Siyasi məsihçilik və onun tarixi (II hissə)

02.05.2023

Messianik – məsihçi proyektin daxildən kənara, bir cəmiyyətin transformasiyasından digər ölkə cəmiyyətlərinin azadlıq müharibəsinə çevrilməsi XIX əsrin ikinci yarısından etibarən daha da şiddətləndi. Millenarian ruh – yekun döyüş zamanının çatması – Kommunist dildə ifadə olunmağa başladı. Sen-Simon, Furiye, Prudon, Lui Blank, Hertsen və Bakunin sosializmin müxtəlif variantlarını təklif edirdilər. Sinfi mübarizə insan tarixində yeganə sosial interaksiya forması idi. Cəmiyyətin bütün üzvləri tərəfindən bölüşülən heç nə yoxdur. Hər şey mübarizə aparan bir ya da digər tərəfə məxsusdur. Heç bir ümumbəşəri kateqoriya da yoxdur. Nə əxlaq, nə ədalət, nə də ideyalar. Ailə və özəl mülkiyyət daxil olmaqla heç bir din və ya ənənə bu sinfi mənşələrindən qaça bilməz (bax.10).

Messianizmin bu yeni fazası elmi nailiyyətlərin vertiqosu kontekstində meydana çıxdı. Bu həm də elmlə qarışdırılmamalı olan və hətta onun bütöv ruhu ilə zidiyyət təşkil edən sientizm doktrinasının doğurdu. Bu doktrinaya görə dünya tam şəkildə bilinə və bir ideala uyğun olaraq transformasiya edilə bilər. Bu dünyabaxışı inter- maddədən, fizikanın subyektindən insan tarixi və cəmiyyətlər haqqında biliyə qədər genişləndirildi. “İnsan ağlının tərəqqisinin bir tarixi tablosu üçün Oçerk” adlı əsərində Kondorse bildirir ki, baş verən hər şey reallıqda olmalı olanın – insan növlərinin mükəmməlləşməsinin – inkarnasiyasıdır. Bizi xeyirin mütləqiyyətinə aparan tarixin bu qarşısıalınmaz yürüşündə hökumətlər və keşişlər gücsüz qalacaq. Hegelə görə, “Die Weltgeschichte ist das Weltgericht” – dünya tarixi dünyanın tribunalıdır. Bu, Hegelin xələfləri, hətta Marks tərəfindən də qəbul edildi (bax.11).

Bütün messianik hərəkatlar kimi, Kommunizm də tarixin öncədən müəyyən edilən və dəyişilməz istiqaməti olduğunu müdafiə edir. Kommunizm bunu öz aktlarının legitimləşdiricisi kimi istifadə edir. Hansı istiqamətə getdiyimizi öyrənmək üçün müqəddəs kitabları oxumaq kifayət deyil, elmi tərzdə tarixin qanunları yaradılmalıdır. Lakin kommunistlərin aktları kəşf edilən prinsiplər və ya ideyalara deyil, mövcud sinfi mübarizədən qaynaqlanan aktual münasibətlərə əsaslanır. Moskvanın mərkəzində Marksa qoyulan abidə üzərində həkk edilən Leninə məxsus ifadə belədir: “Marksizm ən güclüdür, çünki o həqiqətdir” (bax.12).

Marksist “elm”in qarşıya qoyduğu məqsəd insan qrupları arasındakı istənilən formada müxtəlifliyin aradan qaldırılması idi, çünki hər bir müxtəliflik konflikt mənbəyi, nəhayətdə ölüm mübarizəsi olaraq dərk edilirdi. Buna görə də, özəl mülkiyyət ləğv edilməli və bütün istehsal vasitələri dövlətin əlində cəmləşməli idi. Maraqları əks istiqamətə yönələn burjuaziya da daxil olmaqla müqavimət göstərənlər yox edilməli idi. Burjuaziyanın mövcudiyyəti cəmiyyət ilə uzlaşa bilməzdi. “Manifest”də də despotik basqıların tələb olunacağı, arzu edilən məqsədə yalnız bütün mövcud sosial şərtlərin zorakı şəkildə devrilməsi ilə nail olunacağı bildirilir. Burjuaziyanın fiziki eliminasiyası mütləqdir. Xüsusi mülkiyyətin ləğvi və siniflərin aradan qaldırılması uğrunda mübarizə qan tökmədən düşünülə bilməz.

