Nyu Eyc hərəkatı və Modernliyin sakrallaşdırılması (I hissə)

25.10.2023

Alman filosofu Osvald Şpenqlerə görə, sivilizasiyaların terminal fazasını müşayiət edən fenomenlərdən biri də “ikinci dindarlıq”dır. Rasionalizm, praktiki ateizm və materializmi özündə ehtiva edən barbarca əzəmətin strukturları üzərində ortaya çıxan spirituallıq və mistisizmin sporadik formaları yenidən yüksəliş deyil, çöküş simptomlarıdır. Onların ekspressiyaları öz təməllərini gerçək dini mənşədən və ya məziyyətli, orqanik bir sivilizasiyanın mərkəzində duran aristokratik elitalara məxsus formalardan götürmür. Çünki artıq bu mərhələdə pozitiv dinlər ali dimensiyalarını itirməklə sekulyarlaşır, birdimensiyalı hala gəlir və öz orqanik funksiyalarını icra etmək gücündə olmurlar. “İkinci dindarlıq” həm də mövcudiyyətin hakim və öncül cərəyanlarından kənarda inkişaf edərək bir qaçış, yadlaşma və dolaşıq kompensasiya fenomeni olmaqla heç bir halda ruhsuz, mexanistik və dünyəvi sivilizasiya reallığına qarşı gələ bilmir. Bu, “ikinci dindarlığ”ın anlamı və onun yeridir. Genon qeyd edir ki, XIX əsr materializmi və pozitivizminin insanı həqiqi supra-təbiilik və transendentallıqdan qoparmasından sonra “spirituallıq” və “yeni psixologiya” kisvəti altında XX əsrdə ortaya çıxan axınlar insanı insani varlığın ekzistensial səviyyəsindən daha aşağı yönəltməyə başladı.

Bu kontekstdə bir nüansı dəqiq şəkildə söyləyə bilərik ki, neo-spiritualizm materializm və pozitivizmdən daha təhlükəlidir. Çünki onun primitivliyi və intellektual miopiyası insani varlığı həm qısırlaşdırır, həm də gücləndirir.

1970-ci illərin əvvəllərindən etibarən Qərb cəmiyyətlərində sürətlə yayılmağa başlayan neospiritualizmin (ezoterizmin, okkultizmin) ən geniş yayılmış forması olan Nyu Eyc Modernizmin kultural qeyri-müəyyənliyinə bir reaksiyadır. Ona cəlb olanlar öz identiklikləri barəsində əminliyə sahib deyillər. Onlar “yurdsuzlaşdığı” və ya müxtəlif identiklik formaları arasında parçalandığı üçün müəyyənlik itkisinə həll yollarını təmin etdiyini bəyan edən Nyu Eyc panaseya kimi meydana çıxır. Onun təlimləri geniş yayaılmış kultural fərziyyələr ilə bir harmoniya təşkil edir. Bu təlimlərin bir çoxu ilk baxışdan qəribə görünsə də, onlar sabitlənmiş kultural trayektoriyaları təmsil edən dəyərlər və inancları ifadə edir. Bu trayektoriyalardan meydana çıxan Nyu Eyc Modernizmin oturuşmuş düzənlərinin bir məhsulu olaraq görülə bilər.

Kontr-kultural Nyu-Eyclerin dəyərlər və prezumpsiyaları cəmiyyətin ana axınında aşkar edilə bilər. Belə ki, onların dəyərləri və postulatları Modernizmin kapitalist “hartland”ında, Tetçerizm və Reyqanizmin biznes (antrepiz) kültüründə tapıla bilər. Modernizm Nyu-Eyci işarə edən müxtəlif yollarla inkişaf edib. Modernist kültürün kontekstində, Nyu Eyc diskurslarında təmsil olunanlardan daha çox muxtar və azad, daha mükəmməl, daha çox ekspressivist özmənlik düşünmək qeyri-mümkündür. Buna görə də, diqqət daha çox bu hərəkat tərəfindən “tamamlanan” proseslərə - ictimai fərdin tənəzzülünə, ekspressivist özmənliyin konstruksiyasına, dinin internalizasiyasına – özümsənməsinə və s. – yönəlir. Yakob Burkhardt, Emil Dürkheym, çağdaş filosoflardan A.Makintayr, R.Sennet, P.Berger kimiləri tradisional özmənliyin tənəzzülü üzərində dayanırlar.

