Topluluq: Təhlükəli dünyada təhlükəsizlik axtararkən

25.07.2023

Bəzi sözlərin mənaları var, bəzi sözlərin isə yaratdığı “hisslər” var. “Topluluq” sözü onlardan biridir. O, insanı yaxşı hiss etdirir. Bu sözün hansı anlam daşımasından asılı olmayaraq “bir topluluğa sahib olmaq, bir topluluqda olmaq” yaxşıdır. Doğru yoldan sapan bir insanın zərərverici davranışlarını izah etmək üçün onun yanlış mühitə düşdüyünü söyləyirik. Əgər bir insan həyatı pərişanlıq içindədirsə, çox əzab çəkirsə və hər zaman ləyaqətli yaşam haqqından məhrum edilirsə, buna görə dərhal təşkil olunduğu və işlədiyi forma ilə cəmiyyəti ittiham edirik. Qərb düşüncəsinə görə, cəmiyyət və ya mühit pis ola bilər, lakin topluluq (klassik anlamda kommunitas) pis ola bilməz. Hiss etdiyimiz “kommunitas” həmişə yaxşı bir şeydir.

Sözlərin ehtiva etdiyi hisslər və mənalar sözsüz ki, bir-birindən müstəqil deyil. Topluluq, yaşamaq istədiyimiz deyil, həsrətini çəkdiyimiz həzzləri vəd edən anlamlarına görə bizim özümüzü yaxşı hiss etməyimizə səbəb olur.

Topluluq rahat, mülayim bir yerdir. O, güclü yağışda altında sığındığımız bir tavan, şaxtalı bir gündə əllərimizi isidə biləcəyimiz kamina kimidir. Küçədə bütün növ təhlükələr pusquda sanki bizi gözləyir. Bayıra çıxdıqda hər zaman diqqətli, danışdığımız insanlarla bağlı ehtiyatlı olmalıyıq. Lakin topluluqda biz dincəlirik, qaranlıq künclərdə bizi gözləyən təhlükələr yoxdur. Topluluqda bir-birimizi başa düşə, eşitdiyimizə inana bilirik. Heç vaxt bir-birimizə yad deyilik. Kommunitas daxilində bir-birimizin xeyirxahlığına arxalana bilirik. Yıxıldığımız və ya büdrədiyimiz zaman digərlərinin yardım edəcəyindən, heç kəsin bacarıqsızlığımıza gülməyəcəyindən, uğursuzluğumuza sevinməyəcəyindən əminik.

Bu gün topluluq itmiş cənnətin başqa bir adına çevrilib. Şiddətlə qayıtmağı ümid etdiyimiz, bizi ora aparacaq yollar axtardığımız bir cənnətdir.

Lakin Z.Bauman xəyali topluluq ilə “həqiqətən mövcud olan topluluğ”u bir-birindən fərqliləşdirir. Xüsusən də, Qərb ölkələrində “real olaraq mövcud olan topluluq” öz xidmətləri və vədləri müqabilində sərt tabelik və loyallıq tələb edir. Təhlükəsizlik istəyirsən? Azadlığından və ya onun mühüm bir hissəsindən vaz keç. Güvən istəyirsən? Topluluğundan kənarda heç kəsə etibar etmə. Qarşılıqlı anlayış istəyirsən? Əcnəbilərlə danışma və xarici dillərdən istifadə etmə.

Bir topluluqda olmaq imtiyazı üçün ödəniləcək bədəl(lər) var. Topluluq arzu olaraq qaldığı müddətcə bu bədəl(lər) incidici, zərərverici deyil və həm də görünməzdir. Qeyd olunan bədəl, “muxtariyyət”, “öz-özünü təsdiqləmə” və “özü olmaq” hüququ bahasına ödənilir. Nə seçməyindən asılı olmayaraq qazandığın  və itirdiyin şeylər var. Topluluğun üzvü ola bilməməyin bədəli təhlükəsizlikdirsə, topluluğun üzvü ola bilməyin bədəli azadlıqdır. Azadlıq və təhlükəsizlik sürtünmə olmadan çətinliklə barışdırıla bilən eyni dərəcədə həyati və çox arzulanan dəyərlərdir. İndiyədək bu rekonsiliasiya üçün heç bir mükəmməl resept icad edilməyib. Problem ondan ibarətdir ki, real olaraq mövcud olan topluluqları meydana çıxaran resept azadlıq və təhlükəsizlik arasındakı ziddiyyəti daha da kəskinləşdirir.

