Yuxarıya
skip to main content

Psixi sağlamlığa nə dərəcədə önəm verilir?

06.10.2022

“Ipsos”  beynəlxalq tədqiqatlar mərkəzi hər il Ümumdünya Psixi Sağlamlıq Günü ilə  bağlı sorğu keçirir. Sorğu əhalinin psixi sağlamlıqla bağlı təsəvvürlərini və təcrübələrini araşdırmaq üçün nəzərdə tutulub.  

Psixi sağlamlıq problemləri ilə bağlı insanların necə danışdıqları və səhiyyə xidmətlərinin bu problemlərə necə münasibət göstərməsi əhatə olunan mövzular sırasındadır. Sorğu 34 ölkədə keçirilib.

Bu ilki sorğunun nəticələrinə görə, qlobal miqyasda sorğuda iştirak edənlərin  53%-i çox və ya tez-tez öz psixi sağlamlıqları barədə düşünür. Bu rəqəm 2021-ci illə müqayisədə 5% çoxdur. Demoqrafik təhlilin nəticələri göstərir ki, psixi sağlamlıq haqqında daha çox düşünənlər 35 yaşdan aşağı olanlar (31%) və qadınlardır (27%).

Psixi sağlamlıq barədə tez-tez düşünənlərin nisbəti ölkələr üzrə bəzi fərqlər göstərir: Portuqaliya (82%) birinci yerdədir, daha sonra Braziliya (76%) və Cənubi Afrika (75%) gəlir, Çində isə bu göstərici 33%-ə enir.

Dünya üzrə orta hesabla hər 10 ölkədən 8-i  zehni və fiziki sağlamlığın önəmini bərabər sayır (76%). Bununla belə, Səudiyyə Ərəbistanı , Hindistan və BƏƏ-də psixi sağlamlığın fiziki sağlamlıqdan daha vacib olduğunu söyləyən insanların göstəricisi yüksəkdir (müvafiq olaraq 29%, 30% və 31%).

Qeyd edilən kimi, insanların əksəriyyəti zehni və fiziki sağlamlığın önəmini bərabər sayır.

Bəs səhiyyə sistemləri bu baxışı əks etdirirmi və bərabər müalicə təmin edirmi?

Qlobal orta hesabla respondentlərin üçdə biri (33%-i) hesab edir ki, hər ikisinə bərabər münasibət göstərilir. Onların yalnız 12%-i psixi sağlamlığa üstünlük verildiyini, 42%-i isə fiziki sağlamlığa daha şox diqqət yetirildiyini söyləyir.

Stressin gündəlik həyata təsiri qlobal miqyasda ən çox bildirilən psixi sağlamlıq problemidir. Respondentlərin 63%-i qeyd edib ki, son bir ildə gündəlik həyatlarına təsir edəcək dərəcədə stress hiss ediblər. Stress onların 59 %-nə işlərin öhdəsindən gələ bilməyəcəklərini hiss etdirib , 39 %-i isə ən az bir dəfə işə gedə bilməyəcəyini düşünüb. Sorğuda iştirak edənlərin dörddə biri deyir ki, ötən ildə bir dəfə intihar və özlərinə zərər vermək barədə düşünüblər. Bu məsələlər 35 yaşdan aşağı insanlar, qadınlar, evli olmayanlar və aztəminatlı ailələr arasında daha çox aktualdır.

Şəfanə İbrahimova