Qeyri-səlis məntiq tədris prosesində - TƏTBİQ METODLARI (I YAZI)

17.03.2023

Böyük alim Lütfi Zadənin 1965-ci ildə əsasını qoyduğu, daha sonra isə xüsusi əlavələrlə genişləndirdiyi qeyri-səlis məntiq nəzəriyyəsinin əsas motivi klassik Aristotel məntiqindən fərqli olaraq,  yalnız “ya var - ya yox” prinsipinin tam əksinə, istisnalılıq və dərəcəlilik şərtləridir.
Bu məntiqə əsasən  0-1 intervalı üzrə “ya yox...ya var” qütbləşməsindən, “ağ-qara” sütununda   yalnız ağ və yalnız qara yanaşmalarından imtina edildi. Qaranın müxtəlif çalarlılıq dərəcəsi, ağın sonsuz ağlılıq göstəricilərinin olması əsaslandırıldı.Qeyri-səlis məntiq öncə psixoloji olaraq insanı məhdud qərarvermə çərçivəsindən xilas etdi. Nəyinsə konkret olaraq ya var, ya da yox olduğunu əsas göstərən Aristotel məntiqi insan zəkasını da qırmızı xətlərdən kənara addımlamağa qoymurdu. Qeyri-səlis düşüncə tərzi insanı məhz bu buxovlardan xilas etdi. Odur ki, nəzəriyyənin əsas leymotivi olan variativlik, dərəcəlilik prinsipləri öncə iqtisadi mexanizmlərə tətbiq edildi və əldə edilən qazanclar milyardlarla ölçüldü.

Gələcəyə yönəlik daha praqmatik addım atan bəzi ölkələr isə qeyri-səlisdən  düşüncə tərzi kimi yararlanmağa çalışaraq, onu  təhsil sahəsinə tətbiq etdilər. Bu tətbiq qeyri-səlis məntiq nəzəriyyəsinin  ayrıca fənn kimi tədrisindən ibarət olsa da, şagirdlərə başqa xüsusiyyəti öyrətmiş oldu-hadisələrə qeyri-səlis yanaşmağı...
Qeyri-səlis məntiqin təhsilə tətbiqinin keyfiyyət göstəriciləri həmin ölkələrdə özünü çox göstərmədi. Süni intellekt dövrünün uşaqları sonradan həmin bilikləri həyati tətbiqlərə çevirə bildilər.

Şagirdlər qeyri-səlis məntiqin sayəsində  informasiya bazasını əzbərləyən biri kimi yox, əldə olunan datalara tam fərqli yanaşma sərgiləyən, onun innovativ təhlil və tətbiqini həyata keçirən bir kadr  kimi formalaşa bildilər.
Qeyri-səlis məntiqin Azərbaycan təhsilinə tətbiqi, tədris proqramları, təhsilalanlarla, təhsilverənlər arasındakı akademik və psixoloji ünsiyyətə əlaqələndirilməsi dərsin keyfiyyət əmsalını artırmış olardı. Lakin ilkin mərhələ olaraq, tədris müəssisələrimizdə qeyri-səlis məntiq nəzəriyyəsi, onun mahiyyəti və tətbiqi əhəmiyyəti ilə ibtidai tanışlıq məqsədilə qeyri-səlis məntiq dərsləri keçirilə bilərdi ki, buna da ehtiyac duyulmayıb.

Qeyri-səlis məntiqin tədris prosesinə tətbiqinə aid bir neçə metod
Yazının birinci hissəsində təklif  edəcəyimiz qeyri-səlis məntiqə aid yanaşmalar tədris prosesi zamanı təhsilverənlərin (müəllimlərin) tətbiqi üçün nəzərdə tutulub.  Müəllimlər dərs prosesi zamanı qeyri-səlis məntiq yanaşmalarından  aşağıdakı hallarda yararlana bilərlər:

- mövzuların təqdimində;

- təhsilalanları qiymətləndirmədə;

- özünü təqdimetmədə;

- pedaqoji prosesin təşkilində.

