Yuxarıya
skip to main content

Sosial Tədqiqatlar Mərkəzi İnam İndeksi 8-i təqdim etdi

17.11.2022

Sosial Tədqiqatlar Mərkəzinin “İnam indeksi” silsiləsinin davamı olaraq təqdim edilən bu icmalda 2022-ci ilin may-avqust aylarında Prezident İlham Əliyevin yüksək ictimai-siyasi fəaliyyəti sosioloji sorğu əsasında vətəndaş rəyində qiymətləndirilib. Məqsəd dövlət başçısının ictimai-siyasi fəaliyyətinin müxtəlif istiqamətləri, eləcə də bəhs edilən dövrdə həyata keçirilən başlıca tədbirlərə ictimai münasibəti öyrənməklə müvafiq qərarların qəbulunda ictimai rəyə istinad edilməsinə şərait yaratmaqdır.

Cari ilin may-avqust aylarını əhatə edən dövrdə ölkə rəhbəri müxtəlif beynəlxalq və yerli səviyyəli görüşlərdə iştirak edib, xarici ölkələrə rəsmi və işgüzar səfərlərdə olub, müşavirə, müsahibə və mətbuat konfranslarında çıxış edib, müxtəlif qəbullar keçirib, xarici ölkə rəhbərləri və rəsmiləri ilə telefon danışığı aparıb, əsas hissəsi işğaldan azad olunan əraziləri əhatə edən çoxsaylı təməlqoyma və açılış mərasimlərini həyata keçirib. Bütün bu amilləri nəzərə alıb cari sorğuda dövlət başçısının həm daxili, həm də xarici siyasət sahəsində çoxşaxəli fəaliyyətini izləməyə imkan verən, siyasi təqvimdə tarixi əhəmiyyətə və xüsusi çəkiyə malik olan, rəsmi xronikada, eləcə də yerli və xarici mediada geniş işıqlandırılan hadisələrə ictimai münasibət öyrənilib.  

Prezidentin genişmiqyaslı fəaliyyət xronikasından cari ilin may-avqust ayları üçün xüsusi aktuallıq kəsb edən müxtəlif məsələlər ictimai rəy sorğusu əsasında dəyərləndirilib. Beləliklə, təqdim edilən rəy sorğusunda respondentlərə aşağıdakı istiqamətlər üzrə suallar ünvanlanıb:

  • Əhalinin Prezidentə, I Vitse-prezidentə, həmçinin hakimiyyətin digər qollarına, parlament və məhkəmə təsisatlarına, yuxarı icra orqanı kimi Nazirlər Kabinetinə və yerli icra hakimiyyəti orqanlarına olan inam və etimadının öyrənilməsi;
  • Prezidentin müxtəlif istiqamətlərdə fəaliyyətinə ictimai münasibətin öyrənilməsi;
  • Dövlət orqanlarının fəaliyyətinə ictimai münasibətin öyrənilməsi;
  • Postmüharibə dövründə Prezidentin sülh gündəliyi;
  • Böyük qayıdışa hazırlıq və quruculuq işlərinə ictimai münasibət;
  • Əhalini narahat edən əsas problemlərin və Prezidentdən əsas gözləntilərin müəyyənləşdirilməsi;
  • Prezidentin informasiya-kommunikasiya siyasətinin qiymətləndirilməsi.

Tədqiqatın metodoloji prinsipləri

Sorğu Bakı, Abşeron-Xızı, Dağlıq Şirvan, Gəncə-Daşkəsən, Qazax-Tovuz, Lənkəran-Astara, Quba-Xaçmaz, Şəki-Zaqatala, Qarabağ, Mərkəzi Aran, Mil-Muğan və Şirvan-Salyan iqtisadi rayonlarında keçirilib və 1068 respondentin rəyi öyrənilib.

Tədqiqat çərçivəsində respondentlərin seçimində təsadüfi seçmənin klaster üsulundan  istifadə edilib. Respondentlərin seçimində gender balansı qorunub.  

Sorğuda əhatə edilmiş respondent sayına (1068 nəfər) əsasən, nəticələrin xəta əmsalı 95% əminlik intervalında 3% təşkil edib. Sorğunun hər respondent üzrə orta davametmə müddəti 17 dəqiqə 4 saniyədir.

Sahə işi 2022-ci ilin 12 sentyabr– 27 sentyabr tarixlərində icra edilib.

