Yeniyetmələr, sosial media və texnologiya

15.12.2023

Mənfi başlıqlara və sosial medianın təsiri ilə bağlı artan narahatlıqlara baxmayaraq, yeniyetmələr bu platformalardan yüksək nisbətdə istifadə etməyə davam edirlər.

Pew Araşdırma Mərkəzinin ABŞ-da yeniyetmələr arasında keçirdiyi sorğunun nəticələrinə görə, onların bəziləri sosial mediadan demək olar ki, daimi istifadə edirlər.

Sorğu sentyabr-oktyabr ayları ərzində 13-17 yaşlı 1453 yeniyetmə arasında keçirilib, suallarda sosial media, internet istifadəsi və cihaz sahibliyi əhatə olunub.

Nəticələrə əsasən, YouTube üstünlük təşkil etməyə davam edir. Təxminən on yeniyetmədən doqquzu YouTube-dan istifadə etdiyini deyir və sorğunun nəticələrinə əsasən ən çox istifadə edilən platformadır.

TikTok, Snapchat və Instagram yeniyetmələr arasında populyar olaraq qalır: 13-17 yaşlı yeniyetmələrin əksəriyyəti TikTok (63%), Snapchat (60%) və Instagram (59%) istifadə etdiklərini bildirirlər.

Yeniyetmələr on il əvvələ nisbətən Facebook və Twitterdən (hazırda X adlanan) daha az istifadə edirlər:

Facebook bir vaxtlar ABŞ-da yeniyetmələr arasında sosial media məkanında üstünlük təşkil edirdi. Hazırda isə bu sosial şəbəkədən istifadə edən yeniyetmələrin payı 2014-2015-ci illərlə müqayisədə 71%-dən 33%-ə düşüb.

2023-cü ilin iyul ayında “X” adlandırılan Twitter sosial şəbəkəsində də son on ildə yeniyetmə istifadə bazası daralıb. Lakin burada azalma Facebook-dan daha az nəzərə çarpır.

Yeniyetmələrin saytlardan və tətbiqlərdən istifadəsi isə son bir ildə az dəyişib. Belə ki, bu mövzuda 2022-ci ilin yazından bəri keçirilən sorğudan bəri bu cür platformalardan istifadə edənlərin göstəricisi sabit qalıb.

Sorğuda ilk dəfə yeniyetmələrdən “BeReal”dan istifadəylə bağlı da soruşulub. Yeniyetmələrin 13%-i bu proqramdan istifadə etdiyini bildirib.

Bəs yeniyetmələr sosial mediaya nə qədər tez-tez baş çəkirlər?

Yeniyetmələrdən beş xüsusi platformadan hansı aralıqla istifadə etdikləri soruşulub: YouTube, Facebook, Snapchat, Instagram və Facebook.

Sorğunun nəticələrinə əsasən, YouTube-a istifadəçilər tərəfindən tez-tez baxılır. Təxminən on yeniyetmədən yeddisi hər gün bu platformaya baş çəkir, 16% isə mütəmadi olaraq burada olduqlarını qeyd edirlər.

Eyni zamanda, yeniyetmələrin 58%-i gündəlik TikTok istifadəçisidir. Bu şəbəkədən daimi istifadə edən yeniyetmələrin göstəricisi isə 17%-dir.

Yeniyetmələrin təxminən yarısı hər gün Snapchat və Instagram istifadə edir. Snapchat-dan daimi istifadə edənlər 14%, Instagram-dan daimi istifadə edənlər isə 8% təşkil edir.

Onların yalnız 19%-i Facebookdan günlük olaraq istifadə edirlər, daimi olaraq bu sosial şəbəkədə olduqlarını bildirənlər isə 3%-dir.

Ümumilikdə götürdükdə, ABŞ-da yeniyetmələrin üçdə biri bu beş platformadan ən az birini daimi olaraq istifadə edir.

Nəticələrə gender aspektdən yanaşsaq, qızlar oğlanlara nisbətən daha çox Tik-Tok (22%-ə qarşı 12%) və Snapchat-ı (17%-ə qarşı 12%) daimi istifadə etdiklərini bildirirlər.

YouTube, Instagram və Facebook-u davamlı istifadə etdiklərini qeyd edən oğlan və qızların arasında çox az fərq var və ya demək olar ki, yoxdur.

Yaş baxımdan yanaşdıqda, 15-17 yaş arası yeniyetmələrin 68%-i Instagram-dan istifadə etdiyi halda, 13-14 yaş arasında bu göstərici 45%-ə enir.

Sorğuda yeniyetmələrin onlayn keçirdikləri zaman da araşdırılıb. Onların təxminən yarısı demək olar ki, internetdən daimi istifadə etdiklərini bildirirlər ki, bu da 2014-2015-ci illərdə bunu söyləyənlərdən iki dəfə çoxdur.

Ümumilikdə, on nəfərdən doqquzu ən azı hər gün internetdən istifadə etdiyini qeyd edir.

15-17 yaşlı yeniyetmələrin daimi internet istifadəçisi olma ehtimalı kiçik yaşlılara nisbətən daha yüksəkdir (50%-ə qarşı 40%).

Sorğunun nəticələri göstərir ki, ABŞ-da əksər yeniyetmələrin smartfon (95%), kompüter, noutbuk (90%)  və ya oyun konsoluna (83%) çıxışı var. Onların 65%-i isə planşetlərlə bağlı eyni cavabı verir.

Əksər yeniyetmə oğlan və qızlar evdə oyun konsoluna çıxışı olduğunu bildirirlər, lakin oğlanlar qızlardan daha çox bunu söyləyirlər (91% və 75%).