Yunan mifologiyasına görə Zevs və Plutonun oğlu Tantalus onu tez-tez şərab içməyə dəvət edən Tanrılar ilə çox yaxşı münasibətdə idi. Tanrıların bağışlamayacağı bir cinayət törədənə qədər onun həyatı rahatsızlıq və sıxıntıdan azad, sevincli və bütövlükdə xoşbəxt idi. Bu cinayətin təbiəti ilə bağlı müxtəlif narratorlar müxtəlif fikirlər söyləyirlər. Bəziləri qeyd edir ki, Tantalus ölümlülərdən gizli saxlamalı olduğu misteriyalara xəyanət etməklə ilahi etimaddan sui-istifadə etdi. Digərləri isə bildirirdi ki, o özünü Tanrılardan daha müdrik hesab edəcək qədər təkəbbürlü idi. Başqa narratorlara görə isə, Tantalus fani yaradılışların dadmamalı olduğu nektar və ambroziya (Yunan Tanrılarının ölümsüzlük yeməyi) oğurluğunda günahlandırılırdı.

Tanrılar tərəfindən Tantalus çox sürətlə və amansız şəkildə cəzalandırılır. O, boğazına qədər bir su axınının içinə salınır. Susuzluğunu yatırtmaq üçün başını aşağı əyərək su içmək istədikdə, su axıb gedir. Aclığını dindirmək üçün başının üzərindəki meyvələrdən dərmək istədikdə ani fırtına bütün meyvələri kənara sovurur.

Miflər bizi əyləndirmək üçün hekayələr söyləmir. Onlar öz mesajlarını sonsuz şəkildə təkrar etməklə bizi öyrədir. Tantalus mifinin mesajı da ondan ibarətdir ki, məsumiyyətini qoruduğun müddətcə xoşbəxt, ən azından sınxıtısız, sevincli ola bilərsən. Səni xoşbəxt edən şeylərin təbiətindən xəbərsiz qaldığın və ya onları düzəltməyə çalışmadığın müddətcə xoşbəxt ola bilərsən. Əgər xoşbəxtlik verən şeyləri öz əlinə almağa, özün idarə etməyə cəsarət etsən məsumiyyət halında yaşadığın sevinc əsla geri qayıtmayacaq.  

Eyni mesajı ehtiva edən hekayə və onun eternal həqiqətinə sadəcə yunanlar inanmırdılar. Bibliyada da Bilik Ağacından yedikləri üçün cəza olaraq cənnətdən qovulan Adəm və Həvva hekayəsi var. Bu, heç bir qayğı olmadan yaşanıla bilən bir cənnət idi. Onlar xoşbəxtliklərinin asılı olduğu seçimləri etməməli idilər. Yahveh öz qəzəbində Olimpiya Tanrılarından heç də daha az qəddar və ya bağışlamaz deyildi. Adəm və Həvvanın günahı Tantalusun günahından heç də daha az acınacaqlı da olmadı. Yahveh onların timsalında bütün insanlığa “Alnınızın təri ilə çörəyinizi qazanacaqsız.” deyərək lənətlədi. Məsumiyyət itirildiyi zaman geri qaytarılmaz şəkildə saf xoşbəxtliyin itirilməsi Bibliyanın da motivlərindən biridir. Məsumiyyətin itirilməsinin geri dönüşü olmayan bir nöqtə olması xüsusunda Afina və Yerusəlim arasında təməl fərqlilik yoxdur. İnsan yalnız həqiqətən xoşbəxt insanın necə olduğunu bilmədikcə gerçək anlamda xoşbəxt ola bilər.

