7-8 dekabr 2022-ci il tarixlərində Türkiyənin İstanbul şəhərindəÜsküdar Universitetində Beynəlxalq Simpozium keçirilib.
Simpoziumun mövzusu müasir dövrün yeni “qlobal pandemiyası” adını alan, aktual sosial problemə- tənhalıq fenomeninə həsr edilib. 8 ölkədən 30 tədqiqatçı alimin məruzəçi olduğu simpozium iki gün davam edib.
Üsküdar Universitetinin 2019-cu ildən başlayaraq təşkil etdiyi Beynəlxalq Tənhalıq Simpoziumu bu il say etibarı ilə artıq 4-cü dəfə keçirilib. Universitetin Humanitar və İctimai Elmlər Fakültəsinin Sosiologiya Bölməsi qeyd edilən sosial problemin araşdırılmasına demək olar ki, dünya miqyasında ilk dəfə,4 il əvvəl başlayıb. İndiyə qədər keçirilmiş 3 Beynəlxalq Tənhalıq Simpoziumunda texnologiyanın, sosial şəbəkələrin, pandemiyanın, rəqəmsallaşma və qloballaşma proseslərinin və s. müasir tendensiyaların cəmiyyətdə insanlararası münasibətlərdə getdikcə geniş miqyas alan tənhalıq probleminin sosial aspektləri ilə bağlı tədqiqatlar müzakirə edilib.
7-8 dekabr 2022-ci il tarixlərində keçirilən Simpoziumunun əsas mövzusu “Ailə və Tənhalıq” mövzusuna həsr edilib. Azərbaycandan Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətini üzvü, professor Tahirə Allahyarova simpoziumda “Ailə və nikah münasibətlərində tənhalığın sosial aspektləri” mövzusunda təqdimatla çıxış edib.
Simpoziumda Avstriya, Türkiyə, Fransa, Qazaxıstan, Azərbaycan, Qırğızıstan, Özbəkistandan tədqiqatçı alimlərin iştirakı ilə müasir ailələrdə, ailədaxili münasibətlərdə yaşanan proseslərdə tənhalıq problemi, onun sosial,psixoloji, mədəni, texnoloji və s. aspektləri müzakirə edilib.
Çıxış edənlər tənhalığın müasir ailə üzərindəki arzuolunmaz təsirlərini diqqətə çəkib. Bu tendensiyanın dünyada, eləcə də, Türk dünyasında toplumu və ailələri uçuruma doğru aparmasını vurğulayaraq, sosial və psixoloji elmin bu istiqamətdə daha dərindən düşünməsini, ortaq səylərini birləşdirməsini tövsiyə edib. Qərb ailə modelinin, modernizmin təqdim etdiyi ailə münasibətlərinin rəqabətə əsaslandığını, ailə dəyərləri baxımından ən əhəmiyyətli dəyərin əsasən ənənəvi ailə modelinə xas olan paylaşmaq və həmrəylik olması qeyd edilib.
Çıxış edənlər dünyada, eləcə də, Türkdilli dövlətlərdə ailə institutu və ailə dəyərlərinin strateji əhəmiyyətini, eləcə də, onun üzləşdiyi qlobal çağırışları və transformasiya proseslərini nəzərə alaraq, birgə tədqiqat layihələrinin həyata keçirilməsinin, əməkdaşlığın daha da gücləndirilməsinin vacibliyi təklifini irəli sürüb.