Danışmaq üstündə düşüncə

01.04.2024

Dillərin ortaya çıxması insanlığın tərrəqqisi ilə həmahəng olmayıb. Bunu araşdıran yeni dövr təkamülçüləri dili daha qədim proses kimi görür. Texniki inkişaf dildən sonra baş verdi.

Dillərin konkret formaya bürünməsi ilə “inteqrativ dil” anlayışı ortaya çıxdı. Tomas Hobbsun “xaqlar birliyi” yanaşmasının mənəvi qatı da burda özünə yer tapır.

Dil mənəvi vəhdətin astanasıdır və bütün məntiqçi pozitivistlərin müdafiə etdiyi də bu idi. Sonralar elm və texnologiyanın inkişafı ilə yeni “veb dili” ortaya çıxdı. Bu internetin imkanları ilə dillərin informativ mahiyyəti arasındakı əlaqə sayılır. Sosial şəbəkələrin həyatın bir parçasına çevirilməyi, kompüterin imkanlarının genişlənməsi və İKT artımı fonunda dilin adlandırılmasında baş verən axsaqlıqlar nəticəsində yeni anlayışlar ortaya çıxdı. Amma bu, sırf dilin hansısa bir qolu kimi qalmadı. Dilin Renessansa qədər olan fəlsəfi mahiyyəti bir qatlı idi. Sxolastik dil ağır formada bütün cəmiyyətləri öz cənginə aldığı dövrlərdə dilin tərəqqisi üçün mümkün ola biləcək bütün yollar dağıdılır. Bunun çətinliyini dərk edən fəlsəfə sonralar dili filoloji bölgüdən fərqli sferalara bölür. Fəlsəfə üçün kilsənin təlqin etdiyi dil ikinci sıraya keçdi, keşişlərin qadağan etdiyi anlayış və terminlər ictimai müzakirəyə çıxarıldı. Dilin bölgülərindən danışılmağa başlandı. Bunu dil fəlsəfəsinin iki güclü örnəyi Rudolf Karnap və Lüdviq Vitgenşteynin çalışmalarında aydın görmək mümkündür.

Bölgüdə dilin ayrı-ayrı incələnməsindən qətiyyən söhbət getmir. Məsələni daha aydın izah etmək üçün belə qeyd edim ki, fəlsəfə heç vaxt dil ailələrindən, ya da konkret bir xalqın dilindən bəhs etməyib. İnteqrativ dil modeli də buna görə ortaya çıxdı. Fəlsəfənin maraq dairəsinə daxil olan ümumi dillərin koordinasiyon mənalandırılmasıdır. Hansısa sözün alman dilində və ya ivrit dilində olmağı fəlsəfənin ondan yararlanma meyarlarına əks olmur. Elə buna görə bölgü anlayışı ortaya çıxır. Ümumilikdə bir şeyi nəzərə alaq ki, heç idealist fəlsəfənin özü belə dili sosial olaraq bölmür. Fəlsəfənin dil bölgüsünü bir neçə örnəklə izah edim. “İncəsənət dili” estetika və fəlsəsəfənin ən çox diqqət ayırdığı sahədir. Burada kulturologiya ilə fəlsəfənin tədiqqat diqqətlərini ayırmalıyıq. Kültür portallarında gedən yazılarda istifadə olunan terminlər incəsənət dili deyil, mədəni ifadələrdir. Ya da bir az bədii formada ifadə etsək, incəsənətin hansısa mesajı verməsi, insanların zövqlərini inkişaf etdirməsi missiyası, hansısa teatr tamaşasının sosial mesajı mediada incəsənət dili sayılır, amma bu onun estetik mesajıdır sadəcə.

Dil fəlsəfəçilərinin incəsənət dili dediyi şey incəsənətin insanı düşündürmə meyarları üzərində fokuslanmaqdan ibarətdir. Samuel Hantinqton sivilizasiyalar arası əlaqələrdə fəlsəfi dilin əsas vasitə olduğuna inanır. Hər xalqın dili dünya mədəniyyətinin incisidirsə, dünya xaqlarının ortaq dil çabaları təkamülün mərkəzidir. Daha bir tarix fəlsəfəçisi Arnold Toynbi də etnik bərabərliyin eyni dildə düşünməkdən keçdiyinə inanırdı. Deməli məsələ heç də eyni danışmaqda deyil, eyni dildə təfəkkür hadisəsindədir.

