Ermənistan üçün yeni terror resepti?

09.10.2023

Həmasin İsrailə hücumu təkcə iki toqquşan cəbhə arasındakı vəziyyəti dəyişmədi, eyni zamanda maraqlı tərəflər üçün yeni presedentlər də doğurdu.

Məsələn,
Fələstinin “Həmas” hərəkatının yaraqlıları bütün dünyaya göstərdilər ki, hətta qüdrətli İsrail də yaralana bilər.
Şübhəsiz ki, hərbi, texniki və kəşfiyyat keyfiyyətlərinə görə dünyanın ən yaxşı ölkələrindən hesab edilən İsrailin yaşadıqları hamı üçün bir dərs olmaqla yanaşı, dünyada müharibə anlayışını da dəyişdirdi deyə bilərik.
İsrail polisinin hesabatına görə, cəmi 200-300 yaraqlı ilə onlar bir neçə sərhəd hərbi bazası və iyirmidən çox yaşayış məntəqəsini ələ keçiriblər. Hərbi güc baxımından 2023-cü ildə 145 ölkənin (Global Firepower) reytinqində İsrail 18-ci yerdədir. Fələstin dövləti isə ümumiyyətlə yoxdur.
Təbii ki, fələstinli yaraqlıların İsrailin cənub və mərkəzi yaşayış məntəqələrini işğal etmək niyyətindən daha çox sadəcə olaraq 1973-cü ildə Misir və Suriya koalisiya qüvvələrinin məğlub olduğu Qiyamət Müharibəsinin 50-ci ildönümünü orijinal şəkildə “qeyd etmək” qərarına gəliblər.

Birincisi, onlar İsrailin müdafiə sisteminin toxunulmaz olması barədə mifi darmadağın etdilər. İkincisi, onlar İsrailin milli kəşfiyyatının (Mossad) hər şeyi bilən olması haqqında mifi darmadağın etdilər. O da təəccüblü idi ki, israillilər 200-300 fələstinli yaraqlıya qarşı Tsaxalın (İsrail ordusu) 31 batalyonunu (10-15 min əsgər) çıxararaq iki gün ərzində ölkə ərazisini tam azad edə bilməyiblər.
Ərəb yaraqlıları isə mülki əhalidən bir neçə yüz nəfəri əsir götürdükdən sonra Qəzza zolağına qayıdıblar. Bundan sonra İsraillə “barter” ticarəti üçün istifadə olunacaq. İsrailə “Həmas”ın yerləşdirmə mərkəzlərini məhv etmək üçün şəhərin eyniadlı yaşayış məntəqələrindən birini bombalamaq qalır.

Çevik, bir müddət əvvəl PikUplarla həyata keçirilən Suriya müharibəsindən sonra artıq hücum edən qüvvələr daha mobil və çevik hərəkət edən motosikletlərdən istifadəyə keçiblər.
Olduqca cəld və ildırım sürəti ilə reallaşan həmlə dərhal da effektli nəticə verib.
Tam təminatlı dövlətə qarşı əldə edilən bu diversiya uğuru Ermənistanda kifayət qədər böyük maraq və təəssüf hissi doğurub.
Belə ki, Hraparak bildirir ki, Azərbaycan hərbi gücünə görə 57, Ermənistan isə 94-cu yerə malik olsa da, əslində Ermənistan elə 149-cu yerə layiqdir.
Çünki həm 44 günlük, həm də birgünlük müharibə nəticəsində Ermənistan ordusu biabırçılıqla məğlub oldu.
Bəs, zamanında ordu adlanan güruhun komandanlığı istefa verseydi, indi Ermənistan da bir Fələstin idi.
Ümumiyyətlə, münaqişəyə başlayandan Ermənistan Həməsa böyük informasiya dəstəyi (sözdə) verir, Azərbaycanda isə İsraili daha çox sevirlər. Hətta İsrail mediasında dünəndən etibarən Azərbaycana təşəkkür mesajları yayımlanır.

Qayıdaq mövzumuza: bəli, Ermənistandan iddia edirlər ki, ağlımıza gəlsəydi, biz də Azərbaycana qarşı bu taktikadan istifadə edərdik, amma bu o demək deyil ki, indən sonra tətbiq etmək gecdir.
Erməni xalqının ləyaqətini qorumaq, sərhədini bərpa etmək missiyasını onları guya məcbur edir ki, bu taktiki baxışı da nəzərdən keçirsinlər.
Maraqlıdır, Ermənistan bu aksiyanı harda necə və kimə qarşı, kimlərlə etməyi düşünür?

Digər maraqlı bir məsələ:
ER-in Aİ-dəki səfiri Tiqran Balayan Brussels Signal-a müsahibəsində bildirib ki, Azərbaycan yaxın günlərdə Ermənistana hücum edəcək, ona görə də Avropa İttifaqı Azərbaycana qarşı təcili sanksiyalar qəbul etməlidir.
Bu diplomata xatırlamaqda fayda var ki, dünən Azərbaycan prezidenti Tiflisdə idi və ordan tarixi bəyanatlar səsləndirdi: Ermənistanı sülhə çağırdı, tarixi şansı qaçırmamaq üçün dəvət etdi və bildirdi ki, regionun inkişafı üçün unikal imkan yaranıb.
Necə olur ki, ermənilər cənab prezidentin sülhə dair çıxışlarını dəmir yumruq gözündə başa düşürlər. Demək ki, İrəvan üçün mahiyyət hər rəngi qara görmək xəstəliyinə aiddir.

Nəhayət, Ermənistanda hesab edirlər ki, İsrailin başı qarışdığı üçün Azərbaycan müttəfiqsiz qaldı və bu sevinc hadisəsidir. Lakin digər bir qrup ehtimal edir ki, İsraildə baş verənlər İran üçün ciddi baş ağrısına çevrilmək üzrədir və Azərbaycan Tehranın başının yaxın şərqə qarışmasından maksimum istifadə edəcək.
Hədəf Zəngəzur dəhlizidirsə, Azərbaycan üçün bu ideal şans ola bilər.
Açığı, haqsız da deyillər.

Əziz Əlibəyli

Bakı Avrasiya Universitetində Beynəlxalq Münasibətlər üzrə bakalavr, Azərbaycan Universitetində isə magistr təhsili alıb. Jurnalist, sosial media fəalı, beynəlxalq münasibətlər üzrə şərhçi, siyasi yazılar müəllifidir.