İnam və etimad

  1. Sorğunun nəticələrinə əsasən respondentlərin 84.7%-i Prezidentə tam etibar etdiyini, 10.6%-i əsasən etibar etdiyini bildirib. Cəmi 2.9% respondent əsasən etibar etmədiyini, 1.3% respondent heç etibar etmədiyini qeyd edib. Respondentlərin 0.5%-i bu barədə mövqe bildirməkdə çətinlik çəkib.
  2. I Vitse-prezidentə münasibətdə sorğu iştirakçılarının 75.4%-i tam etibar etdiyini, 15.3%-i əsasən etibar etdiyini bildirib Respondentlərin cəmi 1.6%-i əsasən etibar etmədiyini, 5.5%-i heç etibar etmədiyini qeyd edib. 2.2% respondent bu istiqamətdə fikir bildirməkdə çətinlik çəkib.

Nəticələrin təhlili respondentlərin əksəriyyətinin mənsub olduğu yaş qrupundan, təhsil və gəlir səviyyəsindən, yaşayış yerindən asılı olmayaraq Prezidentə və I Vitse-prezidentə inam və etimadının yüksək olduğunu göstərir.

  1. Sorğuda hakimiyyətin digər qollarına, parlament və məhkəmə təsisatlarına olan ictimai inam və etimad səviyyəsi də öyrənilib. Respondentlərin 31.6%-i Milli Məclisə tam etibar etdiyini, 31.7%-i əsasən etibar etdiyini bəyan edib. Respondentlərin 9.8%-i əsasən etibar etmədiyini, 22.3%-i isə heç etibar etmədiyini bildirib. 4.7% respondent bu istiqamətdə fikir bildirməkdə çətinlik çəkib.
  2. Sorğu nəticələrinin təhlilinə əsasən, respondentlərin 30.4%-i məhkəmələrə tam, 28.8%-i isə əsasən etibar etdiyini bildirib. Rəyi öyrənilənlərin 11.1%-i əsasən etibar etmədiyini, 20.7%-i isə heç etibar etmədiyini qeyd edib. Respondentlərin 9.0%-i bu istiqamətdə mövqe bildirməkdə çətinlik çəkib.
  3. Sorğu çərçivəsində vətəndaşların yuxarı icra orqanı kimi Nazirlər Kabinetinə və yerli icra hakimiyyəti orqanlarına inam və etimadı da öyrənilib. Sorğu iştirakçılarının 29.6%-i Nazirlər Kabinetinə tam, 29.4%-i əsasən etibar etdiyini bildirib. Respondentlərin 10.7%-i Nazirlər Kabinetinə əsasən etibar etmir, 22.9%-i heç etibar etmir. 7.5% respondent mövqe bildirməkdə çətinlik çəkib.
  4. Sorğu iştirakçılarının 26.4%-i yerli icra hakimiyyəti orqanlarına tam, 28.8%-i əsasən etibar etdiyini bildirib. 8.5% respondent əsasən etibar etmədiyini, 30.7% heç etibar etmədiyini qeyd edib. 5.6% respondent qərarsız mövqe nümayiş etdirib.
  5. Prezident çıxışlarında dövlətin fəaliy­yətində ictimai rəyin nəzərə alınmasının yeni idarəçilik fəlsəfəsinin bir nömrəli tələbi, XXI əsrin sürətlə dəyişən kommunikasiya şərtlə­rinin həlledici amili olduğunu vurğulayıb. Bu özünü cari sorğuda “Ölkə Prezidenti öz fəaliyyətində vətəndaşların rəyini nəzərə alır” fikrinə ictimai münasibətdə də göstərir. Belə ki, respondentlərin 55.6%-i bu fikirlə tam, 28.0%-i isə əsasən razı olduğunu bildirib. 5.2% respondent bu fikirlə əsasən, 7.0%-i heç razı olmadığını ifadə edib. Sorğu iştirakçılarının 4.1%-i bu suala cavab verməkdə çətinlik çəkib.