Bütün dünya tarixi boyunca fəlsəfənin dillə appelyasiyası insanların sülh və əmin-amanlıq içində yaşayışına xidmət edib. Təəsüf ki, bu məsələlərin aktuallığı mətbuat üçün heç vaxt diqqətə səbəb olmur və bunun nəticəsində də natamam anlayışların girdabına düşürük. Dilin fəlsəfi mənalandırılmasında fərqli bölgülər çoxdur, ən əsası elmin dili məsələsidir. Bertran Rassel ingilis radiolarından birinə verdiyi müsahibədə qeyd edirdi, elmlərin sintetik əlaqələndirilməsi tarixi təkamülün ən böyük uğurudur və bəşəriyyətin gəldiyi indiki gözəl mənzərədə elmlərin birgə fəaliyyətinin rolu var.

 

Dil fəlsəfəsinə maraqlı olan da elmin ortaq mesaj dilini anlamaqdan ibarət oldu. Mişel Bodriyar “Anti müharibə nitqləri” adlı kiçik qeydlər toplusunda yalnız siyasi hadisələrin analizi ilə məşğul olmamış, eyni zamanda dilin önəmindən də bəhs edibdir. Modernist eranın təlatümlərindən qaçışın ancaq dil vasitəsilə mümkün ola biləcəyinə inanırdı və çox adi gələn danışıq dilinin məsuliyyət hissi ilə həmahəng olmağını müdafiə edirdi.

Dil fəlsəfəsinin çox məlum olmayan digər bir tərəfi də tərcümə məsələləri ilə bağlı cəhdlərdir. Dünya ədəbi birliklərinə daha yaxşı məlum olan bu sahə nəticəsində original kitab tərcümələrinə rast gələ bilərik. Bizim unutduğumuz şeylərdən biri də tərcümənin bəstiliyinə görə dili yaxşı bilməmə arqumentlərini yersiz istifadə etməyimizdir. Yaxşı tərcümə üçün tərcümə edən həm tərcümə etdiyi dili, həm də öz ana dilini mükəmməl bilməlidir. Amma məsələ tək bununla da kifayətlənmir. Türkiyədəki dilçi filosoflar bu baxımdan tərcüməni düz xəttli proses hesab etmir. Tərcümə qarışıq prosesdir, dil fəlsəfəsi bir dildən digərinə çevirməni quru bilgi çevirimi kimi görmürdü. Tərcümə edilən dildəki əsas fikir qavranılmalı və o fikirin tərcümə edildiyi dildəki ən uyğun variantı seçilməlidir. Filogiya və fəlsəfənin ən böyük fərqi özünü elə burada göstərir

İyirminci əsrin dahi idealist filosoflarından olan Frans Rozenveiq bir sözün əmələ gəlməsi üçün 3 mərhələnin olduğuna inanırdı. Bunlar ətraf aləmin dərki, dərk olunmanın insan zehnində inikası və inikasın dildən “kənara çıxması” idi. Hamı qulaqlarının eşitdiyi bir səsi zehininə verir, oradan isə dodaqların tərcüməsi ilə anlayışlar ortaya çıxır. Bu fikirlər tərcümə işinin genişlənməsinə də təkan verdi. Vils Barnston tərcümənin söz olaraq metafora anlayışından ortaya çıxmasından bəhs edirdi. Metaforanın anlamı daşıma, nəql etmə, transfer kimi başa düşüldüyü üçün yunanlar sözlərin ilkin ifadəsini bu anlayışla ortaya çıxarırdı. Yunan fəlsəfəsinin təqdim etdiyi yol fərqli idi. Həmin dövrdə demək olar ki, bütün sahələrdən bilgi verən antik yunan mütəfəkkirləri kənar coğrafiyalarla təcrübi tanışlıqdan məhrum olduğu üçün dilləri bilmirdi. Buna görə də onlar bütün dialoqlarını və fəlsəfi mükalimələrini başqa insanların da anlaya bilməsi üçün başqa-başqa sözlərlə ifadə edərək, bir neçə variantda yazıya çevirirdilər. Bir dildə mövcud olan sözün digər dildə mövcud olmamağı ədəbiyyatçıya görə dilin kasadlığıdırsa, fəlsəfəçiyə görə bu sözün ifadə etdiyi mənanın orijinallığı sayılır. Tərcümə olunmayan söz dilin zənginliyi və yaxud tərcümə olunan dilin sadəliyi deyildi fəlsəfədə. Eko buna görə şeirin tərcüməsinin şair tərəfindən, romanın tərcüməsinin yazıçı, pyesin tərcüməsinin isə dramaturq tərəfindən olmağının mühüm məsələ olduğunu vurğulayırdı.

