Kultural Marksizm və onun qısa tarixi

28.03.2023

Proletariat əsaslı Marksist inqilabın plana uyğun getməməsi Frankfurt Məktəbinin marksist intellektuallarını bu nəzəriyyənin təməllərini bir daha analiz etməyə və həm keçmiş yanlışların izahı, həm də gələcək fəaliyyətlərə hazırlıq üçün onu yenidən formullaşdırmağa vadar etdi. Marksist nəzəriyyələri yenidən işlədikcə onlar Qərb sivilizasiyasının kultural superstrukturunun radikal transformasiyasına prioritet verən Marksizmin yeni formasını inkişaf etdirdilər. Bu intellektuallar Xristianlıq və Avropanın kultural dəyərlərini inqilab qarşısında əngəllər olaraq dərk edir və onların təməldən yox edilməli olduğunu bildirirdilər.

Bu Marksist ideologiya kultural Marksizm olaraq bilinməyə başlandı. Bu yeni ideologiyanın təməl səciyyəsi qanunların, siyasi və təhsil, eləcə də sosial institutların modifikasiyası kimi sosio-kultural strukturlar üzərində destruktiv effektlər ilə iqtidarın tədricən əldə edilməsinə çalışan qeyri-zorakı, kollektivist inqilabçılıqdır. Amerikalı paleokonservativ esseyist Villiam Lind qeyd edir ki, Kultural Marksizm Sovet İttifaqı Marksizm-Leninizmindən fərqlənən Qərb Marksizminin bir qoludur. O, ümumi olaraq “Multikulturalizm”, ya da daha az formal şəkildə “Siyasi Korrektlik” (Political Correctness) olaraq da bilinir. Kultural Marksizmin ideoloji proponentləri ilk əvvəldən bilirdilər ki, fəaliyyətlərinin marksist təbiətini gizlətdikləri və “multikulturalizm” kimi anlayışlardan istifadə etdikləri təqdirdə daha nüfuzedici və effektiv olacaqlar. Bu anlamda deyə bilərik ki, Kultural Marksizm Fabianizm kimi öz sosialist təbiətini gizlədən bir idoelogiyadır. (Qeyd: 1884-cü ildə, İngiltərədə əsası qoyulan Fabian Cəmiyyəti cəmiyyətlərin kollektivizmə doğru yavaş amma proqressiv transformasiya proyektini təşviq edirdi. Corc Bernard Şou, Annie Besnat, Qraham Vollas, Marqaret Koul, Çarlz Marson kimi tanınmış simaları da özünə cəlb edən bu Cəmiyyət Platon, Ogüst Kont, Ç.Darvin, C.S.Mill və Henri Corc kimi müxtəlif filosoflar, spiritualist və utopik sosialistlərin baxışlarının qeyri-ənənəvi kombinasiyasının təsiri altında idi. Sosializmin qaçılmazlığına təməl olaraq inansalar da, inqilaba deyil, təkamülə vurğu edirdilər. İşçi siniflərin uğursuzluğundan illər öncə zorakı metodları inkar edir və sosializmə əsaslı yeni dünya yaratmaq üçün qeyri-zorakı, tədrici (qradual), reformist metodlar irəıi sürürdülər. Buna görə də, onlar öz Cəmiyyətlərini Roma generalı, “Kunktator” ləqəbli, Kuintus Fabius Maksimus-un adı ilə adlandırıblar. O, İkinci Pun Müharibəsində usandırma, yayındırma və psixoloji olaraq gücdən düşürmə taktikalarından istifadə edərək dağınıq Roma ordusuna yenidən birləşməyə və Hannibalın ordusunu məğlub etməyə imkan yaratmışdı. Bu perspektivdən, Kosmopolitanizmin öncüləri arasında da vurğulanan Fabianların strategiyası “qradualizmin qaçılmazlığı doktrinası” olaraq dərk edilə bilər.