Prezidentin müxtəlif istiqamətlərdə ictimai-siyasi fəaliyyətinə münasibət

  1. Dövlət başçısının bütün istiqamətlər üzrə fəaliyyəti vətəndaş rəyində müsbət qiymətləndirilməklə ilk sıralarda 1) hərbi quruculuq (78.9% çox yaxşı, 15.8% əsasən yaxşı); 2) xarici siyasət  (73.6% çox uğurlu, 20.4% əsasən uğurlu); 3) informasiya-kommunikasiya siyasəti (73.0% çox yaxşı, 20.5% əsasən yaxşı); 4) milli təhlükəsizliyin təmin edilməsi (67.5% çox yaxşı, 25,5% əsasən yaxşı) qərarlaşıb.
  1. Sorğu nəticələrinin təhlili göstərir ki, respondentlərin əksəriyyəti Prezidentin xarici siyasət sahəsindəki fəaliyyətini izləyir və yüksək qiymətləndirir. Belə ki, rəyi soruşulanların 73.6%-i Prezidentin xarici siyasət sahəsində fəaliyyətini çox uğurlu, 20.4%-i isə əsasən uğurlu qiymətləndirib. Onların 0,8%-i əsasən uğursuz, 2.2%-i çox uğursuz cavabını qeyd edib. Respondentlərin 3,1%-i fikir bildirməkdə çətinlik çəkib.
  1. Sorğunun nəticələrinə əsasən cari ilin may-avqust ayları ərzində Prezidentin xarici səfərləri haqqında respondentlərin məlumatlılıq səviyyəsi aşağıdakı kimi olub: Respondentlərin 67.9%-i Prezidentin Türkiyəyə işgüzar səfəri və Beşinci İslam Həmrəyliyi Oyunlarında iştirakı, 59.0%-i Prezidentin Brüsselə səfəri, Avropa İttifaqı Şurasının Prezidenti və Ermənistanın Baş naziri ilə görüşü, 50.4%-i Prezidentin Türkmənistana səfəri və Xəzəryanı dövlətlərin başçıları ilə görüşü, 38.1%-i Prezidentin İtaliyaya işgüzar səfəri və birgə sənədlərin imzalanması haqqında məlumatlı olub. Respublikada bir sıra beynəlxalq tədbirlərin təşkili ilə bağlı məlumatlılıq səviyyəsinə gəlincə, ən çox məlumatlılıq “Teknofest Azərbaycan” festivalının keçirilməsi ilə bağlı müşahidə edilib (55.4%). Sonrakı yerlərdə Beynəlxalq Xəzər Neft və Qaz Sərgisinin rəsmi açılışı (38.4%), Doqquzuncu Qlobal Bakı Forumunun keçilməsi (27.6%) və Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin Bakı konfransı (26.8%) gəlir.
  2. Cari ilin may-avqust ayları ərzində Prezidentin xarici səfərləri və ölkədə bir sıra beynəlxalq tədbirlərin təşkili ilə bağlı məlumatlı olan respondentlərin əksəriyyəti (bütövlükdə 70%-dən çoxu) bu səfərləri və keçirilən tədbirləri ölkəmiz üçün çox əhəmiyyətli hesab ediblər.
  3. Sorğuda iştirak edənlərin 55.7%-i Prezidentin son aylar türk dövlətlərinin (Qazaxıstan, Qırğızıstan və Özbəkistan) prezidentləri ilə görüşləri barədə məlumatlı olduğunu qeyd etdiyi halda, 44.3%-nin bu haqda heç bir məlumatı yoxdur. Respondentlərin məlumatlı kəsimi bu fikirdədir ki, Prezidentin son aylar türk dövlətlərinin (Qazaxıstan, Qırğızıstan və Özbəkistan) prezidentləri ilə görüşləri və bu tədbirlərdə imzalanan sənədlər Türk dövlətləri arasında əməkdaşlığın möhkəmləndirilməsinə hədəflənib (60.0%), həmçinin bu addımlar bölgədə və regionda davamlı sülhün və sabitliyin əldə olunmasına istiqamətlənib (45.9%), Mərkəzi Asiya ölkələrinin Qərbə iqtisadi inteqrasiyası üçün Azərbaycanın və Zəngəzur dəhlizinin müstəsna əhəmiyyətini göstərir (47.1%), ölkələr arasında sosial-iqtisadi əməkdaşlığı (54.5%) və Azərbaycanın Mərkəzi Asiyaya yönəlik iqtisadi-hərbi nüfuzunu artırır (33.8%), bu ölkələrin yeni geosiyasi nizamda öz regional təhlükəsizlik maraqları baxımından Azərbaycan modelinə üstünlük verdiyini göstərir (25.9%). Respondentlərin 3.5%-i bu məsələlərə fikir bildirməkdə çətinlik çəkib.
