Dünyadakı siyasi proseslər hadisələrə daha sağlam gözlə baxmağımızı labüd edir. Samuel Hantinqtonun “dünyada ədaləti ədalətdən çox danışanlar tapdalayır” nitqi indi Fransanın neimüstəmləkəçi simasına işarədir sanki. Bəşəri dəyərlərin qorunmağının qlobal məsuliyyət şüuru tələb etdiyi indiki dövrdə Fransanın müstəmləkəçiliyi dövlət ideologiyası halına gətirməyi qəbuledilməzdir. Bu gün Azərbaycan başda olmaqla dünyanın bir çox nüfuzlu ölkəsi Fransanın Kaledoniya, Korsika, Mayotlarda etdiyi hüquqi cinayətlərə etiraz edir. Bu haqlı protestin yaxın zamanlarda çevrəsi daha da genişlənəcək.
Birincisi, əsla qəbul edilə bilməz ki, bir ölkə öz coğrafi sərhədlərinə aid olmayan bölgələrdə siyasi və hüquqi qəsbə rəvac versin. Korsikanın yerli parlamentində Korsika dilinin qadağan edilməsi ilə bağlı son qərar Korsika əhalisinin növbəti etirazlarına səbəb olur. Əvvəla unutmaq olmaz ki, Korsika yerli parlamenti birbaşa Fransa mərkəzi hakimiyyəti tərəfindən gələn direktivlərlə işləyir. Yerli əhali bu parlamenti heç bir formada özünün təmsilçisi hesab etmir və edə də bilməz.
Bastia inzibati məhkəməsi yerli parlamentdə müzakirələrin Korsika və fransız dilləri olduğunu bildirən prosedur qaydalarının müddəalarını ləğv edib. Məhkəmə hesab edib ki, bu müddəa Fransa Konstitusiyanın 2-ci maddəsinə ziddir. Qərar mərkəzi hökumətin adadakı ən yüksək nümayəndəsi olan Korsika prefekti tərəfindən qaldırılan məhkəmə iddiasından sonra, eləcə də Emmanuel Makron administrasiyasının yerli siyasətçilərlə Korsikaya daha çox muxtariyyət verilməsi barədə danışıqlar apardığı bir vaxtda qəbul edilib. Halbuki, qərarda Fransanın öz konstitusiyasını belə heçə saydığını görürük. Korsika adası ilə bağlı qərarlarda Fransa konstitusiyasının müddəalarının subyektiv şərhləri hüquqi nonsensdir.
Müstəqillik tərəfdarı olan “Core in Fronte” partiyası tviter hesabında bu qərarı “rüsvayçı” hesab edib. Millətçi deputatlar hesab edirlər ki, məhkəmə qərarı və onun motivasiyası yalnız konstitusiyaya yenidən baxılmasının mütləq zərurətini təsdiqləyir, xüsusən də Korsika dilinin rəsmi statusunu təmin etmək, onun yaşaması və inkişafı üçün vacib şərtdir.
“Korsikada yalnız fransız dilinin istifadə oluna biləcəyinə dair hökm ayrı-seçkilik və beynəlxalq qanunların pozulmasıdır, çünki ingilis dili dövlət universitetlərində də istifadə olunur, lakin Korsika dili qadağandır”, - deyə BMT-nin azlıqlar üzrə xüsusi məruzəçisi Fernan de Varen özünün tviter hesabında müvafiq qərarın ədalətsiz olduğunu qeyd edib. Bu məsələnin beynəlxalq siyasi institutlara çıxarılmağı üçün biz də fəal mübarizəyə qoşulmalıyıq.
2021-ci ildə Fransa Milli Assambleyasında “separatizmlə mübarizə və respublikanın prinsiplərinə hörmət haqqında” və “terror hücumlarının qarşısının alınması” adlı iki qanun layihəsi qəbul olundu. Hər iki qanun layihəsi ölkədə separatizm və terrorizmlə mübarizədə hökumətə daha geniş addımlar atmağa imkan verir. Bu qanun layihəsinin təşəbbüskarı isə şəxsən Fransa Prezidenti Emmanuel Makrondur. Bundan sonra Fransada irqçilik, islamafobiya və digər qeyri-insani addımlar daha da vüsət almağa başladı.
2022-ci ilin yay aylarında Fransa rəsmiləri dəfələrlə Korsika Milli Azadlıq Cəbhəsinin (FLNC) fəaliyyəti haqqında danışarkən onu siyasi mübarizə aparan azadlıq hərəkatı kimi, ekstremist şəbəkə kimi qələmə veriblər. Korsika adasının tarixi keçmişi onun Fransadan daha çox İtaliya bağlarını ortaya qoyur. Fransa konstitusiyasının “bir millət” prinsipi Fransanın coğrafi ərazilərini əhatə edir. Korsika adasının Kaledniya və digər bölgələr kimi Fransa coğrafi sərhədlərinə aidliyi yoxdur. Fransada Korsika, Brittani, bundan Oksitaniya və Savoyard kimi yerlərdə milli identifikasiyaya qarşı beynəlxalq hüquqa zidd addımlar atılır. Korsika dilinin italyan dilinin bir ləhcəsi kimi tarixi keçmişi var. O baxımdan Korsikada baş verənlərə yaxın zamanlarda Qoşulmama Hərəkatı və Türk Dövlətləri Təşkilatı da etiraz edə bilər.