Fransanı diplomatik müstəvidə nokaut etməyə davam edəcəyik
Fransanın bütün bəşəri və insani dəyərləri tapdalayaraq beynəlxalq hüququ manipulyasiya etmək cəhdləri hər keçən gün daha da ciddiləşir. Fransa bütün beynəlxalq platformalarda Ermənistandan rupor kimi yararlanmağa çalışır. Ermənistanı Fransanın Qafqaza çıxış qapısı kimi görürlər Fransada. Məcburi şəkildə Ermənistanı istismar edərək onu Rusiya forpostluğundan çıxarmağa cəhdlər edirlər. Həmçinin Rusiyaya qarşı da Ermənistanı oyuncaq kimi istifadə etmək istəyirlər. Dekabrın 20-21-də Fransa və Ermənistan Laçın yolundakı vəziyyət ilə bağlı BMT TŞ-nın iclasını çağırdılar. Azərbaycana qarşı növbəti ədalətsizliyi qlobal platformada legitimləşdirməyə cəhd etsələr də, növbəti dəfə rüsvay oldular. Ölkəmiz bundan sonra da Fransanı diplomatic müstəvidə nokaut etməyə davam edəcək.
2022-ci ilin sentyabr hadisələrindən sonra Ermənistanın müraciəti əsasında BMT TŞ-nın gündəliyinə “Ermənistanın BMT yanında Daimi nümayəndəsinin məktubu” adlı bənd daxil edilmişdi. Sözügedən müraciət əsasında TŞ-nın gündəliyinə bəndin daxil edilməsi Fransanın dəstəyi olmadan baş verə bilməzdi. Fransa Ermənistan vasitəsiylə Azərbaycana və Türkiyəyə təzyiqlər etməyə cəhdlər edirdi. Bunun özü ayrıca bir haqsızlıqdır ki, BMT TŞ-nın 4 qətnaməsi ola-ola 30 ilə yaxın dövr ərzində BMT TŞ Ermənistanın Azərbaycana qarşı təcavüzünə qarşı bir dəfə də olsun toplantı keçirmədi. Bunu qoymayanlardan biri də məhz riyakar Fransa idi. BMT TŞ-ni ədalətsizliklər meydanına çevirmək cəhdi isə beynəlxalq hüquq adına daha bir utancdır. Fransa-Ermənistan cütlüyü hələ 2022-ci ilin sentybarında baş vermiş hadisələrlə bağlı BMT TŞ-da sənəd qəbul etmək istəyirdi. O zaman bu baş vermədi.
20-21 dekabr müzakirələrindən dərhal sonra Fransa BMT TŞ-nın daimi üzvü və hazırda TŞ-nın sədri kimi (daimi və qeyri-daimi üzvlərin hərəsi bir ay sədr olur) Laçın-Xankəndi yolundakı vəziyyəti “humanitar fəlakət” kimi təqdim edən riyakar və tam ermənipərəst mətn hazırlanmışdı. 10 gündür ki mətn üzərində böyük mübarizə gedirdi.
Prosesləri bilavasitə Fransa Prezident Administrasiyası və Makronun xarici siyasət məsələləri üzrə müşavirləri aparırdı. Təsadüfi deyil ki, Prezident İlham Əliyev Qərbi Azərbaycan İcmasının üzvləri ilə görüşdə bir sıra beynəlxalq təsisatlarda Azərbaycana qarşı mərklli işlərin aparıldığına eyham etmişdi. Azərbaycan bundan əvvəl də Frankofoniya və bəzi başqa beynəlxalq təşkilatlarda Azərbaycan əleyhinə olan fəaliyyətlərin təəssüf doğurduğunu bəyan etmişdi. Fransa düşünürdü ki, bu bəyanatı qəbul etdirəcək və bundan sonra növbəti addım kimi bunu qətnaməyə çevirəcək. Bu günlərdə Ermənistanın “dahi” diplomatı və “çekisti” Armen Qriqoryan da TŞ-da qətnamə qəbul edilməsinin Ermənistanın məqsədlərindən biri kimi müəyyən etmişdi. Fransız-erməni cütlüyünün bu addımları Rusiyaya xəyanət, ABŞ-ın dəstəyi ilə sülh müqaviləsi üzrə aparılan danışıqlara hörmətsizlik və bütövlükdə beynəlxalq ictimaiyyəti aldatmaq cəhdi idi.
