Fevral ayının 6-da qardaş ölkə Türkiyə və onunla həmsərd ölkə olan Suriya əhəmiyyətli dərəcədə insani və maddi itkilərlə nəticələnən iki böyük zəlzələ ilə sarsıldı. Yerli və beynəlxalq xilasetmə qruplarının dağıntı bölgəsində axtarış-xilasetmə işləri davam edərkən, diqqətlər həm də, xüsusilə Türkiyə nümunəsində, fəlakətin səbəb olduğu iqtisadi ziyanlara yönəldi.
Əvvala qeyd etmək lazımdır ki, daşınmaz əmlak sektoru baş verən fəlakətin ağırlığını bir neçə dəfə artırır. Birincisi, məsələni ilk baxışdan göründüyü kimi sadə etməyən məqam, qida və geyim kimi ən azı sığınacağın da fərdin yaşam şərtlərinin aparıcı parametri olmasıdır. Hətta qida və geyimi tez bir zamanda təmin etmək mümkün olsa da, mənzil uzun müddət tələb edən məsələdir. İkincisi, inşaat sektoru pul və real bazarlar arasında hibrid rolunu oynayır. Bu sektorda baş verən nasazlıq tez və qalıcı olmaqla digər bölmələrə də yayılır və qarşısını almaq çətin olur. Başqa məzmunda olsa da, hansı ki, dünya “COVİD”-ə qədərki ən böyük böhranı 2008-ci ildə məhz ABŞ-da ipoteka bazarının çökməsi ilə yaşamışdı, amma hələ də təsirləri aradan qaldırıla bilmir. Hətta bu gün dünya iqtisadiyyatının üzləşdiyi ən böyük sıxıntıların bir qismi də bu sektordan qaynaqlanır. Fəlakətin iqtisadi böhrandan fərqi isə odur ki, böhran gəlir və maliyyə sərvətinə, fəlakət isə maddi sərvətə - birbaşa inventara zərbə vurur.
Təbii ki iqtisadi təsirlər ərazidən əraziyə, ölkədən ölkəyə dəyişir. Bu daha çox ölkənin iqtisadi standartları və infrastrukturun vəziyyətindən asılı olan məsələdir. Bu baxımdan, zəlzələlərin iqtisadi təsirləri, əsasən qısa və uzunmüddətli, həmçinin birbaşa və dolayı olaraq təsnifləşdirilə bilər.
Adətən qısamüddətli təsirlər qismində bölgədə yerləşən istehsal materiallarının itməsi, elektrik və nəqliyyat xətlərinin sıradan çıxması, obyektə daxil ola bilməmək, ölüm və xəsarət nəticəsində işçi qüvvəsindən məhrum olmaq kimi dəyişgən amillər çıxış edir.
Uzunmüddətli təsirlər isə daha qalıcı olmaqla, həm də daha böyük məzmuna malikdir. Məsələn, sıradan çıxan elektrik xətləri və işçi qüvvəsinin tezliklə bərpasından fərqli olaraq, infrastrukturun yenidən qurulması sabit istehsal amili olduğuna görə, böyük zaman və məsrəf tələb edir. Bu isə zəlzələnin səbəb olduğu birbaşa və dolayı təsirlərdən irəli gələn məqamlardır.
Birbaşa təsirlər əsasən gözlə görünə bilən tərəflərdir. Hansı ki müxtəlif təyinatlı infrasturuktur çöküşü bu qəbildəndir. Dolayı təsirlər isə daha çox öncədən gözlənilən və zamanla müşahidə olunan itkilərdir. Məsələn, kütləvi müflisləşmələrin ardınca baş verən işdən çıxarmalar və problemli kreditləri bura aid edə bilərik. Beləliklə, bu da yüksək maliyyə yükü olmaqla büdcə üçün ya nəzərdə tutulan investisiyaların bir qisminin bu işlərə yönəlməsini, yaxud da əlavə maliyyə mənbələri tələb edir –mövcud durumda vergi artımı münasib olmadığından, alternativ üsullar kimi daxili-xarici borclanma və pul emissiya etmək ön plana çıxır.