“Les pouvoirs intermediarie”ə qarşı Modernist xaç yürüşündə sürgün edilən qədim topluluq – Gemaynşaft anlayışını geri qaytaran kitabında Ferdinand Tönnies bildirir ki, keçmiş Gemaynşaftı modern cəmiyyətdən fərqləndirən amil onun bütün üzvləri tərəfindən paylaşılan anlayış, anlamadır. Bu bir konsensus deyil. Çünki konsensus çətin danışıq və kompromisin məhsulu kimi essensial olaraq müxtəlif düşüncəli insanların əldə etdiyi razılaşmadır. Gemaynşaft tərzi anlayışı faktum olaraq, zuhanden (“hər zaman əl altında (mövcud) olan”) şəkildə mövcud olduğu üçün onun qurulmasına ehtiyac yoxdur. Anlama hazır şəkildə istifadə üçün mövcuddur. Bir-birimizi “sözlərsiz” anlayırıq. Heç vaxt “nə demək istəyirsən?” deyə soruşmaq zərurəti yoxdur. Gemaynşaftın əsaslandığı bu anlama forması bütün razılıq və qeyri-razılıqların önündə yer alır. Bu anlama forması bütün birgəliklərin bitmə cizgisi deyil, başlanğıc nöqtəsidir. O, qarşılıqlı və bağlayıcı bir sentimentdir. Yalnız bu cürə anlamanın sayəsində bütün ayırıcı faktorlara rəğmən Gemaynşaftda insanlar essensial olaraq vəhdət təşkil edə bilər.

Tönniesin sərt çəkişmələr, dişə-diş rəqabət dünyasından Gemaynşaftı ayıran təməl səciyyə olaraq “ümumi anlayış”ı, “təbii birgəliy”i vurğulamasından illər sonra İsveç analisti Göran Rozenberq bu gün sadəcə bir insani hal kimi arzularda möivcud olan “insani birgəliyə saf immersiya”nın eyni növünü konseptuallaşdırmaq üçün “mülayim çevrə” ibarəsini irəli sürdü. “Mülayim çevrə” daxilində təklif olunan və fakt olaraq gözlənilən insan loyallıqları eksternal sosial məntiqdən və ya iqtisadi xərc-fayda analizindən qaynaqlanmır. Bu “çevrə” daxilində soyuq, rasional hesablamalara yer yoxdur.

Aşkar, aksiomatik və “təbii” olmasına görə ortaq anlayış fərq edilmir. Necə ki, biz çirkli və ya pis qoxulu olmadıqca nəfəs aldığımız havanın fərqində olmuruq. Tönnies Gemaynşaftın “söylənilmədən anladılan”, Rozenberq isə “intuitiv” olduğunu qeyd edir. Şübhəsiz ki, süni, nail olunan anlayış da daxilən özümləşdirilən intuisiyaya çevrilə bilər. Uzunmüddətli müzakirələr və danışıqlar bir razılaşma ilə nəticələnə bilər. Gündəlik olaraq itaət edildikdə həmin razılaşma haqqında düşünməyə ehtiyac duyulmayan vərdişə çevrilə bilər. Lakin bir Gemaynşaftın xarakteristikası olan müştərək anlayış “öz təbiətinə uyğun olaraq” söylənilmədən anladılan, anlaşılandır. Ona görə də, qarşılıqlı anlamanın kontentləri sözlərlə ifadə oluna, dərk edilə bilməyən və nəhayətsizdir. Gerçək anlaşma və harmoniya süni şəkildə, artifisial olaraq yaradıla bilməz.

Gemaynşaft təbiisöylənilmədən anladılan olduğu üçün müştərək anlayış fərqinə varıldığı, yüksək səslə ifadə olunduğu, Haydegger terminologiyasından istifadə edəərk, “zuhanden” formadan “vorhanden” (“əldə mövcud olan, amma itirilə bilən bir şey”) formaya keçdiyi zaman onun sağ qalması qeyri-mümkün olacaq. Çünki beləliklə o kontemplasiya və detallı araşdırma obyektinə çevrilmiş olur. Gemaynşaft yalnız hisssiz və ya ölü ola bilər. O öz unikal dəyərini mədh etməyə başladığı, öz üzvlərini onun gözəlliklərini təqdir etməyə, digərlərini da ona heyranlıq duymağa və ya susmağa çağırdığı zaman Gemaynşaft öz təməl səciyyələrini itirir. Özü haqqında danışan Gemaynşaft özü daxilində ziddiyyət yaşayır.

Süni olaraq yaradılmayan və ya sadəcə təxəyyül olunmayan gerçək topluluq – Gemaynşaftdan fərqli və onun əksi olaraq Gesselşaft-ın internal ziddiyyət yaşamaq ehtimalı daha çoxdur. Robert Redfild Tönnies ilə həmfikir olaraq bildirir ki, Gemaynşaftda refleksiya, tənqid və eksperimentasiya motivasiyası yoxdur. Çünki Gemaynşaft digər insan qruplaşmalarından distinktiv, kiçiköçülü və özünəyetərli olduğu müddətcə öz təbiəti (və ya ideal modeli) ilə uyğunluq içərisindədir.