Biz burada Pelagiusun inqilabi voluntarizmindən uzaqlaşırıq. Marksizm ilə insani aktlar insanın heç bir nəzarətinin olmadığı qanunlara tabe olur. Marksizm sadəcə determinist nəzəriyyə deyil, həm də güzəştsiz voluntarizmdir. Bu iki ziddiyyətin kombinasiyası Marksist ehkam tərəfindən belə izah edilir: mövcudiyyət şüuru müəyyən edir. Şüur və buna görə də, fərdlərin iradəsi tarixin qanunları tərəfindən öncədən görülən istiqamətdə hərəkət etməlidir. Çünki şüur bu qanunların məhsuludur.

Lakin Lenin Rusiyada marksist diktumu təməldən dəyişdirdi. Artıq, mövcudiyyət şüuru deyil, şüur mövcudiyyəti müəyyən edirdi və burada, voluntarizm determinizmə üstün gəldi. Marksist qanunlara müvafiq olaraq inqilabın sənayeləşmiş ölkədə də baş verməli olduğuna məhəl qoyulmadı. Dünya inqilabı məhz, geridəqalmış, aqrikultural, kombativ xarakterli ölkə olan Rusiyada başlamalı idi (bax.13). Cəmiyyətin öncədən müəyyən edilən proqrama uyğun transformasiyası üçün proletariat diktaturası çox zəruri idi. Bu yeni messianizm formasına keçid ilə reallığa utopiya əlavə edildi və bu da, unikal sosial formasiya - totalitar dövləti meydana çıxardı. Avropanın digər bir hissəsində meydana çıxan Faşizmdə isə sientizm Kommunizmdən fərqli olaraq tarixin deyil, biologiyanın qanunlarına xitab edirdi.

Fransa inqilabından meydana çıxan messianizm essensial olaraq digərlərinə - Avropa millətlərinə xilas gətirməyə çalışırdısa, Kommunist utopiya öncə hər bir ölkənin daxili məsələlərinə istiqamətlənirdi. Utopiyanın zəfərinə gedən müharibə siniflər arasında vətəndaş müharibəsi olmalıdır. Beynəlxalq müstəvidə isə bir ölkənin başqa bir ölkə tərəfindən tabe edilməsindən daha çox bu vətəndaş müharibələrinin ekspansiyası və ümumiləşdirilməsini diktə edirdi.

Messianzimin ən spesifik cəhəti mükəmməlliyə - perfeksionizmə doğru impuls olmasıdır. İnsan həyatının bütün aspektləri bura daxildir. Və sadəcə sosial institutları dəyişdirməklə kiyafətlənilmir, onun aspirasiyası insani varlıqların özünü transformasiya etməkdir. Kommunizm formasında totalitar messianizmi öz sələflər və xələflərindən fərqləndirən amil (onların eyni bətndən inkişaf etmələrinə rəğmən) Maarifçilikdə canlandırılan Pelagius prinsiplərinin kollektiv fəaliyyət proqramına çevrilməsidir.