  4. Prezidentin hərbi quruculuq sahəsində fəaliyyəti ölkə əhalisi tərəfindən həmişə təqdir olunur. Cari sorğuda da Prezidentin hərbi quruculuq siyasəti respondentlərin 78.9%-i tərəfindən çox yaxşı, 15.8%-i tərəfindən əsasən yaxşı qiymətləndirilib. Respondentlərin ümumilikdə 3.7%-i mənfi mövqedən fikir bildirib (1.5% əsasən pis, 2.2% çox pis). 1.7% respondent rəy bildirməkdə çətinlik çəkib.
  5. Sorğu nəticələrinin təhlili göstərir ki, respondentlərin əksəriyyəti postmüharibə dövründə Qarabağda və ətrafda baş verən hadisələri diqqətlə izləyir. Respondentlər bu fikirdədir ki, Azərbaycan ordusunun qanunsuz erməni silahlı qruplaşmalarına qarşı həyata keçirdiyi uğurlu “Qisas” əməliyyatı nəticəsində Laçın rayonu bütövlükdə Azərbaycanın nəzarətinə keçdi (51.5%), Ermənistanla sərhəd boyu yüksəkliklər əldə olundu  və nəzarət imkanlarımız artdı (46.7%), “Laçın dəhlizi” boşaldıldı, ermənilər alternativ yola yönləndirildi (44.6%), sülhquruculuğu prosesi sürətləndirildi (35.1%), Ermənistan üçtərəfli bəyanatın şərtlərini yerinə yetirməyə məcbur edildi (34.1%). Respondentlərin 4.0%-i bu fikirdədir ki, Azərbaycan ordusunun qanunsuz erməni silahlı qruplaşmalarına qarşı həyata keçirdiyi “Qisas” əməliyyatının heç bir uğurlu nəticəsi olmayıb. Rəyi soruşulanların 8.6%-i bu məsələyə rəy bildirməkdə çətinlik çəkib.
  6. Prezidentin sosial müdafiə istiqamətində fəaliyyəti respondentlərin 47.8%-i tərəfindən “çox yaxşı”, 29,9%-i tərəfindən “əsasən yaxşı” qiymətləndirilib. Respondentlərin 9,4%-i “əsasən pis”, 10.4%-i “çox pis” cavablarını qeyd edib. Mövqe bildirməkdə çətinlik çəkənlər 2,5% təşkil edib.
  1. Prezidentin vətəndaşların ərzaq təminatı və ərzaq təhlükəsizliyi istiqamətində fəaliyyətini respondentlərin 44.6%-i çox yaxşı, 31.7%-i əsasən yaxşı qiymətləndirib. Bu mövqeyin əksinə rəy bildirən respondentlərin 10.5%-i əsasən pis, 11.5%-i isə çox pis variantlarını qeyd edib. Respondentlərin 1.7%-i mövqe bildirməkdə çətinlik çəkib.
  1. Prezidentin səhiyyə istiqamətində fəaliyyətini respondentlərin 52.8%-i çox yaxşı, 30.3%-i əsasən yaxşı qiymətləndirib. Rəyi öyrənilənlərin 6.6%-i “əsasən pis”, 8.6%-i “çox pis” cavablarını qeyd edib. Respondentlərin 1,8%-i mövqe bildirməkdə çətinlik çəkib.
  2. Rəyi soruşulanların 43.3%-i Prezident tərəfindən aparılan kadr islahatlarını çox uğurlu, 29.2%-i isə əsasən uğurlu hesab edib. Respondentlərin 7.3%-i əsasən uğursuz, 8.4%-i çox uğursuz mövqeyini bölüşüb. 11.8%-i cavab verməkdə çətinlik çəkib.
  1. Sorğunun nəticələrindən aydın olur ki, son dövrlər elm və təhsilin idarə olunması istiqamətində aparılan islahatlar (Elmlər Akademiyasının bəzi institutlarının Təhsil Nazirliyinə birləşdirilməsi, Elm və Təhsil Nazirliyinin yaradılması) barədə respondentlərin cəmi 39.7%-i məlumatlıdır. Sorğu iştirakçılarının 60.3%-i bu islahatlar haqqında heç bir məlumata malik deyil.
  1. Elm və təhsilin idarə olunması istiqamətində aparılan islahatlar haqqında məlumatlı olan respondentlər belə düşünür ki, bu islahatlar elm və təhsilin inkişafına şərait yaradacaq (51.7%), ixtisaslı kadrların hazırlanmasına imkan verəcək (45.3%), təhsildə keyfiyyətin artırılmasına gətirib çıxaracaq (39.9%), elm sahəsində rəqabətliliyi artıracaq (24.8%), elm sahəsinə daha çox maliyyə ayırmağa imkan yaradacaq (21.7%), elmi potensialdan daha səmərəli istifadə etməyə imkan verəcək (17.7%), tədqiqat universitetlərinin yaradılmasına imkan və şərait yaradacaq (16.3%), tədqiqatların tətbiqi imkanlarını genişləndirəcək (13.4%). Respondentlərin 4.3%-i bu suala cavab verməkdə çətinlik çəkib.

