Bir il sonra, 80 il əvvələ: Soyuq Müharibə – II.

27.02.2023

Pandemiyadan bəri yaşadığımız son 3 il siyasət, iqtisadiyyat və eləcə də beynəlxalq münasibətlərdə köklü və genişmiqyaslı dəyişikliklərə səbəb oldu. Geridə qoyduğumuz 2022-ci il “Böyük Depressiya”nın yaşandığı 1929-cu il, Berlin divarının yıxıldığı 1989-cu il, Sovetlər birliyinin çökdüyü 1991-ci il, Nyu Yorkdakı “Əkiz Qüllələr”ə terror aktının törədildiyi 2001-ci il, maliyyə dünyasının çökdüyü 2008-ci ildən sonra yaxın tarixin şahid olduğu ən kritik illərdən biri kimi yadda qaldı. Ötən ilin kritik olmasının əsas əlamətləri beynəlxalq münasibətlərin özəyinə dəyən ciddi ziyandan da aydın görünür ki, bu da dünya nizamının öz axarında davam etməsinə dair qeyri-müəyyənlikləri artırır. Bütün bu proseslərdə qeyri-sağlam və narahat atmosferin əsas nöqtəsi isə təbii ki Ukrayna müharibəsidir.

Ukrayna müharibəsinin siyasi-iqtisadi təsirlərindən tutmuş "COP27" İqlim Sammitinə ev sahibliyi edən Şarm əl-Şeyx və Dünya Kuboku tarixinin ən yaxşısı ola biləcək son mundialın keçirildiyi Qətərə qədər dəyişgənlik və dalğalanmalarla dolu bir il olan 2022-ci ili nəzərdən keçirərkən bəhs ediləcək çox şey var. Ötən il Livan hökumət boşluğuna girdiyi halda, İraq, Böyük Britaniya, Braziliya və bəzi digər ölkələrdə yeni iqtidarlar formalaşdı, Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) rəhbəri Şeyx Xəlifə bin Zayed Əl Nəhyan və İngiltərə kraliçası II. Elizabet kimi nüfuzlu şəxsiyyətlər dünyasını dəyişdi. Bu hadisələri, o cümlədən, rəqəmsal valyuta sisteminin çökməsi, hava və iqlim dəyişikliyinin artması, Pakistanda 1730-dan çox insanın ölümünə səbəb olan fəlakətli daşqın kimi müxtəlif hadisələr müşayiət etdi. Bundan əlavə, Yaponiyanın yeni baş naziri Fumio Kişidanın kibertəhlükəsizlik, çip istehsalı və başqa bir çox işlərə müdaxilə etmək mandatı ilə İqtisadi Təhlükəsizlik nazirliyi yaratması, Makronun “Dövlət enerji sektorunun bir neçə aspektini öz əlinə almalıdır” bəyanatı fonunda siyahını davam etdirərək, 2022-ci ilin ən görkəmli hadisələrindən biri kimi dünyanın düşmən düşərgələrinə bölünməsi ilə Qərb diskursunun önəmli parametri, hətta ideologiyası olan qloballaşmaya dair ziddiyyətlərin aşkar şəkildə ortaya çıxmasını qeyd edə bilərik.

Məhz 1 il öncə başlayan Ukrayna müharibəsi Şimali Atlantika Müqaviləsi Təşkilatında (NATO) illərlə davam edən süstlük və ABŞ-ın 2021-ci ilin avqustunda Əfqanıstandan çıxarılmasına kölgə salan fikir ayrılıqlarından sonra Qərbin bir araya gəlməsi üçün həm də bir fürsət oldu. Qərb rəsmiləri Rusiya prezidenti Vladimir Putinin Ukraynaya qarşı işğal cəhdi ilə bağlı “beynəlxalq” təcriddən danışsalar da, proses əslində bir müddət beynəlxalq səviyyədən daha çox qərb coğrafiyası üzərindən baş verdi. Qloballaşmanı uğursuzluğa düçar edən Rusiya neft və qazına qoyulan embarqolar “Kollektiv Qərb”in (bura hətta Asiyanın inkişaf etmiş ölkələri də daxildir) sanksiyalarının nəticələrindən yan keçmək istiqamətində hərəkətinin bir hissəsi olaraq, Rusiyanın enerji resurslarının ixracını qərbdən şərqə keçirməsi ilə nəticələndi.

