Pul kisəmizin səssiz qatili: 2023-cü ildə inflyasiya necə gözlənilir?

12.01.2023

İqtisadi anlamda ötən ili digərlərindən fərqləndirən ən vacib məqam inflyasiyanın yarım əsrdən sonra qlobal səviyyədə yenidən zirvəyə çıxması oldu. Uzun illər çox aşağı səviyyədə davam edən dünyanın istehsalçı və istehlak inflyasiyasının ən yüksək həddə çatdığı mərhələdə mərkəzi banklar da yenidən ciddi sınaqla üz-üzə qaldılar: onlar bir tərəfdən qlobal canlanmaya dəstək sərgiləməli, digər tərəfdən də yüksək inflyasiya ilə mübarizədə qəti qərar verməli idilər. Belə bir sınaq qarşısında isə 2022-ci ildə azı 90 mərkəzi bank inflyasiya təzyiqlərini aradan qaldırmaq üçün faiz dərəcələrini yüksəltdi. Verilən hər 3 qərarın təxminən 2-si artım yönümlü oldu. Belə ki, il ərzində mərkəzi bankların açıqladığı 660 qərarın 418-i stavkaların artırılması, 226-sı isə ən yaxşı halda sabit saxlanması ilə nəticələndi. Qərarvericilərin yarısı faizləri 75 bənd artırdığı halda, bir hissəsi də mövcud inflyasiyanın ən azı 1/10-i qədər artıma gedərək iqtisadi böyüməni bir növ göz ardı etdilər. Belə bir məqamda, dünya yeni ilə demək olar ki vahid bir sualla qədəm qoymaqdadır – bu qədər aqressiv mübarizə inflyasiyanın düşməsilə nəticələnəcək mi? Məsələn, dollar emissiyasında yeganə səlahiyyət sahibi olan və buna görə də dünya mərkəzi bankı hesab edilən FED inflyasiyanın 2023-cü ildən azalacağını gözləsə də, 2025-ci ilə qədər hədəf səviyyəyə (2%) dönəcəyini ehtimal etmir. Həmçinin aparıcı maliyyə institutlarının əksəriyyəti də (Goldman Sachs, Citigroup, JP Morgan, Barclays) 2023-cü ildə inflyasiyanın azalacağını proqnozlaşdırsalar da, minimum səviyyəyə çatacağı barədə nikbin deyillər. Hətta bir qədər sərt ritorika ilə, “Bank of America” inflyasiyanın daha 10 il davam edə biləcəyi barədə xəbərdarlıq da edib.

Dünya tarixində qeydə alınan bir sıra mühim qırılma nöqtələri vardır ki, hansı ki bir çox hallarda xəyal dünyasının sonsuz qapılarını açan bu möcüzələrə şumerlərin Mesopotamiyada ilk yaşayış məntəqələrini salması, ilk yazının meydana gəlməsi, ictimai əmək bölgüləri, Kolumbun Amerika qitəsini kəşf etməsi, ilk peyvənd, çap maşını, nəqliyyat, rabitə və internetin ixtira olunması, intibah və müstəmləkəçilik dövrü, fəzaya qalxmaq, Berlin divarının uçurdulması və “Covid-19” pandemiyası aid edilir. Düzdür, sonuncu təsadüfi xarakterə malik tibb nümunəsi olsa da, iqlim dəyişikliyi və süni intellekt axınlarının azı 10 il sürətlənməsinə ciddi təkan verdi. Bundan başqa, bəlkə də 4-cü sənaye inqilabı dövründə təməli qoyulan, qloballaşma və çağdaş kapitalizmlə güclənən gəlir bölgüsü ədalətsizliyi və yoxsulluq da öz məzmununu məhz “Covid-19”-la daha aydın formada ortaya çıxarmış oldu.

Pandemiya və post-pandemiya dönəmində dünya fərqli bir yerə gəldi. Pandemiyadan sonra qarşımıza eyni nəticəni (sosial ağırlıq) verən fərqli mənzərələr çıxdı: müharibə, böhran və yüksək inflyasiya...

