Orta əsrlər Azərbaycanının alim, mütəfəkkir, filosoflarına aid xeyli sayda dəyərli əlyazmalar bu gün dünyanın müxtəlif ölkələrinin kitabxana, muzey və arxivlərində saxlanılır. Azərbaycan orta əsrlərdə Qərblə Şərqin kəsişmə nöqtəsi olduğu üçün tarixi əlyazmalarımıza hazırda həm Avropa, həm də Asiyada rast gəlinir.
Təəssüf ki, uzun illər orta əsrlərdə Azərbaycandan olan nüfuzlu elm adamlarının xaricdə saxlanılan dəyərli əsərləri çox zaman ədəbi mətnlərin kölgəsində qalmışdır. Xarici ölkə arxivlərindən böyük mütəfəkkirlərimizin elmi əsərlərinin deyil, şairlərin hazırladıqları “Divan”, qəzəllər külliyatı, eləcə də digər şeir nümunələrinin əks olunduğu yazılı mənbələrin ölkəmizə gətirilməsinə çalışılıb. Təbii ki, bu addım da Azərbaycanın ictimai-fikir, ədəbi-mədəni tarixinin öyrənilməsi üçün vacibdir.
Lakin Azərbaycan hələ orta əsrlərdən Şərqin həm də elm mərkəzlərindən biri olub. Bu gün də Azərbaycanın düşüncə adamları, alimlərinə aid əlyazmalar Asiyanın bir çox ölkələrində, Avropada, Moskva, Sankt-Peterburq, London, Paris, Dublin, Berlin, Drezden, Vatikan, Vyana, Praqa, Sarayevo, Upsala kimi bir sıra şəhərlərin ən məşhur kitabxana və muzeylərində saxlanılır. Həmçinin Qahirə, Daşkənd, Düşənbə, Kəlküttə, Laknau, Dəkkə, Pəncab kimi şəhərlərin arxivlərində də Azərbaycanın orta əsrlər dövrünə aid nadir əlyazmalar var. Həmin əlyazmaların bu gün bizdə yox, Şərq-Qərbin arxiv və kitabxanalarında olmasının bir neçə səbəbi var. Birinci səbəb budur ki, XII-XIX əsrlərdə hansısa azərbaycanlı şair, alim, filosof, xəttatın Şərqin mədəni cəhətdən inkişaf etmiş şəhərində yaşaması adi hal hesab edilirdi. Onların ərsəyə gətirdikləri əsərlərin əlyazmaları da elə yaşadıqları şəhərlərin elmi mərkəzlərində saxlanılmış, müəyyən tarixi proseslər nəticəsində həmin məkanlardan başqa ərazilərə aparılmışdır. Müharibə faktorunun da burada xüsusi “rol”u olmuşdur. Təəssüf ki, istilalar zamanı paytaxt kitabxanalarındakı dəyərli əlyazmaların bir çoxu zəbt edən ölkələr tərəfindən ya məhv edilmiş ya da daşınmışdır.
Məsələn, Vatikan Apostolik Kitabxanasında saxlanılan və Azərbaycana, eləcə də Şərqə aid olan əlyazmaların demək olar hamısı alim və mütəfəkkirlərin elmi, bədii əsərlərindən ibarətdir. Mərhum professor Fərid Ələkbərli həmin kitabxanadan Azərbaycana aid 65 sənəd aşkarlamışdır. Onların arasında Əbdül-Məcid Şirvaninin "Kitabi-Sihri", Əbdül-Vəhhab Zəncaninin ərəb qrammatikasına aid əsərinin şərhi, Cəlaləddin ət-Təbrizinin, Əli Şirvaninin, Yusif Qaramaninin, İbrahim Zəncaninin elmi mövzulardan bəhs edən əlyazmaları var.
