Türkiyənin yeni hökumət komandası bu gün rəsmən işə başladı. Ərdoğanın hazırkı komandasını indiki şəraitdə ən mükəmməl Nazirlər Kabineti hesab etmək olar. Komanda üzvlərinin əksəriyyəti Qərbdə təhsil alıb, öz sahələrinin ən yaxşı mütəxəssisləri, ən əsası isə Ərdoğana sadiq kadrlardır. Ərdoğan üçün hazırki şəraitdə sadiqlik əsas göstərici hesab olunur.
Hökumətdə maliyyə, iqtisadi, hərbi və xarici siyasət sahələrinə cavabdeh olan kadrlar xüsusi maraq doğurur. Mehmet Şimşekin maliyyə naziri təyin edilməsi ölkədə iqtisadi vəziyyətin yaxşılaşacağına ümidləri artırıb. Bu onunla əlaqədardır ki, Şimşek əvvəllər maliyyə sektorunda müsbət təcrübəyə malik olub, həm də Qərb maliyyə qurumları ilə yaxşı münasibətləri olan mütəxəssisdir.
Ərdoğanın koalisiya müttəfiqi D.Baxçalının israrına baxmayaraq, Süleyman Soylunun kabinetdən kənarda qalması bir tərəfdən Qərbə müsbət jestdirsə, digər tərəfdən Ərdoğanın yeni dövrdə daha sadiq və mötədil kadrlara üstünlük verdiyini göstərir. Beləliklə, adı çoxsaylı qalmaqallarda hallanan və Amerika əleyhinə sərt açıqlamalar verən bir məmur kimi yeni komandadan kənarda qaldı. Yeni dövrdə S.Soylu millət vəkili kimi fəaliyyətinə davam edəcək. Bu mənada müdafiə naziri Hulusi Akarın Ərdoğanın yeni komandasında olmaması da suallar doğurub. 2015-ci ilin iyul qiyamında Baş Qərargah rəisi vəzifəsini icra edən Akar daha sonra Ərdoğanla yaxınlaşıb və 8 il müdafiə naziri vəzifəsində çalışıb. Bundan sonra keçmiş müdafiə naziri həmçinin Ədalət və inkişaf partiyasını Türkiyə Böyük Millət Məclisində təmsil edəcək. 14 mayda keçirilən parlament seçkilərində H.Akar TBMM-in 28 dönəm milletvekili siyahısında yer alib. Qeyd edək ki, Akar ötən komandanın ən nüfuzlu adamlarından biri kimi orduda ciddi reputasiyaya malik idi. Lakin prezident Ərdoğan Baş Qərargah rəisi Yaşar Gülərə Müdafiə naziri postunu həvalə edib.
Amma ən uğurlu addım xarici siyasət və kəşfiyyat sahələrində kadr təyinatlarıdır. 13 il Türkiyə Kəşfiyyat Xidmətinə (MİT) rəhbərlik edən və Ərdoğanın özünün “Sir Küpü” adlandırdığı Hakan Fidan xarici işlər nazirliyinə rəhbər təyin edilib. Fidan Suriya və Liviya fəaliyyəti ilə tanınır. Fidan son illərdə Türkiyənin qonşu ərəb ölkələri ilə münasibətlərinin yaxşılaşdırılması prosesinə rəhbərlik edib. Misir, Suriya və digər ərəb ölkələri ilə danışıqlar əvvəlcə kəşfiyyat rəhbərləri səviyyəsində aparılıb, sonra isə Xarici İşlər nazirliklərinin rəhbərləri vasitəsilə nəhayət rəsmiləşdirilib. Fidanın region ölkələri, o cümlədən İranla qalan məsələləri həll edəcəyi gözlənilir.
10 ilə yaxın prezident Ərdoğanın mətbuat katibi, son bir neçə ildə isə xarici siyasət üzrə müşaviri vəzifəsində çalışan İbrahim Kalının kəşfiyyat rəhbəri təyin olunması Fidan-Kalın tandeminin ölkənin gələcək xarici siyasətini müəyyən edəcəyini göstərir.
Sonda isə Ərdoğana və onun ulduz komandasına qarşıdakı beş ildə böyük uğurlar arzulayıram!