Rəyi soruşulanların 13.2%-i bu fikirdədir ki, bu islahatların elm və təhsilin idarə olunmasına heç bir təsiri olmayacaq.

  1. Prezidentin korrupsiya ilə mübarizə istiqamətində fəaliyyəti respondentlərin 55.8%-i tərəfindən çox uğurlu, 26.2%-i tərəfindən əsasən uğurlu qiymətləndirilib. Respondentlərin 7.8%-i əsasən uğursuz, 5.8%-i çox uğursuz cavablarını qeyd edib. Sorğu iştirakçılarının 6.5%-i rəy bildirməyib.

2022-ci ilin birinci rübü üzrə Prezidentin korrupsiya ilə mübarizə istiqamətində fəaliyyəti respondentlərin 60,8%-i tərəfindən çox yaxşı, 26,7%-i tərəfindən əsasən yaxşı qiymətləndirilmişdi. Respondentlərin 3,7%-i əsasən pis, 6,2%-i çox pis cavabını qeyd etmişdi. 2,6% respondent rəy bildirməmişdi.

  1. Sorğu çərçivəsində respondentlərdən son vaxtlar qanunazidd əməllərə yol verən vəzifəli şəxslərin Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən həbsinin mümkün təsirləri də soruşulub. Respondentlərin fikrincə, bu həbslərdən sonra korrupsiya halları daha da azalacaq (47.0%), məmur-vətəndaş münasibətlərində şəffaflıq artacaq (25.0%), xidmət və idarəetmə mexanizmləri təkmilləşəcək (10.3%). Respondentlərin 25.7%-i bu istiqamətdə heç bir gözləntisinin olmadığını bildirib. 12.4% respondent bu sualla bağlı mövqe bildirməyib.
  2. Prezidentin milli təhlükəsizliyin təmin edilməsi istiqamətində fəaliyyəti respondentlərin 67.5%-i tərəfindən çox yaxşı, 25,5%-i tərəfindən əsasən yaxşı qiymətləndirilib. Rəyi öyrənilənlərin 1.6%-i əsasən pis, 2.5%-i çox pis mövqeyini bölüşüb. 2.8% respondent bu barədə mövqe bildirməyib.
  3. Prezidentin qeyri-neft sektorunun inkişafı sahəsində fəaliyyətini respondentlərin 50.1%-i çox uğurlu, 28.0%-i əsasən uğurlu qiymətləndirib. Rəyi öyrənilənlərin 4.8%-i bu istiqamətdə fəaliyyəti əsasən uğursuz, 5.4%-i çox uğursuz qiymətləndirib. Respondentlərin 11.8%-i cavab verməkdə çətinlik çəkib.
  4. Sorğu nəticələrinin təhlili göstərir ki, respondentlərin yalnız 19.8%-nin Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf strategiyası barədə məlumatı var. Rəyi soruşulanların 80.2%-i bu strategiya haqqında heç bir məlumata malik deyil. Məlumatlı respondentlərin Strategiyanın icrası ilə bağlı gözləntilərinə gəlincə ən böyük gözlənti işğaldan azad edilmiş ərazilərə Böyük qayıdış və daimi məskunlaşmanın təmin olunması (63.7%), yeni iş yerlərinin yaradılması, məşğulluq səviyyəsinin artması (60.4%), əməkhaqlarının artırılması və hamı üçün layiqli həyat səviyyəsinin təmin edilməsi (54.3%), ölkədə davamlı, yüksək iqtisadi artımın təmin olunması (46.7%), təhsilin əhatə dairəsinin, əlçatanlığının, keyfiyyətinn artırılması (45.3%), hamı üçün əlçatan, keyfiyyətli və müasir səhiyyə xidmətləri sisteminin yaradılması (40.1%), paytaxt və region arasında yaşayış imkanlarının uyğunlaşdırılması (39.6%) ilə bağlı olub. Respondentlərin 4.3%-nin bu strategiyadan heç bir gözləntisi olmadığı halda, 2.4%-i ümumiyyətlə bu suala rəy bildirməyib.
