Yuxarıya
skip to main content

Sosial Tədqiqatlar Mərkəzində “İran: Yeni baxış bucağında” adlı konfrans keçirilib

05.12.2022

5 dekabr tarixində Sosial Tədqiqatlar Mərkəzində “İran: Yeni baxış bucağında” adlı konfrans keçirilib. Konfransda media nümayəndələri ilə yanaşı STM İdarə Heyətinin üzvü, millət vəkili Elşad Mirbəşiroğlu və Güney Azərbaycan Televiziyasının rəhbəri Əhməd Obalı iştirak edib.

Konfransın giriş hissəsində STM İdarə Heyətinin üzvü Elşad Mirbəşiroğlu çıxış edib. O bildirib ki, hörmətli Əhməd Obalı hər zaman soydaşlarımızın hüquqları üçün geniş fəaliyyət göstərib.

“Əvvəlcə dəvət üçün təşəkkür edirəm. Günaz TV 2004-cü ildən fəaliyyətdədir. Onun məqsədi Güney Azərbaycandakı soydaşlarımızın maarifləndirilməsidir. Şükürlər olsun ki, Qarabağımız artıq azaddır. İndiyə qədər biz Güney Azərbaycanlılar olaraq siyasi fəaliyyətdən də qaçmamışıq. Bu gün Azərbaycanda, akademiyamızda Cənubi Azərbaycanla bağlı tezislər və kitablar yazılır. Bu bizi çox sevindirir. Türkiyədə də Qarabağ savaşından sonra mediada ciddi fəallıq artıb. Bu gün ümumilikdə Güney Azərbaycanlılara qarşı diqqət artımı hiss olunur” – deyə Əhməd Obalı bildirib.

Daha sonra siyasi şərhçi Samir Hümbətov çıxış edib.

“İran daxilində baş verən proseslər təkcə bir toplumun deyil İranda yaşayan hər bir xalqın indiki teokratik, molla rejiminin quruluşuna etirazıdır. Bizim üçün burada önəmli olan soydaşlarımızın haqlarıdır. Hər bir xalq, hər bir millət öz daxilində yaşayan vətəndaşlarına hüquqlarını verməlidir. Biz görürük ki, Azərbaycan türklərinin ən elementar hüquqları əllərindən alındı.” – deyə Samir Hümbətov öz çıxışı zamanı qeyd edib.

Daha sonra sözlərinə davam edən Elşad Mirbəşiroğlu qeyd edib ki, Azərbaycan Cənab Prezidentin rəhbərliyi ilə bölgəmizdə hər zaman əməkdaşlığın və sabitliyin tərəfdarıdır.

Tədbirin bir sonrakı hissəsində Şimali Kiprdəki Azərbaycan diasporasının rəhbəri Orxan Həsənoğlu çıxış edib. Onun sözlərinə görə artıq 10 ildən artıqdır ki, fəaliyyət göstərən bu dostluq mərkəzi adadakı digər türkdilli xalqların da diaspora mərkəzidir.

“Şimali Kiprdə ölkəmizin çoxsahlı ziyalıları yer alır. Şimali Kipr həm də universitetləri ilə zəngindir. Bu ölkədə 300-ə yaxın azərbaycanlı tələbə və onlarla müəllim yer alır.”

"Bizim təşkilatımız orada yeganə qurumdur ki, diaspora fəaliyyəti daşıyır. Bu gün Türk Dövlətlər Birliyində təkcə türk dövlətləri deyil başqa dövlətlər də yer almaq istəyir. Digər yandan İran həm də Türkiyənin qonşusudur. Nəyə görə Türk mediası bu gün İranda baş verənlərə susqun yanaşır?" – deyə Orxan Həsənoğlu bildirib.

Daha sonra tədbir iştirakçıların interaktiv müzakirələri ilə davam edib.