“Sürət” sivilizasiyası və onun insani kataklizmləri (I hissə)

22.05.2023

Bu gün texnoloji cəmiyyətlər metaforik anlamda “progeria” əziyyət çəkir. Bu, onların yaşlanması və ya qocalması deyil, dəyişikliyin supra-normal dərəcələrini yaşamaları deməkdir. Bir çoxumuz şeylərin sürətlə hərəkət etdiyi barəsində qarışıq hisslərə sahibik. Həkimlər və müxtəlif sahələrdə icraçılar öz sahələrində son dəyişikliklər ilə ayaqlaşa bilmədiklərini bildirirlər. Hər şeydən öncə dəyişikliyi ölçmək üçün mütləq üsul mövcud deyil. Ən kiçicik virusdan ən böyük qalaktikaya qədər bütün şeylər reallıqda “şeylər” deyil, proseslərdir. Dəyişikliyi ölçə biləcəyimiz statik bir nöqtə, nirvanaya bənzər bir permanentlik mövcud deyil, buna görə də dəyişiklik nisbidir.

Dəyişiklik(lər) həm də istiqrarsızdır. Və ya onlar birlikdə sürətlənir yaxud da deselerasiya edirsə, dəyişikliyi müşahidə etmək qeyri-mümkün olacaq. Bilirik ki, növlərin bioloji təkamülü ilə müqayisədə kultural və sosial təkamül ifrat dərəcədə sürətlidir. Həm də ondan agahıq ki, müəyyən cəmiyyətlər digərlərinə nəzərən özlərini texnoloji və iqtisadi olaraq daha sürətlə transformasiya edirlər. Eyni cəmiyyət daxilində müxtəlif sektorların müxtəlif dəyişiklik dərəcəsi nümayiş etdirdiyi də bizə məlumdur. Villiam Oqbörn bu qeyri-paritetliyi kultural ləngimə adlandırır.

Yüksək dərəcdə fərqliləşmiş prosesləri müqayisə etməyi mümkünləşdirən barometr zamandır. Zamansız, dəyişikliyin anlamı yoxdur. Və dəyişiklik olmadan zaman dayana bilər. Zaman hadisələrin baş verdiyi intervallar olaraq dərk edilə bilər. Pulun aldığımız şeyləri dəyərləndirməyə icazə verməsi kimi, zaman da oxşar olmayan prosesləri müqayisə etməyə icazə verir. Sürətlənən dəyişiklik dərəcəsini ölçməkdə yaşadığımız çətinliklərlə bağlı olaraq, “hadisələr”in nə olduğunun tərifini müəyyən edə bilmirik.

Bioloq Culian Haksli qeyd edir ki, qeydə alınan tarix ərzində insan təkamülünün tempi tarix öncəsi təkamülün tempindən 100 min dəfə daha sürətlidir. Erkən Paleolit dövründə həyata keçməsi 50 min il zaman alan əhəmiyyətli icadlar və təkmilləşmələr sadəcə bir minillik ərzində sürətlə baş verdi. Oturaq sivilizasiyanın tərəqqisi ilə dəyişiklik vahidi tezliklə bir əsrə enəcəkdi. Keçmiş 5 min il boyu sürətlənən dəyişikliyin dərəcəsi son 3 yüz ildə xüsusilə nəzərəçarpandır.

K.Snou bildirir ki, XX əsrə qədər sosial dəyişiklik yavaş idi və bir şəxsin həyatında hiss edilmədən keçə bilərdi. Lakin bu gün artıq belə deyil. Dəyişikliyin sürəti bizim təxəyyülümüzün ayaqlaşa bilməyəcəyi dərəcədə çoxdur. Məsələn, biz dünyanın ən sürətli və ekstensiv urbanizasiyasını müşahidə edirik. Dünyada 1850-ci ildə əhalisi 1 milyon və daha çox olan cəmi 4 şəhər var idisə, 1900-cü ildə bu şəhərlərin sayı 19-a, 1960-ci ildə isə 141-ə çatmışdı. Keçən əsrin ikinci yarısının rəqəmlərinə görə, dünyanın şəhər əhalisi ildə 6.5 faiz göstərici ilə sürətlə artır.

Texnoloji kəşflər əvvəlki yüzilliklərə nisbətən daha çox sürətlə tətbiq edilir. Gündəlik olaraq elan edilən yeni elmi icadların orijinal konsepti və praktik istifadəsi arasındakı zaman radikal şəkildə qısalıb. Bu, bizim özümüz və əcdadlarımz arasında kəskin müxtəliflikdir. Appollonius Perqanın konus parçalarını kəşf etməsindən 2 mil il sonra o mühəndislik problemlərinə tətbiq edilməyə başlandı. Yazı maşını üçün ilk ingilis patenti 1714-cü ildə verilib, lakin yalnız 150 il sonra yazı maşınları ticari olaraq əlçatımlı oldu.