Tarix boyu münaqişə və dövlətlərarası müharibələrin əsas səbəblərindən biri təbii ehtiyatların qıtlığı olmuşdur. Hansı ki, İkinci Dünya Müharibəsi mahiyyət etibarı ilə yaxın keçmişin buna dair ən bariz nümunəsidir. Həm Nasist Almaniyası, həm də İmperator Yaponiyasına ərzaq və enerji də daxil olmaqla, mühüm resursları əldə etmək üçün “rasional” gündəm məhz bu müharibə oldu. Maraqlı tərəflərin uğursuzluğu ilə başa çatan prosesdən sonra resursları əldə etməyin alternativ və ideal metodunu təmin etmək üçün qarşılıqlı əlaqəli ticarət və investisiya sistemləri yaradıldı. Bu minvalla Beynəlxalq Valyuta Fondu, Dünya Bankı, Birləşmiş Millətlər Təşkilatı, Ümumdünya Ticarət Təşkilatı kimi dünyamiqyaslı qurumlar da məhz resurslarla əlaqədar olan münaqişələri azaldıb, dünyanı daha dinc və təhlükəsiz etmək amalı ilə ərsəyə gətirildilər. Lakin yenə də, yoxsulluqdan istifadə edərək anti-liberal rejim yaradan Mussolini və Hitlerin məğlubiyyətlərinə rəğmən, onların Sovet versiyalarının davam etdiyi müddətdə epizodik millətçilik, proteksionizm, terror, ərzaq tədarükündə yaranan fasilələr və neft qiymətlərinin artması qloballaşmaya müxtəlif səviyyələrdə təsir göstərmiş oldu. Ancaq, dünya son 80 ildə demək olar, heç vaxt bu qədər qloballaşmadan əvvələ  ̶  resurs müharibələri dövrünə qayıtmaq təhlükəsi ilə üzləşməmişdi. Çünki 1980-ci illərdən başlayaraq qloballaşma daha da intensivləşməyə başladı. Həmin dövrlər Tetçerizm və Reyqanizmin yüksəlişi, ardınca Berlin divarının uçurulması, Çinin dünya iqtisadiyyatına inteqrasiyası və Avropada vahid birliyin formalaşması məhz qlobalizasiya əleyhinə olan nüansları üstələyirdi.

Hətta qloballaşma anlayışı dünya üçün yeni olmasa da, məhz həmin illər baş verən siyasi, iqtisadi və texnoloji dəyişikliklər ona dair müxtəlif üstün və çatışmaz cəhətlərin də müzakirəsinə təkan verdi. Çünki qloballaşma həm də Sovet İttifaqının enerji resurslarının kapitalist ölkələrə çatdırılmasını əhatə edirdi. Bu isə kapitalist dünyasının sosialist dövlətin resurslarından, beləliklə SSRİ-dən asılı hala düşməsi kimi qeyri-adi bir mənzərənin ortaya çıxmasına zəmin yaradırdı. Məhz təsadüfi deyildi ki, 40 il əvvəl ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsi Sibirdən Almaniyaya uzanan 3500 millik qaz kəmərinin Qərbi Avropanın gələcəyi üçün birbaşa təhdid və Rusiya yanacağından təhlükəli səviyyədə asılı olacağına dair Ağ Evə xəbərdarlıq etmişdi. Təşəbbüsün qarşısını almaq üçün sanksiyalar tətbiq edən Reyqan isə çoxlu əks-reaksiyalara məruz qaldı. Hansı ki, Ağ Ev administrasiyasına buna dair etirazlar, təkcə Kreml və ucuz qaz mənbəyinə can atan Avropa ölkələri deyil, həm də bu layihələrdə xüsusi marağı olan Vaşinqtonlu neft-qaz şirkətləri və lobbilərdən gəlməyə başladı. Məsələn, layihədə iştirak edən “Exxon” törəmə şirkətinin sədri Volfqanq Oehme o zaman Reyqanın bu işi qadağan etmək üçün heç bir əsasının olmadığını bildirmişdi.

