İlham Əliyevin geosiyasi inqilabı: Azərbaycanın birləşdirilməsindən Cənubi Qafqazın birləşdirilməsinə doğru

26.10.2023

Bu, çətin görünə bilər. Lakin bu, bizim tariximizdir, bizim coğrafiyamızdır və biz bu coğrafiyada hər zaman yaşamışıq. Nə biz, nə də qonşularımız bu coğrafiyanı dəyişə bilməz. Düşünürəm ki, ölkəmizin uğuru siyasi inkişafda, müstəqilliyin gücləndirilməsindədir. Biz keçən il müstəqilliyimizin 30-cu ildönümünü qeyd etdik. Bu göstərir ki, qonşularla normal münasibətləri saxlamaq mümkündür. Eyni zamanda, bizim ölkəmizdən çox böyük olan qonşularla da münasibətləri saxlayaraq öz milli kimliyimizi, müstəqilliyimizi və müstəqil siyasi mövqeyimizi qorumaq da mümkündür. Qonşularımızla münasibətlərə gəldikdə isə deyə bilərəm ki, biz hər zaman əməkdaşlıq sahələrini tapmağa çalışırıq. Problemli sahələri və yaxud da fərqli mövqelərimiz olan məsələləri hər zaman ifadə etmişik. Biz heç bir zaman özümüzü nəhəng qonşularımızın siyasətinə uyğunlaşdırmamışıq. Bizim hər zaman öz siyasətimiz olub, hansı ki, beynəlxalq hüquq, ədalət, beynəlxalq təşkilatların qərarları və sənədləri, həmçinin müdriklik üzərində formalaşıb.”

Prezident İ.Əliyev, 2022-ci il, 2 sentyabrda Çernobbio Beynəlxalq Forumunda söylədiyi nitqdən

G-Zero dünyası və onun xarakteri

Geosiyasət əsas qlobal aktorlar tərəfindən məqbul istisnalarda bir beynəlxalq sistemin işləkliyinin davam etməsinə söykənən az və çox dərəcədə bəsirətli aktlardan ibarətdir. Əgər müəyyən bir beynəlxalq sistem qəbul edilən belə müstəsna aktlara icazə vermirsə və ya qarşısını alırsa, bu o deməkdir ki, həmin sistem ya çox sərtdir və yenilənməlidir, ya da həddən ziyadə amorfdur, dolayısı ilə də gerçək bir sistem deyil.

Mövcud qlobal konyuktura elədir ki, paradoksal şəkildə qeyd edilənlərin hər ikisi mövcuddur. Keçən əsrin sonlarında Tomas Frank yazırdı ki, beynəlxalq sistemdə qaydalara itaət olunur, onlar zorla icra etdirilmir. Lakin bu gün üçün onu söyləmək doğru olardı ki, qaydalar zorla icra etdirilmir, onlara itaətsizlik göstərilir. Beynəlxalq hüquq ekspertlərinin dili ilə söyləsək, hər kəsin sahib olduğu hüquqlar və öhdəliklərin (obligato erga omnes) qaynaqlandığı beynəlxalq hüququn təməl prinsiplərinin tətbiqi miqyası getdikcə daralır. Mövcud şərtlərin dominantlığını daha da şiddətləndirən ironik fakt odur ki, konnektivlik dünyamızı birləşdirən deyil, onu daha da bölən bir katalizatora çevrilib. Texnoloji bölünmənin spektri transformasiya yaşayan beynəlxalq sistemin üzərinə çökür. Məhz bu, Çin-Amerika gərginliyinin sürətli eskalasiyası ilə başlayan de-qlobalizasiyanın zühurunu aydınlaşdırmağa kömək edir. Bütün qeyd edilənlər birlikdə götürüldükdə, tarixən bizə məlum olan liderlik boşluğu ilə xarakterizə edilən bir dünyada ağılasığmaz sürətlə artan təxminediləbilməzlik və qeyri-sabitliyin açıqlayıcı tərifidir. 

