İctimai rəy- mənəvi- siyasi hakimiyyət
Digər tərəfdən, son on il ərzində Azərbaycan hər iki tərəfin maraqlarını qorumaqla yanaşı, həm Şərq, həm də Qərblə işləmək arzusunu vurğulayan balanslaşdırılmış xarici siyasət yanaşmasını inkişaf etdirərək, xarici siyasətini tədricən yenidən müəyyənləşdirməyə müvəffəq olmuşdur. Bunu etməklə, Azərbaycan faktiki olaraq, potensial xarici təhlükələrə qarşı "profilaktik yanaşma" mənimsəmiş və nəticədə, özünün daxili iqtisadi rifahı üçün əlverişli xarici mühit təmin etmişdir. Buna görə də, həm daxili, həm də xarici faktorların birləşməsi İlham Əliyevin ölkəni idarə edə biləcək kifayət qədər güclü bir fiqur olduğu reallığını ortaya qoymaqdadır.
Sosial Tədqiqatlar Mərkəzi tərəfindən aparılan Azərbaycan Respublikası Prezidentinin fəaliyyəti haqqında ictimai rəyin aylıq monitorinqinin nəticələrinə görə 2019-cu ilin oktyabr ayı ərzində Prezidentin daxili siyasət reytinqində yüksəlmə müşahidə olunmuşdur. Mərkəz tərəfindən keçirilmiş sorğunun nəticələri göstərir ki, Prezident İlham Əliyevin beynəlxalq və daxili müstəvidə fəaliyyəti əhali tərəfindən milli maraqların qorunması, ümummilli rifahın təmin olunması baxımından olduqca təsirli və əhəmiyyətli hesab olunur. Prezidentin oktyabr ayındakı fəaliyyəti onun ictimai rəydəki pozitiv imicini daha da gücləndirmişdir. Ümumilikdə, vətəndaşların 77,5%-i ölkə Prezidentinə inam və etimadının daha da artdığını, 18.1 faiz respondent isə həmişəki sabit inam və etibarının qorunub saxlandığını bildirmişlər.
Prezidentin oktyabr ayında həyata keçirdiyi struktur və kadr islahatlarından respondentlərin gözləntiləri kifayət qədər böyükdür. Sorğunun nəticələri Prezident tərəfindən həyata keçirilən islahatlara əhalinin inamının ən yüksək səviyyədə olduğunu göstərdi. Ümumilikdə, respondentlərin 87,6%-i Prezidentin həyata keçirdiyi islahatları dəstəkləyir, onu əhəmiyyətli hesab edir. Prezidentin oktyabr ayındakı fəaliyyətinin ən yüksək qiymətləndirildiyi sahələrdən biri də ordu quruculuğudur. Belə ki, rəyi soruşulanların 92,7%-i Prezidentin ordunun və bütövlükdə Silahlı Qüvvələrin formalaşdırılması sahəsində uğurlu fəaliyyətini qeyd edib. Onun ardınca 92,4% respondent isə ölkə Prezidentinin xarici siyasi fəaliyyətini uğurlu hesab edir.
Oktyabr ayında keçirilən rəy sorğusu göstərdi ki, Prezidentin kadr islahatlarına ictimai dəstək getdikcə daha da artır. Belə ki, cari ilin iyun ayında bu dəstək 74% təşkil etdiyi halda, oktyabr ayında 86,5%-ə bərabər olub. Bu da ondan xəbər verir ki, davamlı kadr islahatları vətəndaşlar tərəfindən ümummilli rifahın təmin olunmasının alternativsiz yolu kimi qiymətləndirilir. Respondentlərin cavablarına əsasən demək olar ki, qeyri-neft sektoru ilə bağlı müvafiq hökumət strukturlarının fəaliyyətinin daha da yaxşılaşdırılmasına ehtiyac var. Belə ki, bu istiqamətdə bir çox işlər görülsə də, hələ də çatışmazlıqlar, problemlər qalmaqdadır. Ümumilikdə, rəyi soruşulanların 83,7%-i hesab edir ki, ölkə Prezidenti tərəfindən həyata keçirilən kadr və struktur islahatları onların gözləntilərini doğruldur. Kadr islahatları zamanı gənclərə üstünlük verilməsi xalqın gözləntilərinə tamamilə uyğundur. Respondentlərin 86,9%-i ölkə Prezidentinin müvafiq yanaşmasını dəstəkləyir. Bu, bir daha onunla əlaqələndirilir ki, Prezident həyata keçirdiyi islahatlar zamanı xalqın rəyini nəzərə alır. Respondentlərin 88%-nin bu mövqedən çıxış etməsi xalqla lider arasında etibarlı bağların olmasından xəbər verir.