Bu gün ideya və tətbiqi arasında belə gecikmələr demək olar ki, düşünülməzdir. Bu, bizim əcdadlarımızdan daha az tənbəl və daha çox istəkli olmağımız ilə bağlı deyil. Biz sadəcə zaman axını ilə prosesləri sürətləndirmək üçün bütün növ sosial vasitələri icad etmişik. Beləliklə, innnovativ tsiklin ilkin və ikinci mərhələsi – ideya və onun tətbiqi – arasındakı zaman radikal olaraq minimuma endirilib. Donmuş ərzaq, sintetik dəri və antibiotik kimi iyirmidən çox innovasiyaları tədqiq edən Frenk Linn bildirir ki, XX əsrin əvvəllərindən etibarən bir elmi icadın faydalı texnoloji formaya çevrilməsi üçün zıəruri olan orta zaman 60 faiz azaldılıb. Günümüzdə, getdikcə ekspansiya edən tədqiqat və inkişaf sənayesi şüurlu şəkildə bu gecikmə zamanını daha da azaltmaq üçün çalışır.

Əgər yeni ideyanı bazara daşımaq üçün daha az zaman gərək olursa, bu, hər hansı ideyanın cəmiyyətdə yayılması üçün də keçərlidir. Beləliklə, tsiklin ikinci və üçüncü mərhələləri – tətbiqi və yayılması – arasındakı interval da oxşar şəkildə kəsintiyə uğramaqdadır. Yayılmanın tempi vertiqo sürəti ilə baş verməkdədir. Tenford Tədqiqat İnstitutundan Robert Yanq yeni elektrik məhsulların kommersial olaraq ilk dəfə meydana çıxması və onun sənayesinin istehsalat pikinə çatması arasındakı zaman intervalını tədqiq edib. Onun onun araşdırmasının nəticələrinə əsasən, ABŞ-da 1920-ci ildən əvvəlki elektrikli cihazların bir qrupu üçün – tozsoran, soyuducu da daxil olmaqla – ilk meydana çıxma və istehsal piki arasındakı orta interval 34 il idi. Lakin 1939-1959-cu illər arasındakı periodda meydana çıxan elektrikli alətlərin – televizor da daxil olmaqla – qrupu üçün eyni interval sadəcə 8 il idi. Bu, bəhs edilən gecikmənin 76 faiz azalması demək idi. Yanq bildirir ki, müharibədən sonrakı dövrdə icad edilən alətlərin ilk nümunəsi və kütləvi istehsalı arasındakı zaman fərqi daha sürətlə qısalmağa davam edirdi.

İcadın, istismarın və yayılmanın getdikcə artan tempi öz-özlüyündə bütöv tsikli daha da sürətləndirir. Çünki yeni makinalar və ya texnologiyalar sadəcə bir məhsul deyil, sonrakı yeni yaradıcı ideyaların mənbəyidir. Bu makinalar və texnologiyalar digələr makinalar və texnoloji vasitələrdə dəyişiklikləri zəruriləşdirməklə yanaşı, sosial, fəlsəfi, hətta şəxsi problemlərə də yeni həll yolları təlqin edir. Onların insanın total intellektual mühitini alterasiya etməklə, düşünmə və dünyaya baxma tərzini dəyişdirir. Biz təqlid edəcəyimiz modellər üçün bu mühiti konstant şəkildə skanninq edərək qeyri-şüuri olaraq ondan öyrənirik. Bu modellər sadəcə digər insanlar deyil, daha çox makinalardır. Bununla da, biz incə bir şəkildə müəyyən xətlər üzrə düşünmək üçün şərtləndirilirik. Saat Nyutonun dünyanı saata bənzər böyük bir mexanizm olaraq obrazlaşdırmasından əvvəl meydana çıxmışdı. Bu fəlsəfi anlayışın insanın intellektual inkişafı üzərində nəhəng təsirləri oldu. Böyük saat olaraq kosmosun bu yeni obrazında səbəb-nəticə, eləcə də hamımızın gündəlik davranışlarını formalaşdıran eksternal stimulinin əhəmiyyəti barəsində ideyalar təlqin edilir. Saat bizim zaman konsepsiyamıza da dərindən təsir edərək, 60 dəqiqəlik 24 bərabər seqmentə bölünən bir gün ideyası hər kəsin həyatının inteqral parçasına çevrilib.