2020-ci ildə S.Enders Vimbuş “çalxalanan” geosiyasi situasiyanının ani rəsmini belə təsvir edirdi: “Rusiya gücsüzləşir, Avropa parçalanır, Amerika geri çəkilir, Çin iddialı şəkildə ekspansiya edir, Hindistan yüksəlir, Yaponiya silahlanır, İran (yenidən) inqilab astanasındadır, Türkiyə terapiyadadır, Orta Şərq isə elə Orta Şərqdir”. Ona görə də, Ayen Bremmer və Nuriel Rubini “G-Zero” dünyasında – bir ölkə və ya ölkələr blokunun həqiqi bir beynəlxalq agenda yürüdəcək iqtisadi-siyasi ağırlığının (və ya iradəsinin) olmadığı bir dünyada yaşadığımızı qeyd edir. “G-Zero” dünyasının nə zaman meydana çıxdığına gəldikdə isə, 2008-ci ilin avqustunda başlayan Rusiya-Gürcüstan müharibəsi və Kremlin Qərbin onu əngəlləyə bilməyəcəyinə dair doğru mühakimələri bu prosesin startı oldu. G-Zero dünyasının ikinci və son mərhələsi isə Lehman Qardaşlarının total müflisi, ardınca Qərbin səhm bazarlarının kollapsı və qlobal maliyyə resessiyasının başlanğıcı idi.

G-Zero dünyasının məntiqi Soyuq Müharibənin sonundan etibarən Atlantik okeanının hər iki tərəfində dəstəklənilən “tarixin sonu” ideyasının üstünlüyünə əsaslanan beynəlxalq münasibətlərin birqütblü konsepsiyasını əvəzlədi. Kardinal nüans ondan ibarətdir ki, 2008-ci ilin 40 günlük dövrü Qərbin iki kiritik cəbhədə etimadlığının dağılmasını təmsil edir: böyük güc siyasəti və beynəlxalq iqtisadiyyat. Bu, fundamental şəkildə öncədən görüləbilmə (və ya təxmin ediləbilmə), rifah və “patronaj inhisarı” üzərində dayanan Qərbin qlobal liderlikdə üstünlük iddiasını sual altına salırdı.

İki fakt 2008-ci ilin ağırlığını işıqlandırmağa yardım edir. Birincisi, iqtisadi tənəzzülün təsirlərini aşmaq üçün edilən cəhdlər əhəmiyyətli dərəcədə qeyri-Qərb müdaxiləsi olmadan uğur qazana bilməzdi. İkincisi, Qərbin maliyyə kollapsına cavab olaraq tələsik şəkildə edilən yeni institusional düzənləmələrə üzvlük kriteriyası idarəetmə forması olaraq liberal-demokratiyanın mövcudluğunu ön-şərt kimi özündə ehtiva etmirdi. Artıq, dövlət xəzinəsində nəğd pula sahib olmaq və onu sərhədlərindən kənarda geosiyası ekspedisiyalar axtarışına xərcləmək hazırlığı ən zəruri məsələ idi.

Bu o deməkdir ki, xəzinəsində kifayət qədər nəğd pula sahib dövlət olmaq ilə liderlərinin dünya siyasətində aktiv və təsirli geosiyasi rol oynamaq ambisiyaları arasında heç də əhəmiyyətsiz olmayan bir korelyasiya var. 2008-ci ilə hadisələrindən sonra biz aşağıdakı strateji ideyanı hasil edə bilərik: Öz-özlüyündə Qərb artıq beynəlxalq problemləri həll edə bilmir.

Mövcud qlobal geosiyasi konyuktura eledir ki, uzun əsrlərdən bəri ilk dəfə aşkar güc vakuumu doldurulmur. Heç bir dövlət və ya dövlətlər ittifaqı aktual qlobal liderlik bir yana qalsın, onun mantiyasını üzərinə geyinməyə yönəldəcəyi yatırımın rasional faydalılığını görə bilmir. Bu sonuncu analiz COVİD-19 pandemiyasının təsirlərini yumuşaltmaq üçün dövriyyəyə daxil edilən çoxsaylı məhdudiyyətlər ilə bağlı olaraq genişmiqyaslı iqtisadi depressiyanın başlanması ehtimalını azaltmaq üçün dövlətlər tərəfindən atılan çox riskli və maliyyəti ağır addımların ardınca meydana çıxdı.