Tədqiqatlar göstərir ki, islahatların dərinləşməsi və geniş miqyas alması ilə Prezidentə olan ictimai rəğbətin və dəstəyin artması arasında dərin bağlılıq var. Göründüyü kimi, əhali “Azərbaycanda dövlət siyasətinin mərkəzində insan amili dayanır” prinsipinin reallıqda təzahürünü təsdiqləyir. Sorğunun nəticələrinə istinadən qeyd etmək olar ki, respondentlər ölkə Prezidentinin öz fəaliyyətində onların maraqlarından, təlabatlarından və gözləntilərindən çıxış etdiyi qənaətindədirlər. Beynəlxalq müstəvidəki uğurlar və daxili siyasətdəki islahatların dərinləşməsi Prezidentin adı və şəxsi təşəbbüsləri, nümunələri ilə bağlı olduğu üçün onun reytinqi ictimai rəydə yüksələn xətt üzrə dinamika nümayiş etdirir və bu tendensiya islahatların davam etməsi fonunda güclənir. Oktyabr ayında baş verən hadisələri respondentlərın mütləq əksəriyyəti vacib hesab edir. Bu hadisələr arasında ən çox rəğbət doğuranlar Prezidentin “Valday” Beynəlxalq Diskussiya Klubunda çıxışı və Aşqabadda Ermənistanın faşizmi qəhrəmanlaşdırmasına kəskin etiraz nitqi olmuşdur.
Prezidentin ordu quruculuğu, xarici siyasət və kadr islahatları istiqamətindəki fəaliyyəti respondentlər tərəfindən daha yüksək qiymətləndirilir. Sorğu iştirakçıları təhlükəsizlik və Silahlı Qüvvələr məsələsinə daim həssaslıq göstərirlər. Lakin sosial-iqtisadi sahədəki fəaliyyətə əhalinin razılıq dərəcəsi bir qədər aşağıdır. Respondentlərin nəzərində oktyabr ayında başlanan islahatların uğurla həyata keçirilməsi nə əsas maneə məmurlar, yerli hakimiyyət orqanları və bəzi dövlət qurumlarının laqeyd yanaşmasıdır. Başqa sözlə, sorğuda iştirak edənlərin müəyyən bir hissəsi bu qənaətdədir ki, islahatların uğurlu icrası üçün dövlət qurumlarının özlərinin fəaliyyətində dəyişiklik olmalıdır. Kadr və struktur islahatları respondentlərin böyük əksəriyyətinin gözləntilərini doğruldub və onların əsas gözləntiləri gənc nəsil üçün yeni perspektivlərin və imkanların yaradılması olub. İqtisadiyyat sahəsində gözləntilər yenə də bir qədər aşağı olub, belə ki, iqtisadiyyatda şəffaflıq tədbirlərinin artması gözləntisi olan respondentlər azlıq təşkil edir. Hökumətdə təmsil olunan yaşlı nəslin daha gənc kadrlarla əvəz olunması da respondentlər tərəfindən müsbət qarşılanıb.
Ölkə Prezidentinin fəaliyyətində ictimai rəyin rolunun yüksək olması sorğunun nəticələri ilə təsdiqini tapır və bu fikir aparılan kadr islahatlarına da aid edilir. Əhali oktyabr ayında Prezidentin daxili və beynəlxalq müstəvidəki fəaliyyətini yüksək qiymətləndirir, ona olan etimadın artdığını qeyd edir. Ümumilikdə oktyabr ayını vətəndaşlar ölkəmiz üçün uğurlu sayır.
Daha əvvəl qeyd edildiyi kimi, Azərbaycan prezident İlham Əliyev xüsusi bir xarici siyasət kursunu inkişaf etdirməyə müvəffəq olmuşdur ki, bu da "balanslaşdırılmış xarici siyasət" adlandırıla bilər. Bu baxımdan, Azərbaycan təkcə Qərb ölkələri ilə deyil, Rusiya ilə də yaxın münasibətlər qurmuş, digər postsovet ölkələri ilə əlaqələr, eləcə də İran və Türkiyə kimi mühüm regional güclərlə münasibətləri möhkəmləndirmişdir.
