Yuxarıya
skip to main content

Əhməd Obalı ilə millət vəkillərinin görüşü keçirildi

06.12.2022

Sosial Tədqiqatlar Mərkəzinin təşkilatçılığı ilə Güney Azərbaycan Televiziyasının rəhbəri Əhməd Obalı ilə Milli Məclisin deputatları arasında görüş keçirilib. İnteraktiv müzakirələrlə zəngin keçirilmiş konfrans 6 dekabr tarixində baş tutub. Görüşdə STM İdarə Heyətinin sədri, millət vəkili Zahid Orucla yanaşı Ziyafət Əsgərov, Cavanşir Paşazadə, Elşən Musayev, Fazil Mustafa və Ceyhun Məmmədov kimi digər deputatlar da iştirak edib.
Keçirilən tədbirdə ilk çıxışı Milli Məclisin deputatı Ziyafət Əsgərov edib. Ziyafət Əsgərov bildirib ki, Əhməd Obalı ilə bu görüş olduqca vacib xarakter daşıyır, buna səbəb isə bu görüşün ilk dəfə keçirilməsidir. Daha sonra isə Günaz TV rəhbəri Əhməd Obalı çıxış edib. O, əvvəlcə çıxışında İranın inqilab tarixi zamanı yaşadığı ağır günlərdən bəhs edib. ABŞ-a köç etməsindən sonra isə Əhməd bəy oradakı fəaliyyətlərdən danışıb.
“Biz BMT qərarı ilə hansısa təşkilatlar vasitəsilə nələrəsə nail ola bilməyəcəyimizi anlamışdıq. Xalqı maarifləndirməyin vacib olduğunun fərqində idik bu səbəbdən də bu kanalı yaratdıq. Daha əvvəllər də 2014-cü illərdə biz burada çıxışlar etmişdik. Təbii ki, bu addımlar İran tərəfindən təzyiqlə cavablandırıldı. Bu da bizi narahat etmişdi. Mən həmişə Prezidentimiz İlham Əliyevlə fəxr etmişəm ki, o bizim milli ruhumuzu geri qaytarıb. Bu qısa müddətdə millətləşmə prosesinin təcəssümüdür. Bu gün güneylilər Azərbaycanla qürur duyur. Şuşa Bəyənnaməsi ilə, Qarabağın azadlığı ilə onlar daha da qürürlanıb” – deyə Əhməd Obalı bildirib.

Çıxışı zamanı Ziyafət Əsgərov bildirib ki, yaxın zamanda orta dəhliz geosiyasət konfransı keçirildi. O qeyd edib ki, Cənab Prezident də bu məsələlərə bir daha vurğu etdi. İranda yaşayan azərbaycanlıların ana dilində təhsilə sahib olmaması ilə yanaşı orada onların hüquqlarının tapdanması mövzularına ciddi mesajlar verildi.

“İranın mövqeyi məlumdur. İran güclü Azərbaycan istəmir. Baxmayaraq ki, o həmişə Azərbaycanı dəstəklədiyini deyib. İran Azərbaycana sadəcə xəyanət edib. Bu gün Azərbaycan güclü dövlətdir, İranın bizə gücü çatmır. Onlar sadəcə təxribatlara əl atır” – Ziyafət Əsgərov.

Daha sonra Milli Məclisin deputatı Elşən Musayev çıxış edib. O bildirib ki, Əhməd Obalı ilə tanışdır. Elşən Musayev həmçinin Parlamentdə daha öncə dəfələrlə Güney Azərbaycan mövzusunun qaldırıldığını da vurğulayıb.

“İran tərəfindən Azərbaycana və azərbaycanlılara münasibət necədir? Bu münasibət heç yaxşı deyil. Xüsusən də son dönəmlər İranın xisləti daha da göz önündədir. İndi onların əsl sifəti ortaya çıxıb. Onlar Azərbaycan torpaqlarındakı tikintiləri daşına qədər daşıyıb. Bu gün də onlar öz ənənələrinə davam edir. Bizim dilimizi heç kim bizim əlimizdən ala bilməz. Cənubi azərbaycanlılar hər zaman öz dillərinə sahib çıxıb. Bu sadəcə təqdirə layiq haldır. Biz hər zaman sizin yanınızdayıq“ – Milli Məclisin deputatı, Elşən Musayev.

Digər deputatlar isə aşağıdakı fikirləri səsləndirib.

