Liberalizmin tarixi dinamikaları
İkinci Dünya Müharibəsindən sonra, ümumi düşmən – faşizm üzərində qələbənin ardınca liberalizm və Marksizm şübhə edilməyən iki dominant ideologiya olaraq meydana çıxdı. Artıq bir-birilə birbaşa konfliktə daxil olan bu ideologiyalar bir-birinin keçərliliyini rədd edir və yeganə keçərli iqtisadi modelin özününkü olduğunu bəyan edirdi. Mişel Bo qeyd edir ki, liberal və sosialist ideyalar meydana çıxdığı zaman birincisi özünü elmi qiyafədə (tələb və təklif qanunu) nümayiş etdirir, sonuncusu (sosialist ideyalar) isə sektarianizm və mistisizmə doğru degenerasiya tendensiyanı əks etdirirdi. (1)
Liberalizmin tənqidçiləri, məsələn fransız iqtisadçısı Fransua Peru bildirir ki, ifrat liberal fərziyyələrə görə, zamanın başlanğıcından bəri hər şey kapitalizmə şamil edilə bilər, sanki modern dünya industrialistlər və tacirlər tərəfindən konstruksiya edilib. (2) İdeoloji perspektivdən oxşar subyektiv tənqidlər Marksist nəzəriyyəçilər arasında da müşahidə edilir. Onlar bərabərlik və azadlığın liberal interpretasiyasını rədd edirlər. Avstraiyalı filosof Aleksander Topiş vurğulayır ki, dialektik metodun hər bir məqsəd üçün istifadə edilə bilməsi faktı onun yalnız XVIII əsr Maarifçilik doktrinası və təbii hüquqların uğuru ilə müqayisə edilə bilən dünyamiqyaslı ekspansiyası və cazibəsini izah edir. (3)
Real ideoloji uyğunsuzluqlara rəğmən, liberallar, neoliberallar, sosialistlər, sosio-liberallar rasionalizmin ümumi irsi, bütün qeyri-demokratik ideologiyaların rəddi ilə bağlı həmfikirdirlər. Fransız anarxo-sindikalizm nəzəriyyəçisi Sorel bildirir ki, rasionalizm illüziyasına qarşı etiraz cəhdi demokratiyanın düşməni olaraq damğalanmaq anlamına gəlir. (4)
Bu gün liberalizm və sosializmin respektiv fəzilətləri arasında praktik konfliktin sona çatdığı görülür. İntellektuallar arasında ideoloji debat davam etsə də, iqtisadiyyatların liberallaşması ümumən Marksizm üçün də keçərlidir. Marksist ölkələrdə repressiya olduğu dövrlərdə Qərb intellektualları arasında Marksizmə dəstəyin pik həddə olması faktına rəğmən, bu gün Marksizmin uğursuzluğundan məyus olan əksər intellektuallar tərəfindən liberalizmin “sığınacaq” olaraq qəbul ediliyi bir reallıqdır. Lakin onlar universalizm və eqalitarianizmin sosialist prinsiplərini mühafizə edirlər. Fransua Hüyge bildirir ki, liberallar tərəfindən qəbul edilən rifah dövləti siyasəti kommunist ölkələrində uğursuzluğa düçar olan sosialist proqramları icra ediblər. Beləcə iqtisadi liberalizm Qərb ölkələrində maddi iqtisadi nəticələrə görə sadəcə keçmiş solçu intellektuallar arasında populyar deyil, həm də sosialist rəqibin praktik uğursuzluğu ilə liberal model mübahisəsiz alternativə çevrilib. (5) Kolm bildirir ki, iqtisadi liberalizmin zəfərlərinin təməl səbəblərindən biri sosial realizasiyanın qeyri-liberal modelinin defektiv funksionallığının alternativ liberal sosial realizasiyanın qəbuluna zəmanət verməsidir. Bütün Avropa və Ameirkada davam edən ideologiyasızlaşma əsrində modern liberalizm keçmiş rəqiblər arasında bir “modus vivendi”yə çevrilib. (6)
Kolma görə, liberalizm və marksizm dialektik ziddiyyətdə deyil, bir-birinin reallaşması olaraq görülməlidir. Liberalizm və sosializm eyni fenomenin üzü və ya tərz-üzüdür, çünki çağdaş liberalizm Marksist sosializmin qısa müddətdə və repressiv vasitələrə əl ataraq reallaşdıra bilmədiyini, uzun müddətdə və qeyri-repressiv metodlarla həyata keçirdi.