Kultural Marksizm üzərində dərin təsirləri olan marksist filosoflara aşağıdakılar daxildir: Georq Lukaş, Maks Horxaymer, Teodor Adorno, Antonio Qramşi və Herbert Markuze. Zəngin macar bankiri Jozef Lövingerin ailəsində doğulan G.Lukaş bolşevik Bela Kun rejimi dövründə qisamüddətli də olsa təhsil və mədəniyyət Komissarının müavini olub. O bu vəzifədə olarkən Macarıstanda 200-ə yaxın əks-inqilabçı və dissidentin qətlinə - Qırmızı Terrora cəlb olmuşdu. Komissar müavinliyi dövründə Lukaş Qərbin tradisional dəyərləri ilə birlikdə dominant cəmiyyət formasının destruksiyasına vurğu edirdi: “Cəmiyyətin inqilabı destruksiyasını yeganə həll yolu olaraq görürəm. Dəyərlərin dünyamiqyaslı inversiyası qədim dəyərlərin eliminasiyası və inqilabçılar tərəfindən yenilərinin yaradılması ilə baş verə bilər”. O öz metodlarını “kultural terrorizm” adlandırırdı. Tradisional Qərb kültürünü eliminasiya etmək, monoqam ailə məcəllələri, eləcə də parental hakimiyyəti aradan qaldırmaq üçün metodlarından biri azad sevgi və seksual interkurs haqqında macar uşaqlarını yetişdirəcək “xüsusi mühazirələr və dəstəkləyici ədəbiyyatı” özündə ehtiva edən radikal cinsiyyət istiqamətli təhsil proqramının irəli sürülməsi idi. Buna paralel olaraq qadınların aberrant emansipasiyası da təşviq edilirdi. Lakin daha sonralar inkişaf etdirdiyi inqilabın yön aldığı istiqamət onda dərin frustrasiyaya səbəb oldu. Bu zaman o, “bizi Qərb sivilizasiyasından kim qoruyacaq?” sualını vermişdi.

G.Lukaş 1923-cü ildə nəşr olunan  “Tarix və Sinif şüuru” adlı kitabında “reifikasiya nəzəriyyəsi” ilə çıxış edir. Bütün obyektlər, subyektlər və sosial münasibətləri essensiyasız şeylər statusuna endirən, insanları atomlaşmış və təcrid edilmiş monadlara çevirən kapitalist əmtəə fetişizmi tərəfindən yaradılan “sosial olaraq təlqin edilmiş patologiya” bu nəzəriyyənin əsasını təşkil edir. Lukaşa görə, bu yadlaşmaya üstün gəlmənin yeganə yolu insanların həyatına təsir edən dominant qüvvələrin dərkini qaranlıqlaşdıran kapitalizmi müqtədir edən Qərbin kultural institutlar və sosial qüvvələrini dağıdacaq bir kommunist inqilabıdır. Bu əsər Tənqidi Nəzəriyyənin inkişafına xüsusi stimul verdi.

Kultural Marksist Tənqidi Nəzəriyyə zəngin tekstil biznesmeninin oğlu və 30-cu illərdə Frankfurt məktəbinin direktoru olmuş M.Horxaymer və alman şərab tacirinin oğlu T.Adornonun əsərləri ilə inkişaf etdirilib. Onların birgə yazdığı “Maarifçiliyin Dialektikası” adlı kitab xüsusilə önəm kəsb edir. Tənqidi Nəzəriyyə sosial dəyişiklik hədəfi ilə Qərbin sosio-iqtisadi və siyasi olaraq destruktiv tənqidi analizinin dialektik metodudur. Martin Cey qeyd edir ki, Tənqidi Nəzəriyyənin özəyində dayanan şey qapalı fəlsəfi sistemlərə aşkar nifrətdir və bu, digər filosoflar və fəlsəfi sistemlərin tənqidlər seriyasında ifadə olunur. Bu nəzəriyyə həm də Marksın “Feyerbax üzərində Tezislər” adlı əsərində qeyd etdiyi “filosoflar müxtəlif formalarda dünyanı yalnız interpretasiya ediblər, mühüm olan onu dəyişdirməkdir” fikrinin refleksiyasıdır. Lind qeyd edir ki, Tənqidi Nəzəriyyə sadəcə tənqid edir, mövcud düzənin aradan qakdırılması üçün istənilən ən destruktiv tənqidi mümkünləşdirir. Raymon Raen isə Tənqidi Nəzəriyyəni essensiyası etibarilə “Xristianlıq, kapitalizm, iqtidar, sosial iqtidar, ailə, Tradisiya, seksual qadağa, loyallıq, patriotizm, millətçilik, konvensiya və Konservatizm kimi Qərb kültürünün təməl səciyyələrinin destruktiv tənqidi olaraq müəyyən edir. Bu institutlar və həyat tərzlərinin hamısı dəyişiklik hədəfi idilər. Onlar zəbt və transformasiya edilməli, ardınca isə yavaş və tədrici infiltrasiya ilə inqilabın aktorları tərəfindən “siyasiləşdirilməli” idi.

