ABŞ-da cinayət halları: Datalar nə deyir?

01.05.2024

Amerikalıların çoxu deyir ki, cinayətin azaldılması bu il prezident və Konqres üçün əsas prioritet olmalıdır. 

Pew Araşdırma Mərkəzinin keçirdiyi sorğunun nəticələrinə əsasən, ABŞ-da təxminən hər on nəfərdən altısı  (58%) bu fikirdədir. 2021-ci ildə Baydenin hakimiyyətinin ilk illərində bu göstərici 47% olub.

 

Bəs ABŞ-da cinayət nə qədər yayqındır?

Bunu dəqiq söyləmək çətindir. Çünki hökumətin cinayət statistikasının iki əsas mənbəyi - Federal Təhqiqat Bürosu (FTB) və Ədliyyə Statistikası Bürosu (BJS) natamam mənzərə yaradır.

FTB hüquq-mühafizə orqanlarına müraciət edilmiş cinayətlər haqqında illik məlumatları dərc edir. Qurum tarixən zorakılıq və mülkiyyət əleyhinə cinayətlər barədə statistik məlumatları bildirir, narkotik kimi digər cinayətlər barədə isə yox. Məlumatlar minlərlə federal əyalət, mahal, şəhər və digər polis idarələrinin  bilgilərinə əsaslansa da, hər il bütün mühafizə orqanları iştirak etmir. 2023-cü ildə iştirakçı qurumların 83%-dən məlumat alınıb.

BJS isə öz növbəsində 12 və daha yuxarı yaşlı amerikalılar arasında illik geniş sorğu keçirərək onların son altı ayda hər hansı cinayət növünün qurbanı olub olmadıqları ilə bağlı soruşaraq cinayətləri izləyir. Bu yanaşmanın üstünlüyü odur ki, həm bildirilən, həm də bildirilməyən cinayətləri əhatə edir. Lakin bu sorğuların da öz məhdudiyyəti var. O da FTB kimi bir qədər zorakılıq və mülkiyyət cinayətlərinə diqqət yetirir. Bu məlumatlar cinayət qurbanları ilə faktdan sonrakı müsahibələrə əsaslandığından, xüsusi diqqət çəkən bir cinayət növü haqqında məlumat verə bilməz.

Bütün bunlara baxmayaraq, bu iki qurumun statistikasına yanaşı baxmaq tədqiqatçılarda ABŞ-da zorakılıq və mülkiyyət əleyhinə cinayətlərin nisbətləri və onların zamanla necə dəyişdiyi barədə yaxşı təsəvvür yaradır. Bundan əlavə, FTB yeni məlumat toplama sisteminə - Milli İnsidentlərə Əsaslanan hesabat sistemi kimi tanınan sistemə keçid edir. Bu sistem çox geniş cinayətlər toplusu, onların baş vermə vaxtı, yeri, əgər varsa, cəlb edilən silah növü barədə məlumat verəcək.

ABŞ-da mülkiyyət əleyhinə cinayətlər zorakılıqdan daha çox yayılıb. 2022-ci ilin hesabatına görə, FTB 100000 nəfərə 1954,4 mülkiyyət əleyhinə cinayət barədə, 100000 nəfərə 380.7 zorakılıq cinayəti  barədə məlumat verir.

Bu günə qədər 2022-ci ildə mülkiyyət əleyhinə cinayətlərin ən çox yayılmışı müxtəlif oğurluq formaları olub. Zorakılıq xarakterli cinayətlər arasında ağırlaşdırılmış hücum ən çox yayılmış cinayət olub, ondan sonra isə  quldurluq, zorlama və qətl (ehtiyatsızlıqdan adam öldürmə) gəlir.

BJS-in məlumatlarına əsasən, oğurluq 2022-ci ildə mülkiyyət əleyhinə cinayətin ən çox yayılmış forması, hücum isə  zorakı cinayətin ən çox yayılmış formasıdır.

 

ABŞ-da cinayət nisbətləri zamanla necə dəyişib?

Həm FTB, həm də BJS-in məlumatları ABŞ-da zorakılıq və mülkiyyət cinayətləri nisbətlərində 1990-cı illərin əvvəllərindən - cinayətin ölkənin böyük bir hissəsində artdığı vaxtdan bəri dramatik azalma olduğunu göstərir.