Tradisional özmənlik şeylərin institutlaşmış düzənində sabitlənir. Tradisiya tərəfindən formalaşdırılan həyat tərzləri yalnız özünə güvənməkdən daha çox iqtidar, nəzarət və müqəddəratın eksternal lokusu perspektivindən düşünən şəxslərin həyat tərzləridir. Onlar üçün doğru həyatı yaşamaq, problemləri həll etmək, şəxsi inkişafa nail olmaq sosial, kultural, dini öhdəliklər və vəzifələri diqqətə almaq, etina etmək məsələsidir. İnstitutlaşmış bir düzəndə sahib olduğu yer tərəfindən təşkil olan şəxsin özünün muxtariyyət və ya ekspressiya azadlığını icra etmək insentivi çox az olur. Bu düzəndə şəxs “öz”ü tərəfindən formalaşdırılan və ya fərdiyyətçi deyil, özgələri tərəfindən formalaşdırılan və ya sosiosentrikdir.

İntibah dövründən başlayaraq bir sıra faktorlar eksternal iqtidar düzəni kimi kultural domenin gücünü zəiflətməyə xidmət etdi. Xüsusən də, son əsrlərdə insanlar özlərinin hər şeyi ehtiva edən sistemlərə mənsub olduqlarını və ya bu sistemlər tərəfindən biçimləndirildikləri düşüncəsini tərk etdilər. Belə köksüz, ənənəsizləşmiş özümlüklər yalnız fərdlər olaraq artikulyasiya etdikləri kultural dəyərlər və postulatları qəbul ediblər. Onlar özlərini öz-özünə yönələn, öz daxili iqtidar, nəzarət və məsuliyyət mənbələrinə istinad edən fərdlər kimi anlayırlar. İqtidar özmənliyin yaşantısında, daha geniş anlamda, təbii domendədir.

Tamlıq və ya perfeksiya bizim sosiallaşaraq olduğumuz ilə bağlı ola bilməz. O, sosial mühəndisliyə yönələn konvensional ( siyasi və s.) cəhdlər tərəfindən də aşkar edilə bilməz. Tamlığa sosiallaşmış özmənliyi, habelə “intellekt” və “ağlı” aşaraq, varlığın yeni domeninə daxil olmaqla varid oluna bilər. Bu bizim təbiətən nə olduğumuzdur. Nyu Eycin ən mühüm və ən nüfuzedici “lingua-franca”sının aspekti şəxsin essensiyası etibarilə spiritual olmasıdır. Özmənlik yaşantısı Tanrını, Tanrçanı, “ürəyin yolunu”, “daxili uşağ”ı, daxili spirituallığı yaşamaqdır. “Ali Özmənlik” yaşantıları Eqonun məhsulu olan yaşantılar ilə təzad təşkil edir. Yalnız daxili domen “mükəmməl həyat”ı təşkil edən autentik vitallıq, yaradıcılıq, sevgi, sükunət, müdriklik və iqtidar mənbəyi rolunda çıxış edə bilər. “Mən öz vasitəmlə Tanrıya inanıram. Mən öz-özümün Tanrısıyam” – Nyu Eycerlerin şüarıdır.

Təəccüblü deyil ki, özlərini spiritual varlıqlar olaraq görənlər üçün Həqiqət insanın öz yaşantısından qaynaqlanmalıdır. Çünki yalnız bununla spiritual domenə dolayısız və maneəsiz əlaçatanlıq təmin edilə bilər. Dini ənənələrin doqmaları, valideynlər, elm adamları tərəfindən irəli sürülən həqiqətlər yanlış ola bilər. Bir dini doktrina siyasi mənfəət səbəblərinə görə yaradıla bilər, elm adamlarının tez-tez səhvə yol verdiklərini tarix göstərib. Roy Vallis bildirir ki, Nyu Eycerlər arasında yayılan digər tendensiya “epistemoloji fərdiyyətçilər” olmaqdır, yəni ekspertlər, xarizmatik liderlər və institutlaşmış ənənələrdən irəli gələn iqtidar düşüncələri və səlahiyyətlərinə şəxsin daxili yaşantı üslubu tərəfindən vasitəçilik edilməli, yönəldilməlidir. Corc Trevelyan bildirir ki, hətta Nyu Eyc müəllimləri belə söylədiklərini dinləməyi öz tələbələrindən gözləmirlər.

