Amerikan Marksizmi (II hissə)

22.11.2022

Marksizmin “Amerikanlaşmış” adaptasiyası idari, iqtisadi, sosial və kultural anlamda sistemi devirmək üçün Marksın təməl prinsiplərindən istifadə edir. Kaliforniya Universitetinin Tarix üzrə professoru ən kəskin debatların Marksizm və feminizm, Marksizm və dekonstruksiya, Marksizm və irq mövzularında getdiyini bildirir. Barringer qeyd olunan məqaləsində Tənqidi İrq Nəzəriyyəsi və Marksizmin Amerikanizmə digər adaptasiyalarının sentral prinsipini ortaya çıxarır. Bu, Amerika tarixi, institutları, ənənələr və ya “dominant kültürü”nə olan hücumdur. Dekonstruksionistlər insanın keçmişdə nə yaşanıldığını anlaya bildiyini rədd edirlər. Onlara görə, mətnlər özləri üçün əhəmiyyətsiz hesab etdiklərini kənara atanlar tərəfindən yazılır. Belə omissiyalar yazılmış tarixin reallıq haqqında etibarlı olmasını şübhə altına alır. Beləliklə, tarixin tradisional tədrisi üzərində müharibə bütövlükdə akademik sferada onun metastizasiyası ilə başlayır.

Amerikan kollecləri və universitetlərində professorların doktrinal bir alət olaraq Marksizmdən necə istifadə etməsi ilə bağlı məhdudiyyət yoxdur. Barringer qeyd edir: “Pittsburq Universitetində ingilis dilini tədris edən Qayatri Spivak özünü marksist-feminist, Viskonsin Universitetinin sosiologiya üzrə professoru Erik Olin Rayt özünü analitik marksist adlandırır”.

Erkən proqressivlər anlayırdılar ki, onlar imtiyazlı və sindikatlaşmış müəllimlər liqaları vasitəsilə təhsil və sinif otağı idarəsinə nəzarət etməklə təhsil sahəsindəki aktivizmlərini institutlaşdırmalıdır. İdeoloji impulslu kurrikulum ilə silahlandırılmış təhsil instruktorları təhsil institutlarının bütün müstəvilərində dominantlıq edirlər və hər növ skrutinizasiya və rəqabətdən azaddırlar. Bu səbəblərə görə, onlar standartlaşdırılmış testinqə, merit əsaslı müəllim qiymətləndirmələrinə, məktəb seçimi və s. şiddətlə qarşıdırlar. Onların məqsədi tradisional, pre-proqressiv təhsil yanaşmalarını tamamilə aradan qaldırmaq, proqressiv, Marksist istiqamətli, ideoloji əsaslı doktrinal yanaşmalara yol açmaqdır.

Erkən proqressivlər kimi, onları da Russo, Hegel və Marksın ideoloji törəmələri adlandırmaq olar. Onların genişəhatəli baxışına əsasən, fərd daha böyük topluluğa (və ya “xeyir”ə) tabe edilməlidir. “The Promise of American Life” adlı kitabında Herbert Kroli qeyd edir ki, amerikalıların qurmağı təklif etdikləri daha yaxşı gələcək onların essensial aspektlərində keçmişdən ayrılmalarını ehtiva edən ideyaya əsaslanmalıdır. Amerikalılar tradisional baxışlarını fəda etməyə hazır olmalıdırlar. Kroli bildirir ki, Amerikanın keçmişi sadəcə rədd edilməli deyil, amerikalılara onun rəddiyyəsi öyrədilməlidir.

Kroli yazır ki, Amerikan fərdiyyətçiliyinə ən ciddi zərbə vuran amil mövcud milli sistemimizin iqtisadi fərdiyyətçiliyidir. Amerikalılar hər zaman fərdi azadlığı bütün mümkün iqtisadi imkanlardan ümumxalq şəkildə bəhrələnmə ilə assosiasiya edib. Lakin onu söyləmək daha doğru olardı ki, praktiki olaraq qeyri-məhdud iqtisadi imkanlardan ümumxalq bəhrələnmə və xoşnudluq fərdi əsarətə şərait yaradır.