Sanders Piers son nöqtəni belə qoyur: “İnsan ağılı təhlil etdikcə biz hər gün və hər yerdə sözlər və simvollar görürük. Hər görülən şey söz və qulağın müşayiəti ilə beynə ötürülər və bu prosesin bir dayanma nöqtəsi yoxdur. Yəni ətrafımızda daim bir söz burulğanı var və insanın onları dərk etmək məşğələsi dünya var olduqca tükənməyən enerjidir. Hara getsək də bir şeyləri ya izah edirik, ya da qavrayırıq. Dolayısı ilə insan yalnız bir dildən digər dilə çevirmə ilə məşğul olmur, o, hisslərin və gördüklərinin də tərcüməçisi olmağı bacarır, bunu özündən sonrakı nəsillərə ötürür. Bunun anlamı isə, insanın təkamül prosesində heç dayanmadan dünyanı tərcümə etmək meyilidir. Bu insanlığı sıxıcı məlumat dünyasından çıxarır və onun əqli inkişafını hazırlayır.” Piersin mükəmməl izahını Noam Çomski davam etdirir və dili sayısız sözlərin arxa-arxaya düzülməsi prosesi kimi qeyd edir. Dil bir təsbehin ipinə düzülən muncuqların vəhdətindən yaranan proses kimi dəyərləndirilir.

Derrida bunları komplektləşdirərək fiziki fəlsəfə yerinə, fizika və fəlsəfə, media fəlsəfəsi yerinə, fəlsəfə və jurnalistika, dilçilik fəlsəfəsi yerinə, fəlsəfə və dil qavramlarından danışdı. İstənilən halda burda nə qədər həqiqət payı olsa da, Derridanın fikirləri ilə razılaşa bilmirəm. Dilçiliklə bağlı linqvistika və filologiya əsas elmlərdir, gündəlik mətbuat, TV, reklam platformaları, mass-kult ənənələri bizdən sadəcə dilin qrammatik mahiyyətini tələb edir. Biz görürük, əslində dilin qorunmağı üzərində məsuliyyətli olan bu sahələrin özündə gündəlik nə qədər "qayda-qanun" pozuntusu baş verir bu. Fəlsəfə və dilçilik yanaşması bu baxımdan həm şairdən, həm müxbirdən, həm də redaktordan dilin konkret öz çəkisi və yazılan bir materialın oxu halında tələffüzünün banal və savadsız görünməməyi üçün labüddür.