Ancaq, tarix Reyqanın onilliklər əvvəl necə haqlı olduğunu sübut etdi. Qloballaşma 2001-ci ildə müasirliyin simvolu olan Ümumdünya Ticarət Mərkəzinə məxsus “Əkiz qüllə”lərə iki təyyarənin çırpılması, 2008-ci ildə “Lehman Brothers”in dağılması və qlobal maliyyə sisteminin ürək dayanması, daha sonra “Trumpian” (Donald Trampın Trans-Sakit Okean Tərəfdaşlığı ticarət paktını rədd etməsi, məşğulluq yaratmaq və maaşları artırmaq üçün fabriklərin ABŞ-a qaytarılmasını iddia etməsi) və “Brexit” millətçiliyi, ingilislərin ən böyük azad ticarət zonasını tərk etməyə səs verməsi, beynəlxalq sistemin Çin və Qərb hissələrinə ayrılması, ən son isə “Covid-19” ilə zaman-zaman sarsılmışdı. Rusiyanın hərbi həmlələri isə həm Ukraynaya, həm də elə qloballaşmaya əvvəlkindən daha böyük və qəti bir hücum oldu.

2014-cü ildə Krım ilhaq ediləndə Ukraynanın şərqində yaşayan etnik fərqdən də istifadə edib Rusiyanın daha sonra yarımadanı materiklə birləşdirəcək ərazini genişləndirmək istəyi aydın görünürdü. Ancaq, o zaman dünya bu proses və Kremlin gələcək planlarına sadəcə səmərəsiz sanksiya və bir neçə “tənbeh”lə reaksiya verdi. Aradan keçən müddətdə etnik azlığın faktiki olaraq çoxluq təşkil etdiyi Donetsk, Luqansk, Xarkov və Zaporojyadakı dərin problemlər Minsk razılaşmaları ilə həll oluna bilməməsi və hərbi müdaxilələr nəticəsində Ukraynanın şərq hissəsinin artıq Rusiya ərazisi olduğu iddiası ilə təcavüzə çevrildi. 24 fevral 2022-ci il tarixində Ukraynaya qarşı hücum isə Rusiyaya qaşı tarixin şahid olmadığı ən şiddətli sanksiyaların tətbiq edilməsinə gətirib çıxardı.

İnkişaf etmiş ölkələrin aparıcılığı ilə həyata keçirilən sanksiya siyasətinin təsiri son illərdə formalaşmış geosiyasi gərginlik fonunda qarşılıqlı iqtisadi fəaliyyət mexanizmlərini korladı ki, bu da qlobal bazarlarda ciddi sarsıntılara səbəb oldu. Şübhə yoxdur ki, “Kollektiv Qərb”-in tətbiq etdiyi hərbi və siyasi təzyiqlər Rusiyaya misli görünməmiş maliyyə və iqtisadi zərbələr vura bilib, lakin bu heç də Rusiyanın çöküşü mənasına da gəlmir. Əvəzində, yaranan vəziyyətdən ən çox əziyyət çəkən iqtisadiyyatların Avropa bölgəsində olduğunu qeyd edə bilərik.