Sosializm və liberalizm “bərabərlik” anlayışının tərifi üzərində fundamental olaraq bir-birilə uzlaşmır. Nəzəri olaraq, hər ikisi konstitusional, hüquqi, siyasi və sosial bərabərliyə vurğu edirlər. Onlar arasındakı təməl müxtəliflik iqtisadi faydaların redistribusiyası üzərindədir. Liberalizmindən fərqli olaraq Marksist sosializm siyasi və sosial bərabərlik tələb etməklə kifayətlənmir, iqtisadi malların bərabər distribusiyası üzərində təkid edir. Marks bərabər hüquqların liberal tərifini tənqid edərək bərabər hüququ qeyri-bərabər əmək üçün qeyri-bərabər hüquq – adlandırır. (7) Bu hüquq sinfi müxtəlifliyi qəbul etmir, çünki hər kəs başqa hər kəs kimi sadəcə bir işçidir. O, açıqca bildirmədən qeyri-bərabər fərdi qabiliyyətləri qəbul edir. Yalnız kommunizmin ali bir mərhələsində fərdlərin kapitala mövcud subordinasiyasından sonra, burjua hüquqları aradan qalxacaq və cəmiyyət öz baneri üzərinə yazacaq: “hər kəsə öz qabiliyyətinə görə”dən, hər kəsə öz ehtiyaclarına görə”yə.
Bu müxtəlifliklərə rəğmən, sosialist ideyalar hər zaman liberalizmin qaçılmaz peykləri olaraq üzə çıxdı. Liberal ideyaların Avropa feodal səhnəsinə daxil olması sosialist ideyalar üçün zəmin hazırladı. Erkən burjuaziya gildiyalar və feodal korporasiyaları mülkədar aristokratiya ilə birgə aradan qaldırdığı zaman onu siyasi və iqtisadi azadlıqları boğmaqda, kəndliləri fabrik kölələrinə çevirməkdə ittiham edən tənqidçilər ilə üzləşməli oldu. Lakoff qeyd edir ki, XVIII əsrdə bərabərlik və azadlığın burjua ideyaları dördüncü silki ideoloji silahlanma ilə təmin etməklə proto-sosialist ideyaların doğuşuna imkan yaratdı.
Liberal və sosialist inqilabların dinamikaları XVIII və XIX əsrlərdə impetyus qazandı. 1789-cu il liberal inqilanbı 1792-ci il sosialist Yakobin inqilabına zəmin hazırladı. Liberal Kondorseni kommunist Baböf əvəzlədi. Qansız Jirondin çevrilişinin ardınca san-külotların üsyanı və Yakobin terroru altında qan avalanşı baş verdi. Oxşar şəkildə Rusiyada Fevral inqilabı Oktyabr inqilabını sürətləndirdi. Sosial-demokrat Kerenskini kommunist Lenin əvəzlədi. Qədim aristokratiyanı, mediyeval ticari birlikləri aradan qaldıran və əməkçiləri yadlaşdıran liberalizm sosializm ilə əvəzləndi.