Amma elmi əsərlərin adı yuxarıda sadalananlarla bitmir. Xarici ölkələrdə saxlanılan qiymətli əlyazmaların dəqiq sayı ümumiyyətlə, məlum deyil. Buna səbəb isə Azərbaycana aid əlyazmaların kataloqlaşdırılmamasıdır. Doğrudur, bu gün AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu tərəfindən Şərqi Avropada və dünyanın başqa yerlərində Azərbaycana aid əlyazmalar müəyyən edilir. Onlardan bəziləri ölkəyə gətirilsə də, materialların böyük əksəriyyəti ədəbi mətnləri əhatə etmiş olur. Elmi mətnlər isə təəssüf ki, nisbətən kölgədə qalır. Orta əsrlər Azərbaycan alim və mütəfəkkirlərinin elmi əsərləri isə kəmiyyət və keyfiyyətinə görə hər zaman seçilib. Əsasən paytaxt şəhərlərdə yaşayıb-yaradan Azərbaycan alimlərinin əsərləri də elə həmin mərkəzi ərazilərdəki məşhur kitabxanalarda qorunub saxlanılmışdır.
Azərbaycana aid əlyazmalardan danışanda daha çox Vatikanın adı çəkilsə də, hazırda Şərqi Avropa ölkələrində – Çexiya, Polşa, Bosniya və Herseqovinada olan əlyazmalarımızın sayı heç də Vatikandakı sənədlərdən az deyil.
Həmçinin, İran, Türkiyə, Hindistan, Pakistan, hətta Əfqanıstanda olan Azərbaycan əlyazmalarının sayı Vatikanın Məxfi Arxivlər Kitabxanası və Apostolik Kitabxanasında bizə aid sənədlərdən dəfələrlə çoxdur. Lakin təəssüf ki, bu ölkələrdə Azərbaycana aid əlyazmaların sayı dəqiqləşdirilməyib. Əksəriyyətinin adı kataloqlara salınmayıb deyə, pərakəndəlik yaranıb.
Vatikandakı əlyazmaların isə bu mənada demək olar ki, “bəxti gətirib”. Tariximizin az qala bütün dövrlərini əhatə edən əlyazmalar arasında Qədim Albaniya dövlətinə aid rəsmi sənədlərlə yanaşı, Səlcuqlara, Atabəylərə, Elxanilərə, Səfəvilərə, Ağqoyunlulara, Əfşarlara aid nümunələr də var. Əksəriyyəti də Roma papaları ilə rəsmi yazışmalardır. Orta əsrlərdə missionerlik çox yayılmışdı. Arxivlərdə saxlanılan bəzi əlyazmalar da missionerlərin bir-biriləri ilə olan yazışmalar olsa da, onların arasında dəyərli elmi, fəlsəfi, astroloji nümunələrə də rast gəlmək mümkündür.
Amma yenə də fakt faktlığında qalır. Bu gün Azərbaycan elm tarixinə aid dəyərli nümunələrdən xəbərsizik. Xaricdə saxlanılan elmi əsərlərimizə laqeyd münasibət bir başqa problemə yol açmış oldu. Azərbaycanı təmsil edən alimlərin əlyazmaları zaman-zaman dünya alimləri tərəfindən mənimsənildi, əsərləri plagiatlığın qurbanı oldu.
Həmin mütəfəkkirlərin elmi əsərləri Qərb tərəfindən mənimsənilərək, elmi ixtira və kəşflərinə, nəzəriyyələrinə işıq tutmuş oldu.
Məsələn, Şərq tibb elminin bayraqdarı sayılan İbn Sinanın tələbələrindən olan Bəhmənyarın fəlsəfəyə gətirdiyi yeni yanaşmalar, idrak metodları və dialektika formaları uzun müddət Qərb nəzəriyyəçiləri və fəlsəfə tarixçiləri tərəfindən tədris obyekti olub. Bəhmənyarın dialektikanın səbəb-nəticə, təsadüf-zərurət, materiya–forma əlaqələri zəminində etdiyi yeniliklər, hətta orta çağın Avropasına da gedib çıxa bilmişdi. Çox təəssüf ki, Bəhmənyarın ilk dəfə elmə gətirdiyi dialektika qanunları Avropa filosofları tərəfindən mənimsənildi.
Başqa bir nümunə: XIII əsrin dahi zəkası Nəsirəddin Tusi Avropanı indi də elmi nəzəriyyələrlə “təmin edir”. Həndəsə, cəbr, astronomiya və ali riyaziyyat sahəsində etdiyi kəşflər Qərb elminin inkişafına səbəb olub. Ən böyük kəşfi isə triqonometriya nəzəriyyəsidir.
