Azərbaycan Respubikası Prezidentinin 05 yanvar 2022-ci il tarixli “2022-ci ilin Şuşa ili elan edilməsi” haqqında Sərəncamına əsasən, Quba şəhərində “Soyqırımı Memorial Kompleksi” tədbirlər planı hazırlanıb. Bu planın bir hissəsi kimi, Kompleksdə əzəli Azərbaycan torpaqları, Qarabağ, tarixi abidələr, maddi-mədəni irsimiz və s. mövzularla bağlı silsilə tədbirlər keçirməkdədir.
13 oktyabr 2022-ci il tarixində Quba şəhərində “Soyqırım Memorial Kompleksi”ndə Sosial Tədqiqatlar Mərkəzinin baş məsləhətçisi Əfqan Vəliyevin “Tarixi Azərbaycan torpaqlarında maddi-mədəni irsimiz” adlı yeni kitabının təqdimat mərasimi keçirilib. Tədbiri giriş sözü ilə açan Kompleksin direktoru professor Dr. Rəxşəndə Bayramova Əfqan Vəliyevin fəaliyyəti barədə iştirakçılara məlumat vermiş, yeni işıq üzü görmüş “Tarixi Azərbaycan torpaqlarında maddi-mədəni irsimiz” kitabı münasibətilə səbəbkarı təbrik etmişdir. Daha sonra yazıçı çıxış edərək mədəni irs nümunələrinin hər bir xalqın tarixi həqiqətlərinin gələcək nəsillərə çatdırılmasındakı önəmindən söz açmışdır.
Əfqan Vəliyev tədbir zamanı Ermənistan ərazisində azərbaycanlılara məxsus mədəni irs nümunələrinin məhv edilməsi və yer üzündən silinməsinin miqyasından, statistikasından, eləcə də abidələrin daşıdığı əfsanələrdən, inanc və hekayələrindən bəhs etmişdir. Qeyd olunan kitabda Əfqan Vəliyev 244 abidəni tədqiq edərək müvafiq xüsusiyyətlərinə görə təsnifləşdirib. Burada öz əksini tapan maddi-mədəni abidələrin hər birinin adı, tarixi, yerləşdiyi məkan, təsnifatı, növü, təyinatı, əhəmiyyəti, mövcud vəziyyəti haqda informasiya əldə etmək və hər abidə haqqında qısa informasiyalarla tanış olmaq mümkündür. Olduqca vacib tarixi, milli və mənəvi əhəmiyyət kəsb edən araşdırmanın nəticəsi olan bu kitab indiki Ermənistan ərazisindəki azərbaycanlılara məxsus maddi-mədəni irs nümunələrinin məhv edilməsi və yer üzündən silinməsi prosesinin bugünkü – cari vəziyyəti haqqında təsəvvür yaratmağa imkan yaradır.
Əfqan Vəliyev tərəfindən tədqiq edilən 244 abidənin hazırda 133-ü tamamilə dağıdılıb, 51-i xarabaya çevrilib və erməniləşdirilib, yararlı olan 58 abidə isə ermənilər tərəfindən mənimsənilib. Eləcə də yararlı vəziyyətdə olan 1 alban kilsəsi erməni kilsəsi kimi, yararlı vəziyyətdə olan 1 məscid isə fars məscidi kimi təqdim edilir. Kitabda 49 pir, ocaq, ziyarətgah, 40 məscid, 38 qəbirüstü abidə, 15 məbəd, 13 qala, 19 alban kilsəsi, 13 karvansara, 8 türbə, 6 etnoqrafik-arxeoloji abidə, 6 günbəz, 5 qəbirüstü heykəl, 5 körpü, 3 məqbərə, 3 sərdabə, 3 arxeoloji abidə, 3 daşüstü yazı, 2 mədrəsə, 2 məhəllə, 2 imarət, 9 qayaüstü təsvir, qədim yaşayış məskənləri haqqında yerli və xarici mənbələrdən toplanan məlumatlar aparılan tədqiqat nəticəsində ilk dəfə aşkar edilərək mövcud siyahıya əlavə edilmişdir.
Tədbirdə Kompleksin 30-a yaxın əməkdaşı iştirak etmişdir. Sonda yazıçı müəllifi olduğu kitablardan bir neçəsini Kompleksin nadir fonddan ibarət kitabxanasına hədiyyə etmişdir.