Horxaymer Fabianlar və digər Avropa marksistləri kimi Qərb sivilizasiyasının kultural ənənələr və institutlarının transformasiya və penetrasiyası ilə başladılacaq “incə”, “hiss edilməyən” bir inqilab tərəfdarı idi. Hitlerin hakimiyyətə gəlişi ilə Frankfurt Məktəbi bağlandı  və əksər üzvləri ABŞ-a emiqrasiya etdilər. 1934-cü ildə Kolumbiya Universiteti bu “siyasi qaçqınlar”a yardım etdi və Nyu-Yorkda “Sosial Tədqiqat İnstitutu” adlandırılan Frankfurt Məktəbinin yeni versiyasını yaratdı. ABŞ-da yeni karyeralarına başlayan Frankfurt intellektualları 60-cı illərdə başlayan əks-kültür hərəkatlarına dərindən təsir etməklə “Western academia”da dominant olan sosial-psixoloji elmlərin təməlini qoydular.

T.Adorno 1938-ci ildə Almaniyanı tərk edərək Nyu-Yorka yerləşdi. Prinston və Berkeley Universitetlərində işləyən Adornonun 1950-ci ildə Els Frankel Braşvik və Daniel Levinson ilə birlikdə yazdığı “Avtoritar Şəxsiyyət” adlı kitabı nəşr edildi. Kitabın ön sözündə Horxaymer qeyd edir ki, bu əsər sosial diskriminasiya və modern cəmiyyətdə azlıqların mövqeyi, daha spesifik olaraq insanın avtoritar tipi ilə assosiasiya edilən dini və irqi nifrət problemi haqqındadır. Bu, F (Faşizm) şaklasına uyğun ölçülə bilən müərəkkəb şəxsiyyət sindromudur. Leftist avtoritarizmdən daha çox, konservativ avtoritarizm üzərində fokuslanmaqla bu kitab iddia edir ki, Xristian ailəsi faşizm və anti-semitizm “yuvasıdır”. Bu ailədə mövcud olan ata fiqurunun özünə xas avtoritarizmi faşist mentallığının genetik mənşəyini təşkil edir. Raen bildirir ki, Avtoritar Şəxsiyyət bir təməl ideyaya əsaslanırdı: “Xristianlıq, kapitalizm və və patriarxal-avtoritar ailə cəmiyyəti irqi aversiya və Alman faşizminə yaxın bir xarakter yaratdı”. Əlbəttə, bu o anlama gəlirdi ki, belə “faşist” və “anti-semit” Xristian cəmiyyəti, o cümlədən onun tradisional institutları alt-üst edilməli, yeni liberal-demokratik sekulyar cəmiyyət və Tənqidi Nəzəriyyəçilərin təxəyyül etdiyi yeni institutlar ilə əvəzlənilməli idi. Burada qeyd edilən kitabdan bir neçə sitat yerinə düşər:

            “Faşizmə həssas olmanın xarakteristk olaraq bir orta-sinif fenomeni olduğu məlumdur. Bu da həmin “kültür” və ona uyğunlaşanların ən kəskin dini-irqi nifrət daşıdıqları deməkdir”.

            “Valideynlər arasında iqtidar münasibəti, ana yaxud ata tərəfindən dominantlıq, onların həyatın spesifik sahələrində üstünlüyü bizim mühüm problemimizdir. Yalnız bundan sonra, uzun avtoritar tarixə sahib Alman ailəsinin niyə faşizmə qarşı həssas olduğu dərk edilə bilər”.