Reallıq isə odur ki, müharibədən sonra qərb ölkələrinin mərkəzi rolu ilə formalaşmış qloballaşma modeli artıq bir o qədər effektiv deyil. İlkin təəssürat ondan ibarətdir ki, hədəflər artıq regional əməkdaşlıq müstəvisinə üstünlük verilməklə qurulur. Maraqlı məqam isə bu əməkdaşlığın inkişafına dair meyillərin elə Rusiyanın əsas hissəsini təşkil etdiyi Avrasiya məkanında müşahidə edilməsindədir. Yaxın vaxtlara qədər bunun ən bariz nümunələri Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı və Müstəqil Dövlətlər Birliyi idi. Lakin, xüsusən 1991-ci ildə SSRİ-dən ayrılan respublikaların MDB-yə üzv olması birliyi nəinki müasir standartlara uyğun bir ittifaqa çevirmədi, hətta üzvlər arasında münaqişələrin qarşısını almağa belə gücü çatmayan formal bir təşkilat halına saldı. İndiki vəziyyətdə isə yarandığı ilk gündən bu yana MDB ən sıxıntılı günlərini yaşamaqdadır. Bunun da səbəbi MDB-nin lokomotivi olan Rusiya Federasiyasının Gürcüstan, Ukrayna və Moldovanın ərazi bütövlüyünü, bununla da post-sovet məkanında sabitlik və inkişafın təmin edilməsi prinsiplərini pozaraq, qeyd etdiyimiz kimi, onu bir quruluş kimi getdikcə formal təşkilata çevirməsi olmuşdur. Son proseslərdən sonra beynəlxalq aləmə yalnızlaşmadığı və müəyyən bir əhatəyə malik olması ilə rahat olduğu mesajını vermək istəyən Kreml rəhbərliyi isə məhz MDB-nin Sankt-Peterburqda keçirilən sonuncu zirvə toplantısından maksimum yararlanmaqla həm də bir növ birliyi canlandırmağa səy göstərdi. İştirakçı dövlət başçılarına Kreml rəhbərinin üzük hədiyyə etməsindən əlavə, hansısa bir mühim sənəd və ya təhlükəsizlik sahəsində heç bir layihəni gündəmə gətirməməsi ilk növbədə Moskvanın öz tərəfdaşları qarşısında heç bir məsuliyyət daşımaq istəmədiyini və görüşdə iştirak edən ölkələrə məhdudiyyət cəhdindən çəkindiyini ortaya qoydu. Bu məqam isə Ukrayna müharibəsinin MDB çərçivəsində münasibətləri necə dəyişdirdiyini göstərir. Hansı ki, Rusiyanın ən yaxın müttəfiqi olan və onun mövqeyini daim dəstəkləyən Belarusun belə təşəbbüsü dəstəkdən o tərəfə keçmədi. Həmçinin, Özbəkistanın da Rusiyanın Qazaxıstanla birgə qaz ixracı təklifinə mənfi münasibəti Rusiyanın orbitinə sıx bağlı olan Mərkəzi Asiya ölkələrinin belə Ukraynanın cəsarətindən dərs çıxardığının əlamətləridir. Bununla belə, post-sovet məkanında yeni, MDB-yə nəzərən daha çox inteqrasiya etmiş birliklərin – KTMT, Avrasiya İqtisadi Birliyi, Rusiya və Belarus ittifaq dövləti, o cümlədən çoxtərəfli formatların digər təmsilçiləri kimi Şanxay Əməkdaşlıq Təşkilatı və Türk Dövlətləri Təşkilatının mövcudluğu, həmçinin bir sıra regionların, məsələn Yaxın Şərq ölkələrinin Asiya nəhəngləri olan Çin və Hindistanla hərtərəfli əlaqələrini gücləndirməsi, Çinin ardınca Rusiyanın da yaxın vaxtlara qədər mövcudluğunun zəif olduğu Afrika qitəsi ilə genişlənən əlaqələri (məsələn, 2023-cü ildə keçirilməsi planlaşdırılan ikinci “Rusiya-Afrika” forumu) regional formatın intensivləşməsinə dair tezisin ən əyani nümunəsidir.