Digər tərəfdən, tez nəzərə çarpan olduğuna görə, təəssüf ki təbii fəlakətlərin iqtisadi dəyəri adətən fiziki məzmunda ifadə olunur: sadaladığımız kimi, aktivlərin məhv olması, məhsul itkisi, yenidənqurma və s. Hansı ki, fəlakətlə üzləşmək insanlara psixoloji və emosional cəhətdən də təsir göstərir, onları fərqli düşünməyə, fərqli hərəkət etməyə və qərar qəbul etmə üsullarını, o cümlədən iqtisadi qərarları dəyişməyə sövq edir. Məsələn, zəlzələnin psixoloji zərərləri hətta fəlakətdən heç bir xəsarət almayan insanlara da təsir göstərir. Bu kimi hallarda insanlar iş yerinə qayıtmağa risk etmir, sənaye və xidmət obyektləri bağlı qalır, eləcə də növbəti gözlənilməz fəlakətə hazır olmaq məqsədilə cəmiyyət yığımlarını artırır, xərclərinə maksimum qənaət edir ki, bu da milli iqtisadiyyatda konyuktur dəyişikliklərinə gətirib çıxarır. Hətta zəlzələnin baş verdiyi ərazilərə ilkin müdaxilə və yenidənqurma ilə bağlı göndərilən yardımlar belə hava və su qədər lazım olsalar da, daha sonra yerli xidmət və əmək qiymətlərini artıraraq, istehsal sektorunun rəqabətqabiliyyətliliyini itirməyə, bazar pozuntularına səbəb ola bilər. Bundan başqa, zəlzələ baş verən ərazidə talançılıq, oğurluq da prosesin uzanması və bərpanın ləngiməsini mürəkkəbləşdirir ki, bu da daha sonra qeyri-müəyyənlik riskinin qalmasını artırır.
Fövqaladə hallar baxmayaraq ki proqnozlaşdırılması çətindir, xüsusən də mütəmadi olaraq təkrarlanan ölkələrdə onlara daha yaxşı hazırlaşmaq fəlakətli halları idarə etmək qədər vacibdir. Çünki risk dövrü davamlılıq və yenidən qurma məsələləri baxımından normal vəziyyətə qayıtmaq üçün çox mühim əhəmiyyətə malikdir. Axı təlafatda baş verən hadisə qədər dayanıqsız və insanların təxliyəsini çətinləşdirən binalar da müəyyən pay sahibi olur. Hətta deyərdim bu fikirlər, təkcə zəlzələ deyil, son illər dünyanın üzləşdiyi pandemiya, inflyasiya kimi bəlalara da şamil edilə bilər.
Məhz bütün bunları nəzərə almaqla, müharibə, terror, yanğın, ətraf mühitlə bağlı olan qlobal istiləşmə, qasırğa, quraqlıq, hətta geofiziki hadisə olan zəlzələ proseduru da ilk öncə bölgədə iqtisadi struktur və aktivliyin ölçüləri, spekulyativ qiymətləndirmənin qarşısının alınması üçün bu ölçülərin data əsaslandırılması, beləliklə iqtisadi zərərin real şəkildə müəyyən olunması və məhdudlaşdırılması ilə mütərəqqi sosial-iqtisadi reabilitasiya layihəsinin hazırlanmasını tələb edir.
Türkiyə nöqteyi nəzərdən, ən pisi odur ki, bir sıra məlumatlara görə, bu hadisədən sonra ölkədə 1 milyon civarında insan evsiz qalıb. Fərqli-fərqli məslək sahibi olan bu insanların evsiz qalması həm ölkənin əmək bazarına ciddi itki, həm də ölkə maliyyəsi üçün böyük bir öhdəlik deməkdir. Digər tərəfdən ərazi iqtisadi aktivliyi cəhətdən ölkə iqtisadiyyatı üçün çox önəmli paya malik idi: ölkə əhalisinin 15, iqtisadiyyatın 9, kənd təsərrüfatının 14, sənaye və emalın 11, son illər makroiqtisadiyyat üçün vizion seçilən ixracın 8.5, rəsmi işçi qüvvəsinin 12%-ə qədəri məhz bu regionda cəmlənmişdi. Ancaq, təəssüf ki zərər bu rəqəmlərin orbitilə də yekunlaşmır. Birincisi, ona görə ki, ÜDM cari dövr buraxılışı əks etdirdiyindən, ondan əvvəlki dövrdə yaradılan fondlar bura daxil deyil. İkincisi, qeyri-rəsmi məşğulluq bu göstəricilər arasında yer almır. Üçüncüsü isə, təməl qidanın (məs. çörək və çay) zəruri olduğu bir vaxtda, digər sektorlardan fərqli olaraq ərazidəki k/t-ı inventarını başqa bölgələrə daşımaq mümkün deyil. Daha vacib nüans isə, zəlzələnin təsir dairəsinin birbaşa bağlılıqda olmadığı sahələrə də sirayət etməsidir. Hansı ki, dağıntıların qeydə alındığı bölgə Türkiyə üçün gəlir baxımından aparıcı sektor olan turizmlə bir o qədər sıx əlaqəli deyildi, ancaq turizm obyektlərinin bölgədən təxliyə edilənləri sığınacaq qismində müvəqqəti qəbul etməsi bu sektorun bir müddət ləngiməsinə səbəb olacaqdır.