Qeyd edilən perspektivdən, müşahidə edilən altı geosiyasi trend bütövlükdə İkinci Qarabağ müharibəsini adekvat şəkildə qiymətləndirməyə və başa düşməyə yardım edən geosiyasi “background”un elementlərini özündə əks etdirir. Birincisi, Qərb üçün seçim imkanları getdikcə daralır (lakin bu hələ ki, almanların son dəqiqə panikası adlandırdıqları hal deyil). İkincisi, əsas oyunçuların böyük çoxluğu daha çox peşmanlıq olmaqdan “Qərb liberal-demokratiyası”ndan uzaqlaşır. Üçüncüsü, demək olar ki, bütün geosiyasi aktorların bir-birinə qarşı münasibətini (bir-birini persepsiyasını) xarakterizə edən sayğı çatışmazlığı və hətta aşağılamadır. Dördüncüsü, qlobal geosiyasi aktorların çox azı siyasi idarəetmə rejimi formasına baxmadan yeni qlobal güc balansının realistik və ümumi dəyərləndirilməsinə əsaslanan funksional beynəlxalq sistem təsis etmək üçün birgə işləməyə hazırdır. Beşincisi, getdikcə dərinləşən rəqabətlərini maliyyələşdirmək üçün geosiyasi aktorların əlindəki resursların sayı azalacaq. Altıncısı, geniş və dayanıqlı çoxtərəfli (multilateral) yanaşma tələb edən ümumdünya məsələləri (iqlim böhranı, kiber təhlükəsizlik, nüvə silahlanması və s.) artıq yetərli diqqətə layiq görülmür.

Bu şərtlər altında, ümumi şəkildə qəbul edilən normativ prinsiplərə, beynəlxalq siyasət məsələləri üzərində vahdi siyasi yanaşmaya, həmrəylik naminə məsuliyyəti bölüşmənin qəbuluna əsaslanan bir “beynəxalq birlik” üzərində təkid etmək, Hans Kelsenin vurğuladığı kimi, reallıqda yalnız içiboş bir şeydən danışmaq - illüziyadır. Bu aberrasiya beynəlxalq birliyi “vahid əxlaqi kültür və affektiv bağlar” olaraq tərif edən Amitai Etzioni-nin timsalında daha da aşkar formada özünü göstərir. “Beynəlxalq birlik” ən yaxşı halda ümumi məxrəcə gəlinərək, konfliktləri minimallaşdırma və ümumi çıxarları maksimallaşdırma arenası olaraq dərk edilə bilər. T.Lindberq bildirir ki, tərkibinə daxil olan hər bir dövlətin ümumi marağı kimi təqdim edilən beynəlxalq birlik ideyası klassik liberalizmin normativ hədəfinin əksidir: Bu, bir neçə örtük altında özünü göstərir – kosmopolitanizm və universalizmin müxtəlif formalarından Amerikan istisnailiyi və Qərb sivilizasiyası kimi müxtəlif spesifik tavtologiyalara qədər.

Lakin G-Zero dünyasında, “beynəlxalq birlik” (yaxud “ictimaiyyət”) dövlətlərin birgə mövcud olmaq və iqtisadi mübadilələri asanlaşdırmaq üçün qarşılıqlı olaraq qəbul edilən tənzimləmələr üzərində razılığa gəlmək üçün yollar axtardığı bir beynəlxalq sistem qarşısında geri çəkilməkdədir.

Bu kontekstdə, Qərbin siyasi qərar-qəbuledicilərinin Azərbaycan, Türkiyə və əlbəttə ki, Rusiyanı ehtiva edən, (lakin tragik şəkildə Ermənistanı ehtiva etməyən) paradiqmal dəyişikliyin miqyasını, digər bir ifadə ilə, geosiyasətin qayıdışını dərk edə bilmədilər. 2020-ci il 27 sentyabrda başlayan İkinci Qarabağ müharibəsi Azərbaycan-Ermənistan Qarabağ münaqişəsinin tragik çözülməsinin başlanğıcı idi. Maksimalist iddialarının artıq mühafizə edilə biləcək bir tərəfinin qalmadığını görə bilmək iqtidarında olmayan Ermənistan öz mənhusluğunun dönüş nöqtəsini (esxaton) yaşadı. Prinston universitetindən Maykl Reynolds bildirir ki, müharibə erməni dövlətçiliyinin özünüaldadıcı arxayınlıq və sadəlövh sentimentallığın qarışığı olduğunu nümayiş etdirdi. Ermənistan örnəyi bizə onu isbat edir ki, məhdud suverenlik yaşantısı ilə birləşmiş tarixi travma dövlətləri öz-özünü məhvedici siyasət yürütməyə sövq edir”.