Ancaq, məsələ heç də bu qədər sadə və asan deyil. Digər bir mümükün ehtimal isə qlobal birliyin üç bloka – qərb, neytral güclər və Çin-Rusiya düşərgəsinə bölünməsi ilə İkinci Dünya Müharibəsinin sonundan bəri hökm sürən ABŞ mərkəzli dünya nizamının sonlanacağına dair işartılardadır. Daha öncə mülahizələr toplusundan ibarət bu məqam, dekabr ayında ABŞ Konqresinin birgə iclasında çıxış edərkən Ukrayna prezidentinin xəbərdarlıq nitqinin mərkəz cümləsinə çevrildi: “Rusiya müharibədə qalib gəlsə, ABŞ-ın İkinci Dünya Müharibəsindən sonra qurduğu dünya nizamı qaçılmaz olaraq dağılacaq”. Ancaq, bu proses həm də dünyada sabitliyi ələ almaq baxımından qərb və bitərəf güclərin fikir ayrılıqlarını nə qədər basdıra və eləcə də, qlobal çağırışlarla mübarizədə əməkdaşlıq edə biləcəklərindən asılıdır.

Belə ki, ötən ilin fevral ayının 24-dən sonra xüsusən G20 ölkələri müharibə ilə əlaqədar bir neçə toplantı keçirsə də, onlar arasında Qərb-Rusiya seçim ayrılıqları baxımından heç cür birmənalı qərar qəbul etmək mümkün olmurdu. Bu baxımdan, 2022-ci ilin 15-16 noyabr tarixlərində İndoneziyanın Bali şəhərində keçirilən G-20 liderlərinin sammitini dönüm nöqtəsi hesab etmək olar: bütün ölkələrin təmsilçiləri Ukraynaya təcavüzü pisləyən birgə bəyanatla çıxış etdilər. Fikir ayrılıqlarını aradan qaldıraraq müharibəni pisləyən birgə bəyannamədə Rusiyanın adı birbaşa çəkilməsə də, “Üzvlərin əksəriyyəti Ukraynadakı müharibəni qətiyyətlə pisləyir” və “Nüvə silahından istifadə və ya hədəsi yolverilməzdir” kimi fikirlərə yer verilməsi, müharibənin başlanmasından 10 ay sonra Kremldən uzaqlaşmağa çalışan bitərəf dövlətlərin sayının artması ilə Rusiyanı əhatə edən beynəlxalq vəziyyətin əhəmiyyətli dərəcədə dəyişməyə başladığından xəbər verir. Çin və Rusiyanın da daxil olduğu, qlobal ÜDM-in 80%-ni təşkil edən çox fərqli gündəliyə malik qrup üzvlərinin yarısı ABŞ, Kanada, Yaponiya və Avropa ölkələri, qalanları isə tərəflərin heç birinə yaxın olmayan neytral güclərdir: Hindistan, İndoneziya, Cənubi Afrika, Braziliya və Meksika onların bir neçəsidir.

Neytral güclərin mövqeyinin dəyişməsini şərtləndirən əsas amil isə münaqişənin qlobal ərzaq və enerji böhranlarını daha da dərinləşdirməsidir. Mövcud durumda, xüsusən inkişaf etməkdə olan iqtisadiyyatlar qida və enerji böhranından çox əziyyət çəkir. Bu isə Qərbə ərzaq və enerji çatışmazlığı kimi qlobal çağırışlarda neytral güclərlə əməkdaşlığı gücləndirmək üçün böyük imkanlar yaradır.

Göründüyü kimi, ticarət və iqtisadi siyasət ilə bağlı gərginlik iqtisadi müharibə kimi təsvir edilə bilən ən təhlükəli rəqabət səviyyəsinə çatdığından, dərinlik baxımından 2022-ci ilin izlərinin 2023-cü ildən də ötəyə uzanacağını söyləmək olar. Hətta, ən real variantda, müharibənin sona çatması üçün hər hansı bir həll yolu tapılsa belə, bunun dünyada sabit sülhü və pandemiya dönəmindən əvvəlki vəziyyəti təmin edəcəyinə dair ümumi şübhələr hələ də qalmaqdadır. Bu vəziyyətdə isə dünya üçün ən münasib olanı isə dörd bir tərəfə yayılan mövcud böhranlara necə reaksiya vermək və heç olmazsa yaxın 10 ilin sonuna qədər daha dayanıqlı sistem formalaşdırmaq üçün dayaqların necə qoyulacağı barədə düşünməkdir.

Pünhan Musayev

İqtisadçı, Sosial Tədqiqatlar Mərkəzinin əməkdaşı