XXI əsrdə pandemiya 2008-ci ilin Maliyyə böhranı ilə birgə müasir dünya iqtisadiyyatının şahid olduğu və onun ritmini sözün əsl mənasında pozan ən böyük şok oldu. Pandemiya həmçinin qlobal iqtisadiyyatın strukturu və istehlakçı davranışını əhəmiyyətli dərəcədə dəyişdi. Son yarım əsrdə ikinci dəfə qlobal inflyasiyanın artması da bu dəyişikliklər nəticəsində ortaya çıxdı.

Əvvəla ona görə ki, xüsusən son 30 ildə tədarük zənciri xeyli genişlənmiş, bir çox aralıq malların istehsalı müəyyən bölgələrdə cəmlənmişdi. Bu, daha çox səmərəliliyin artırılması motivi naminə atılan addım olsa da (son məhsul istehsalında lazım olan ara mallarını dünyanın ən ucuz yerlərindən almaq səmərəliliyi artırırdı), sistemi getdikcə “şok”a qarşı daha həssas edirdi. Məhz pandemiya da qlobal dəyər zənciri üçün şokların ən böyüyü oldu. Beləliklə, pandemiyanın ikinci ilində tələbin sürətlə bərpa olunması hətta bir çox ölçülərdə pandemiyadan öncəki dövrləri də üstələdiyindən mövcud istehsal tələbə reaksiya verməkdə aciz qaldı və tələb-təklif balanssızlığı qiymətlərin əhəmiyyətli səviyyədə yüksəlməsinə səbəb oldu.

Ancaq, məsələ təkcə tələb və təklif uçuurmunun genişlənməsilə yekunlaşmırdı. Bəlkə də pandemiyanın istehlakçı davranışına təsiri son yarım əsrin qabaqcıl trendləri olan texnologiya və qloballaşmanın nəticələrindən daha yüksək oldu. Belə ki, karantin dövrü insanların komputer, planşet, təraş maşını və avtomobil kimi mallara tələbinin artması restoran, kafe, bərbər və kinoteatr kimi xidmətlərə məsrəflərin azalması ilə müşahidə olundu ki, beləliklə xidmət sektorunda bir müştəriyə düşən xərclərin artması qiymətlərin artmasına da cığır açdı.

Digər tərəfdənsə, pandemiya zamanı əsas mərkəzi banklar pul təklifini əhəmiyyətli səviyyədə genişləndirdilər. Məsələn, pul təklifini əks etdirən və monetaristlərin diqqətlə izlədiyi geniş pul kütləsi dünyanın sərbəst dönərli valyutalarına malik ABŞ, İngiltərə və Avropa kimi iqtisadiyyatlarda bir neçə dəfə artdı. Nəzərə alsaq ki, pul siyasəti gecikmələrlə işləyir və bu günün nəticəsi 6-18 ay qabaq atılan addımlardan qaynaqlanır, deməli bu günki inflyasiyada qlobal mərkəzi bankların məhdudiyyət olmadan pul çapı da önəmli rol oynamışdır.

Qrafik. FED-in balansı.

Dövriyyəni əhəmiyyətli dərəcədə likvidlə təmin etməsinə rəğmən, 2021-ci ilin böyük hissəsi ABŞ prezidenti, xəzinədarlığı və dünyanın aparıcı mərkəzi banklarından inflyasiyanın “keçici” olmasına dair siqnallarla yadda qaldı. Düzdür, requlyatorlar ilin sonuna yaxın bu ifadənin başqa mənada səsləndirildiyini bildirsələr də, bazarlar bu fikri əvvəlcədən “müvəqqəti” mənasında (tərs) yozdu. İnflyasiya mövzusunda əsas məsuliyyətə malik olan orqanlar – mərkəzi banklardan bahalanmaların hədəfdən xeyli yuxarı olduğu vaxtda gələn belə mesajlar isə cəmiyyətin monetar siyasətə və mərkəzi bankların çevik reaksiyasına inamını sarsıtdı ki, bu da güvən amilinin önəmli olduğu dinamik iqtisadiyyatlarda qiymət mexanizminin pozulmasına xeyli təsir göstərdi.