2020-ci ilin noyabrın 10-da Azərbaycan preizdenti İlham Əliyev, Rusiya Prezidenti V.Putin və Ermınistan baş naziri N.Paşinyan tərəfindən imzalanan və Yerevanın kapitulyasiyasını elan edən bəyannamə bütün hədəf və məqsədləri ilə işğala son qoydu. İstiqlal savaşında Türkiyənin döyüş meydanında yunanları tamamilə darmadağın etməsi və Anadoludan tam çıxarmasından sonra imzalanan və imzalandığı tarixdən 15 gün ərzində yunanları Şərqi Trakiya və Adrianopolu (Edirne) boşaltmağa vadar edən Mudanya atəşkəs razılaşmasından sonra 2020-ci il 10 noyabr bəyannaməsi ikinci dövlətlərarası razılaşma idi ki, qalib tərəf savaş meydanında azad etdiyi ərazilər ilə birgə imzalanan razılaşmaya əsasən digər ərazilərini də düşmən işğalından döyüşsüz azad edirdi.

Bu il, 19-20 sentyabr tarixlərində aparılan anti-terror tədbirləri nəticəsində qondarma, irridentist “Artsax respublikası”nın ləğvi, silahlı birləşmələrin tamamilə tərki-silah edilməsi, Xankəndi və ətraf ərazilərdə suverenliyimizin tam bərpa olunması ilə Azərbaycan öz modern tarixində ilk dəfə bütövlüyünü və əmin-amanlığını qazanmış, azad bir millətin yurduna çevrildi. Məhdud hərb və aktiv diplomatiyanın siyasətən son dərəcə bəsirətli kombinasiyası ilə Prezident İ.Əliyev XXI əsrdə dünyanın heç yerində heç bir liderin imza ata bilmədiyi bir məharəti nümayiş etdirdi. Bu anlamda, qeyd edə bilər ki, İlham Əliyev tərəfindən Azərbaycanın birləşdirilməsini kansler Helmut Kol tərəfindən Almaniyanın birləşdirilməsindən daha dərin geosiyasi zəka, vizyon və hərbi-diplomatik ustalığın nailiyyəti idi. Çünki SSRİ-nin kollapsının yaratdığı bir qlobal situasiyada, Qərb dünyasından istənilən formada dəstək alan H.Koldan fərqli olaraq, Prezident İ.Əliyev Azərbaycanın unifikasiyasına, vahidliyini qazanmış suveren bir dövlətə çevrilməsinə “beynəlxalq birliy”in, ən əsası Qərb dünyasının səsləndirdiyi diplomatik etirazlar və basqılara rəğmən nail oldu. Bundan daha essensialı, artıq Azərbaycan geosiyasi, geoiqtisadi və hərbi anlamda öz müqəddəratını özü müəyyən bir müstəqil regional gücdür. Bu gün, Xankəndidə dalğlanan bayrağımız 30 il boyu məğlub, bəzən də “failed state” kimi yaddaşlarda qalan Azərbaycanın döyüş və diplomatik meydanda qazandığı mütləq Zəfər ilə qurduğu milli dövlətçiliyin çağdaş və nadir örnəyini təmsil etməsinin simvoludur.

 

Regionda İkinci Qarabağ müharibəsindən öncə (pre-müharibə) geosiyasi vəziyyət

Cənubi Qafqazda İkinci Qarabağ müharibəsinə qədərki, güc balansını riyazi olaraq belə xarakterizə etmək olardı:

 • Rusiya +2, -1. Ermənistanla ittifaq (+), Azərbaycanla strateji partnyorluq (+), Gürcüstanla sıfır münasibət (-)

Türkiyə +2, -1. Azərbaycanla ittifaq (+), Gürcüstanla strateji partnyorluq (+), Ermənistanla sıfır münasibət (-)

•  İran +3. Cənubi Qafqazın hər üç ölkəsi ilə diplomatik münasibətləri mövcuddur. Lakin heç bir müttəfiqi və strateji partnyoru yoxdur.

Regionun ən güclü və həlledici aktoru olan şimal qonşumuz Rusiyanın bütövlükdə C.Qafqaz üzərində ənənəvi geopolitik hegemonluğunu strateji olaraq Primakov doktrinası ilə əlaqələndirmək mümkün olardı: 1. Rusiya qeyri-regional partnyorlar və Qafqaz respublikaları arasında yeganə vasitəçi olacaq. 2. Heç bir qeyri-regional ölkənin regionda həlledici təsir gücünə çevrilməsinə icazə verilməyəcək. 3. Heç bir halda region Rusiya hinterland-ı üçün bir təhdid təşkil etməyəcək. 4. Rusiya Kremlin regional ehtiyacları üçün bir strateji resurs kimi pozitiv regional inteqrasiyanı təşviq edəcək. Rusiya uzun illərdir ki, Cənubi Qafqaz siyasətində məhz bu doktrinanı izləyirdi. 