Kommunist utopiya eyni zamanda keçmişin bəzi inqrediyentlərini də özündə ehtiva edən və əsasən Sənaye inqilabı, sientizm və ticarətin ekspansiyasından bəslənən liberal kredoya qarşı savaşırdı. Fərdi inkişafın motivatoru olan liberal kredoya görə, maddi sərvət akkumulyasiyası və hüdudsuz texno-tərəqqi dinin yox olmasına kifayət edirdi. İkinci Dünya Müharibəsi və Nasizm üzərində qələbədən sonra Kommunist messianizm ekspansiya etməyə başlasa da, Stalinin ölümündən sonra ölkə daxilində erkən günlərin utopik ruhu hakimiyyət naminə hakimiyyət arzusu ilə əvəzləndi. Karyerist sinizm, bürokratiya və korrupsiyanın “krallığı” meydana çıxdı.

Kommunizmin 1989-91-ci illərdə Avropada tənəzzülündən sonra, məsihçiliyin üçüncü forması zühur etməyə başladı. Bu, modern demokratiyalar kontekstində bir messianizm idi. Bu formanın da inqilabi və kolonial müharibələrin ilk dalğası ilə bəzi oxşarlıqları var. Əsasən amerikan neo-konsları və insan hüquqları adına hərbi intervensiya ideoloqlarının rəhbərlik etdiyi bu messianizm forması daha sonralar anti-Stalinizmə meyillənən, pro-kommunist intelligentsia ilə bağlıdır. Özünü nouveaux philosophes adı altında yenidən formalaşdıran bu intelligentsia artıq “humanitar bombalamalar”ın tərəfdarları idi.

Bu yeni messianizm formasının ilk manifestasiyası NATO hərbi alyansının 1999-cu ildə Yuqoslaviyaya müdaxiləsi və Belqradın bombalanması idi. Bu, 1994-cü il Ruanda soyqırımından sonra formalaşdırılan doktrinaya əsaslanırdı. Bir ölkədə insan hüquqları pozuntuları varsa, digər ölkələrin güc yolu ilə müdaxilə etmək, qurbanları qorumaq və cinayətkarları əməllərindən çəkindirmək hüququ var. Yuqoslaviyaya bu prinsiplərin tətbiqi doktrina daxilində ciddi problemlər ortaya çıxardı. Belə ki, bir-birinə qarşı mübarizə aparan tərəflərdən hər biri qurbanların sayını süni şəkildə artırmağa meyillənir. Bu baxımdan, NATO və ABŞ dəstəkli albandilli azlıq serb çoxluğundan daha effektiv idi. Digər bir problem isə bu prinsipin selektiv təbiəti ilə bağlıdır. Belə ki, çoxsaylı olduğu üçün insan hüquqları pozuntularının hamısına müdaxilə etmək qeyri-mümkün olduğundan, “siyasi dostlar”ın yanında olmaq üstün tutulurdu. Bu da, seçim qərəzsizliyini pozurdu. Üçüncüsü isə odur ki, hərbi intervensiya nəticəsində bir ölkə və xalqın total siyasi-iqtisadi destruksiyası baş verir, on minləri xilas etmək üçün yüz minlər öldürülürdü.

Müstəqillikdən sonra Kosovo kriminal qruplaşamalar və etnik diskriminasiyanın mərkəzi oldu. Bir vaxtların serblərin onlara qarşı etdiklərini indi onlar serblərə qarşı tətbiq etməyə başladılar.