Antik fəlsəfədən bu yana dilçilər bu məsələyə maraq göstərirlər. Prataqor əşyaların və hadisələrin adlandırılmasında məntiqlilik meyarını müdafiə edir və tarixi inkişafla əlaqədar bu adlandırma meyarlarının dəyişə biləcəyini düşünürdü. Atomistlərdən Demokrit isə özündən əvvəlki yanaşmaları rədd edərək, obyektlərin tanımlanması üçün istifadə edilən anlayışların məntiqi deyil, tam təsadüf və həyat şərtləri nəticəsində formalaşmağına inanırdı. Əslində antik filosoflar problemi tamam başqa formada qoyurdu. Aristotel elmləri ayıranda dilin ideyalarla əlaqələrini incələyir. Paltonun dialoqlarına gələndə məsələyə baxış tamam fərqli olur. Platon dil fəlsəfəsinin ilkin istiqamət vericisi sayılır. O məsələni belə də qoyurdu: “dil və dünya münasibətləri nədir və hansı formadadır?” Dil fəlsəfəsinin birinci əsas tərəfini bu sualla Platon yaratdı. Daha sonra dünya dəyişdikcə, fəlsəfədə və ədəbiyyatda yeni çalarlar ortaya çıxdıqca dil fəlsəfəsnin ikinci əsas müzakirə mövzusu ortaya çıxır: “insanlar dildən necə istifadə edir?”

17-ci əsrdə humanist filosof Con Lokk sözlər və insanların düşüncə paralellərini apararaq müqayisələr edir. O hesab edirdi ki, söz düşüncənin nəticəsidir, deməli dilin zənginlik səbəbi birbaşa düşüncənin bütöv və geniş olmağı ilə əlaqəlidir. Sonralar insan azadlıqları məsələsində fikir tarixində özünə məxsus yer qazanan Con Stüart Mil dilin beyinə mesaj göndərmə funksiyasını qəbul etdi. Bu dövrün filosofları antik fəlsəfədən fərqli olaraq dilin təfəkkürlə əlaqələrini sübut etməyə çalışır. 19-cu əsrdə semiotika və strukturalizm inkişaf etdikcə dili fəlsəfəsi daha çox müzakirəyə çıxarılır. 20-ci əsr isə dil fəlsəfəsinin intibah çağıdır. Dil fəlsəfəsi ağızdan çıxan sözlərin təhlilinə fikir vermir, həmçinin insanların dili məsələsindən ziyadə dil fəlsəfəsi canlı örnəklərinin hər birinin arasında bir ünsiyyət çizgisinin olduğuna inaır. Qarışqaların kompakt şəkildə qida rasionu ehtiyatı toplamasında dil fəlsəfəsi humanitar yükünü ataraq biologiya və təkamülçülük sahələrinə də töhfə verir. Dil fəlsəfəsindən bizə məlum olan bir çox teoremlər mövcuddur. Berkli və Yunq kimi düşüncə sahibləri dilin fikir teoremlərindən bəhs edir. Dilin birbaşa zehin fəaliyyəti ilə yaranmağına inanırdı.

Rudolf Karnap alman əsilli amerikan fikir adamıdır. Məntiqçi pozitivizmin nümayəndəsidir, həm də riyazziyatçı kimi öz dövrünün populyar siması olur və çevrəsindəki digər məntiqçi pozitivistlər kimi Vyana qrupunun üzvü olub. Məntiq və elmin dil ilə mümkünlüyünə inanırdı. Digər fikir adamlarından fərqli olaraq elmin tərəqqisini birbaşa dilin təkamülü ilə əlaqələndirir və özünə qədər olan baxışlardan buna görə fərqlənən fikirlər irəli sürür. Karnap dilin müstəqilliyini qəbul etmir, eyni zamnda bütün elm və məntiq formalarının da özgür var oluşunu inkar edirdi. Dili və elmi vahid dəyərləndirir, birinin inkişafı üçün digərinin lazım olmağı düşüncəsini paylaşırdı. Dil fəlsəfəsinin ən kult nümayəndəsi Lüdviq Vitgenşteyndir.