Redfildin attributları seçimi təsadüfidir. “Distinktivlik” o deməkdir ki, “biz” və “onlar”a bölgü hər şeyi (hər kəsi) əhatələyici olduğu qədər bölücü, ayırıcıdır. Ortada qalma halları yoxdur. Kimin “bizdən olduğu” və ya olmadığı kristal kimi aydındır. Çaşqınlıq hər hansı düzənsizlik və ya digər səbəb, eləcə də heç bir koqnitiv qeyri-birmənalılıq yaxud da davranışlar anlamında ambivalentlik yoxdur. “Kiçikölçülülük” o deməkdir ki, “insayderlər” arasında kommunikasiya hər kəsi əhatələyici və sıxdır. Kənardan sporadik şəkildə gələn siqnallar komperativ istisnailiyi, səthilik və apatetikliyinə görə detrimental olaraq dəyərləndirilir. Özünəyetərliliyin anlamı isə “onlar”dan təcrid olunmanın tamamlanmasıdır. Qeyd olunan üç səciyyə Gemaynşaftın üzvlərini onların üzləşə biləcəyi meydanoxumalardan effektiv şəkildə müdafiə edir. Bu xarakteristikaların hər biri toxunulmaz olaraq qaldığı müddətcə refleksiya, tənqid və eksperimentasiya motivasiyasının meydana çıxmasının mümkünlüyü çox azdır.

Redfildə görə, “kiçik Gemaynşaft”ın saf vəhdəti dünyanın geri qalanı ilə kommunikasiya kanallarının bloklanmasından asılıdır. Həm “Gemaynşaftın vəhdəti” (Redfildin vurğuladığı kimi), həm də Tönniesin qeyd etdiyi “kommunal anlayışın təbiiliyi” eyni bir şeydən - homogenlikdən meydana çıxır. Homogenliyin şərtləri sarsılmağa başladığı zaman o, ciddi çətinliklər ilə üzləşir. “İçəri” və “kənar” arasındakı balans pozulduqda “biz” və “onlar” arasındakı distinksiya bulanıqlaşır. Gemaynşaftın öz məskunları və dünya arasındakı kommunikasiya intensivləşdikdə və Gemaynşaftın öz üzvləri arasındakı qarşılıqlı mübadilədən daha təsirli olduqda homogenlik buxarlanaraq yox olur.

Nəqliyyatın mexaniki vasitələrinin meydana çıxması ilə Gemaynşaftın protektiv divarlarında çat qaçılmaz oldu. Alternativ informasiya daşıyıcları (və ya yadlığı internal olaraq əlçatımlı bilik ilə ziddiyyət təşkil edən informasiya ilə eyniləşən insanların) təbii insani mobilliyin sirkumferensiyası daxilindən qaynaqlanan və dövr edən mesajlardan daha sürətlə hərəkət etməyə başladı. Distansiya öz əhəmiyyətinin böyük bir hissəsini itirdi. Kommunal anlamanın “təbiiliy”inə ən ölümcül zərbə informasiya axınının bədənlərin hərəkətindən emansipasiyası ilə vuruldu. İnformasiyanın öz daşıyıcılarından müstəqil şəkildə hərəkət edə bilməsi ilə “insayd” və “outsayd” arasındakı hüdudun qorunması bir yana, çəkilməsi belə qeyri-mümkün oldu.

Bütün homogenlik seleksiya vasitəsilə dolaşıq və fərqli kütlədən diqqətlə seçərək ortaya çıxarılmalıdır. Hər növ vəhdət təsis edilməlidir. Süni olaraq əldə edilən anlaşma mümkün vəhdətin yeganə formasıdır. Ümumi anlayış uzun və ağır bir arqumentasiya, eləcə də inandırmanın sonunda əldə olunan sadəcə bir nailiyyət ola bilər. Lakin nail olunan bu razılaşma heç vaxt keçmiş mübarizələrin və onların kursunda edilən seçimlərin yaddaşından azad olmayacaq. O nə qədər dayanıqlı görünsə də, Redfild və Tönniesin “Gemaynşaftlar”ındakı kimi təbii və aşkar, yəni sözlə ifadə oluna bilməyən səciyyəli olmayacaq. Onun növbəti refleksiyalar, mübahisə və arqumentlərə qarşı immuniteti də olmayacaq.