Əlbəttə ki, bu Russo, Hegel və Marksın təməl tezisidir. Fərd öz müstəqilliyini, azad iradəsini, daha böyük xeyir naminə fərdi axtarışlarını fəda etməlidir. Bununla o, daha tam və özünü reallaşdırmış olacaq. ABŞ-da kapitalizm və konstitutsionalizm Marksizm və proqressivizmə qarşı dayanan sipər olduğu üçün diskreditizasiya və eliminasiya edilməlidir. Kroliyə görə, proqressivizmi populyarlaşdırmağın ən yaxşı yolu ali təhsili kütləviləşdirməkdir. Demokratik Partiya tərəfindən irəli sürülən kolleclərdə hər kəsə azad təhsil, universitetlər və kolleclərdə iştirakı həvəsləndirmək üçün tələbə kreditlərinin ləğvi məhz bu kontekstdə dəyərləndirə bilər. Burada məqsəd sözsüz ki, daha çoxsaylı tələbələrə klassik liberalizmin öyrədilməsi və ya elm, texnologiya, mühəndisliyin tədrisi deyil, daha çox gənclərə öz radikal ehkamlarını indoktrinasiya etməkdir.

Təhsilin tradisional məqsədlərinin kardinal dəyişikliyi və sosial aktivizmə transformasiyasında Krolidən daha çox məşhur olan Con Dyui-nin rolu bu gün postmodern təhsildə kifayət qədər aşkardır. Təhsildə dərin transformasiya erkən proqressiv intellektualların qarşıya məqsəd qoyduqları sosietal transformasiyaya səbəb olmalı idi. C.Dyui öz dövrünün təhsil sistemini tənqid edərək onun proqressiv düşüncə dəyirmanına çevrilməsində təkid edirdi. O, Sokrat kimi öz məqsədlərini tələbələri necə düşünməyi öyrətmək olaraq təsvir etsə də, reallıqda onun ambisiyası tamamilə əksinə - Russonun ümid, Marksın isə tələb etdiyi kimi uşaqların indoktrinasiyası idi. Onun baxışları həm də utopik cəmiyyət, mütəşəkkil tiraniyadan başqa bir şey olmayan Platonun “Respublika”sı ilə də bənzərlik təşkil edir.

Dyui də Marks kimi iddia edir ki, bir millətin gəncliyi ictimai təhsil vasitəsilə mövcud normalar, dəyərlər, inanc sistemləri, ənənələr, adətlərdən azad olmalı və başqa bir proqramlaşdırma formasına hazır olmalıdır. Niyə də yox? Sinif otağı milyonlarla uşağın əsir auditoriyasını, Marksist istiqamətli indoktrinasiya üçün mükəmməl strukturu təmin edir. Russo kimi Dyui də təhsil ilə bağlı yanaşmasını “tələbənin ağlını açan” yanaşma olaraq xarakterizə edirdi. Daha dəqiq desək, tələbənin ağlının indoktrinasiya və adaptasiyaya təslim olmasını təmin edən yanaşma. Dyuinin qənaətinə görə, məktəb özlüyündə həyati sosial instituta çevrilməlidir.

Leninizmə rəğbəti olan Dyui SSRİ-yə səfər edərək burada mental və əxlaqi dəyişikliyə daha çox əhəmiyyət verildiyini, bunun da öz növbəsində iqtisadi və siyasi dəyişikliyə səbəb olduğunu bildirirdi. Ona görə, bütün sosial institutların funksiyası kapitalist ölkələrində fərdlərin hazırlıqlı şəkildə fərdi olaraq akt göstərməsi kimi, onların kooperativ və kollektiv şəkildə davranmalarını təmin edəcək vərdişlər yaratmaqdır. İnqilabın ideoloji silahı olaraq məktəblər bütün sosial agentivliklər  və maraqlar ilə bütövləşdirilməlidir.

Dyui qeyd edirdi ki, vahid tərzdə tələb olunan kollektiv və kooperativ mentallığı yaratmaqda daha geniş təhsilə arxalana bilməz. Tradisional institutlar, ev və Kilsənin təsiri avtomatik olaraq fərdin daxilində individualist ideologiya təsis etmək üçün işləyir. Şəhərlərdə yaşayan əməkçilərin kollektivizmə meyilliliyinə rəğmən, ətraf mühit əks istiqamətdə işləyir. Buna görə də, məktəbin funksiyası nominal kollektivist rejimlərdə hələ də güclü olan bu domestik və qonşuluq tendensiyalarına qarşı çıxmaq və onları transformasiya etməkdir.