FTB məlumatlarına əsasən, zorakı cinayət nisbəti 1993-2022-ci illər arasında 49% azalıb, soyğunçuluq (-74%), ağır hücumlar (-39%) və qətl/ehtiyatsızlıqdan adam öldürmə (-34%) nisbətlərində  də böyük azalma var. Bu dövrdə təcavüz nisbətindəki dəyişikliyi hesablamaq mümkün deyil, çünki FTB 2013-cü ildə cinayətin tərifini yenidən nəzərdən keçirib.

FTB məlumatları həmçinin 1993-2022-ci illər arasında ABŞ-da mülkiyyət əleyhinə cinayət nisbətinin 59% azaldığını, oğurluq (-75%),  avtomobil oğurluğu (-53%) nisbətlərində böyük azalma olduğunu göstərir.

BJS statistikasında zorakılıq və mülkiyyət cinayətləri nisbətlərindəki azalmalar, FTB məlumatlarında olduğundan daha kəskindir. BJS-ə görə, ABŞ-da zorakılıq və mülkiyyət əleyhinə cinayətlərin nisbəti 1993-2022-ci illər arasında 71% azalıb.

Cinayət nisbətləri uzun müddət ərzində kəskin şəkildə azalsa da, azalma həmişə sabit şəkildə deyil. Bəzi illərdə, o cümlədən son dövrlərdə cinayətlərin müəyyən növlərində nəzərəçarpacaq artımlar olub.

Məsələn, 2020-ci ildə ABŞ-da qətl nisbəti artaraq  bir illik rekord həddə çatıb və 2022-ci ilə qədər bu göstərici koronavirus pandemiyasından əvvəlkindən xeyli yüksək olaraq qalıb. 2023-cü il üçün ilkin məlumatlar isə qətl nisbətinin ötən il əhəmiyyətli dərəcədə azaldığını göstərir.

Amerikalılar ölkələrindəki cinayətləri necə alqılayır?

Amerikalılar hətta rəsmi məlumatlar azaldığını göstərsə də, cinayətin artdığına inanırlar.

1993-cü ildən bəri həyata keçirilən 27 “Gallup” sorğusundan 23-də ABŞ-da yetkin insanların ən azı 60%-i həmin dövrün əksər hissəsində cinayət nisbətlərində azalma tendensiyası olmasına baxmayaraq, ölkədə əvvəlki illə müqayisədə daha çox cinayət olduğunu bildirib.

ABŞ-da əksər zorakılıq və mülkiyyət cinayətləri polisə bildirilmir və bildirilən cinayətlərin əksəriyyəti açılmır.

BJS illik sorğusunda cinayət qurbanlarından cinayətləri haqqında polisə məlumat verib-vermədiklərini soruşur. 2022-ci ildə zorakılıq xarakterli cinayətlərin yalnız 41,5%-nin və məişət mülkiyyəti ilə bağlı cinayətlərin 31,8%-nin səlahiyyətli orqanlara bildirildiyi müəyyən edilib. BJS qeyd edir ki, cinayətin xəbər verilməməsinin bir çox səbəbi var - qisas qorxusu və ya "qurbanı problemə salmaq", polisin "kömək etmək üçün heç bir şey edə bilməyəcəyi" hissi və ya cinayətə “şəxsi məsələ və ya xəbər vermək üçün çox əhəmiyyətsizdir” yanaşmasıdır.

Qeyd edək ki, 2022-ci ildə polis bütün ölkə üzrə onlara bildirilmiş zorakılıq cinayətlərinin 36,7%-ni və onların diqqətinə düşən mülkiyyət əleyhinə cinayətlərin isə 12,1%-ni açığa çıxarıb.

 

Şəfanə İbrahimova

BDU-nun jurnalistika fakültəsini həm bakalavr, həm də magistr pilləsi üzrə bitirib. Müxtəlif media orqanlarında jurnalist kimi çalışıb. Hazırda Sosial Tədqiqatlar Mərkəzi ilə əməkdaşlıq edir.