Nəhayət, 24 fevral 2022-ci il tarixində isə Rusiya Ukraynaya qarşı hərbi əməliyyatlara başladığını elan etdikdən sonra, bu qərara başda ABŞ olmaqla bir çox qərb ölkəsinin sanksiya reaksiyaları gəldi. Pandemiyadan təsirlənən dünya iqtisadiyyatının struktur və istehlakçı davranışında əhəmiyyətli dəyişikliklərdən sonra, müharibə və onun doğurduğu sanksiyaların enerji və bir sıra məhsul qiymətlərini artırması qlobal səviyyədə 40 ildən sonra ilk dəfə inflyasiyanın zirvəyə çatmasına təkan verdi. Aparıcı maliyyə institutlarının (BVF, Dünya Bankı, OECD) vəziyyəti müntəzəm nəzərdən keçirdiyi geridə qalan ildə mərkəzi banklar da boş dayanmadılar. 1994-cü ildən bəri ən yüksək (0.75 bənd) faiz artımına gedən və 40 ilin ən sıx faiz siyasətini tətbiq edən FED-lə yanaşı, Avropa Mərkəzi Bankı da 2011-ci ildən sonra ilk dəfə faiz artırmaqdan əlavə (özü də 0.50 bəndlik), həmçinin tarixində ilk dəfə 0.75 bəndlik artım da həyata keçirmiş oldu. 2021-ci ildə inflyasiyanı keçici olaraq görən hər iki mərkəzi bankın bu etinadsızlıqdan yaranan problemlə mübarizəsi təbii ki bu il də dünyanın diqqət mərkəzində olacaq.

Ancaq, bu o demək deyil ki, yürüdülən monetar siyasətin daha sərt və ya elə bu tempdə davam etməsi inflyasiyanın yenə də öz səviyyəsinə qayıtmasında uğurlu olacaq. Səbəb yalnız gözə görülən yüksək enerji qiymətləri ilə əlaqədar deyil. Çünki əvvəla, inflyasiyanın mənşəyi ilə bağlı fikir ayrılıqları var. Əksəriyyət haqlı olaraq enerji qiymətlərini əsas götürməklə inflyasiyanı təklif qaynaqlı, bununla da monetar siyasətin iradəsindən kənar hesab edir. Lakin, biz xüsusən ötən ilin sonuna yaxın şahid olduq ki, sər pul siyasəti mühiti, Rusiya neftinə tətbiq olunan tavan qiymət, qlobal resessiya sədaları və əlavə determinantlar enerji qiymətlərinin nisbətən sabitləşməsinə şərait yaratdıqca bu, ümumi inflyasiyanın da mülayimləşməsinə təsir göstərə bildi. Daha çox qısamüddətli dövr üçün keçərli olan bu faktor isə ortamüddətli dövrdə öz aktuallığını itirir. Belə ki, xüsusən son dövrlər, tələbin strukturuna baxsaq görərik ki, qidaenerji bazarında qiymət artımları nisbətən yavaşlasa da, xidmət sektorunda temp yüksək olaraq qalır. Bu isə, yuxarıda da qeyd etdiyimiz kimi, pandemiya dövrü istehlakçı davranışlarının deformasiyaya uğraması ilə tələbdə baş verən struktur dəyişikliklərdən əlavə, qloballaşmanın uzun müddət qidalandığı resursların tükənməsindən irəli gələn məsələdir. Hansı ki, ötən əsrin sonları SSRİ-nin süqutu və iqtisadi islahatlardan sonra Çinin yeni düzənə keçidi 1.2 milyard nəfər insanın (həmin dövr dünya əhalisinin 25%-dən çox) qlobal sistemə inteqrasiyasına səbəb olmuşdu ki, bu da öz növbəsində ucuz işçi qüvvəsi demək idi. İEÖ-lərin yüksək əmək xərcləri ilə müqayisədə, bu ölkələrdən olan ucuz işçi qüvvəsi xüsusilə xidmət sektorunda qiymətlərin zəif tempdə davam etməsinə səbəb oldu.