  5. Prezidentin enerji siyasəti rəyi soruşulanların 58.6%-i çox uğurlu, 25.0%-i əsasən uğurlu qiymətləndirib. Bu mövqeyin əksinə rəy bildirən respondentlərin 2.9%-i əsasən uğursuz, 4.1%-i isə çox uğursuz variantlarını qeyd edib. Respondentlərin 9.5%-i mövqe bildirməkdə çətinlik çəkib.
  6. Azərbaycanla Avropa İttifaqı arasında enerji sahəsində imzalanan müqavilə haqqında respondentlərin yalnız 44.5%-i məlumatlı olduğunu bildirib. Bu müqavilənin  imzalanması ilə bağlı məlumatı olmayanlar ümumi seçmənin 55.5%-ni təşkil edib.
  7. Bu məsələ ilə bağlı məlumatlı olan respondentlərin fikrincə, bu müqavilə Azərbaycanın enerji dəhlizi rolunu genişləndirir (56.1%), Azərbaycana olan xarici investisiya imkanlarını artırır (56.1%),  Azərbaycanın enerji sahəsində Avropanın etibarlı strateji tərəfdaşı olduğunu göstərir (52.3%), Qərbdə Azərbaycanın dövlət maraqlarını və mövqeyini gücləndirir (44.7%), Rusiya-Ukrayna müharibəsi fonunda Avropa İttifaqının enerji təhlükəsizliyində Azərbaycanın müstəsna rolunu ifadə edir (37.8%). Bu qeyd olunanların əksinə olaraq respondentlərin 3.4%-i bu fikirdədir ki, bunun heç bir əhəmiyyəti yoxdur. Rəyi soruşulanların 2.7%-i bu məsələyə münasibət bildirməkdə çətinlik çəkib.
  8. Sorğuda iştirak edən respondentlərin 65.5%-i Prezidentin ölkədə mədəniyyət sahəsində fəaliyyətini çox yaxşı, 26.1%-i isə əsasən yaxşı qiymətləndirib.
  9. Sorğu nəticələrinin təhlili göstərir ki, Prezidentin postmüharibə dövründə vətənpərvər, sağlam və intellektual gəncliyin yetişdirilməsi istiqamətində çağırışlarına ictimai münasibət yüksəkdir. Belə ki, respondentlərin 62.0%-i Prezidentin gənclər siyasətini çox yaxşı,  26.7%-i isə əsasən yaxşı qiymətləndirib. Rəyi soruşulanların 3.9%-i əsasən pis, 5.0%-i çox pis cavab variantlarını seçib. Respondentlərin 2.4%-i mövqe bildirməyib.

Dövlət orqanlarının fəaliyyətinə münasibət

  1. Əldə olunan nəticələrin təhlilinə əsasən, aidiyyəti dövlət orqanlarının (nazirlik, komitə və dövlət xidmətlərinin) fəaliyyətində hərbi quruculuq (93.8%), əhalinin təhlükəsizliyi və ictimai sabitlik (88.6%), ictimai-mədəni sahə (80.9%), xarici siyasət (79.3%) ilk sıralarda qərarlaşıb.

Digər sahələr üzrə müvafiq strukturların fəaliyyəti nisbətən fərqli qiymətləndirilməklə sonuncu sıralarda sosial müdafiə (58.0%), büdcə vəsaitlərinin təyinatı üzrə istifadəsi (49.2%) və qiymət artımının qarşısının alınması (24.3%) üzrə aidiyyəti orqanların fəaliyyətləri gəlir.

  1. Nəticələrin təhlili Prezidentin müxtəlif istiqamətlərdə fəaliyyətinə münasibət ilə ayrı-ayrı dövlət strukturlarının eyni istiqamətlərdə fəaliyyətinə ictimai mövqenin bir-birindən əhəmiyyətli dərəcədə fərqləndiyini göstərir. Yəni Prezidentin müxtəlif istiqamətlərdəki fəaliyyəti ictimai rəydə yüksək qiymətləndirildiyi halda, müvafiq dövlət strukturlarına münasibət xeyli dərəcədə aşağıdır. Bu da həmin dövlət strukturlarının fəaliyyətini daha şəffaf, çevik və gözləntilərə uyğun qurmasını tələb edir.

