“Azərbaycanda uşaqların ailə-cəmiyyət münasibətlərində yeri və rolu” mövzusunda tədqiqatın nəticələri açıqlandı
Sosial Tədqiqatlar Mərkəzi və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən həyata keçirilmiş “Azərbaycanda uşaqların ailə-cəmiyyət münasibətlərində yeri və rolu” tədqiqat layihəsində uşaq hüquqlarının təminatı və böyüməkdə olan gənc nəslin inkişafı ilə bağlı genişmiqyaslı məsələlər əhatə olunmuşdur.
Tədqiqatın əsas məqsədi ölkədə uşaq hüquqlarının təmin edilməsinə, onların marağının qorunmasına, bu sahələrdəki problemlərə və müsbət təcrübələrə dair ölkədə ümumi vəziyyətin təsvirini sosioloji tədqiqat vasitəsilə öyrənməkdir. Tədqiqatda qarşıya qoyulan məqsədə nail olmaq üçün aşağıdakı bölmələr üzrə vəzifələri yerinə yetirmək nəzərdə tutulmuşdur:
- Şəxsi inkişaf və asudə vaxtın təşkili;
- İnternetdən istifadə;
- Ailə ilə münasibətlər;
- Tədris; - Uşaq əməyi;
- Uşaq hüquqları.
Yuxarıda qeyd olunan mövzular hər biri ayrı-ayrılıqda tədqiqatın vəzifəsi olmaqla, bir sıra metodların kompleks istifadəsi ilə öyrənilmişdir. Bura həm kəmiyyət sorğusu, həm keyfiyyət müsahibələri, eyni zamanda müvafiq elmi ədəbiyyatın təhlili aiddir. “Şəxsi inkişaf və asudə vaxtın təşkili” bölməsində valideynlər tərəfindən uşaqların məktəbdənkənar vaxtının necə təşkil edilməsi sosioloji sorğu üzərindən təhlil edilib. Eyni zamanda uşaqların maraqlarının təmin olunmasında, habelə asudə vaxtının təşkilində ailələrin maddi vəziyyəti ilə uzlaşdırılması araşdırılıb.
Yeniyetmə və gənc məktəblilərin şəxsiyyət kimi formalaşmasında, gələcək peşə seçimində ailənin və ətraf insanların təsirləri təhlil edilib. “İnternetdən istifadə” bölməsində müasir dövrün informasiya-kommunikasiya tələbatının uşaqlar üzərindəki təsirlərindən bəhs edilir. İnternetin yaratdığı asılılıq, uşaqların internet resurslarından istifadə etmək bacarıqları, informasiya-kommunikasiya sahəsində yeniyetmə və gəncləri cəlb edən məqamlar yer alıb.
Sorğunun nəticələrinə görə, məktəbli respondentlərin 93,5%-i internetdən istifadə edir. Onların 10,1%-i gün ərzində 5 saatdan çox internetdə vaxt keçirir. “Ailə ilə münasibətlər” bölməsində valideynlərin uşaqlar üzərindəki təsirlərinə dair sosioloji tədqiqat aparılıb. Burada uşaqlara ailədə verilən tərbiyədən, onlara qarşı davranışlardan, diskriminasiyalardan bəhs edilir.
Sorğu vasitəsilə ailə daxilində ünsiyyət formaları, ailə üzvləri ilə psixoloji yaxınlıq və sair bu kimi sosioloji məqamlar təhlil edilib. “Tədris” bölməsində şagirdlərin səriştələrə yönəlik təhsil mühitinin yaradılması, məktəbə bağlılıq, təlim prosesinə uyğunlaşma, psixoloji-sosioloji adaptasiya məsələləri tədqiq edilib. Burada orta məktəblərdə psixoloji işin təşkilində valideyn-müəllim münasibətlərinin təşkili də 6 yer alıb.
Eyni zamanda COVID-19 pandemiyasının yaratdığı gerçəkliklər ölkədə tədris sistemində distant təhsillə bağlı yeni baxış formalaşdırıb. Tədqiqatın bu bölməsində distant təhsil dövründə uşaqların onlayn təhsilə əlaçatanlığı, yaranmış problemlər araşdırılıb.
Sorğuya görə, respondentlərin 46.9%-i karantin dövründə bütün onlayn dərslərdə iştirak etdiyini, 19.9%-i gündə bir neçə dərsdə iştirak etdiyini, 8.7%-i həftədə bir neçə dəfə iştirak etdiyini, 8.8%-i nadir hallarda iştirak etdiyini bildirib. “Uşaq əməyi” bölməsində beynəlxalq təşkilatları da narahat edən uşaq əməyinin istismarından bəhs edilir. Aparılan tədqiqat çərçivəsində Azərbaycanda uşaq əməyinin vəziyyəti təhlil edilib. Eyni zamanda ölkədə əməyə cəlb edilən uşaqların klassifikasiyası müəyyən edilib.
Sorğuda iştirak edən məktəblilərin 3,6%-i müxtəlif sahələrdə işlədiyini bildirib. “Uşaq hüquqları” bölməsində isə milli və beynəlxalq hüququn tələbinə uyğun uşaqların müdafiəsinin təşkilindən bəhs edilir.
Buraya Azərbaycan Respublikasının Konstitusiyası, uşaq hüquqlarına dair qanunvericilik bazası, BMT-nin Uşaq hüquqlarına dair Konvensiyası və sair sənədlər daxildir. Sözügedən bölmədə yeniyetmə və gənc məktəblilər arasında qanunla onlara verilən hüquqlarla bağlı maarifləndirmə işinin nə dərəcədə olması təhlil edilib.
Uşaqların bu hüquqlardan məlumatlı olub-olmaması, özlərini müdafiə edə bilib-bilməməsi soruşulub. Eyni zamanda, məişət zəminində onlara edilən psixoloji və fiziki təsirlər, zərərli vərdişlərə meyillilik səviyyəsi tədqiq edilib.