblər yaradan müxbir üzvləri sırasından seçilirlər.
Müxbir üzvlər isə elmin inkişafında görkəmli xidmətləri olan, onu dəyərli tədqiqatları ilə zənginləşdirən Rusiya Federasiyasının vətəndaşları sırasından seçilirlər. Akademiyanın həqiqi və müxbir üzvləri ömürlük seçilirlər.
Akademiyanın xarici üzvləri xarici dövlətlərin dünya və Rusiya elminə dəyərli töhfələr verən alimləri sırasından seçilirlər. Akademiyanın xarici üzvü Akademiyanın ümumi yığıncağı və üzvü olduğu elmi bölmənin ümumi yığıncağının işində məşvərətçi səs hüququ ilə iştirak edir. Akademiyanın xarici üzvü, üzvü olduğu elmi bölmədə elmi tədqiqatların inkişafı və beynəlxalq elmi əməkdaşlığın genişləndirilməsi təkliflərini Akademiyanın Rəyasət Heyətinə təqdim edir.
Akademiyanın həqiqi, müxbir və xarici üzvlərinin seçkiləri üç ildə bir dəfədən az olmayaraq keçirilir. Akademiyanın həqiqi, müxbir və xarici üzvləri gizli səsvermə yolu və Akademiyanın ümumi yığıncağında iştirak edən həqiqi və müxbir üzvlərinin üçdə iki səs çoxluğu ilə seçilir.
Onu da əlavə edək ki, Rusiyada ilk akademiya 1724-cü ildə Birinci Pyotrun fərmanı ilə yaradılıb və 1917-ci ildən Rusiya Elmlər Akademiyası adlandırılıb.
11-15 noyabr 2019-cu il tarixlərində keçirilmiş seçkilərdən sonra hal-hazırda Rusiya Elmlər Akademiyasının 898 həqiqi üzvü, 1144 müxbir üzvü var. Həqiqi üzvlərə əməkhaqqına əlavə kimi 100.000 rubl (təqribən 2670 manat), müxbir üzvlərə isə 50.000 rubl (təqribən 1335 manat) verilir.
Sözardı...
Heç şübhəsiz, azərbaycanlı alimlərin Rusiya Elmlər Akademiyasının üzvü seçilməsi, ümumiyyətlə, azərbaycanlıların Rusiya və digər ölkələrin elmi elitasında yer alması, yüksək vəzifələr tutması alqışlanası haldır. Bu, ən azından Azərbaycan adının və həqiqətlərinin intellektual çevrələrdə daha çox hallanması deməkdir. Onların sayının çox olması, heç şübhəsiz, hər birimizin arzusudur.
Bu gün Rusiyada Azərbaycandan getmiş əmək və təhsil miqrantlarının ikinci, hətta üçüncü nəsli yetişir. Ümid edək ki, məhz bu nəsil öz sələflərindən fərqli olaraq Rusiyanın ziyalı elitası arasında daha yüksək mövqeləri qazana biləcəklər.
Aqşin Məmmədov
Bakı Dövlət Universitetində bakalavr və magistratura, AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunda doktorantura təhsili alıb. Filologiya üzrə fəlsəfə doktorudur. Milli-ideoloji məsələlər, etnik və dini azlıqlar, təhsil, elm və dil siyasəti və s. istiqamətlərdə tədqiqatlar aparır.