 

Postkonflikt dövrü və dəyişən regional geosiyasi reallıqlar

İkinci Qarabağ müharibəsinin nəticələri bölgədə güc balansını xeyli dəyişdirdi. İndiyədək bölgədə təsir gücü məhdud olan Türkiyə bu müharibənin yaratdığı yeni reallıqlar kontekstində əhəmiyyətli təsir gücünə malik bir aktora çevrildi. Bu zamanadək Ermənistan və Gürcüstan hərbi bazaları olan Rusiya Azərbaycan ərazisində öz sülhməramlı kontingentini yerləşdirdi. Regionun qonşuları və üç C.Qafqaz ölkəsinin iştirakı ilə yeni, 3+3 əməkdaşlıq platformasının qurula biləcəyi elan edildi. Və artıq Ermənistan baş nazirinin də bu formatda görüşlərin keçirilməsinə razılıq verməsi və Tehranda İran, Rusiya, Türkiyə, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin qeyd edilən formatda növbəti görüşünün baş tutması “3+3”ün yaxın gələcəkdə siyasət, iqtisadiyyat, enerji, tranzit və təhlükəsizlik sferalarında regional inteqrasiya platformasına transformasiyası, ən əsası ulu öndər Heydər Əliyevin “Cənubi Qafqazda Sülh, Təhlükəsizlik və Əməkdaşlıq Paktı” ideyasının həyata keçməsinə zəmin yaradır.  ABŞ və AB-ni özündə ehtiva etməyən bu əməkdaşlıq formatının həm üç Cənubi Qafqaz ölkəsi, həm də Rusiya, İran və Türkiyənin maraqlarına uyğun olduğunu söyləmək mümkündür. Geosiyasi lokasiyanın qanunları və Realpolitik prinsiplərinə uyğun hərəkət edən Azərbaycan tərəfi yaxşı anlayır ki, İran-Türkiyə-Rusiya üçbucağının ortasında yerləşməyimizi siyasi coğrafiyanın bizə təlqin etdiyi bir müqəddəratdır. Bu üçbucağı təşkil edən və tarixən çoxmillətli imperiyalar olmuş dövlətlərin etnik, dini və kultural anlamda “azərbaycanlı” identikliyi üzərində müəyyən təsiri davam etməkdədir. Postkonflikt dövründə meydana çıxan geosiyasi güc balansından çox da məmnun olmayan, siyasətquruclarının çıxışlarında ara-sıra Azərbaycana qarşı ərazi iddialarının səsləndirildiyi və Zəngəzur dəhlizi məsələsində mövqelərimizin üst-üstə düşmədiyi İranla da ölkəmiz münasibətləri pozmur, “təmkinli balanslaşdırma” siyasətinə sadiqliyini qoruyur.  Beləliklə, regionda yeni dövr başlayır. SSRİ-nin süqutundan bəri davam edən böyük güclərin “divide et impera” (parçala və hökmranlıq et) siyasəti, İlham Əliyevin inisiatoru olduğu “uniat et impera” – birləşdir və hökm sür siyasəti ilə əvəzlənir. İlham Əliyevin milləti və ordusu ilə birgə qazandığı Zəfər, postkonflikt dövründə erməni xalqı ilə birgəyaşayışın bərpasını ehtiva edən siyasi kursu Cənubi Qafqazı irridentizm, separatizm kimi virusların xalqları bir-birinə qarşı ədavətə sürüklədiyi bir coğrafiyadan, xalqların mədəni, siyasi və hərbi mənafelərinin uzlaşa, onların bir-birinə bağlı, harmonik əməkdaşlığının qurula biləcəyi firavanlıq və əminamanlıq coğrafiyasına çevirə biləcək yeganə formuldur.