Bu yeni baxış Patrik Bukenen-in “siyasətin psixolojiləşdirilməsi” olaraq adlandırdığı bir fenomendir. Bukenen bildirir ki, “Avtoritar Şəxsiyyət”in müəllifləri özlərini mental olaraq “sağlam və əxlaqən ali”, mühafizəkaları isə “əxlaqən geridəqalmış”, “mental xəstə” olaraq görən, bunu da orta sinif yetişdirilməsi ilə əlaqələndirən Solçulardır. Konservativ baxışın “psixolojiləşdirilmə”sinə elmi baxımdan da cəhd edildi. 20212-ci ilin yanvarında American Journal of Political Science-da Bred Verhulst, Lindon İvs və Piter Hatemi mühafizəkarların liberallardan daha çox avtoritarizm və psixotizmə meyilli olduqlarını bəyan etdilər. Bu ideya daha sonra Berri Kuhle tərəfindən “Psychology Today” jurnalında yazdığı “Mental xəstəlik olaraq Mühafizəkarlıq” adlı məqalədə təkrarlandı. Lakin 2016-cı ildə American Journal of Political Science-da Konservatizmi psixotizm və avtoritarizm ilə eyniləşdirən müəlliflər “‘Erratum to “Correlation not Causation: The Relationship between Personality Traits and Political Ideologies” adlı yeni məqalələrində yalnışlığa yol verdiklərini, əksinə tədqiqatlara əsasən, liberalların psixotizm və avtoritarizmə daha çox meyilli olduqlarını qeyd edirdilər.

Tənqidi Nəzəriyyə və kultural Marksizm üzərində dərin təsirə malik digər nəzəriyyəçi italyan Antonio Qramşidir. O da Frankfurt məktəbinin digər nəzəriyyçiləri kimi kapitalizmin aradan qaldırılması üçün öncə Qərbin kultural institutları və onların təməllərinin yox edilməli olduğunu bildirir. O, 1929-1935-ci illərdə həbsxanada olduğu dövrlərdə daxildən kultural dəyişiklikləri özündə ehtiva edən gələcək planı ana xətləri ilə qeyd edirdi. Sonrdan bu qeydlər “Həbsxana Məktubları” adlandırıldı.

“Kultural hegemoniya” nəzəriyyəsini özündə ehtiva edən bu yazılar sonda gələcək əks-hegemonik qüvvə üçün iki metod ilə çıxış edir: “mövqe müharibəsi” və “hərəkat müharibəsi”. Avstraliyanın Vollonqonq Universitetindən Riçard Hovson bildirir ki, “mövqe müharibəsi” marginallaşdırılmış və subordinat siniflərin emansipasiya mübarizəsidir. Bu “taktiki mübarizə” əks-hegemoniya qüvvələrinə dominant qrupun sosio-kultural təsirini qırmağa, eyni zamanda onlara kollektiv şüur və zərbə gücünü qurmaq üçün qəti iradə inkişaf etdirməyə məkan və zaman şərtləri verməklə dominant qrupun hərbi iqtidarını da sarsıtmağa qadir edir. “Hərəkat müharibəsi” isə birbaşa zorakılıq və güc tətbiqidir. Qramşinin “mövqe müharibəsi” Fabianların “nüfuz etmə” və “arı pətəyi qurma”sı kimi tədrici infiltrasiyadır.

Amerikda 1960-cı illərdə əks-kültür hərəkatının lider mürşidi, Amerikan siyasi aktivizmi və Yeni Sol ilə assosiasiya edilən fiqur, Herbert Markuzedir. Berlində, yuxarı sinif bir aildə doğulan Herbert Markuze 1934-cü ildə Amerikaya köç edərək, İkinci Dünya Müharibəsi illərində, anti-Nasist propaqandası üzərində hökumət ilə əməkdaşlıq etmişdi. Kolumbiya, Brandeis, Harvard Universitetlərində işləyən Markuzeyə tələbə hərəkatları, Vyetnam müharibəsi öz baxışları (yəni Frankfurt məktəbinin) və əsərlərini geniş kütlələrə çatdırmaq üçün uyğun şərtlər formalaşdırdı. “Birölçülü insan: İnkişaf etmiş sənaye cəmiyyətinin ideologiyası üzərində araşdırmalar” adlı kitabı ilə Markuze Demokratik Cəmiyyət Tələbələrinin rəhbər bələdçisinə çevrildi. Cinsi repressiya haqqında Freydin psixoanalitik nəzəriyyələrini Marksist nəzəriyyə ilə sintez edən məhz o idi.