Amma sözün əsl mənasında Fransa üçün bu proses böyük rüsvayçılıq oldu. BMT TŞ-nın daimi üzvü və hazırda TŞ-nın sədri Fransa 10 gündür ki, bütün resurslarını işə salsa da, bir bəyanatı qəbul etdirə bilmədi. Əvvəla, bəyanat fransızların ilkin təqdim etdiyi layihədən fərqli olaraq əsaslı dərəcədə dəyişdirildi. Ermənipərəst tərzdə təşkil olunmuş bəyanatda “Dağlıq Qarabağ”ifadəsi çıxarıldı, “humanitar yardım olarsa, bu yalnız Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə hörmət əsasında ola bilər” və “Azərbaycanın ərazi bütövlüyünə dəstək” kimi ifadələr daxil edildi. Azərbaycan diplomatiyası bütün imkanlarından istifadə edərək Fransanı məhz onun öz meydanında rüsvayçılıqla baş-başa qoydu.
Fransanın hazırladığı 6-cı və ya 7-ci mətn BMT TŞ qaydalarına uyğun olaraq sükut proseduruna yenidən qoyulmuşdu. Bu o deməkdir ki, sənəd hazırlanır və konkret saata qədər vaxt müəyyən edilir. İrad və ya təklif yoxdursa, qəbul edilmiş hesab olunur. Bu sənəd də darmadağın edildi. Beynəlxalq ictimaiyyət, BMT TŞ-nın daimi və qeyri-daimi üzvləri də Fransaının necə ədalətsiz, qərəzli və riyakar olduğunu görürdülər və bunu açıq etiraf edirdilər. Bu kimi iyrənc fəndlərlə geosiyasi oyunlar naminə Qafqaza soxulmağa çalışan Fransa başa düşmür ki, əksinə, hər belə addımı ilə regiondan daha da təcrid olur, Azərbaycan xalqı qarşısında pis və gülünc vəziyyətə düşür.
Azərbaycanın gücünün və Fransanın öz meydanında onu məğlub etməsinin sirri sözsüz ki, Prezident İlham Əliyevdir. Məhz qətiyyətli, uzaqgörən lider, mahir siyasətçi kimi Prezident İlham Əliyevin şəxsi nüfuzu, onun diplomatiyası sayəsində Azərbaycanın dünyada qazandığı dost ölkələr Fransanın bu cəhdlərini sıfırladı. Beləliklə, Fransa rəsmən məktubla müraciət edərək prosesi dayandırdığını bəyan edib.
Bu, yeni 2023 cü il ərəfəsində Prezident İlham Əliyevin növbəti qələbəsi və Azərbaycan xalqına hədiyyəsidir. Prezident İlham Əliyev bu il doğum günündə Qərbi Azərbaycan İcması ilə görüşdə belə bir ifadə işlətmişdi: “Hətta səndən güclü olan qüvvə qarşısında heç vaxt geri addım atmamalısan, hər zaman öz hüququnu qorumalısan, xüsusilə doğma torpağını qorumalısan”.
Bu parlaq qələbə bir daha Prezident İlham Əliyevin hansı qətiyyətə və liderlik keyfiyyətlərinə malik olduğunu növbəti dəfə əyani nümayiş etdirir.
Tural İsmayılov
Bakı Dövlət Universitetinin Sosial Elmlər və Psixologiya fakültəsini bitirib, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Sosial Tədqiqatlar Mərkəzinin Mətbuat Xidmətində sektor müdiri, teleaparıcıdır