Kollektiv Qərb və onun baxış bucağı, Rusiyanın Ukraynaya qarşı müharibəsindən bir il sonra qlobal ictimai rəy

23.02.2023

Rusiyanın Ukraynada hərbi əməliyyatlara başlamasından cəmi bir il sonra müharibənin dünya tarixində dönüş nöqtəsi olduğuna artıq şübhə yoxdur. Münaqişə avropalıların təhlükəsizlikləri ilə bağlı ən əsas fərziyyələrinə də meydan oxumuş oldu, belə ki, nüvə qarşıdurması ehtimalı beləliklə yenidən avropaya qayıtdı və qlobal iqtisadiyyatı sıradan çıxararaq enerji və ərzaq böhranları ilə nəticələndi.

Rusiyanın bu hərbi müdaxiləsi qlobal əhəmiyyət kəsb edən hadisə olsa da, dünyanın fərqli nöqtələrində insanlar bunu müxtəlif yollarla yaşayır. Hindistanın baş nazirinin keçmiş milli təhlükəsizlik müşavirinin sözlərinə görə, “dünyanın bir çox bölgələri üçün Ukraynada bir illik müharibə dünyanın balansını pozaraq transmilli təhlükəsizlik məsələləri ilə bağlı yeni suallar doğurub.”

Qərbdəki fikirlərdən fərqli olaraq, bir çox qeyri-Qərb ölkələrində insanlar soyuq müharibədən sonrakı nisbi sakitlik dövrünün bitdiyinə inanırlar. Onlar növbəti beynəlxalq nizamın ABŞ və Çinin başçılıq etdiyi iki blok arasında qütbləşmə ilə xarakterizə olunacağını gözləmirlər; əvəzinə onlar çoxqütblü dünyaya doğru bir parçalanma ehtimalını daha çox ehtimal edir.

Yeni bir çox ölkəni əhatə edən qlobal sorğunun əsas nəticələri göstərir ki, Rusiyanın Ukraynaya qarşı müharibəsinin başlamasından bir il sonra ABŞ və onun Avropalı müttəfiqləri öz birliklərini və məqsədlərini yenidən bərpa edib. Sorğu 2022-ci ilin dekabrında və 2023-cü ilin yanvarında doqquz Aİ ölkəsində və Böyük Britaniyada, Çin, Hindistan, Türkiyə, Rusiya və ABŞ-da keçirilib. Tədqiqatın nəticələri göstərir ki, Rusiyanın Ukraynaya hücumu həm Qərbin konsolidasiyası, həm də uzun müddətdir elan edilmiş post-Qərb beynəlxalq nizamının yaranmasına işarədir.

Ortaya çıxan fərqli mənzərə və onun şərhi.

Avropa hökumətləri arasında yeni konsensus ondan ibarətdir ki, yalnız Ukraynanın qələbəsi “Vladimir Putinin müharibəsi”-ni dayandıracaq. Böyük sayda Avropa vətəndaşı hələ də müharibənin mümkün qədər tez dayandırılmasını arzulasa da, sorğu göstərir ki, insanlar münaqişə bir müddət daha uzun davam etsə belə, sonda Ukraynanın qalib gəlməyinin arzulanması istiqamətində açıq tendensiya nümayiş etdirir. Amerikalılar da eyni şəkildə hesab edirlər ki, uzunmüddətli sülhün təmin olunması üçün Ukrayna öz ərazilərini geri qaytarmalıdır.

Əksinə, qeyri-Qərb ölkələrindəki insanlar isə müharibənin indi başa çatmasına açıq üstünlük verirlər - hətta bu, Ukraynanın ərazilərindən imtina etməli olduğu mənasına gəlsə belə. Çində respondentlərin çoxu (42 faiz) razılaşır ki, Rusiya ilə Ukrayna arasındakı münaqişə mümkün qədər tez dayandırılmalıdır, hətta bu, Ukraynanın öz ərazilərinə nəzarəti Rusiyaya verməsi mənasına gəlsə belə. Müharibəni tezliklə bitirmək istəyi Türkiyədə (48 faiz) və Hindistanda (54 faiz) daha da güclənir. Bununla belə, qeyd etmək lazımdır ki, hər iki ölkənin əhalisinin demək olar ki, üçdə biri Ukraynanın bütün ərazilərini geri alması variantını üstün tutub.

