İndi qlobal şüurun yeni dilemma və ziddiyətləri formalaşıbdır. Uzun illər ikinci dərəcəli belə sayılmayan problematika yaradıcı adamları daha hərəki reaksiyalar verməyə cəlb edir. Gələn il Azərbaycanın ev sahibliyi edəcəyi, sonuncu olaraq BƏƏ-də keçirilən BMT-nin COP tədbiri iqlim məsələsinin nə qədər aktuallaşdığını siyasi çevrələrdə bir daha göstərir. Lakin yaradıcılıq sferasında da iqlimə yönəlik addımlar atılmalıdır. Axı ekologiyanın məhv olması o deməkdir ki, Yer kürəsinin arealı daralır. Yer üzərindəki bütün canlılar təhdid edilir. Elmi-fantastika janrındakı filmlər və kitablar həm də bizə bir gerçəkliyi təlqin etməlidir: iqlim məhv olarsa yazacaq, oxuyacaq, yaradacaq, musiqi bəstələyəcək, rəsm çəkəcək bir dünya da qalmayacaq axı.
Yazıçıların da sisyasətçilər qədər iqlim böhranında rolu var. Əlbəttə ki, qlobal istiləşmə və buzlaşma tendensiyalrı ilə bağlı elmi proqnozlar göstərir ki, sənayeləşmə və nüvə sınaqları, atmosferin çirkləndirilməsi daha çox ifrat kapitalist münasibətlərin və siyasi-hərbi qərarların nəticəsidir. Amma fəlsəfə, ədəbiyyat və sənət də belə dövrlərdə daha fokuslanmış, istiqaməti ekoloji məsuliyyətə yönəlmiş olmalıdır.
Dünya ədəbiyyatında iz qoymuş qabaqcıl təbiət yazıçılarına, təbiətşünaslara nəzər saldıqda, filosofları da görürük. Əksər yazıçılar kimi sorğu-sual edib başqa insanların adından danışmaq əvəzinə, bizə susmaq hissini verən, amma əslində bir-biri ilə ünsiyyətdə olan və kömək edən bitki və heyvanlar aləmini öz dillərində danışan və təsvir edən yazıçılar təbiəti anlamaq üçün insanlara geniş yollar təqdim etdi.
Sonrakı dövrlərdə gördük ki, rasional dövlət qərarları milli səviyyədə deyil, bəşəri səviyyədə də ekologiyanı xilas edə bilər. Azərbaycanın qlobal ekoloji məsələləri daim nıəzarətdə saxlaması, ölkəmizin yaşıl enerji sahəsindəki böyük potensialı və bunu təşviq etməsi də böyük güclərə örnəkdir.
İqlim dəyişikliyi ölkələrə birbaşa və dolayı təsir göstərərək sosial və ekoloji dəyişikliklərə səbəb olur. Bu dəyişikliklər dövlətlər tərəfindən təhlükəsizlik problemləri kimi qəbul edilir. Birbaşa təsirlər; Dəniz səviyyəsinin qalxması, həddindən artıq yağıntılar, daşqınlar, quraqlıq və qasırğalar kimi “təbii fəlakətlərin” şiddətinin və tezliyinin artması. Biz birbaşa onun həmin ölkədəki təsirlərindən danışırıq. Belə olan halda milyonlarla insanın həyatını təhlükə altına almaq və miqrasiya etmək milli təhlükəsizlik probleminə çevrilir.
Mart ayında dərc edilən araşdırma dünya əhalisinin 40%-nin yaşadığı tropik bölgələrdə rütubətin və temperaturun yüksəldiyini bildirib. İqlim dəyişikliyinin ölkələrə birbaşa təsiri nəticəsində yaranan təhlükəsizlik probleminin ən son nümunələrindən biri Hindistanda baş verən hadisəylə bir daha dünyəvi çağırışların əhəmiyyətini ortaya qoydu. Hindistanın şimalındakı Qərbi Himalayda yerləşən Uttarxand əyalətində buzlaqın qopması, bəndi dağıtması və böyük daşqınlara səbəb olması nəticəsində onlarla insan ölüb, 200-ə yaxın insan daşqından zərər çəkib. Kəndlər boşaldılıb. Alimlər bundan əvvəl Himalay dağlarında buzlaqların son on ildə köklü şəkildə əridiyini bildirmişdilər. BMT hadisədən cəmi iki həftə əvvəl xəbərdarlıq etmişdi ki, köhnə bəndlər qlobal istiləşmənin mümkün fəlakətlərinə hazır deyillər.
Bu hadisələrin baş verdiyi ölkələrdə işsizlik, aclıq, miqrasiya və üsyan kimi nəticələr baş verir, lakin daha çox üsyan mərhələsi görünəndə tədbirlər görülür. Təbii ki, buna təhlükəsizlik təcrübələri vasitəsilə nail olunur. ABŞ ordusu 1980-ci illərdən iqlim dəyişikliyinin milli təhlükəsizliyə təsiri ilə bağlı hesabatlar hazırlayır. Lakin onların karbon emissiyalarını azaltmaq üçün o qədər də geriyə gedən planları yoxdur. ABŞ Müdafiə Nazirliyi üçün hazırlanmış və iqlim dəyişikliyinin təsirlərini təsvir edən 2019-cu il hesabatı iqlim dəyişikliyinin ABŞ bazalarına və əməliyyatlarına təsirlərini təsvir edir. Məsələn, Sakit Okeanın Quam adasında yerləşən ABŞ hərbi dəniz bazasının dəniz səviyyəsinin qalxmasından mənfi təsirləndiyi, sualtı və digər dəniz əməliyyatları üçün lazım olan telekommunikasiya və infrastrukturun zədələndiyi bildirilir. Bu hesabatda ABŞ-ın qərb bölgələrindəki Vandenberq aviabazası kimi hərbi bölgələrin sayı və şiddəti artan yanğınlardan təsirləndiyi, Florida ştatındakı Tyndall aviabazasının isə qasırğalardan zərər gördüyü bildirilir. Amma bütün bunlara rəğmən qlobal ekologiyaya ən böyük zərbəni elə ABŞ vurmurmu?! Bu isə absurd komediyadır...
Planetimiz sürətlə istiləşir. İqlim böhranı həyatın, iqtisadiyyatın və siyasətin hər sahəsində həlledici olacaq sürətlə dərinləşir. 2008-ci il qlobal maliyyə böhranı hələ də aradan qaldırılmayıb, yəni iqtisadi böhrandan sonra yenidən yüksələcəyi gözlənilən mənfəət dərəcələri artmayıb, böhrandan əvvəlki artım templəri yoxdur. Qlobal iqtisadi tənəzzül dövründə iqlim böhranı öz təsirlərini radikal şəkildə göstərməyə başlayıb. Sənət adamlarının indi heç olmadığı qədər məsuliyyətə yiyələnməsi lazımdır. Bəzən bir hekayə, bir musiqi Qərbin amansız iqlim istismarına böyük zərbə ola bilər.