Azad bazar, mallar və əmtəələrin azad mübadiləsinin vəkili olan loiberalizm digər ideologiyalar kimi bir ideologiya deyil. Onun proletariat və burjuaziya, “seçilənlər” və “seçilməyənlər” arasında dualist parçalanmada sabitləşmiş mütləq dünyabaxışı təlqin etmək arzusu yoxdur. Bundan əlavə, liberalizm siyasi iqtidarın hər növ konsentrasiyasına qarşı skeptikdir. Çünki o, “siyasətin inflyasiyası”nda və ideoloji entuziazmda avtoritarizmin işarələrini, totalitarizmi görür. Liberalizm daha çox “minimal dövlət” və ya “neytral dövlət” ilə uyğun təşkil edə bilər. Bu da, sekulyarlaşmış “politea”dır. Belə bir cəmiyyətdə istehsal rasionallaşdırılıb və insani interaksiyalar konstant şeyləşməyə tabedir. Neytral domen olaraq görülən azad bazar ideoloji – siyasi konfliktlərin minimuma endirildiyi domendir. Buna görə, insanlar xoşbəxtlik axtarışları iqtisadi məqsədlərin əmin-amanlıq içində maksimallaşdırılması ilə sağlamlaşdırılan rasional varlıqlardır. Liberal fərdiyyətçi cəmiyyətdə hər bir siyasi inanc gec və ya tez yeganə arbitreri fərd olan “özəl məsələ”yə endirilir. Habermas qeyd edir ki, modern liberal sistemlərdə praktik məsələlərin icrasına deyil, texnoloji məsələlərin həllinə yönəlir. Bazar siyasi arenanı məhdudlaşdırmaq olan ideal bir sosial konstrukdur. (8)
Liberalizm və liberal “pul fetişizmi” haqqında ən sinikal qeydlərdən biri Marksa yox, Evolaya aiddir. “Həyatın yoxsa pulun klassik dilemması qarşısında bir burjua cavabı belə olacaq: “həyatımı al, puluma toxunma”. (9) Lakin buna rəğmən, liberalizmin dini kökləri yoxdur, deyə bilmərik. XX əsrin əvvəllərində V.Sombart qeyd edirdi ki, iqtisadiyyat və etikanın liberal postulatları Yəhudi-Xristian leqalizmindən qaynaqlanır. Liberallar ticarət, pul, bazar və “müqəddəs iqtisadiliyi” (“heilige Wirtschaftlichkeit”) spiritual səlamət yolu olaraq dərk edirlər. Fransız antropoloqu Lui Dümon da, liberal fərdiyyətçilik və ekonomizmi Yəhudi-Xristian inancların sekulyar transpozisiyası adlandırır. “Din siyasətə səbəbiyyət verdiyi kimi, siyasət də iqtisadiyyata səbəbiyyət verəcək”. (11)
L.Dümon “Mandevilldən Marksa” adlı kitabında qeyd edir ki, fərd olaraq insanın sosial varlıq olaraq insanı əvəzləməsi Yəhudi-Xristianlıq ilə mümkün oldu. Tanrı qarşısında fərdi hesabatlılıq ideyası “fərd olaraq insan” və “iqtisadi hesabatlılıq liberal sosial kontraktın təməl daşını təşkil edir” ideyalarının meydana çıxmasına yol açdı. (10) Foyerbax, Sombart, Veber, Troelş və digərləri də Yəhudi-Xristianlığın liberal-kapitalizmin tarixi inkişafında dərin təsiri olduğunu qeyd edirlər.
Bir sıra tədqiqatçılara görə, liberalizm qarşısında ən böyük təhdid ümumi rifah səviyyədində konstant inkişafdır. Jülien Froynd və Klod Polen qeyd edirlər ki, liberalizmin hüdudsuz ekspansiyası və səbəbi olduğu “affluenza” (maddi bolluq) yeni iqtisadi və maddi ehtiyaclar yaradır. Polenə görə, liberalizm “təbii hüquqlar” doktrinası ilə insanı təkamül etməyə ehtiyacı olmayan, rasional olaraq öngörülə və finalizasiya edilə bilən növ olaraq müəyyən edir. (12) Liberal ideologiyaya görə, insanın xoşbəxtliyə nail olmasının yeganə yolu maddi rifahı və fərdiyyətçiliyi bütün digər məqsədlərdən üstün tutmaqdır. “Ehtiyaclar ideologiyası” liberalizmdə tərəqqinin gözə görünməyən kriterionuna çevrilib. Modern anomik kütlələrin “maddi ehtiyacları”nın hər zaman “təxirə salınmalı olduğu” mübahisələndirilə bilər. Çünki bu ehtiyaclar heç vaxt tam tətmin edilə bilmir. Sağlamlaşdırıcı iqtisadiyyata olan ifrat ümid azadlığı yalnız iqtisadi azadlıq, “xeyir”i isə sadəcə iqtisadi xeyir olaraq dərk edir. Bununla, Polenin “tacir sivilizasiyası” həzz və özünədəyər axtarışında olan hedonist sivilizasiyaya çevrilir.