“Eros və Sivilizasiya” adlı kitabında isə Markuze seksuallığın “polimorf perversiya” olduğu ideyası ilə çıxış edir. Bu, infantil və primitiv azadlıq Prinispi vasitəsilə sosial olaraq normativ seksual davranışlardan cinsi azadlığın ekspressiyası demək idi. Gender müxtəlifliklərinin sosial konstruksiyası haqqında yazan Erix Fromm ilə birlikdə o, cinsi repressiyanın istismar və dominantlıq maraqlarına dayanan kapitalist cəmiyyətin məhsulu olduğunu, və “seksual azadlığ”ın sosial inqilabdan öncə gəldiyini vurğulayırdı. Bu da şübhəsiz ki, valideynlik, ailə və uşaq yetişdirmənin “zəruri destruksiyası”nı özündə ehtiva edirdi. Markuze və digər Tənqidi Nəzəriyyəçilərə görə, gender, ailə, cinsiyyət və evlilik azadlıq üçün dekonstruksiya edilməli olan sosial konstruktlardır.

“Biröçülü insan”da Markuze iddia edir ki, sosial nəzarətin yeni formaları – kütləvi media, reklamçılıq və industrial menecment – tənqidi düşüncə və inqilabi potensialdan boş, birölçülü dünya yaratmaqla oppozisional aktivliyi boğur. Keçmişdə inqilabi potensiala sahib olan əhali seqmenti, yəni proletariat insanı kütləvi istehlak cəmiyyətindədir, assimilyasiya olub. Lakin bu, siniflərin aradan qalxması deyil, isteblişmentin qorxunmasına xidmət edən tətminlər və ehtiyacların nə dərəcədə kardinal əhali kütlələri tərəfindən bölüşüldüyü anlamına gəlir. O əlavə edir ki, həyat standartının yüksəldiyi şərtlərdə sistem ilə uyğunsuzluğun sosial olaraq faydasızlığı meydana çıxır. Başqa sözlə, işçi sinifləri artıq inqilabi sosializmin varlığını davam etdirə biləcəyi mənbə deyil. Buna görə də, Markuze yeni mənbələr axtarır. Duqlas Kellnerə görə, Markuze Üçüncü Dünya ölkələrindəki inqilabi hərəkatlaırn azadlıq potensialına, Yeni Sol-da emansipatorial sosial transformasiya potensialı, müharibə əleyhinə tələbə hərəkatları, feminizm, qaradərililərin irqi problemləri, əsrin digər sosial qüvvələri üzərində fokuslanır.

Markuze, “təbii azadlıq” tələbi ilə belə müxalif hərəkatların siyasi və əxlaqi olaraq “Qərb ortodoksluğ”una qarşı mübarizələrində “haqlı” olduqlarını iddia edir, marginalizasiya, opressiya və “qurban olma”nın onların həmrəyliyində sentral əhəmiyyət daşıdığını vurğulayır.

 

 

 

Ədəbiyyat:

  1. Martin Jay., The Dialectical Imagination, A History of the Frankfurt School and the Institute of Social Research, 1923-1950, University of California Press, 1973
  2. William Lind., ‘Political Correctness: A Deceptive and Dangerous Worldview, “Cultural Marxism and its Conspirators”, Nehemiah Institute Inc., 2004
  3. Raehn, ‘The Historical Roots of Political Correctness’. http://arcofcc.freeservers.com/Documents/pc.html .  Raehn has an MA in International Affairs and founded the United States Global Strategy Council in 1981
  4. Patrick Buchanan., The Death of the West, Thomas Dunne Books/St. Martin's Press, New York, 2002
  5. Kerry Bolton., Revolution from Above, Manufacturing Dissent in the New World Order, Arktos Media Ltd., 2011
  6. Adorno et al., The Authoritarian Personality, Sponsored by the Amerıcan Jewısh Comitee SOCIAL STUDIES SERIES: PUBLICATION NO. III
  7. Verhulst, Eaves, and Hatemi, ‘Erratum to  “Correlation not Causation” ’, E3–E4 https://onlinelibrary.wiley.com/doi/full/10.1111/ajps.12216
  8. Antonio Gramsci., Selections from the Prison Notebooks, Harvard University Press, 1985
  9. Herbert Marcuse, Eros and Civilization, A Philosophical Inquiry into Freud (Boston: Beacon, 1966) 49–50.
  10.  Herbert Marcuse, One-Dimensional Man: Studies in the Ideology of Advanced Industrial Society (London: Routledge, 2002)
  11.  Clare Ellis., The Blackening of Europe: Ideologies & International Developments, Arktos Media Ltd., 2020, Kindle edition

Sübhan Padarsoy

Bakı Dövlət Universitetinin tarix fakültəsi məzunu, modernizm sosiologiyası üzrə tədqiqatçı, "Modernizm əsri və insan", "Entropik dünya" kitablarının müəllifidir.