Mövzuların təqdimində qeyri-səlis yanaşmalar – Qeyri-səlis məntiqin ana funksiyasının insan düşüncəsini Aristotel məntiqinin (ya “hə”, ya “yox”, ya “ağ”, ya “qara”) məhdud çevrəsindən xilas etməkdir. Amma təəssüf ki, əksər hallarda müəllimlər mövzuya yalnız bir nöqtədən, ilkin görünən təəssürat kontekstindən baxmış olurlar. Müəllimin izah etdiyi mövzu şagirdlərə özünün səthi və hamı tərəfindən görünən prizmasından çatır. Şagird bundan ötrü dərsə gəlmədən həmin mövzunun qavramını  bu tərzdə, bu səviyyədə elə özü də kitabdan oxuyaraq qavraya bilərdi. Lakin müəllimliyin əsas mahiyyəti öyrətmək yox, öyrətməyin yollarını izah etmək, “nələri öyrənmək” çoxluğunda ən lazım olanları seçməklə, onları necə qavramağın metodlarını göstərməkdir. Təəssüf ki, aparılan monitorinqlər və təhsilalanlarla söhbətlərdən məlum olur ki, günümüzdə çox az sayda müəllim bu meyarlar üzərindən  hərəkət edir. Qeyri-səlis məntiq yanaşmasından “nə”yi deyil, “niyə”ni qabardan müəllim şagirdlərdə təhliletmə, verilənlər bazasındakı uyğunluq əlaqələrini görmə bacarıqlarını daha da önə çıxara bilər. 

Müddəaya aid kiçik bir nümunə - (şərti olaraq) VIII sinif Azərbaycan tarixi dərsliyindən mövzu – Səfəvilər dövrü. Çaldıran döyüşü...

Ənənəvi olaraq, tarix müəllimlərimiz bu mövzunu keçən zaman aşağıdakı kriteriyalara söykənirlər:

-Çaldıran döyüşü ilə bağlı tarixi bilgiləndirmə;

-Tərəfləri müsbət və mənfi rakursdan dəyərləndirmə;

-Xronoloji əzbərçilik;

-Nəticə

Mövzu ilə bağlı məlumatlılıq üçün yuxarıda sadalanan meyarlar da kafidir. Amma XXI əsrin şagirdi yaddaşını yükləmək yox, daha çox düşünmək, qəbul etdiyi informasiyaları analiz etmək haqqında düşünür. Çağdaş dövrün təhsili subyektin təhlil və tədqiqatına xüsusi önəm verdiyi üçün mövzu ilə bağlı aşağıdakı yanaşmalar tətbiq oluna bilər:

-Mövzuya qeyri-səlis dəyərləndirmə sütunu ilə yanaşma- Qeyri-səlis çoxluq sütunu ilə dəyərləndirmə dedikdə, 0 – 1, və ya ağ-qara arasındakı çoxvariantlılıq, dərəcəlilik nəzərdə tutulur. Bu sütunun dəyərləndirmə meyarında “ya pis”, “ya yaxşı” anlayışı yoxdur. Klassik məntiq intervalındakı iki konkret qütb – (hə - yox) burada itir. Qeyri-səlis məntiq sütunu predmetin ölçüsünü, onunla bağlı olan dərəcələndirməni nisbiləşdirir. Predmetlə bağlı sonsuz variativlik təqdim edir. Yəni, tam ağ deyilən anlayış yoxdur,ağla bağlı milyon variativlik, dərəcəlilik şkalaları var...
Qeyri-səlis dəyərləndirmə sütunu mövzuların təqdimatında tətbiq edildikdə təhsilalanların təhliletmə bacarıqlarına daha çox təsir göstərə biləcəkdir. Müddəanı elə yuxarıdakı misal əsasında konkretləşdirək:
Məlumdur ki, Çaldıran döyüşü Azərbaycan, eləcə də türk dünyası tarixininin təəssüflə oxunan səhifəsidir. İki güclü türk dövlətinin birgə mübarizə aparmaq, daha da güclənmək əvəzinə, bir-birilərilə konfliktdə olmaları, nəhayətdə amansız döyüşə səbəb olacaq qədər  münaqişələrə baş vurmaları düşmənlərin ən birinci hədəfi sayılırdı. Osmanlı-Səfəvi qarşıdurmaları iki güclü türk dövlətini zaman-zaman hərbi və iqtisadi cəhətdən də zəiflətmiş oldu.
Tarix müəllimi bu mövzunu izah edən zaman onun əyaniliyini, şagird üçün çatımlılığını təmin etmək və ondan predmetlə bağlı subyektiv mülahizələr yaratmaqdan ötrü mütləq qeyri-səlis dəyərləndirmə sütunundan istifadə etməlidir.
Bu sütuna əsasən həmin döyüş şagirdin nəzərində təkcə qanlı və qara səhifə olaraq canlanmayacaq. O bu sütundan öz subyektiv mülahizələrini çıxaracaq. Məsələn, ibrətlik anlayışı... Hadisənin (Çaldıran döyüşü) bətnindəki tarixi ibrətlik missiyası şagird üçün xüsusi bir meyar olaraq izah edildikdə, mövzuya həm də bu fondan yanaşıldıqda faydalılığı daha çox ola bilər. Təhsilalan öz təfəkkür və təxəyyül süzgəcində iki böyük gücü – Şah İsmayılla, Sultan Səlimi birləşdirə, onları döyüşə sövq edən və bunun marağında olan yad qüvvələrlə qarşılaşdıra, situasiyanı özününküləşdirərək, oradan ibrətamiz qənaət hasil edəcəkdir.
-Bu sətirlərin müəllifinin 2017-ci ildə AMEA-nın Fizika İnstitutundan hazırladığı reportajdan kiçik bir hissəni mətn kimi təqdim edək. Müəllim tədris prosesində bu kiçik abzası şagirdlərə təqdim etməklə, onların qeyri-səlis dəyərləndirmə bacarıqlarını özü üçün müəyyənləşdirmə imkanına malik olacaqdır. Burada  hər şagird öz “ağ”ını başqa variantda təklif edəcəkdir:
“Bir neçə laboratoriyanı da gəzirik. Funksiyasını bilmədiyim müxtəlif avadanlıqlar laboratoriyadakı divarları tək qalmağa qoymur. Hər dəfə boş otağın qapısını açan zaman 92 yaşlı Maqsud müəllimin çöhrəsinə diqqət edirəm. O zaman anlayıram ki, boş otaqlara açılan bu çöhrə elmin müasir durumu haqqında acılı simfoniyadır. Bir neçə əməkdaşla bizi tanış edir. Müxtəlif maddələrin iyi hopmuş otaqlar mənə ağ rəngli həkim (və ya alim) xalatını xatırladır... Hiss edirsən ki, bu otaqlar da ağ rəng geyinib. Amma ağ rəngli geyimin bir neçə funksiyası da var.... Bu otaqlarda daha çox ağ rəngli parçanın sonuncu, lap sonuncu funksiyasını hiss etdim...
Bu kiçik mətni oxuyan şagird təxəyyülü ağ rəng üzərində özündən də asılı olmadan qeyri-səlis gəzişmələr edəcəkdir. Bununla da müəllim bir dərsdə şagirdə xüsusi düşünmə bacarıqlarını aşılamış olacaqdır.
-Situasiyaya görə dəyərləndirmə və qərarvermə - VIII sinif şagirdi fakt olaraq Çaldıran döyüşünün nə zaman baş verdiyini bilməyə bilər. Təbii ki, tarixi bilgi olaraq bunu bilməsi arzuolunandır. Amma rəqəmlərlə, xronoloji bilgilərlə arası olmayan şagird həmin ili unuda bilər. Bu o demək deyil ki, müəllim şagirdin biliyini yalnız bu və bu kimi digər verilənlər bazası əsasında qiymətləndirsin. Xeyr, Çaldıran döyüşünün baş vermə ilini bilmək təhsilalanın savad yox, yaddaş üstünlüyüdür. Müəllim şagirdin bilik və düşünmə qabiliyyətini situasiya əsasında qiymətləndirə və onun gələcək təhsil karyerası üçün böyük motivasiya yarada bilər.
NÜMUNƏ-  Müəllim şagirdə: 1514-cü il... Makunun  Çaldıran düzü...  Səfəvilərin şahı İsmayılla, Osmanlı sultanı Səlimin orduları üz-üzədir. Sən bu situasiyada özünü görsən, Şah İsmayılın yerinə ordunu idarə edəsi olsan, döyüşün baş verməməsi üçün hansı addımı atardın?

Sultan Səlimin yanında elçilər göndərən zaman onlara sultana nə söyləməklərini tapşırardın?

İlk baxışdan nisbətən sadə görünən bu nümunə şagirdin təsəyyül dünyası, situasiyaya görə qərarvermə bacarığını həm sınaqdan keçirmək, həm də onu inkişaf etdirmə baxımından çox mühümdür.
Diqqət edin, burada döyüşün başvermə ilini müəllim özü deyir, məkanı özü təsvir edir... O, əksər həmkarı kimi bu bilginin şagirdinin yeganə üstünlüyü kimi görmür. Müəllimi bu zaman şagirdin yanaşma tərzi, təfəkkür süzgəcinin variativlik dərəcəsi maraqlandırır. Müəllim bilir ki, şagird onun təklif etdiyi situasiyanı özününküləşdirə bilsə, yaddaş hadisəsi olan “1514”bilgisini də asanlıqla yadda saxlaya biləcək. Amma onun bilik göstəricisi bu fakt yox, situasiyayailə bağlı etdiyi təxminlər və verdiyi qərarlar olacaqdır (ardı var)

Elmin Nuri

Sosial Tədqiqatlar Mərkəzinin əməkdaşı, elm və təhsil məsələləri üzrə tədqiqatçı