Postmüharibə dövründə Prezidentin sülh gündəliyi                        

  1. Postmüharibə dövründə Prezident yürütdüyü uğurlu xarici siyasət və diplomatiya regionda sabitliyə və genişmiqyaslı iqtisadi əməkdaşlığa xidmət edən sülh gündəliyinin formalaşmasına hədəflənib. Azərbaycan hərbi sahədə qazandığı zəfəri diplomatiya müstəvisinə daşımaqla regionda qalıcı sülhün qurulmasında maraqlıdır. Sülh müqaviləsinin imzalanmasına gedən yol isə Azərbaycanın Ermənistana təqdim etdiyi 5 prinsipin ermənilər tərəfindən sözdə deyil, əməldə icra olunmasından keçir.
  1. Ümumilikdə respondentlərin Prezidentin sülhquruculuğu istiqamətində fəaliyyətinə münasibət də soruşulub. Respondentlərin 68.5%-i Prezidentin bu istiqamətdə fəaliyyətini çox uğurlu, 24.8%-i  əsasən uğurlu qiymətləndirib. Rəyi soruşulanların 1.9%-i əsasən uğursuz, 3.0%-i çox uğursuz hesab edib. Respondentlərin 1.8%-i cavab verməkdə çətinlik çəkib.

Böyük qayıdışa hazırlıq və quruculuq işləri

  1. Cari sorğunun nəticələrinin təhlilinə əsasən Prezidentin təşəbbüsü və nəzarəti altında işğaldan azad olunmuş ərazilərdə bərpa və yenidənqurma tədbirləri respondentlərin 65.3%-nin gözləntilərini tam, 25.4%-nin isə əsasən doğruldur. Əks mövqedən çıxış edənlər cəmi 4.9% (1.5% əsasən doğrultmur, 3.4% heç doğrultmur), mövqe bildirməkdə çətinlik çəkənlər isə 4.4% təşkil edib.
  1. Böyük qayıdış prosesini və Zəngilan rayonunun Ağalı kəndinə keçmiş məcburi köçkünlərin məskunlaşmasını yaradılan şərait və infrastruktur baxımından qiymətləndirən respondentlərin 71.6%-i düşünür ki, bu siyasət çox uğurlu olub. 19.1% respondent isə əsasən uğurlu olduğunu qeyd edib. Bunun əksini fikirləşənlər ümumilikdə 3.0% təşkil edib (1.5% əsasən uğursuz, 1.5% çox uğursuz). Respondentlərin 6.4%-i bu məsələyə mövqe bildirməkdə çətinlik çəkib.
  2. Sorğuda iştirak edən respondentlərdən Laçın dəhlizinə alternativ yolun çəkilməsinin Azərbaycana qazandırdığı üstünlüklər soruşulub. Respondentlər bu fikirdədirlər ki, Laçın dəhlizinə alternativ yolun çəkilməsi ilə Laçın şəhəri, Zabux və Sus kəndləri tam nəzarətə götürüldü (52.5%), hərbi təhlükəsizlik mövqeyimiz gücləndi (45.1%), ermənilərin hərəkəti üzərində nəzarət imkanlarımız artdı (44.3%), Laçın dəhlizi birdəfəlik ləğv edildi (25.0%). Bundan başqa, rəyi soruşulanların 36.5%-i düşünür ki, bu yol təkcə ermənilər üçün nəzərdə tutulmayıb, Azərbaycanın ümumi nəqliyyat infrastrukturunun bir hissəsidir. Respondentlərin 5.9%-i əks mövqe sərgiləyiblər. Onların fikrincə, bu yol ölkəmizə heç bir üstünlük qazandırmadı, yolun keçdiyi Rusiya sülhməramlılarının nəzarəti altındakı 6 kənd üzərində nəzarət imkanlarımız məhdudlaşdı. Respondentlərin 11.2%-i bu suala cavab verməkdə çətinlik çəkib.

