Yuxarıya
skip to main content

“Qarışıq metodun” (mixed method) sosial elmlər üçün əhəmiyyəti nədir?

14.10.2022

      90 -ci illərdən sonra təzəcə məhşurlaşmış tədqiqat metodlarından biri qarışıq metod yanaşmasıdır ki, hazırda sosial və təhsil tədqiqatları üçün alətlər dəsti rolunu oynamaqdadır. Qarışıq metod yanaşması, ən sadə və ən ümumi tərifi ilə, məlumatların toplanması və ya məlumatların təhlili mərhələlərində keyfiyyət və kəmiyyət metodlarının birləşməsindən istifadə etməklə əldə edilə bilən daha etibarlı nəticələr əldə etməyi hədəfləyən tədqiqat strategiyasıdır. Hərçənd ki, qarışıq metod yalnız keyfiyyət və kəmiyyət tədqiqatının nəticələrinin üst-üstə qoyulmasından ibrarət deyil. Bu iki metodun birlikdə istifadə səbəblərinin aydın şəkildə müəyyən edildiyi ardıcıl və bütöv tədqiqat yanaşmasıdır. Məsələn, qapalı, çoxseçimli anketə bir neçə açıq sualın əlavə edilməsi qarışıq metodun tətbiqi üçün kifayət deyil. Burada nəticə əldə etmək üçün tədqiqat dizaynını diqqətlə və dəqiqliklə aparmaq lazımdır. Keyfiyyət və kəmiyyət metodlarının hansı yollarla bir araya gəlməsini təyin edərkən, hər iki metodun zəif tərəflərinin üst-üstə düşmədiyi, əksinə, güclü tərəflərinin bir-birini tamamladığı bir araşdırmanın layihələndirilməsi vacibdir. Bu metodun istifadəsindən əvvəl əhəmiyyətini açıqlamaq lazımdır.

Qarışıq metod istifadəsinə ehtiyacın yaranması, sosial elmlərin birgə fəaliyyəti ilə əlaqəlidir. Bu metodla tədqiqatlarda növündən asılı olaraq, problem-məsələ üzərində müəyyən hədəfə çatmaq üçün tətbiq edilənüsullar daim təkmilləşdirilir. Xüsusilə qeyd etmək lazımdır ki, kəmiyyət metodologiyasında, tədqiqatın genişliyi və ya ümumiliyi ölçülsə də, onun dərinliyi, effektivliyi ölçülə bilinmir. Həmçinin, eyni prosesin əksi  keyfiyyət metodlarında da yer alır. Hər iki metodologiyadakı boşluğu doldurmaq üçün müxtəlif tədqiqatlarda qarışıq metodlardan uğurlu sınaqlar həyata keçirilib. Nəticələrə görə, qarışıq metodun keyfiyyət və kəmiyyət üsullarından asılı olmayaraq üçüncü tədqiqat yanaşması kimi qəbul edilməsinin səbəbi qarışıq metod tədqiqatlarının iki fərqli şəkildə əldə edilən nəticələrin cəmindən də daha artığını təqdim edə bilməsidir. Tədqiqatçı C.Kresvel və P. Klark bu vəziyyəti “1+1=3” kimi ifadə edirlər. Doğrudur ki, hər problem üçün qarışıq metoddan istifadə o qədər də uğurlu hesab edilməməlidir. Xüsusilə qeyd etmək lazımdır ki, müzakirə mövzusu olan bu metod sosial və təhsil sahəsində araşdırmalarda “kəmiyyət və keyfiyyət metodları arasında şüurlu  əlaqə yaratma” metodu olaraq dizayn edilib. Qeyd edilən “şüurlü əlaqə” vurğusu tədqiqatçının bacarıqlarından və tədqiqat sualından asılı olaraq araşdırmada qarışıq metodlar, birlikdə qarşılıqlı əlaqə və münasibətlərin aləti  kimi çıxış etməkdədir.

      Ən son elmi ədəbiyyatlarda qarışıq metodla çox seçimli metod yanaşması eyniləşdirilir. Lakin iki tip metod arasında əsas fərq bundan ibarətdir ki, qarışıq metodda mütləq həm kəmiyyət, həm də keyfiyyət metodologiyası istifadə edilməlidir. Çox seçimli metodda isə belə bir şərt mövcud deyil. Elmi ədəbiyyatlarda qarışıq metodların seçilməsi proseduru iki cür nümunə əsasında aparılır.  Bunlar:

  1. Ardıcıl nümunəli: I kəmiyyət, II keyfiyyət metodları və ya I keyfiyyət, II kəmiyyət metodları
  2. Sinxron nümunəli: kəmiyyət və keyfiyyət metodları bir-birilərin daxilində və ya  çarpaz istifadə  üsulu kimi.

 Bu metoddan istifadə edilməsində əsas çətinlik ondan ibrarətdir ki, tədqiqat mövzusunun əhatəsindən asılı olaraq, bu metod komanda ( team work) tədqiqat növü üçün daha uğurlu metoddur. Fərdi şəkildə isə qarışıq metodlu tədqiqat aparmaq həm vaxt itkisinə həm də yüksək maliyyə xərcinə səbəb ola bilir.

Paralel olaraq, bu metodun üstünlükləri çoxdur. İstər tədqiqatların fundamentallığı, istərsə də faktların toplanması, yoxlanılması bütün  mümkün imkanlardan istifadəni asanlaşdırır. Digər sözlə, qarışıq metod son dövrlərin ən aktual  tədqiqatlarını aparmaq üçün həm praqmatik (faydalı), həm də transformativ (dəyişdirici) funksiya rolunu oynamaqdadır.

 

Elnur Süleymanzadə

Bakı Dövlət Universiteti, Sosial Elmlər və Psixologiya fakültəsi bakalavr, Azərbaycan Universiteti, Sosial İş ixtisası üzrə Magistr məzunu. Tədqiqatçı.