Avstriyalı filosof 26 aprel 1889-cu ildə anadan olub. Vitgenşeynin yaradıcılığı çox qəribədir. Onun bütün yazıları, araşdırmaları, ideyaları, fikirləri ölümündən sonra kitablara köçürülür və dünyanın müxtəlif dillərində çap olunur. Özü sağ olanda yalnız bir kitab dərc etdirir və bu kitabla da fəlsəfənin yolunu dəyişməyə qadir olur. 1921-ci ildə çıxan bu kitab "Tractatus Logico-Philosophicus" əsəridir. Vitgenşteynin özünə əminliyi yüksək səviyyədə idi, buna görə də o yayımlanan kitabı ilə fəlsəfənin bütün problemlərini həll etdiyini zənn edərək, elmi çalışmalarını dayandırır, bağbanlıq və bacısının evində memarlıqla məşğul olur. Vitgenşeyn kuliminasiyasına ölümündən sonra çıxan “Fəlsəfə sorğuları” kitabı ilə çatıb. O, Bertran Rasseldən təsirlənir, Şopenhauer və Qotlob Frecdən yazılar da tərcümə edir. Vitgenşteynin fəlsəfədən uzaqlaşdığı illərdə qələmə aldığı qeydlər də sonradan fəlsəfə dərsliklərinə salındı. Bütün Vyana çevrəsinə mənsub olan filosoflar kimi onda da fərdiyyətçi sosial baxışlar olub. “Hamının acısı və ağrısı onun özünü narahat etməlidir” fikiri və “başqasının dərinlikləri ilə oynamamaq lazımdır” fikirləri bir yanlı qarşılanmayaraq əleyhdarlarının qəzəbinə səbəb olmuşdu. Bütün çalışmalarına baxmayaraq, Vitgenşteyn dostlarından və ətraflarından uzaqlaşaraq yalnız, dərdlərini heç kimlə bölüşməməyi əsas göstərən bir həyat tərzi seçir və tənhalıqla birgə keçirdiyi sıxıntılardan vəfat edir. Onun yaradıcılığında müqayisələr hədsiz çoxdur. Dünya və dil münasibətlərini ətraf aləm və rəsm ilə müqayisə edir. Rəssamın gördüyü hadisəni olduğu kimi deyil, rəsm etmənin imkanları çərvəsində portretə köçürdüyünə inanan filosof, dilin də dünyanı tam olaraq təsvir edə bilmədiyi fikirinin ilk müdafiəçilərindəndir. 1930-cu illərdə yayımlanan “Etik leksiyalar” dərgisində dünyanın xoşbəxtliyi və insanın özünə aid olmağı ilə bağlı dəyərli yazılar yazır. O, insanın dünyadakı ən böyük mübarizəsinin sadəcə istəməklə bağlı olduğunu bildirir. Çünki heç kim istədiyini ifadə etmir. “Dil yarımçıq mübarizə və tamamlanmayan arzulardır” ifadəsi ilə fəlsəfəsinin mükəmməlliyini bizə göstərir. Təəssüf ki, Vitgenşteyn kimi dil, sözə, cümləyə, fəlsəfəyə həddən artıq təkrarsız yanaşan bir filosof digər bir çox mütəfəkkirlər kimi əzablarla həyatla vidalaşmışdır. Fəlsəfənin dillə bağlı araşdırmalarının nəticəsində bütün sözlərə və onların anlamlarına baxışlar tamamilə dəyişdi. Konkret qlobal adlandırmaların örnəkləri ilə bağlı gələcək yazılarda bəhs etməyə çalışacağam. Eko verdiyi müsahibələrindən birində “ədəbiyyatın dilinin təsir edici olmağı üçün onun fəlsəfi çəkisinin mütləqliyi”ndən bəhs edirdi. Həqiqətən də elədir. Baxın, ən təsirli əsərləri yazan, dünyada milyonlarla tirajı olan, kitablarının satışından qazandığı qazanclarla bütün həyatlarını rahat və komfort şəkildə keçirən yazarların bir çoxu dilin üzərində fikirləşən insanlardır. Və bəlkə də bizim yazıçıların bir çoxunun uğursuzluğunun səbəbi dili danışmaq üçün istifadə edib, düşünmək üçün istifadə etməməsindədir.

P.S. Vitgenşteyn yazırdı: “Düşünün ki, danışa biləsiz.”

Tural İsmayılov

Bakı Dövlət Universitetinin Sosial Elmlər və Psixologiya fakültəsini bitirib, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Sosial Tədqiqatlar Mərkəzinin Mətbuat Xidmətində sektor müdiri, teleaparıcıdır