Buna görə də, nail olunan qarşılıqlı anlayış topluluğu  kövrək və dayanıqsız olmaqla yanaşı, əbədi olaraq müdafiə, ayıq-sayıqlıq və fortifikasiya ehtiyacında olacaq. Gündəlik həyatında iztirablı bir şəkildə həsrətini çəkdikləri uzunmüddətli təhlükəsizliyi tapmaq, yeni və daha riskli seçimlərin usandırıcı yükündən özlərini azad etmək ümidi ilə bir kommunitas arzulayanlar acınacaqlı şəkildə ümidsizliyə düçar olacaqlar.  Çünki reallıqda mövcud olan kommunitas “təbii qarşılıqlı anlayış” və ya bir “mülayim çevrə” adası deyil, daxildəki narazılıqlardan və uzlaşmazlıqlardan dolayı tez-tez parçlanan, görünməz kənar düşmənlər tərəfindən davamlı olaraq bombardman edilən mühasirəyə alınmış qala hissini doğuracaq.

İngilis tarixçisi Erik Hobsbaum qeyd edir ki, “topluluq” ifadəsi heç bir zaman, sosioloji anlamda topluluqların gerçək həyatda aşkar olunmasının çətin olduğu illərdən daha diskriminativ və anlamsız formada istifadə edilmədi. Kişilər və qadınlar hər şeyin hərəkət halında və dəyişməkdə olduğu, heç nəyin müəyyən olmadığı dünyada əbədiyyən mənsub ola biləcəkləri qruplar axtarışdadırlar. Cok Yanq dərin bir interpretasiya ilə qeyd edir ki, topluluq kollapsa uğradıqca identiklik icad edilir. İdentikliyin cəlb etdiyi maraq və yol açdığı ehtiraslar bir “topluluq surroqatı” olmağa borcludur.

Çağdaş “kommunallıq axtarıcıları” Tantalusun taleyini yaşamağa məhkumdur. Arzularının kommunallığını şirnikləndirici edən rahatlama və sükunət ümidi “axtarılan kommunallığa nail olunduğunun elan edildiyi” hər anda suya düşəcək. Tantalusun aqoniyalarına Sisifusun aqoniyaları qoşulacaq. Gerçəkdə mövcud olan kommunallıq onların ümid və arzularının tam əksi olacaq. Qorxu və qeyri-təhlükəsizlik hissi azalmaq əvəzinə daha da artacaq. Əcnəbiləri aşkar etmək və onları qapıdan uzaq saxlamaq üçün 24 saat ayıq olmaq çağırışları ediləcək. “Alnının təri ilə gündəlik çörəyini qazana bilərsən”. Lakin nə qədər çox tərləsən belə kommunal məsumiyyət, saf eyniyyət və sükunətin qapısı heç vaxt yenidən açılmayacaq.

Ədəbiyyat:

  1.  Ferdinand Tonnies, Community and Society, trans. Charles P. Loomis (New York: Harper, 1963), pp. 47, 65, 49.
  2.  Robert Redfield, The Little Community, and Peasant Society and Culture (Chicago: University of Chicago Press, 1971), pp. 4fF.
  3.  Eric Hobsbawm, The Age of Extremes (London: Michael Joseph, 1994), p. 428.
  4.  Eric Hobsbawm, 'The cult of identity polities', New Left Review 211 (1996), p. 40.

       5. Jock Young, The Exclusive Society (London: Sage, 1999), p. 164.

       6.  Jonathan Friedman, 'The hybridization of roots and the abhorrence of the    bush', in Mike Featherstone and Scott Lash (eds), Spaces of Culture (London: Sage, 1999), p. 241.

       7.  Stuart Hall, 'Who needs "identity"?', in Stuart Hall and Paul du Gay (eds), Questions of Cultural Identity (London: Sage, 1996), p. 1.

       8. Göran Rosenberg., The Warm Circles of Politics https://www.academia.edu/34177776/G%C3%B6ran_Rosenberg_The_Warm_Circles_of_Politics       

  

Subhan Padarov

Graduate of the Faculty of History at Baku State University, the researcher of modernism in sociology and the author of the books: “The modernist era and human” and the “Entropic world”.