Jülien Froynd da liberalizmdə qeyri-mümkün ehtiyaclar və tətmin edilməyən arzu cəmiyyıtini müşahidə edir. Tətmin və aberrant maddi bolluq tətmin edilməsi qeyri-mümkün yeni tətminsizliyi meydana çıxarır. Liberalizm bütün insani ehtiyacları rasional olaraq həlletmə əvəzinə, konstant şəkildə yeni ehtiyaclar yaradır. Başqa sözlə, “affluenza” qıtlığın daha müxtəlif formasını yaradır, insan sanki yeni ehtiyaclara, məhrumiyyətlərə ehtiyac duyur. Froynda görə, istehsal vasitələrinin daha çox rasionallaşması əlçatılan məhsulların həcmindəki artıma, o cümlədən ehtiyacların getdikcə irrasionallaşması zəmin yaradır. (13)
Həm Vilhelm Almaniyası, həm də Veymar respublikası dövründə liberalizmin erratik inkişafını müşahidə edən alman filosofu Maks Şeler bildirir ki, liberalizmin paradoksu ondan ibarətdir ki, o, siyasi spektrumun həm sağ həm də sol cinahında düşmən formalaşdırır. Sol qanaddakı düşmənlər liberalizmdə təbii hüquqlar doqmasının distorsiya, sağ qanaddakılar isə tradisional və orqanik cəmiyyət qarşısında onun yaratdığı təhdid perspektivindən çıxış edirlər. Bunun nəticəsində, Şeler qeyd edir, bərabər siyasi və digər hüquqların real iqtidar, real mülkiyyət və real təhsildə genişmiqyaslı bərabərsizliklər ilə qol-qola yürüdüyü bir cəmiyyətdə “ressentiment” ilə yüklənmiş hisslər dominant şəkildə təzahür edir. Dümona görə, insanın özünü hər kəslə müqayisə edə bildiyi cəmiyyətdə, reallıqda o özünü heç kəslə müqayisə etmir.
Konstant və sürətli iqtisadi ekspansiya ehtiyacı özlüyündə sosial və kultural dislokasiyanın rüşeymlərini daşıyır. Bazarın hüdudsuz ekspansiyası ilə üzləşən yadlaşmış və köksüzləşmiş fərd təməl dəyər standartı maddi rifah olan bir cəmiyyətdə iqtisadi təhlükəsizlik üçün azadlığını fəda etməyə şirnikdirilir. Liberal cəmiyyətlərin insanları maddi anlamda qarşılıqlı asılılığa daxil etməklə sağ qalması üçün asılı olduğu “sosial kontrakt”ı hər zaman qoruya biləcəyini söyləmək çətindir. İqtisadi qazanc güclü nexus ola bilər amma qədim ailə əsaslı milli dövlətlərdə olduğu kimi, mürəkkəb situasiyalarda insanları fədakarlığa sövq edəcək affektiv emosional iqtidar yarada bilmir.