Kəşf, Tətbiq, İmpakt. Biz burada dəyişiklik zəncirini, insanın sosial inkişafındakı akselerasiyanın uzun, kəskin dərəcə artan qövsvari xəttini müşahidə edirik. Akselerativ təzyim elə bir səviyyəyə çatıb ki, insan təxəyyülü tərəfindən o artıq “normal” olaraq qəbul edilə bilmir. Sənaye cəmiyyətlərinin institutları onu ehtiva edə bilmir, onun təsirləri bütün sosial institutlara sirayət edir. Akselerasiya bütün sosial qüvvələrin ən mühümü, eləcə də ən az başa düşülənidir.

Lakin bu, məsələnin sadəcə bir hissəsidir. Çünki dəyişikliyin sürətlənməsi həm də bir psixoloji qüvvədir. Bu, psixologiya tərəfindən uzun müddət diqqətdən kənar qalsa da, dünyadakı dəyişikliyin getdikcə artan sürəti həyatı yaşama tərzimizi dərindən dəyişdirməklə daxili dünyamızın balansını rahatsız edir. Tədricən, zahiri akselerasiya daxili akselerasiyaya transformasiya olur.

Fərdi həyatı yaşantıların axdığı böyük bir kanal olaraq düşünə bilərik. Yaşantı axını saysız-hesabsız “situasiyalar”dan ibarətdir. Çevrəmizdəki dəyişikliyin akselerasiyası bu kanal vasitəsilə situasiyaların axınını drastik şəkildə alterasiya edir.

Lakin bir situasiyanın aşkar definisiyası yoxur. Biz bir situasiyanı mental olaraq idarə edilə bilən vahidlərə parçalamasaq yaşantılar ilə ayaqlaşa bilməyimiz qeyri-mümkün olardı. Dəyişikliyin akselerasiyası əksər situasiyaların müddətini kəskin formada qısaldır. Bu sadəcə onların essensiyası və “dad ekstraktı”nı kökündən dəyişdirmir, həm də insanın yaşantı kanalı vasitəsilə onların keçidini sürətləndirir. Daha az sürətlə dəyişən bir cəmiyyətin həyatı ilə müqayisədə, akselerativ cəmiyyətlərdə daha çox situasiyalar müəyyən zaman intervalında bu kanal vasitəsilə axır. Bu da insan psixologiyasında dərin dəyişimlərə yol açır.

Biz müəyyən zamanda yalnız bir hadisə üzərində köklənməyə meyilli olsaq da, situasiyaların getdikcə artan axın dərəcəsi oynamalı olduğumuz rolların, eləcə də etməli olduğumuz seçimlərin sayını çoxaltmaqla həyatın bütöv strukturunu mürəkkəbləşdirir. Bu da özlüyündə çağdaş həyat barəsində boğucu komplekslilik duyğusunu açıqlayır.

Dəyişiklik sürətinin cəmiyyətdə həyat ilə uzlaşma çətinliyini artırdığı digər çox mühüm və əhəmiyyətli üsul da var ki, bu da yeniliyin mövcudiyyətimizə fantastik intruziyasıdır. Hər bir situasiya unikaldır. Lakin situasiyalar tez-tez bir-birinə bənzəyir. Bu da real olaraq yaşantı(lar)dan öyrənməni mümkün edir. Əgər hər bir situasiya öncə yaşanılan situasiyalara heç bir oxşarlığa sahib olmadan tamamilə yeni olsaydı, bizim onları idarə etmək və aşmaq qabiliyyətimiz ümidsiz şəkildə iflic olardı.

Lakin dəyişikliyin akselerasiyası yeni və oxşar situasiyalar arasındakı balansı təməldən sarsıdıb. Artan dəyişiklik sürəti bizi sadəcə daha sürətli axının deyil, öncəki şəxsi yaşantımızı ehtiva etməyən daha və daha çox situasiyaların öhdəsindən gəlməyə - ayaqlaşmağa məcbur edir. Kristofer Rayt bildirir ki, “şeylər zahirən dəyişməyə başladıqda, insanın daxilində paralel bir dəyişiklik özünü göstərəcək. Bu daxili dəyişikliklərin təbiəti çox dərindir və akselerativ təzyiq artdıqca o, bizim indiyədək insan və cəmiyyəti müəyyən edən parametrlər daxilində yaşama qabiliyyətimizi test etmiş olacaq”.

