Ermənistan ərazilərində növbəti geopolitik qarşıdurma

24.01.2023

Ermənistan siyasi iqtidarı ölkədə baş alan özbaşınalıqlar fonunda siyasi savadsızlığın acı nəticələri ilə üzləşib. Ölkənin xarici siyasət kursundə sabit xətt yoxdur. Bütün dövlət aparatı və idarəetmə institutları iflic vəziyyətdədir. Bu qədər səbatsızlıqlar fonunda baş nazir Nikol Paşinyan və onun bacarıqsız komandası indi çətin sınaqlar qarşısındadır. Azərbaycan və Türkiyə ilə dürüst siyasət apararaq əlaqələri normallaşdırmaqdan başqa Ermənistanın heç bir qurtuluş şansı yoxdur. Eyni zamanda revanşist qüvvələrin daxildə Paşinyan komandasına təzyiqləri və həmçinin Rusiya siyasi elitası ilə Ermənistan hakimiyyəti arasında çatların dərinləşməyi Ermənistan hakimiyyətinin çıxılmaz vəziyyətdə qalmasını şərtləndirir. Bu gün sorosçuların iqtidar komandası İrandakı mollakratiyadan Fransadakı lobbist siyasətçilərə qədər- hər geopolitik burulğandan faydalanmağa çalışır. Ermənistanın “tarixi missiyası” isə dəyişməz olaraq qalır: Azərbaycan və Türkiyə əleyhinə forpost və təsir rıçağı kimi Ermənistandan istifadə edilir.

Paşinyan hakimiyyətə gəlməmişdən əvvəl verdiyi vədlərin heç birini gerçəkləşdirə bilmir. Əksinə Ermənistanın iqtisadi vəziyyəti hər gün daha çox neqativ çalarlarla zənginləşir. Belə olan təqdirdə Gümrüdəki Rusiya hərbi bazası, İranın Qafandakı konsulluğu da daxil olmaqla teokratik İran casusları, bütün Ermənistan ərazisinə yayılan sorosçu imperialist agentura şəbəkələri Ermənistandan nələrsə qoparmaq üçün təsirlərini artırmağa cəhd edirlər. Ermənistan əraziləri hakim komanda tərəfindən xarici təsisatlara və ölkələrə peşkəş edilir. Nəticə isə göz qabağındadır. Ermənistanı sülhdən yayındırmaq və regionda xaosda maraqlı olan qüvvələr basqılarını daha da radikallaşdırırlar .

Aİ daxilində missiya ilə bağlı yekdil qərar yoxdur. Ümumiyyətlə 2 illik mülki missiyanın hansı işlər görəcəyi də tam bəlli deyil. Əgər əsas məqsəd Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılmağı ilə bağlıdırsa, o zaman Şarl Mişelin moderatorluğu ilə Brüsseldə uğurlu format təsis edilmişdi. Azərbaycan Prezidenti bu formatın yararlı olduğunu dəfələrlə bildirib. Eyni zamanda hadisələrin sonrakı məcrası da göstərdi ki, Aİ daxilində ciddi kataklizmlər mövcuddur. Aİ-nin moderatorluğunu Fransa və Ermənistan sabotaj etdi. Həmçinin, Aİ daxilində mövcud olan uğurlu kommunikasiya strategiyası da iflasa uğrayıb. Bu gün Şarl Mişel, Ursula Von Der Leyen, Jozef Borrel kimi önəmli siyasi fiqurlar Azərbaycanın siyasi əhəmiyyətini qeyd edirlər. Avropa Parlamenti kimi korruspiyaya bulaşan qurumlar isə bütün Avropanın siyasi fikirlərini əsla ifadə edə bilməz.

Hər kəs bilir ki, Ermənistana gələn Aİ missiyası Paşinyanın rəsmi Moskvaya qarşı növbəti demarşıdır həm də. Burada vacib nüanslardan biri də odur ki, Rusiya və Qərb arasındakı geopolitik qarşıdurma Ermənistan ərazilərində daha da dərinləşəcək.

Tural İsmayılov

Bakı Dövlət Universitetinin Sosial Elmlər və Psixologiya fakültəsini bitirib, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Sosial Tədqiqatlar Mərkəzinin Mətbuat Xidmətində sektor müdiri, teleaparıcıdır