Fərdləri sadəcə iqtisadi anlamda qarşılıqlı asılılığa daxil etməklə və tradisional “Gemaynşaft” və milli loyallıq bağlarını aradan qaldırmaqla, modern liberalizm çətin anlarda iqtisadi fərdin bütün digərlərinə qarşı daha hiyləgərcə davranacağı və daha çox pul ödəyəcəyi bir səhnə yarada bilib. “Hamının hamıya qarşı terroru” yeni totalitarizmlərin meydana çıxmasına zəmin hazırlayır. İqtisadi aktivlik sosial ekzistensiyanın bütün digər domenlərini eniqmatikləşdirdiyi, fərd artıq bir ata, dost, dindar və s. deyil, yalnız iqtisadi aktor olduğu zaman totalitarizm ruhu meydana çıxır. İqtisadi dəyərlər qeyri-iqtisadi ideallara bağlı olduğu zaman fərd həyatının iqtisadi anlamda nə qədər çətin olmasından asılı olmayaraq, özünü təhlükəsizlikdə hiss edir. Anonim gizli əl tərəfindən idarə edilən, anonim cəmiyyətdə anonim bazarın meydana çıxması ilə, Hanna Arentə görə, insanı köksüzlük və ekzistensial boşluq hissi ağuşuna alıb. (14)
Pre-industrial və tradisional cəmiyyətlər sübut edir ki, yoxsulluq heç də inqilablar arxasındakı hərəkətləndirici qüvvə deyil. Yoxsulluq idenitklik itkisi şüuru və ekzistensial qeyri-təhlükəsizlik hissi ilə bütövləşdiyi zaman inqilablar doğur. Bu səbəbə görə, modern liberal iqtisadiyyatlar iqtisadi möcüzənin konstantlığını davam etdirmək üçün fasiləsiz işləməlidir. İqtisadi uğur yekun, ali əxlaqi dəyərə çevrildiyi, milli loyallıqlar “out of date” olaraq damğalandığı zaman iqtisadi problemlər avtomatik olaraq dərin “yadlaşma” duyğusu ilə yoxsullar arasında kəskin diskontentasiyalar doğurur. Əlavə olaraq, evliliyi əngəlləməklə, ifrat fərdiyyətçilik lehinə vergi sistemləri ilə ailəni atomizasiya edərək, dünya miqyaslı beynəlxlq bazar və onun təbii nəticəsi “beynəlxalq insan” ilə milli identiklikləri parçalamaqla liberalizm modernist cəmiyyətlərin üzləşdiyi və üzərində refleksiya etməli olduqları sosio-antropoloji və əxlaqi aberrasiya xarakterini ortaya qoyur.
Ədəbiyyat:
1. Michael Beaud, A History of Capitalism 1500-1980 (Paris: New York: Monthly Review Press, 1983), p. 80.
2. François Perroux, Le capitalisme (Paris: PUF, 1960), p. 31.
3. Ernst Topitsch “Dialektik – politische Wunderwaffe?,”Die Grundlage des Spätmarxismus, edited by E. Topitsch, Rüdiger Proske, Hans Eysenck et al., (Stuttgart: Verlag Bonn Aktuell GMBH), p. 74.
4. Georges Sorel, Les illusions du progrès (Paris: Marcel Rivière, 1947), p. 50.
5. François-Bernard Huyghe, La Soft-idéologie (Paris: Laffont, 1988). See also, Jean Baudrillard, La Gauche divine (Paris: Laffont, 1985). For an interesting polemics concerning the “treason of former socialists clerics who converted to liberalism,” see Guy Hocquenghem, Lettre ouverte à ceux qui sont passés du col Mao au Rotary(Paris: Albin Michel, 1986).
6. Serge-Christophe Kolm. Le libéralisme moderne (Paris: PUF, 1984), p. 11
7. Karl Marx, Kritik des Gothaer Programms (Zürich: Ring Verlag A.G., 1934), p. 10.
8. http://www.sfu.ca/~andrewf/technology_and_science_as_ideology.pdf - J.Habermas
9. Julius Evola, “Procès de la bourgeoisie,” Essais politiques (Paris: edition Pardès, 1988), p.
10. Louis Dumont, From Mandeville to Marx, The Genesis and Triumph of Economic Ideology (Chicago: The University of Chicago Press, 1977), p.16.
11. L. Dumont, Essays on Individualism (Chicago:The University of Chicago Press, 1986).
12. Claude Polin, Le libéralisme, espoir ou péril (Paris: Table ronde, 1984), p. 211.
13. Julien Freund, Politique, Impolitique (Paris: ed. Sirey, 1987), p. 336. “Théorie des besoins,” pp. 319-353.
14. Hannah Arendt, The Origins of Totalitarianism (New York: Meridian Book, 1958), p. 478.
Sübhan Padarsoy
Bakı Dövlət Universitetinin tarix fakültəsi məzunu, modernizm sosiologiyası üzrə tədqiqatçı, "Modernizm əsri və insan", "Entropik dünya" kitablarının müəllifidir.