Nyu-Eyc Hərəkatı ənənə, institutlaşmış və kodifikasiya edilmiş etikallığın “fövqündə”dir. Eqo olaraq özümsənilmiş iqtidar ekspressiyalarını rədd etmək üçün Nyu Eycerlər ənənəsizləşdirici praktikalara yönəlirlər. Əgər institutlaşmış sosial diktələr və kodlar aşılıbsa, həyat necə idarə oluna bilər? Təməl ideya ondan ibarətdir ki, həyat, gündəlik həyat üçün tələb edilən seçimləri, qərarları, mühakimələri biçimləndirməyə xidmət edən “daxili səs”, “intuisiya” yolu ilə yaşanılanlarda aşkar olmalıdır. Bu “öz-etika”nın təbiətini Teosofiya Cəmiyyətinin liderlərindən Rada Burniye işıqlandırır: “aksiya cəmiyyətin qaydaları və ya konvensiyalar tərəfindən təqdim olunan davranış kodları tərəfindən doğru edilə bilməz. Doğru aksiya “Mən” anlayışından – yanlış şəxsiyyətdən – qurtulan ağıldan qaynaqlanır.

Nyu Eycerlər doqma, doktrina və əxlaq prinsipləri ilə Tradisiyalara qarşı olsalar da, şamanikdən buddistə qədərə ənənələrə əsaslanırlar. Bu paradoksu çözmənin həll yolu onların perennialist olduğu faktında gizlidir. Onların perennializminə görə, vahidlik müxtəliflik üzərində dominantdır. Tradisional inancın zahiri domeninə heç bir iman bəsləməməklə Nyu Eycerlər tarixi təsadüflər və eqo-əməliyyatlar olaraq görükləri dinlər arasındkaı mühüm müxtəliflikləri inkar edə bilirlər. Onlar bütövlükdə dini domenin özəyini təşkil etdiyini düşündükləri ezoterik, gizli, mistik, zamansız müdrikliyə, gizli ənənəyə iman gətirirlər. Varlığın milli və etnik olaraq fərqliləşmiş formalarını aşağılayan Nyu Eycerlər insan növlərinin essensial vahidliyinə önəm verirlər. Bir bütöv olaraq spiritual domenin bir aspekti məhz budur. Blavatski qeyd edirdi ki, Həqiqət birdir, nə din var, nə Xristianlıq, nə də ki kafir. Teosofiya bütün dinlərin bazisini formalaşdıran həqiqətlərin təcəssümüdür. Ceyms Redfild bütün dinlərin daha ali özmənlik ilə münasibət qurması, Villiam Blum isə bütün dinlərin eyni daxili reallığın ifadəsi olduğunu bildirirdilər.

Nyu Eyc hərəkatı ilə bağlı olduğu düşünülən Şahzadə Çarlz “bir inancın deyil, inancların müdafiəçisi olmağı üstün tutardım” – deyə bildirmişdi. Beləcə, perennializasiya, perenniallaşmış dünyabaxışı yaşantı vasitəsilə daxili, ezoterik özəyi aşkar etmək üçün normal olaraq düşünülən ənənələri, müxtəliflikləri aşmağa çalışır. Nyu Eycerlər avtoritativ doktrinalarını, doqmalarını və əxlaq kodekslərini neytrallaşdırmaqla tradisiyaları qəbul edirlər. Onlar öz yaşantıları, gnozis və eksperiensial bilikləri ilə Vedanta və ya Şamanizmin sentral həqiqətlərini aşkar edəcəklərini güman edirlər.

Subhan Padarov

Graduate of the Faculty of History at Baku State University, the researcher of modernism in sociology and the author of the books: “The modernist era and human” and the “Entropic world”.