Sosial Tədqiqatlar Mərkəzi tərəfindən aparılan Azərbaycan Respublikası Prezidentinin fəaliyyəti haqqında ictimai rəyin aylıq monitorinqinin nəticələrinə görə 2019-cu ilin oktyabr ayı ərzində Prezidentin xarici siyasət reytinqində yüksəlmə müşahidə olunmuşdur.
Prezidentin oktyabrın 3-də “Valday” Diskussiya Klubunun plenar iclasındakı çıxışı zamanı “Qarabağ Azərbaycandır və nida işarəsi” deməsi əhalidə vətənpərvərlik hissini gücləndirmiş, dövlətə olan inam və etibarı artırmışdır. Bu, rəyi soruşulanların 85,8%-nin fikridir. 76,9% isə hesab edir ki, Prezidentin “Valday” Diskussiya Klubunun plenar iclasındakı çıxışı Ermənistanın beynəlxalq müstəvidə mövqelərinin zəiflədilməsi baxımından təsirli olmuşdur. Ümumiyyətlə, respondentlərin 84.9%-i Prezidentin “Valday” Diskussiya Klubunun plenar iclasındakı çıxışının əhəmiyyətini yüksək qiymətləndirmişdir.
Prezidentin oktyabrın 11-də Aşqabadda MDB Dövlət Başçıları Sammitindəki çıxışı rəyi soruşulanların 85%-i tərəfindən rəğbətlə qarşılanmışdır. Azərbaycan Prezidentinin Ermənistanı tutarlı arqumentlərlə faşizmi qəhrəmanlaşdırmaqda ittiham etməsi və qarşı tərəfin mahiyyətsiz cavabı göstərdi ki, Prezident İlham Əliyev hücum diplomatiyasını uğurla davam etdirir. Rəyi soruşulan hər 5 respondentdən dördünün fikrincə, Prezident İlham Əliyevin Aşqabadda MDB Dövlət Başçıları Sammitindəki çıxışı faşizm ideyalarını dəstəkləyən Ermənistanın ifşası istiqamətində tutarlı addım olmuşdur. 80,1% bu çıxışın münaqişənin tənzimlənməsi istiqamətində də təsirli olacağı qənaətindədir.
Prezidentin oktyabrın 15-də Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII Zirvə Görüşündəki və oktyabrın 25-26-da Qoşulmama Hərəkatının XVIII Zirvə Görüşündəki çıxışları da Azərbaycanın beynəlxalq imicinin möhkəmləndirilməsi, münaqişə vəziyyəti ilə bağlı həqiqətlərin-Azərbaycanın haqlı mövqeyinin beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılması respondentlərin 80.9%-nin rəyinə görə çox əhəmiyyətli hesab edilir.
Hazırda Bakının iştirak etdiyi müxtəlif çoxtərəfli platformalara nəzər salsaq, bu balanslı yanaşmanın həyata keçirilməsinə olan istək daha aydın görünəcək. Bu çoxtərəfli təşəbbüslər arasında, yeni və daim inkişaf edən İran-Rusiya-Azərbaycan-Gürcistan dördtərəfli çərçivəsi Azərbaycanın regional mövqeyinə gücləndirəcək və bütün tərəflərə fayda gətirəcək potensiala malikdir. Əliyevin Azərbaycanın xarici siyasətinin bu çoxtərəfli modelini daha da inkişaf etdirməyə davam edəcəyi gözlənilir. Azərbaycanın Rusiya, Gürcüstan, İran və Mərkəzi Asiya dövlətləri ilə sıx əlaqələri, eləcə də onun Qafqazdakı geosiyasi vəziyyəti Avropanı bir tərəfdən Orta Asiya, digər bir tərəfdən isə Yaxın Şərqə birləşdirmək imkanı yaratmaqdadır. Bu imkanlara əsasən, Azərbaycan xarici siyasətdə çoxtərəfli çərçivəni genişləndirə və təkmilləşdirə bilər.
Əfqan Vəliyev
İstanbul Universitetinin Sosiologiya fakültəsinin məzunu, sosiologiya üzrə fəlsəfə doktoru
Azərbaycada yeniləşmə və milliyyətçilik hərakatı (İstanbul-2005), Azərbaycan siyasi düşüncə tarixi, Mirzə Bala Məmmədzadə (İstanbul 2006) və Tarixdən günümüzə Azərbaycan (İstanbul 2009) adlı elmi əsərlərin müəllifi.