Problemlər və gözləntilər

  1. Sorğu çərçivəsində vətəndaşlardan hazırda Azərbaycanda əsas problemlər kimi hansı məsələləri gördükləri soruşulub. Respondentlər onları narahat edən problemlər arasında ilk sıralarda qiymət artımı (65.7), işsizlik (57.1%), maddi təminat (38.5%), narkomaniya (35.4%), dərman vasitələrinin keyfiyyəti (26.4%), korrupsiya (25.4%) məsələlərini qeyd ediblər. Respondentlərin cəmi 4.3%-i onu narahat edən problemin olmadığını qeyd edib.
  2. Dövlət başçısı tərəfindən aidiyyəti qurumlar qarşısında qaldırılan məsələlər, verilən tapşırıqlar ictimai gözləntiləri əks etdirir. Bu mənada vətəndaşların Prezidentdən əsas gözləntiləri kimi qeyd etdikləri məqamlar eyni zamanda aidiyyəti qurumların fəaliyyətindən irəli gələn məqamlar kimi şərh oluna bilər. Sorğu nəticələrinə əsasən yeni iş yerlərinin yaradılması (77.0%), məmur özbaşınalığının qarşısının alınması (68.5%), sosial rifahın daha da yaxşılaşdırılması (62.7%), şəhid ailələrinin, müharibə iştirakçılarının yaşayış vəziyyətinin yaxşılaşdırılması (57.5%), vətəndaşlarla daha sıx görüşlərin keçirilməsi (52.7%), təhsilə və elmə diqqətin artırılması (52.0%), korrupsiyaya qarşı mübarizənin daha da gücləndirilməsi (49.1%), səhiyyə xidmətinin keyfiyyətinin artırılması (40.5%) Prezidentdən ictimai gözləntilər arasında ilk sıralarda qərarlaşıb.

Sorğuda iştirak edənlərin 2.3%-i Prezidentdən heç bir gözləntisinin olmadığını qeyd edib.

  1. Sorğu çərçivəsində respondentlərdən cari ilin ikinci rübünü (may-avqust aylarını) ümumilikdə özüölkəmiz üçün necə dəyərləndirdiyi də soruşulub. Əldə olunan nəticələrə əsasən, 2022-ci ilin ikinci rübü (may-avqust ayları) vətəndaşlar (çox yaxşı 29,6%, əsasən yaxşı 47,2%) ölkəmiz (çox yaxşı 40,0% və əsasən yaxşı 38,8%) üçün uğurlu olub. Bunun əksini fikirləşənlər vətəndaşlar üzrə ümumilikdə 23.0% (əsasən pis 11.9%, çox pis 11.1%), ölkə üzrə ümumilikdə 15.7%  (əsasən pis 10.1%, çox pis 5.6%) olub. Respondentlərin 5.5.%-i bu suala cavab verməkdə çətinlik çəkib.
  1. Sorğuda respondentlərdən cari il ərzində gəlirlərinin hansı istiqamətdə dəyişdiyi də soruşulub. Sorğu iştirakçılarının 19.6%-i cari il ərzində gəlirlərinin artdığını, 43.7%-i gəlirlərini dəyişmədiyini, 35.6%-i isə azaldığnı bildirib. Respondentlərin cəmi 1.1%-i bu sula cavab verməkdən imtina edib.

Prezidentin informasiya-kommunikasiya siyasəti

  1. Prezidentin informasiya-kommunikasiya siyasətini (müsahibələrini, çıxışlarını və s.) respondentlərin 73.0%-i çox yaxşı, 20.5%-i  əsasən yaxşı qiymətləndirib. Bunun əksinə olaraq rəyi soruşulanların 0.7%-i əsasən pis, 2.2%-i isə çox pis variantlarını qeyd edib. Respondentlərin 3.7%-i bu suala cavab verməkdə çətinlik çəkib.
  2. Sorğu iştirakçılarının 71.8%-i Prezidentin ictimai-siyasi fəaliyyəti ilə bağlı məlumatları televiziya kanallarından aldığını bildirib. İkinci sırada 51.4% göstərici ilə sosial şəbəkələr, üçüncü sırada isə 33,4% göstərici ilə internet saytları qərarlaşıb. Qeyd edək ki, respondentlərə bir neçə cavab variantını seçmək imkanı verilib.
  3. Sorğuda iştirak edən respondentlərin 39.8%-i bu qənaətdədir ki, Prezident yerlərdə baş verənlər barədə çox, 37.2%-i bu fikirdədir ki, əsasən məlumatlıdır. Respondentlərin 6.7%-i bu fikri bölüşür ki, Prezident yerlərdə baş verənlər barədə heç bir məlumata malik deyil. 10.5% respondent əsasən məlumatsız olduğunu düşünür. Respondentlərin 6.1%-i bu fikrə rəy bildirməkdə çətinlik çəkib.