                

 Dünyanın “orta gücü” olaraq – Azərbaycan

XVI əsr italyan siyasət filosofu Covanni Botero “Dövlət ağlı” adlı əsərində digər ölkələrin yardımı olmadan müstəqil, özünəyetərli siyasi-iqtisadi güc kimi mövcud ola bilən dövlətləri “orta güclər” şəklində müəyyən edir. Botero qeyd edir ki, “orta güclər”in liderləri onun təhlükəsizliyini qoruya və sərhədlərindən kənarda bəsirətli şəkildə təsirini genişləndirə biləcək çevik ağıla sahibdir. Nikolay Qvosdyev və Qreqori Qlison kimi tədqiqatçılar orta gücləri beynəlxalq əlaqələrində həm muxtariyyət, həm də uzaqgörənlik elementlərini özündə ehtiva edən, regional düzənə sabitlik və istiqamət verməklə əhəmiyyətli strateji çəkiyə malik “keystone states” olaraq identifikasiya edirlər. Sözsüz ki, bu gün Azərbaycan sürətlə genişlənən nəqliyyat və kommunikasiya infrastrukturunun critik coğrafi fulkrum nöqtəsində yerləşməsi səbəbilə belə bir orta gücə çevrilib.

Prezident İlham Əliyevin sentyabrın 2-də İtaliyanın Çernobbio şəhərində baş tutan 48-ci Beynəlxalq Çernobbio Formunda çıxışı zamanı səsləndirdiyi fikirlər yuxarıda vurğulanan A.Bremmer və N.Rubininin işlək beynəlxalq hüquq və beynəlxalq birlik sarıdan boşalan bir “G-Zero dünyası”nda yaşadığımıza dair ideyalarını təsbit edir: “Təbii ki, yeni qlobal vəziyyətin necə olacağını öncədən təxmin etmək çətin məsələdir. Yalnız bu aydındır ki, dünya fevraldan əvvəl olduğu vəziyyətdə heç vaxt olmayacaq. Dünya dəyişib və bu dəyişikliklərin hansı axımla gedəcəyi bu amillərdən asılıdır - Ukraynada müharibə nə qədər müddət davam edəcək, bu savaşın sonu necə bitəcək, dünyadakı və təbii ki, regiondakı güclərin balansı hansı şəkildə olacaq? Yeni müstəqil bir ölkə kimi, özümüzü xarici amillərdən müdafiə etmək bizim üçün əsas məsələ olacaq. Çünki bizim ölkələrimiz daxilən artıq inteqrasiya edib. Bizim daxildə ölkəmizi hansı yöndə inkişaf etdirmək üçün birliyimiz var. Buna görə də yeni qlobal düzənin bizim regiona təsirləri, böyük region ölkələrinin mövqelərinin necə olacağı, Ermənistanla sülhə nail olmaq planlarımızda nələr əldə edəcəyimiz, övladlarımız və yeni nəsillərin gələcəyinin necə olacağı bizim üçün maraqlıdır. Odur ki, biz vəziyyətə nəzarət edirik. Təbii ki, addımlarımızı öz strategiyamıza uyğun atacağıq. Eyni zamanda, biz dünyanın dəyişməsi faktına əhəmiyyət verməyə bilmərik. Həmçinin beynəlxalq hüquq normalarının tamamilə pozulduğunu görürük. Bu beynəlxalq hüquq normaları elə bizim öz məsələmizdə də pozulmuşdur. Biz torpaqlarımız işğal altında olarkən beynəlxalq ictimaiyyətə fəal şəkildə müraciət etmişdik. Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının qətnamələri 27 il ərzində yerinə yetirilməmişdi. Biz indi bir çox digər bölgələrdə beynəlxalq hüququn pozulmasını görürük. Biz görürük, bəzi ölkələr düşünür ki, onlar buna məhəl qoymaya bilərlər və buna əhəmiyyət vermirlər. Beləliklə də bu, tamamilə yeni situasiyadır. Dünyanın yeni düzəni necə olacaq? Beynəlxalq institutlar, Birləşmiş Millətlər Təşkilatı necə olacaq? O, yenidən qurulacaq, ya başqa bir təşkilat ortaya çıxacaq? Bunların hamısı dünyada yeni fikirləri təşviq etmə gücünə malik olanların məsuliyyətindədir.”

Bütün məsələlərdə suverenliyini qorumağı təməl məqsəd olaraq müəyyən edən Azərbaycanın xarici siyasət duruşunu konseptual olaraq bu şəkildə klassifikasiya etmək olar: strateji bəsirət (prudensiallıq), öncədən təxmin edilə (proqnozlaşdırıla) bilmə, strateji riskdən qorunma, maraqların balansını tapma.