Bunun ardınca, 2001-ci il, 11 sentyabr teraktlarından sonra  C.Buşun prezidentliyi dövründə ABŞ Əfqanıstana müdaxilə etdi. Burada da məqsəd terroristlərə sığınacaq təmin etdiyi güman edilən bir ölkəni insan hüquqlarına sayğı duyan demokratiyaya transformasiya etmək olsa da, bu siyasi messianizm məntiqi tamamilə əks nəticələr verdi. Amerikalıların qarşılarına qoyduqları hədəfə işğal yolu ilə nail olunmadı. Amerikan əsgərlərinə hər addımda düşməncə münasibət göstərilir və onlar naməlum bir məkanda ölüm təhülkəsi ilə üz-üzə qaldılar. General Maykl Flinn 2010-cu ildə bildirirdi ki, bir üsyançını öldürmək yalnız onların sayını artırmağa xidmət edir. Birisinin ölüdürüldüyü yerdə onu başqaları – qohumları, dostları və ya qonşuları əvəzləyir (bax.14). General bu praktikanı insanlıq naminə deyil, səmərəlilik prizmasından tənqid edirdi. Qərb mətbuatı da işğala qarşı çıxan hər kəsi “Taliban” olaraq etiketləyirdi. Lakin reallıqda, işğalın opponentləri dini Taliban, lokal militarist rəhbərlər, hər möv alverçilər, tiryək istehsalçılar və distribyutorlarını özündə ehtiva edən heterogen qrupu formalaşdırdı. Onları birləşdirən yalnız ümumi bir düşmən – amerikan işğalı idi. Obamanın prezidentliyindən əvvəl ABŞ-ın Əfqanıstan müharibəsi 1 trilyon dollara başa gəlmişdi, 2008-2010-cu illərdə bu müharibəyə əlavə 30 milyard dollar xərclənmişdi. Müttəfiqlərin də xərcləri diqqətçəkən həddə idi. Fransaya bu müharibə gündəlik bir milyon avroya başa gəlirdi. Qərb siyasi elitası demokratiyanı dəstəkləməyə, insan hüquqlarını müdafiə etməyə və terroristləri ovlamağa çalışarkən, əfqanlar yerli militarist qruplara və onların liderlərinə dəstək verir, işğalçılara pusqu qruru və intihar hücumları törədirdilər. 2009-cu ildə Osloda Nobel mükafatı alarkən etdiyi çıxışında B.Obama Əfqanıstan müharibəsini “ədalətli müharibə” adlandırdı. Lakin bu nə özünümüdafiə müharibəsi idi, nə istifadə edilən hərbi güc proporsional idi, nə də ki mülki əfqanlar avi bombalamalardan qaça bildi. Obamaya görə, dünyada şərin mövcudluğunun təsbiti çox zəruridir. Lakin xeyirin mütləq zəfəri uğrunda bu Xaç Yürüşlərinin dünyaya ən az şər qədər zərbə vurduğunu da söyləməli deyilmiyik?

2003-cü ildə S.Hüseyn “kütləvi qırğın silahları”na sahibdir gümanı ilə başlayan İraq müharibəsini də ABŞ belə elan edirdi: “bu gün, bəşəriyyət azadlığın bütün düşmənləri üzərində zəfər qazanmaq imkanına sahibdir. ABŞ bu məsuliyyətli missiyaya rəhbərlik etməkdən şərəf duyur. Dünyanın hər bir bucağına demokratiya, inkişaf, azad bazar qanunlarını gətirmək üçün çalışacağıq. Burada yenə ali məqsəd müharibə daxil olmaqla hər növ vasitədən istifadəni legitimləşdirirdi.

Bu “məğrur” kimi görünən ideallar əslində siyasi messianizmin erkən formalarını canlandırırdı. Xeyir adına bu işğal dini haqlılıq qazanmaqla “Orta Şərqə doğru Xaç Yürüşü” olaraq adlandırılmağa başlandı, Xaç Yürüşü – “crusade” ifadəsi İraq müharibəsi ərəfəsində yenidən aktuallaşdırıldı. XX əsrin əvvəllərində Şarl Pegü yazırdı ki, dünya var olduqca İnsan Hüquqları Bəyannaməsində hər kəsə müharibə elan etmək üçün səbəb var (bax.15). Parlaq gələcəyə nail olmaq üçün saysız qurbanlar tələb edilir. Lakin bu idealın təbiəti çox problematikdir. ABŞ siyasətbilicləri kimi biz “azadlıq dəyərləri”nin hər kəs və hər bir cəmiyyət üçün doğru olduğunu, bir həqiqət təşkil etdiyini elan edə bilərikmi?