Tofflerin “Gələcək Şoku”ndan sağ qalmaq üçün fərd sonsuz şəkildə, heç olmadığı qədər adaptiv və qabiliyyətli olmalıdır. O həmçinin özünü sabitləmək üçün yeni yollar tapmalıdır. Çünki bütün keçmiş köklər – din, milliyət, topluluq, ailə və ya peşə - akselerativ təzyiqin fırtına effekti qarşısında sarsılır.

Yer planetinin sakinləri sadəcə irq, din, millət və ya ideologiya tərəfindən deyil, həm də zamanda mövqeləri tərəfindən də bölünür. Planetin hazırkı əhali qruplarını tədqiq etdiyimiz zaman hələ də ovçuluq və ərzaq-axtarma ilə yaşayan kiçik qrupları aşkar edə bilirik. Digərləri, daha böyük çoxluq isə ovçuluq və xırda meyvə-ərzaq toplama deyil, kənd təsərrüfatından asılıdır. Onlar bir çox perspektivdən, əcdadları kimi yaşayır. Bütün insani varlıqların 70 faizini təşkil edən bu iki qrup keçmişin insanları adlandırılır.

Yer kürəsi əhalisinin 2.5 faizi yüksək dərəcədə sənayeləşmiş cəmiyyətlərdə yaşayır. Onlar modern həyata liderlik edirlər. Habelə, bu qrupu mexanizasiya və kütləvi təhsil tərəfindən biçimləndirilən, öz ölkələrinin arqikultural (ziraət) yaddaşının xatirələri ilə inkişaf edən XX əsrin birinci yarısının məhsulu adlandırmaq olar.

Dünya əhalisinin qalan 2 və ya 3 faizi isə nə keçmiş, nə də indiyə məxsusdur. Santa Monika, Kaliforniya, Massaçusets, Nyu-York, London, Tokyo da daxil olmaqla texnoloji və kultural dəyişikliyin əsas mərkəzlərində yaşayan milyonlarla qadınlar və kişilərin gələcək həyat tərzini yaşadıqları söylənilə bilər. Onlar, milyonların sabah yaşacaqlarını indi yaşayırlar. Qlobal əhalinin çox cüzi bir hissəsini təşkil etsələr də, gələcəyin beynəlxalq millətini formalaşdırırlar. Onlar dünyamiqyaslı supra-industrial cəmiyyətin ən erkən vətəndaşları, insani inkişafın ön aktorlarıdır.

Onları bəşəriyyətin geri qalanından fərqləndirən nədir? Əlbəttə, daha zəngin, daha təhsilli və daha mobildirlər, həm də onların orta ömür müddəti daha uzundur. Lakin gələcəyin insanlarını spesifik olaraq ayıran faktum onların həyatın, getdikcə sürətlənən tempində yaşamalarıdır. Onlar planetin geri qalanından “daha sürətlə” yaşayırlar. Həyatın yüksək dərəcdə akselerativ tempinə dərindən bağlı olanlar temp yavaşladığı zaman əndişə və diskomfort hiss edirlər. Onlar ümidsiz bir şəkildə “action”un olduğu yerdə olmaq istəyirlər. Ceyms Vilson qeyd edir ki, həyatın sürətli tempinin cazibəsi “brain-drain”in – beyin köçünün - arxasındakı güclü motivasiyaedici qüvvələrdən biridir. ABŞ və Kanadaya köç edən 517 alim və mühəndis üzərində tədqiqat aparan Vilsona görə, sadəcə yüksək məvacib və daha yaxşı tədqiqat şəraiti deyil, daha sürətli temp onları şirnikdirən faktor idi.

 

            Ədəbiyyat:

  1. Huxley, Julian, New Bottles for New Wine. (New York: Harper & Row, 1957
  2. Huxley, Julian, On Living in a Revolution. (New York: Harper & Row, 1942
  3.  Snow, C. P., Science and Government. (Cambridge, Mass.: Harvard UniverSity Press, 1961
  4.  Snow, C. P., The Two Cultures and The Scientific Revolution. (New York: Cambridge University Press, 1959
  5.  Lipset, Seymour M., and Bendix, Reinhard, Social Mobility in Industrial Society. (Berkeley,Calif.; University of California Press, 1964
  6. Our Accelerating Technological Change" by Frank Lynn, Management Review, March, 1967, pp. 67-70

Sübhan Padarsoy

Bakı Dövlət Universitetinin tarix fakültəsi məzunu, modernizm sosiologiyası üzrə tədqiqatçı, "Modernizm əsri və insan", "Entropik dünya" kitablarının müəllifidir.