“Hazırda orada yaşanan çətinliklər bugünki məsələ deyil. Hələ 1979-cu ildəki inqilabdan sonra, bu orada yaranan məsələlərdir. Cənab Prezident son çıxışlarında da bildirdi ki, o cənubda yaşanan problemlərlə tanışdır. Əlbəttə 44 günlük savaş zamanı Cənab Prezident xarici jurnalistləri, səfirləri dəvət edirdi. Onlara yaşanan reallıqları göstərərkən həm də İranla bağlı mesajlarını ötürürdü. Ancaq məlumdur ki, İran da öz simasından əl çəkmədi” – Milli Məclisin deputatı, Cavanşir Paşazadə.

“Uzun illərdir Günaz TV böyük və faydalı işlər görüb. Mənim də orada çıxışlarım olub. Qeyd etmək istərdim ki, biz İranla qonşu xarakterli xoş münasibətlərə sahib olmaq istəyirik. Ancaq İrandan eyni siqnalları ala bilmirik. Biz hətta Ermənistana da öz şərtlərimizi təqdim etmişik. Bəzi şərtlər var ki, onlar yerinə yetirildikdə onlarla da normal münasibətlər qurula bilər. Soydaşlarımızla bağlı isə onu deməliyik ki, bu daha uzun müddətli strategiyadır. İndi əsas sual budur ki, İrandamı Azərbaycançılıq geniş yayılıb yoxsa Azərbaycanda və ya Borçalıda İrançı təfəkkür geniş yayılıb? Məncə ikinci variant daha doğrudur. Bu gün siyasətdə Azərbaycan dövlətinin soydaşlarımıza verəcəyi dəstək məhduddur. Bir yerdən sonra bu dəstək dayanmalı olacaq. Çünki, İran üzərində qərbin maraqları var” – Milli Məclisin deputatı, Fazil Mustafa.

“İranın bizə qarşı hansı siyasəti həyata keçirdiyini biz həmişə bilmişik. Amma Azərbaycanın öz maraqları olub və indiyə qədərki dönəmdə ən vacib məsələ Qarabağın azadlığı idi. Artıq biz yeni bir dövrə qədəm qoymuşuq. İranla bağlı məsələləri biz artıq çox açıq şəkildə bildiririk. Bu gün əsas olan odur ki, ölkə rəhbərliyinin, Cənab Prezidentin cənubda yaşayan soydaşlarımıza qarşı böyük dəstəyi var. Bu istiqamətdə bundan sonra da ciddi fəaliyyət davam etdiriləcək. Biz hazırda daha çox İranda rejimin devrilməsinə fikrimizi cəmləmişik. Görünən odur ki, rejimin öz iqtidarından güc yolu ilə də olsa əl çəkməyəcək. Biz isə sonrakı dövrə hazır olmalıyıq. Nümunə üçün Suriya faktorunu, kürdlərə qarşı qərbin tutumunu nəzərə almalıyıq.” – Milli Məclisin deputatı, Ceyhun Məmmədov.

Keçirilən görüşün yekun çıxışını STM İdarə Heyətinin sədri Zahid Oruc edib. O, belə mötəbər tədbirin məhz Sosial Tədqiqatlar Mərkəzində keçirilməsindən məmnun olduğunu deyib.

“Ötən 10 illər ərzində biz 10-larla xaricə çıxmış güneyli soydaşımızla görüşmüşük. Ancaq hər zaman biz müəyyən qədər nigaran olmuşuq. Onların agentura əməkdaşı olması olduqca ehtimal edilən hal idi. Amma Əhməd Obalı hər zaman daha dəqiq hədəfləri görən vacib bir media kanalını qurub. Biz onu bir dostumuz kimi bu gün qəbul etmişik. Bu görüşün bu gün baş tutmasının əsas səbəbi bizim Qarabağ zəfərimizdir. Bizim hazırki ritorikamızın səbəbi məhz o qələbədir. Azərbaycanın qələbəsinə hansı dövlətin necə reaksiya verməsi ilə artıq onun bizə qarşı baxış bucağı aydın görünür. 44 günlük müharibə başqa müstəvilərdə hazırda da davam edir. Gözə görünməyən cəbhələrdə döyüşən insanlar var.

İran əvvəlki İran olmayacaq. O 4 inqilabda özünü göstərən abstraksiyalar artıq yoxdur. Taxtda əyləşən bu yaşlı kəsim meydandakı insanları tanımır. Xalq savadsızdır deyə inqilab etməyəcək demək yanlışdır. Hazırda İranda davam edən hadisələrin paralelini biz Sovetlərlə apara bilərik. Siyasiləşmə prosesi getdikcə sadəcə yüksələcək. Bəli, hakimiyyət cidid reaksiyalar verəcək. Bu hələ milli azadlıq hərəkatı deyil.” – deyə Zahid Oruc yekunda bu fikirləri səsləndirib.  Daha sonra tədbir interaktiv şəkildə müzakirələrlə davam edib.