Bir dövlətin “azadlığın bütün düşmənləri üzərində zəfər çalmasına imkan yaradacaq” missiyaya sahib olduğuna inanmaq nə Xristianlıq ənənələri, nə də sekulyar humanizm ilə uzlaşan aberrant dünyabaxışını əks etdirir. Onların hər ikisi millenarian apostaziya və inqilabi utopiyaların yaratdığı ümiddir. “Azadlıq” heç vaxt “düşmənləri” üzərində yekun zəfər qazanmayacaq, azadlıq impuls və aspirasiyasını məhdudlaşdıran insani varlığın özüdür.

2011-ci ilə qədər davam edən İraq müharibəsi ABŞ tarixinin ən uzun müddətli müharibələrindən biri oldu. Yarım milyondan çox iraqlı və 5 minə yaxın amerikan hərbiçisi həyatını itirdi. ABŞ-ın İraq müharibəsi ilə işkəncə də “bağışlana bilən bir sapma”ya, özlüyündə bir “norma”ya çevrildi. Əbu Qraib iraqlı məhbuslara qarşı ağılasığmaz işkəncə metodlarının tətbiq edildiyi yer olaraq tanınırdı. İşkəncələr hazırlayıcı (preparativ), korrektiv və məcburedici olmaqla müxtəlif kateqoriyalara bölünürdü. 2004-cü ildə iraqlı məhbuslara qarşı edilən işkəncələrin fotoşəkilləri yayımlandıqdan sonra Amerikada hüquq məsləhətçiləri, psixiatrlar, psixoloqlar işkəncələrə haqlılıq qazandırmağa cəhd edirdilər. Bu, bir demokratik ölkənin uğradığı nəhəng bir deqradasiya idi.

2011-ci ildə Liviyaya edilən “hərbi intervensiya” zamanı da Qəddafinin dəstəkçilərini “muzdlular” və “təbəələr” adlandırılarkən, onun düşmənlərini “xalq” kimi identifikasiya edilirdi. Daha sonra bu təbir “demokratlar” deskripsiyası ilə əvəzləndi. Bu heterogen “demokratlar”a islamçılar və Əl-Qaida döyüşçüləri, rejimin keçmiş məmurları, Qərbə emiqrasiya edən, siyasi və biznes çevrələri ilə əlaqəli liviyalılar daxil idi. İlkin mərhələdə, Qəddafi öz loyalistlərindən hücum etməməyi tələb etsə də, üsyançılardan bu tələb edilmədi. Buna görə də, bu hərbi müdaxilənin məqsədinin atəşkəs olmasını iddia etmək çox yalnışdır. Üsyançılar NATO bombalamaları öz opponentlərini məhv edənə kimi savaşmağa qərar verdilər. NATO hücumları loyalistlərin mühasirəsində olan şəhərlər deyil, paytaxt Tripoli üzərinə fokuslandı. Rəsmi olaraq Qəddafinin eliminasiyası məqsədlərdən biri deyildi. Alyans onun ola biləcəyi bütün yerləri, komanda, nəzarət və kommunikasiya mərkəzlərini məhv etməyi qərara almışdı. Qəddafinin öldürülməsindən sonra Tripolinin yeni hərbi qubernatoru keçmiş Əl-Qaida üzvü Əbülhakim Belcah oldu. Bu, heç bir seçkinin keçirilmədiyi, hər hansı siyasi partiyanın və ya “vətəndaş cəmiyyəti”nin mövcud olmadığı ölkədə “demokratik” diskursun uğradığı eroziyanın bir göstəricisi idi.

