Yuxarıya
skip to main content

İlham Əliyev xalqımızın qürur immunitetini artırdı

05.10.2022

Sən azadsan, Şuşa. Qismət oldu, gəlib görə bildim səni. Ötən 30 ildə bu həsrətlə yaşadıq hamımız. Allah Şəhidlərimizə rəhmət eləsin! Qazilərimizə can sağlığı, müzəffər Ali Baş Komandana uzun ömür versin!

Sizlər öz şücaətinizlə xalqımızın “qürur immuniteti”ni artırdınız.

Şuşa şəhəri ölkəmizin və dünyanın ən dilbər güşələrindən biridir. Azərbaycanın alınmaz qalası, mədəniyyət məbədi olan bu qədim şəhər özü boyda tarixi abidədir.

Sıldırım qayaların zirvəsində yerləşən Şuşanı əskər və zabitlərimiz əlbəyaxa, bıçaq və tapança döyüşləri ilə erməni işğalçılarından azad edərkən qüdrətli ordumuzun gücü ermənilərə və bütün dünyaya fakt olaraq əyani nümayiş olundu. Bu güc xalqımızın birliyində, bacarığında, qürurluğundadır.

Şuşa ölkəmizə təkcə Tanrının yaratdığı təbii gözəlliklərlə yox, qəhrəman ordumuzun vətənimizin kiçik bir hissəsində sıldırım qayaların zirvəsində işğalçıların 30 ildə möhkəmləndikləri mövqeləri aşağıdan hücum edərək, əzib-qovub çıxarmaları ilə dünyada məğrur xalq kimi tanınmasına meydan açdı.

Bu hadisələrlə Şuşa müqəddəs qəhrəman şəhərə çevrildi.

İndi bütün dünyadan bura gəlib bu şəhəri görmək istəyirlər. Şuşa artıq hamının üzünə açıqdır, o, öz qonaqlarını qarşılamağa hazırdır.

“Şuşasız Qarabağ, Qarabağsız isə ümumiyyətlə Azərbaycan yoxdur”.

Ümummilli lider Heydər Əliyev Şuşanın ölkəmiz üçün dəyərini bu sözlərlə ifadə etmişdir.

“Şuşa Azərbaycanın gözüdür. Hər bir azərbaycanlı üçün iftixar nöqtəsidir. Şuşa bizim mədəniyyətimizin, tariximizin rəmzidir.Şuşa hamı üçün əzizdir. Amma tək Şuşa yox, Laçın dağları da belədir, heç vaxt biz Laçınsız yaşaya bilmərik, Ağdam kimi gözəl bir şəhər, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcərin o bulaqları İsti suyu -  biz onlarsız yaşaya bilmərik, təsəvvür edə bilmərik”.

Prezident İlham Əliyevin bildirdiyi kimi Şuşa təkcə şuşalılar üçün yox, bütün azərbaycanlılar üçün, vətənini, millətini sevən hər bir vətəndaşımız üçün əziz bir şəhərdir, əziz bir torpaqdır, əziz bir qaladır, əziz bir abidədir.

Qafqazın mədəniyyət və musiqi beşiyi olan Şuşanın işğaldan azad olunmasından dərhal sonra Azərbaycan Prezidenti cənab İlham Əliyev bu qədim şəhərin milli və bəşəri mədəni dəyərlərinin qorunması və yaşadılması üçün bütün dünyaya bir çağırış etdi. Şuşanın, onun mədəni irsinin təkcə Azərbaycan xalqına aid olmasına səs verən beynəlxalq təşkilatlar dərhal öz qərarlarını açıqladılar.

Şəhərdə aparılan bərpa tikinti işləri yeni tikilməkdə olan 400 nəfərlik konfrans zalı olan 150 yerli Şuşa hoteli bu yaxınlarda qonaqların istifadəsinə veriləcək.

Ümumiyyətlə, son 2 ildə işğaldan azad olunmuş ərazilərimizdə aparılan yenidənqurma və bərpa işləri göstərir ki, dövlətimiz təkcə ordu quruculuğu deyil, tikinti sahəsində də aparıcı dünya ölkələrindən geri qalmır. Bir-iki ildə 3 beynəlxalq hava limanının tikilib istifadəyə verilməsi rekord göstəricilərdəndir.

Zəngilanın Ağalı kəndində Ağılli kənd layihəsinin tikilib, istifadəyə verilməsi və oradan olan məcburi köçkün həmyerlilərimizin öz yeni müasir tipli ağıllı yaşayış massivinə qayıtması dünyada belə ilklərdən biri sayıla bilər. Hal-hazırda orada yaşayan insanlar ekoloji təmiz, müasir texnologiya ilə təmin edilmiş şəraitdə dünya standartlarına uyğun yaşayırlar.

Beləliklə, xalqımız üçün Vətən müharibəsi sayılan 44 günlük müharibədə hər bir rayonumuzun qaytarılması qəhrəmanlıq salnaməsi olmaqla, Şuşanın azad olunması bu qəhrəmanlığın tacı, ən uca zirvəsidir. Habelə, müharibədən sonra başlanılan və rekord sürətlə həyata keçirilən bərpa-quruculuq işləri də xalqımızın nəinki müharibə şəraiti, həm də ondan sonra qadir olduğu qəhrəmanlığın göstəricisidir. Bu qəhrəmanlıqların isə gerçəyə çevrilməsi Ali Baş Komandanımızn sərrast hərbi qərarları və istedadlı siyasi kursunun nəticəsidir.

Laçın Abasov