Qrafik. ABŞ-da qida və xidmət inflyasiyası.

Paralel olaraq, qloballaşma bu dövrdə sosial mediadan da xeyli bəhrələndi. Söhbətin miqyası yalnız texnoloji tərəqqi və məlumat bölgüsü ilə yekunlaşmır. Televiziya kanalları ilə müqayisədə ucuz və bəzən də havayı olduğundan teatr tamaşaları, gündəlik oyunlar, mütaliə, reklam, rabitə-kommunikasiya və hətta iş dünyası kimi fəaliyyətlərin sosial mediaya inteqrasiyası da uzun illər xidmət sektorunda aşağı inflyasiyanın mövcudluğuna təminat yaratmışdı. Sosial şəbəkələr sosial mediaya çevrildikcə istifadəçilərin gözləntiləri artır, asanlıqla və ucuz qiymətə əlçatanlıq və onun üstünlüklərindən faydalanmaq hamının ürəyincə olmağa başladı: “Twitter”də özünə reputasiya formalaşdıran jurnalist, “İnstagram”da sponsor axtaran 20 yaşlı gənc, “YouTube”da öz işi üçün tərəfdar axtaran təcrübəçi, “Facebook” və “LinkedIn”də öz stilini yaradan mütəxəssis və s. Beləliklə, sosial media göstərdi ki, hər kəs aşağı xərclə böyük auditoriyaya çatmaq potensialına malikdir. Ancaq, ötən ilin son aylarında “Facebook”un hər keçən gün populyarlığını itirməsi və qəza siqnalları verməsi ilə “Twitter”in (və yəqin ki, başqa platformaların) də onu izləyəcəyinə dair gözləntilər sosial media ilə bağlı qeyri-müəyyənlikləri artırdı.

https://www.ecb.europa.eu/pub/economic-bulletin/articles/2021/html/ebart202104_01/ecb.ebart202104_01.en_img0.png?32f2da783b88ef011d09aae936755020

Mənbə: Avropa Mərkəzi Bankı/Globalisation and its implications for inflation in advanced economies

Əlbəttə, məsələ təkcə əmək axınları və texnologiya ilə də məhdudlaşmır. Ümumiyyətlə, bu gün dünya qloballaşmadan uzaqlaşır. Rusiyanın Ukraynaya hərbi müdaxiləsi ilə alovlanan qütbləşmə gözləniləndir ki, yeni ittifaqlaşma mərhələsinə keçid etsin. Bu da inkişaf etməkdə olan ölkələrdə yaşanan demoqrafik dəyişikliklərlə birləşərək, istehsal xərcləri və tədarük problemlərinin artmasına zəmin yaradan nüanslardandır. Belə bir vəziyyətdə isə, başda FED olmaqla dünya mərkəzi bankların cari ildə də faiz dərəcələri artımı və sərt pul siyasətinə sadiq qalmaları təəccüblü deyil. Məhz bu məqamda unutmaq olmaz ki, bu gün dünya ölkələri arasında aparılan ticarətin böyük bir hissəsi dollarla baş tutur. Deməli, FED-in aqressiv pul siyasətini davam etdirməsi 2023-cü ildə də dolları daha da bahalaşdıraraq valyutası ucuzlaşan ölkələrə idxal inflyasiyası, beləliklə qlobal inflyasiyanın üst səviyyədə qalmasını labüd edəcəkdir.

Mövcud vəziyyətin ölkəmizə olan təsirlərinə gəldikdə isə, Azərbaycan ilə dünyanın aparıcı iqtisadiyyatlarının bu baxımdan fərqləndiyi xüsusi bir məqam var ki, dinamik iqtisadiyyatlar inflyasiyanı müəyyən bir artım daxilində nəzarətdə saxlamağa çalışarkən, bizim potensialımız inflyasiyanı tək rəqəmli səviyyəyə salmağa səy göstərməklə kifayətlənir.

Pünhan Musayev

İqtisadçı, Sosial Tədqiqatlar Mərkəzinin əməkdaşı