Yuqoslaviya örnəyindən bugünədək “xeyirin zəfəri” uğrunda başladılan Xaç Yürüşləri onu göstərir ki, milli suverenliyin ümumbəşəri hökumətə tabe edilməsi prinsipi özlüyündə bərabərsizlik yaradan bir aktdır. Çünki dünya iki qrup ölkələrə bölünür: daxildə və beynəlxalq aləmdə istədiklərini edə bilənlər (BMT TŞ üzvləri) və onların daim supervayzerliyində olan, qaydaların pozulması halında gənc yeniyetmələr kimi cəzalandırılacaq ölkələr. Lakin tarixin bu Modernizm dövrünə qədər beynəlxalq aləm fərqli prinsipləri üstün tuturdu – eyni xeyirin hər kəsə təlqini deyil, ölkələrin suverenliyinin və ideallar plüralizminin qəbulu ölkələr arasında bərabərlik ideyası ilə uzlaşan yeganə prinsipdir.

Qərb siyasi messianizmini xarakterizə edən hərbi intervensiyalar aktı qəbul edilərkən onun dərhal ümumbəşəri və əxlaqi miqyası elan edilir. Amma bu məqsəd heç də görüldüyü kimi olmur və onu formullaşdıranların maraqlarına xidmət edir. Bu aktların praktik nəticələri buna görə də neqativdir. Çünki vasitələrin zorakılığı məqsədin aliliyini tamamilə aradan qaldırır. “Humanitar bombalamaya” məruz qalan xalq sadəcə maddi və insani itkilərini düşünür. Onların “azadlıq”, “bərabərlik”, “sivilizasiya” kimi şüarların yolunda gedəcək zamanı yoxdur. İkincisi, digərləri üzərinə müəyyən bir “xeyir” anlayışını doqmatik şəkildə təlqin etdiyimiz zaman onların özünü idarə etmək iqtidarsızlığı təsdiqlənmiş olur və beləliklə, “azad edilmək üçün öncə tabe edilməlidir” dominant prinsipi aktivləşdirilir.

Digər tərəfdən insan hüquqları da bir şəxsi idealdan, vətəndaş cəmiyyətinin üfüqlərindən və demokratik ölkələrdəki qanunvericilik bazisindən bir ölkənin xarci siyasətinin operasional prinsipinə, onun müharibələrinin legitimləşdirici alətinə çevrilib.

Əxlaq və ədalət siyasətsizləşmiş siyasətin əmrində olduğu zaman kəskin deqradasiyaya məruz qalır. Bu baxımdan modern Qərb messianizmi hər iki anlayışı öz autentik mənası və dəyərindən qoparır. Paskalın dediyi kimi: “mələk olaraq davranmağı seçənlər amansız şeytan olaraq davranarlar” (bax.16).

 

             

       Ədəbiyyat:

  1.  Ferry, speech given on 28 July 1885, in Discours et opinions, 7 vols., vol. I (Paris: no pub., 1885), pp. 210–11.
  2. K. Marx and F. Engels, Manifesto of the Communist Party, available at http://www.gutenberg.org/cache/ epub/61/pg61.html, accessed 27 March 2014.
  3.  Bell, The First Total War, Kindle edition
  4.  Tzvetan Todorov, “Inner enemies of Democracy”, trans.by Andrew Brown, Polity Press, 2014, p.40
  5.  M. Malia, History’s Locomotives: Revolutions and the Making of the Modern World (New Haven, CT: Yale University Press, 2006), p. 148
  6.  M. T. Flynn, Fixing Intel: A Blueprint for Making Intelligence Relevant in Afghanistan (Washington,  Notes to pp. 76–91 193 DC: Center for a New American Century, 2010), p. 8.
  7. C. Péguy, L’Argent suite (Paris: no pub., 1913), p. 149.
  8.  Pascal, Pensées, 358.
  9.  Marx and Engels, Manifesto of the Communist Party. K. Marx and F. Engels, Manifesto of the Communist Party, available at http://www.gutenberg.org/cache/ epub/61/pg61.html, accessed 27 March 2014.

 

Sübhan Padarsoy

Bakı Dövlət Universitetinin tarix fakültəsi məzunu, modernizm sosiologiyası üzrə tədqiqatçı, "Modernizm əsri və insan", "Entropik dünya" kitablarının müəllifidir.