Müharibə haqqında sorğuya gəldikdə isə amerikalılar və avropalılar Rusiyanın “rəqib” və ya “düşmən” olduğuna inanırlar. ABŞ-da respondentlərin 71 faizi, Böyük Britaniyada 77 faizi və Aİ ölkələrində 65 faizi bu iki şərtdən birini seçib; respondentlər Rusiya ilə münasibətlərin gələcəyin qarşıdurması kimi qiymətləndirirlər.

Türkiyəli respondentlərin 14 faizi Rusiyanı özlərinə müttəfiq kimi görür. Cəmi 8 faiz türk respondent isə Rusiyanı ölkələri üçün düşmən olaraq gördüyünü deyib.

ABŞ-dan olan respondentlərin 5 faizi, Aİ vətəndaşı olan respondentlərin cəmi 3 faizi, hindistanlıların 51 faizi, Çindən olan respondentlərin isə 35 faizi Rusiyanı özlərinə müttəfiq kimi gördüyünü deyib.

Avropalıların Rusiyaya qarşı artan düşmənçiliyi onların enerji təchizatı ilə bağlı problemlərlə nəticələnsə belə, Rusiya məhsulu yanacaqları almamağa üstünlük vermələrində özünü göstərir. Sorğuda iştirak edən doqquz Aİ ölkəsinin hər birində bu, üstünlük təşkil edən fikirdir və bu Aİ vətəndaşlarının orta hesabla 55 faizinin bunu dəstəklədiyini göstərir. Əksinə, yalnız 24 faiz respondent Rusiyadan qaz və digər məhsulların alınaraq maneəsiz enerji təchizatının təmin edilməsinin tərəfdarıdır.

Tədqiq olunan qeyri-Qərb ictimaiyyəti Qərb ictimaiyyətindən təkcə müharibə üçün arzuladıqları nəticələrə görə deyil, həm də ABŞ və Avropanın Ukraynaya niyə kömək etməsi barədə də düşüncələrinə görə fərqlənir.

Prezident Co Bayden müharibəni demokratiya ilə avtoritarizm arasında mübarizə kimi qələmə verdi və o, demokratiyanın müdafiəsini daxildə və xaricdə bir çağırış kimi istifadə etməyə çalışdı. ABŞ-da hazırda “azad dünya” rəhbərliyinin leksikonu yenidən geri qayıdıb.

Qərb fiqurları münaqişəni Qərbi birləşdirmək üçün bu cür təsvir etsələr də, bu, qeyri-Qərb ölkələrindəki vətəndaşlara müraciət etmək üçün heç etibarlı yol deyil. Əksinə: Qərbdən kənarda olan bir çox insanların fikrincə, onların öz ölkələri də demokratikdir və bəlkə də ən yaxşı demokratik ölkələrdir. Hansı ölkənin “əsl demokratiyaya” daha yaxın olduğunu soruşduqda, Çində 77 faiz “Çin” cavabını verib. Hindistanlıların 57 faizi “Hindistan” cavabını verir. Cavablar Rusiya və Türkiyədə daha az açıqdır, lakin yenə də türklərin ən çox vediyi cavabı öz ölkəsidir (36%). Sorğu göstərir ki, rusların 20 faizi 1-ciliyi Rusiyaya verir ki, bu da orada ən əsas cavabdır. (Ancaq Rusiyada respondentlərin demək olar ki, üçdə biri heç bir ölkəni əsl demokratiyaya malik ölkə kimi seçməyib.)

Paşa Bayramov

İstanbul Universiteti və Marmara Universitetinin (magistr) Media və Kommunikasiya ixtisası üzrə məzunu. Sosial Tədqiqatlar Mərkəzinin aparıcı məsləhətçisi