Onlar niyə gülürdü?!

15.04.2024

İnsan irqlərinin təkamülü qədim dövrlərdən günümüzə qədər həmişə ikili prosesin mübarizəsi ilə təşəkkül tapmışdır. Arsitotel yunan fəlsəfəsində insana sabit baxmamağın başlanğıcını qoyan filosof idi, desək, yanılmarıq.

Yunan əsatirlərində və fəlsəfəyə qədərki dövrdə olan bütün irrasional dünyagörüş formalarında qələbə qazanan və gülən insan obrazı əks olunurdu. Yunan əsatirlərində insan həmişə qələbə qazanırdı. Qələbə qazanan insan isə xoşbəxt personanın simvolu hesab olunurdu. Yunan “Tanrı obrazları” isə zəfərin yardımçısı rolunda çıxış edirdi. Sanki Zevs bütün dünyanın xeyir qarantı idi və pisliklər üzərində Heraklların qələbəsində Tanrılar vasitəçi idi. Qədim insan varlıqlarının dünyagörüşün ilkin formalarına qədər təbiətdən qorxusu fonunda ortaya çıxan ilkin fetişist və totemist aktlarından uzaqlaşmağa çalışan antik yunan insanı, dünyagörüşün tarixi təkamülü ilə qorxan insan sindromunu qırmağa çalışırdı.

Qələbə həm də gülüş idi. Məğlubiyyət isə insanın sadəcə öz uğursuzluğu və Tanrılar tərəfindən lənətlənmə bəlasından başqa bir şey deyildi. Şərqdə Babillilər Gilqamış obrazını ortaya ataraq bir növ insan gücünə ilkin heyranlıq əlamətlərini büruzə verirdi. Və bütün antik dünya kültüründəki gülən insan modellərinə qarşı çıxaraq, qəm-kədər və əzab içərisində qıvrılan insanların da obrazını yaradır.

Qədim dünya insanının qaçmaq istədiyi reallıqları çinlilər müdafiə edirdi. Hind mifologiyası insanın bədbəxtliyini onun qaçılmaz tale yolunda əsas mərhələlərdən biri hesab edir. Hind mifik-fəlsəfi məktəbi hesab edilən Mimansa məktəbinin tələbələri hind vedalarına istinad edərək, insanları əzabdan qorxmamağa çağırırdı. Satirik tənqidin ilkin örnəklərini yaradan materialist Çarvak-Lokayata təlimində isə tamamilə tənqidçilik meyarları var idi. Bu dövrdə yunan erkən fəlsəfəsi və mifologiyası insanı zəif görən və sonsuz güc nümayişləri qarşısında onu bəsitləşdirən bir obraza bürünsə də, Roma kültüründə tamamilə bütün ruhlardan və uydurma mifik personajlardan “təmizlənmiş” insan obrazı təqdim olunuru. Roma atomisti Tit Lukretsi Kar saraydakı eybəcərlikləri öz kiçik qrafik təsvirləri ilə məsxərəyə qoyur və tələbələri arasında fəlsəfi söhbətlərin yekununda məzəli əhvalatlar danışaraq, onların da nələrsə çəkməyinə nail olurdu. Fəlsəfədən sonrakı dünyagörüşdə isə insan obrazı dəyişərək, yeni bir “qiyafəyə büründü”.

Amerikan piramida mədəniyyətində rast gəlinən təsvirlər dövrün eybəcərliklərinə işarə edirdi. Mayya kahinləri hekayələri rəsmlərlə anladırdı və buna dair arxeoloqlar əsalı faktlar tapmışdı. Normandların 1066-cı ildə İngiltərəni istilasından sonra toxucu qadınlar xalçalar toxuyaraq, istilaçıların vəhşiliklərini xalıya həkk edirdilər. Lakin Makkloud sayəsində karikatura fəlsəfi tənqid və ironiyadan ayrılmış və ilk dəfə Makkloudun ardıcılı, isveçli Rodolfi Topferi modern karikaturanı yaratmışdı. Artıq rəsmlər mətnlərlə birlikdə çəkilməyə başlanır. İlkin mətbu məcmuların buraxıldığı ərəfədə Amerikada komikslər meydana çıxmağa başlayır

Soyuq müharibə illərində karikatura ideoloji qata bürünməyə başlayır. Karikaturistlər sifarişlə rəsmlər çəkir, onların bəzi həmkarları isə buna qarşı çıxaraq, azadlığı əsas meyar sayırdı. Karikaturanın sifarişlə çəkilməsini bu işə təhqir sayanlar da var idi

Əsərlərdən təsirlənən karikaturistlər sonralar Con Monreala istinad edərək gülüşü iki qisimə bölürdü: anlamlı və anlamsız gülüş. Anlamsız gülüş təbii-psixoloji bir reaksiya sayılrdı. Bu insanın içindən gələn gülüş idi. Anlamlı gülüş isə insanın dərk edərək, gülmə prosesi idi. İnsan görərək və qavrayaraq güləndə, daha rahat hiss edir özünü. Neofreydist psixoloqların da əsərlərində insanın boşuna gülüşü qeyri-şüuri fəaliyyətin ən nəticəsiz halı sayılırdı. Ciovanni Bokaccionun “Dekameron” əsərini oxuyanlar bu fikirimə qatılarki, orada “usta gülüşü” deyə adlandırılan hissələr mövcuddur. Rus filosof və karikatüristi Herzenin “Gülmənin tarixini yazmaq özü çox gülməlidir” sitatı Herzenin çəkdiyi karikaturalarda müxtəlif formalarda əks olunurdu. Gülmək həm də qəzəbin bir refleksiyası hesab olunurdu. Eynilə, Ziqmund Freydin insanın ən əzabverici şəhvani hisslərində də məmnunluqdan yaranan bir təbəssümün mütləq olduğunu söyləməsi kimi. Postmodern filosof Bodriyar gülüşün xoşbəxtliyi təmsil edən bir akt olmadığını hesab edirdi.

Ona görə təbəssümün qəhqəhəsi ilə, “cəhənnəmin gülüşü” arasında kəskin fərqlər var idi..

İtaliyada “Commedia Dell arte” adı verilən xalq teatrlarında klounlardan və təlxəklərdən savayı, həmçinin gənc yazarlarla əməkdaşlıqdan imtina edilərək, karikaturistlərdən ssenarist kimi istifadə olunmağa başlandı. Karikaturistlər yalnız çəkmir, həm də yazırdı. Sanders gülüşü çox maraqlı izah edirdi. O, Misir əfasənələrinə istinad edərək, yazırdı: “Tanrı güldü və dünya yarandı. Daha sonra qəhqəhə çəkdi və dünya işığa qərq oldu. İkinci gülüşündə sular və okeanlar, yeddinci qəhqəhəsində isə ruh yarandı”. Ekzüperiyə görə də real dünya yalnız sıxıcı sayılrdı və bozluqdan ibarət idi. Gülən insanlar isə daha əyləncəli idi və dünyanı rəngli görməyə bir səbəb sayılırdı. Qəmi və kədəri gülərək bildirmək lazımdır.

Gülmək primitiv olmamalıdır. Gülərkən də anlatmaq lazımdır.

Tural İsmayılov

Bakı Dövlət Universitetinin Sosial Elmlər və Psixologiya fakültəsini bitirib, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Sosial Tədqiqatlar Mərkəzinin Mətbuat Xidmətində sektor müdiri, teleaparıcıdır