Əhatə dairəsindən əlavə, zəlzələnin dağıdıcılıq gücü də çox şiddətli oldu. Bu zəlzələləri hətta Böyük Marmara zəlzələsi ilə də müqayisə edirlər bəzən, ancaq düşünürəm ki bu müqayisədə qüsur var. İlk növbədə, Marmara zəlzələsi qış yox, yaz aylarında olub. Cari zəlzələlər isə yaza ay yarım qalmış baş verdi. İkincisi, Marmara zəlzələsi zamanı Türkiyənin “Stand-by” razılaşması fonunda Beynəlxalq Valyuta Fondu ilə əlaqələri pis deyildi. Üstəlik, Kahramanmaraşdan fərqli olaraq Marmaranın dənizə çıxışı olması ilkin müdaxilə baxımından xüsusi önəmə malik idi.
Bundan başqa, beynəlxalq səviyyəli mütəxəssislər də açıqlamalarında son zəlzələlərin unikal olduğuna toxunublar:
- Yapon professor Shinji Toda Türkiyədəki zəlzələlərin 1995-ci ilin Böyük Hanşin (7.2) və 2016 -cı ildəki Kumamoto (7) zəlzələsindən 10 dəfə çox enerji miqdarına malik olduğunu;
- İngiltərənin London Universitetinin Risk və Fəlakətlərin Azaldılması İnstitutunun rəhbəri Joanna Faure Walker də Türkiyədə baş verən zəlzələlərin 2016-cı ildə İtaliyada 6.2 bal gücündə qeydə alınan zəlzələdən 250 dəfə çox enerjiyə malik olduğunu;
- Geofizik Martin Mai isə Yaponiyadakı zəlzələlərin okeanda olduğunu bildirərək, Türkiyədəki zəlzələlərlə müqayisə etməyin doğru olmadığını bildirib.
Elə bu amilləri nəzərə aldıqda, ilkin proqnozların da çox ciddi olduğunu deyə bilərik. Hansı ki, Reuters, Fitch, Bloomberg kimi agentliklər zərəri 1-4 milyard dollar olmaqla, yaxud da ÜDM-in 1-5%-i qədər proqnozlaşdırırdı. Ən son Türk Girişim və İş Dünyası Konfederasiyası isə iqtisadi itkilərin 84.1 milyard dollar olacağı təxminlərini irəli sürdü.
Proqnozların ÜDM-in 1-10% qədəri əhatə etməsinin səbəbi odur ki, nəzəri olaraq bina və infrastruktur ÜDM-ə daxil deyil, ancaq bir tərəfdən də onların bərpası şübhəsiz ki ÜDM-i artımına xidmət göstərəcək: tikinti, işçi cəlbi, material satışı və s. Lakin bu da, əlavə xərcləmələr və tələb artışı ilə onsuz da yüksək olan inflyasiyaya bir qədər də təzyiqi artıracaq ehtimaldadır.
Türkiyənin tarixi istər zəlzələ, istərsə də iqtisadi katakilzm hadisələri ilə çox “zəngindir”. Ən əsası isə, qardaş ölkə bu hadisələrin hər birindən, zamanın sınağından üzü ağ çıxıb, yenə də çıxacağına ümidlərimiz böyükdür. Zəlzələ zamanı həyatını itirənlərə rəhmət diləyir, yaralananların sağlamlıqlarını bərpa edəcəyinə inanırıq.