Qeyd etmək yerinə düşər ki, Nəsirəddin Tusinin əsərlərində də Amerikanın müasir koordinatına uyğun quru hissəsinin olması ilə bağlı qeydlər var. Azərbaycan astronomu Həbib Məmmədbəylinin yazdığına görə, XristoforKolumbun və AmeriqoVespuçininNəsirəddin Tusinin bu əsərlərindən xəbəri olub. Avropa alimləri bunu gizlətməyə çalışsalar da, həmin səyyahların özləri tərəfindən yazılan gündəliklər bunu deməyə əsas verir.
Bundan əlavə “Qeyri-Evklid” həndəsəsinin banisi də Nəsirəddin Tusidir. Amma həmyerlimiz Mirzə Kazım bəyin yanlışlığı nəticəsində rus riyaziyyatçılarından biri Evklidə alternativ olan həndəsənin yaradıcısı kimi tarixə düşdü. Belə ki, böyük alimimiz Mirzə Kazım bəy Sankt-Peterburqda çalışan zaman Laboçevski ondan yerlisi olan alim Nəsirəddin Tusinin əsərlərini ona verməsini xahiş edir. Şərqşünas alim Mirzə Kazım bəy onun xahişini yerə salmır.
Tusinin bir neçə əsərini riyaziyyatçıya təqdim edir. Həmin əsərlərin arasında Azərbaycan elm tarixinin ilk çap kitabı hesab edilən “Təhriri- Öqledis” əsəri də var idi. “Təhriri-Öqledis” antik yunan filosof, astronom və riyaziyyatçısı Evklidin əsərlərinin şərhi əsasında yazılmışdı. Əsərin adı “Evklidin şərhi” olsa da, Tusi yalnız şərhlərlə kifayətlənməmişdi. Onun riyazi nəzəriyyələrinə əks olan başqa bir nəzəriyyə ortaya qoymuş, bir növ Qeyri-Evklid həndəsəsi ideyasını ərsəyə gətirmişdi. Lakin çox təəssüflər olsun ki, Laboçevski Mirzə Kazım bəyin bəxşişindən yararlanaraq, o əsərdəki ideyaları öz adına çıxmış və riyaziyyatda Qeyri-Evklid həndəsəsi adlanan predmetin “əsasını qoymuşdu”
Yaxud, XIX əsrdə yaşayan alim-mütəfəkkir, şair-filosof Mir Mövsüm Nəvvab astronomiyanın bilicisi kimi Saturn planetinin həlqəsi ilə birlikdə maketini hazırlayan ilk alimlərdən hesab olunur. Nəvvab riyaziyyat, kimya və astronomiya ilə maraqlanırdı. O, öz evində iki teleskop qoyaraq, kiçik bir rəsədxana və kimya laboratoriyası yaratmışdı. 1899-cu ildə dərslik kimi qələmə aldığı “Kifayətül-ətfal” kitabında o, göy cismlərinin yerləşməsi və günəş tutulmaları haqda cədvəllər tərtib etmişdi. Alim kimya laboratoriyasında şagirdləri ilə sınaqlar keçirir və orta əsrlərdə yaşamış kimyagərlər tərəfindən verilən nüsxələri yoxlayırdı.
Siyahını təbii ki, uzatmaq da olar. Amma əsas məram dəyişmir: Hazırda xarici ölkələrin elmi arxivlərində, kitabxanalarında, muzeylərində saxlanılan elmi-fəlsəfi əsərlər daha dərindən araşdırılmalı və ölkəmizə gətirilməlidir. Bu əsərlər transliterasiya edilərək, yaxud, dilimizə tərcümə olunaraq (çünki, dövrün tələblərinə uyğun olaraq bəziləri ərəb-fars dillərində yazılıb) müasir formada işıq üzü görməlidir.
Elmin Nuri
Sosial Tədqiqatlar Mərkəzinin əməkdaşı, elm və təhsil məsələləri üzrə tədqiqatçı