Ukraynada Rusiya ilə kollektiv Qərb arasında toqquşma hələ davam edərkən, Orta Şərqdə yenidən alovlanan İsrail-Fələstin münaqişəsinin bir regional müharibəyə çevrilmə riski ilə üz-üzə qalan çağdaş dünyanın belə burulğanlı və böhranlı vəziyyətində Azərbaycan İkinci Qarabağ müharibəsində qazandığı zəfərin üstünlüyü ilə diplomatik meydanda hər hansı supergüc və ya dövlətlər blokunun çıxarlarına tabe olmadan öz milli-suveren maraqları uğrunda vuruşan, regionun nəhəng dövlətlərinin maraqlarını uzlaşdıran, qurulan oyunda bir iştirakçı deyil, artıq oyunqurucu bir aktor, müstəqil geosiyasi və geoiqtisadi subyektdir.

          

 

 

 Ədəbiyyat:

  1. T.M. Franck, The Power of Legitimacy Among Nations (Oxford: Oxford University Press, 1990), p. 3.
  2. Wimbush, S.E., “Eurasia 2040,” Baku Dialogues, Vol. 4, No. 2, Winter 2020-2021, p. 112.
  3. Bremmer, I. and Roubini, R., “A G-Zero World,” Foreign Affairs, Vol. 90, No. 2, March/April 2011, p. 2.
  4. Fukuyama, F., “The End of History?” The National Interest, No. 16, Summer 1989, pp. 1-18
  5. R. Cooper, The postmodern state and world order (London: Demos, 2000)
  6. Cooley, A. and Nexon, D.H., “How Hegemony Ends,” Foreign Affairs, Vol. 99, No. 4, July/August 2020, p. 147.
  7. H. Kelsen, Principles of International Law (New York: Rinehart & Co., 1952), pp. 110-111
  8. A. Etzioni, From Empire to Community: A New Approach to International Relations (New York: Palgrave Macmillan, 2004), p. 49.
  9. Lindberg, T., “Making Sense of the ‘International Community’,” Working Paper of the International Institutions and Global Governance Program of the Council on Foreign Relations, January 2014, p. 11, 15-16
  10. Gurbanov, I., “Relevance of Non-Alignment for Azerbaijan’s Foreign and Security Policy,” Caucasus Strategic Perspectives, Vol. I, No. 1, Summer 2020, p. 16.
  11. Reynolds, M.A., “Confidence and Catastrophe: Armenia and the Second Nagorno-Karabakh War,” War on the Rocks, January 11, 2021
  12.  Gvosdev, N.K., “Keystone States: A New Category of Power,” Horizons, No. 5, Autumn 2015
  13. Gleason, G., “Grand Strategy Along the Silk Road: The Pivotal Role of Keystone States,” Baku Dialogues, Vol.4, No. 2, Winter 2020-2021
  14. G.Botero., The Reason of State, Cambridge University Press, 2017
  15. https://jam-news.net/south-caucasus-in-russian-geopolitical-context-analysisbaku/?fbclid=IwAR1RO2o9dz1UIfe1q9g2ctdcbzjgPTsiyjeASXdGGurECPxRD1MiUGfk2A
  16. https://eurasianet.org/ahead-of-ukraine-invasion-azerbaijan-and-russia-cementalliance?fbclid=IwAR39Qa03LNMl8KBtq_SEUbc_Yhxrq17No3IHeCQpXPAtojGPpEnX8zfbFRU
  17. https://president.az/az/articles/view/57093
  18. https://president.az/az/articles/view/47221
  19. https://modern.az/news/373425/
  20. https://publika.az/news/qarabag/413942.html
  21. https://www.ui.se/forskning/centrum-for-osteuropastudier/sceeus-report/shifting-geopolitical-realities-in-the-soutcaucasus/?fbclid=IwAR04qqn59AyVolELzMxOel1f_IX3RueJzoB5K0wK6JJR3edUB4z5PeHUF8
  22. https://www.usip.org/publications/2022/03/armenia-azerbaijan-and-georgias-balancing-act-over-russias-war-ukraine?fbclid=IwAR0Qsid0lP7k4UgljLfji0KLIp6pw4f2fe7fEdjM_-0UYl5tqzGLhBXeO9g
  23. https://press.un.org/en/2022/ga12458.doc.htm

Subhan Padarov

Graduate of the Faculty of History at Baku State University, the researcher of modernism in sociology and the author of the books: “The modernist era and human” and the “Entropic world”.