Amerikada Marksizm (və ya amerikanlaşmış Marksizm) kontekstində vurğulanmalı olan digər xüsus Tənqidi Gender Nəzəriyyəsidir. Bu hərəkat da iddia edir ki, genderi bioloji, empirik, elmi və normativ fakt prizmalarından görən dominant kültür və cəmiyyət genderi sosial konstrukt olaraq görən LGBTQI+ topluluqlarına qarşı oppressiya nümayiş etdirir. Onlara görə, dominant inanclar zamanın müəyyən bir nöqtəsində imtiyazlı status-kvonun baxışları və ənənələridir. Ona görə də, bütün tradisional gender və seksual ikili distinksiyalar, eləcə də onlarla bağlı əxlaqi inanclar oppressiv və qeyri-ədalətlidir. Akademik sfera, korporasiyalar, media və hətta Nümayəndələr Palatası kişilər və qadınlar arasında şəxs əvəzliyi fərqliləşmələrini ortadan qaldıran nitq kodekslərini qəbul edirlər. Nümayəndələr Palatasında “he” və ya “she” əsasən “Üzv”, “Deleqat” və ya rezident komissioner adlandırılır. Ana və ya ata-nın sadəcə “valideyn” (parent), qardaş və ya bacı-nın isə “sibling” adlandırılması genişlənir. Stanford Universitetinin professoru Susan Okin “Ədalət, Gendər və Ailə” adlı kitabında bildirir ki, sosial ədalət gender diskriminasiyasına qarşı mütəşəkkil siyasi müharibə tələb edir. Hökumət qadınları və uşaqları incidən genderləşmiş praktikalara icazə verməməlidir. Okin həmçinin inzibati müdaxilə vasitəsilə ailə daxilində kişiqadının gəlirlərinin daimi monitorinq altında saxlanılması, uşaqların seksist oyuncaqlardan uzaq tutulması ideyası irəli sürür.

Bayden administrasiyası məktəblərdən idman komandalarına və evsizlər üçün sığınacaqlara qədər həyatın bütün sferalarında transgender ideologiyasının institutlaşdırılması planlarını açıqca ortaya qoyub. LGBTQI+ nümayəndəsi, haiti əsilli Kerin Jan Piyerin Ağ Evin mətbuat xidmətinin rəhbəri vəzifəsinə təyin olunması məhz bu çərçivədə qeyd olunmalıdır. Verilən icraedici əmrə əsasən bütün ölkədə hər bir agentivliyin rəhbəri “cinsi diskriminasiya” ilə bağlı mövcud tənzimləmələrə yenidən baxmalıdır. Digər bir əmr ilə Bayden, Prezidentin İcraedici Offisi daxilində Ağ Ev Gender Siyasəti Şurasının yaradılmasını təsis edib. Bu gender bərabərliyinin təşviqi ilə bağlı səylərin koordinasiyasında Federal Hökumətə qeyri-məhdud səlahiyyət verir.

Alan Blum yazır ki, biz amerikalılar təhsilimizin təməli olaraq qəbul edə biləcəyimiz bir kültürə sahibik. Lakin bu kültürü aşındırmağa başlamışıq. Amerikanın qurulmasının idealizmi mifik, irqçi və eqosentrizm tərəfindəm motivasiya edilən bir şey olaraq izah edilir. Beləcə, öz kültürümüzü dəyərsizləşdirmişik. Heç kəs qədim kitabların həqiqəti ehtiva etdiyinə və ehtiva edə bildiyinə inanmır.

Marksizmin tərəfdarları özlərini və aid olduqları qrupları oppressiv sistemin qurbanları olaraq görməyə təşviq edilirlər. Onların oppressorları qurbanların özlərini azad etməli olduqları mövcud cəmiyyət, kültür və iqtisadi sistemdə aşkar edilir. Bu, Marksizmin fərdiyyətçilik üzərində klassizmə vurğu etməsinin ilkin səbəbidir. Qarşı gələn qeyri-konformist qruplar isə kollektiv şəkildə qeyri-insaniləşdirilir, tənqid edilir və “publik düşmən” olaraq etiketlənir. Amerikan Marksizmi və Demokrat Partiyanın səciyyəsi budur.

Amerikanın kollec və universitet fakültələri öz sinif otaqlarını Amerika cəmiyyətinə qarşı müqavimət, üsyan və inqilab üçün yetişdirmə zəmininə, habelə Marksizm yaxud ona bənzəyən indoktrinasiya və propaqandanın reseptorlarına çevirib. Akademik azadlıq yalnız militant professorlar üçün mövcuddur. Marksizmin qayəsi söz və ya debat azadlığı deyil, dominasiya, repressiya, indoktrinasiya, adaptasiya və itaətdir.


 

              Ədəbiyyat:

1.         Patrisse Cullors, “Trained Marxist Patrisse Cullors, Black Lives Matter BLM,” YouTube, June 2020, https://www.youtube.com/watch?v=1noLh25FbKI (April 9, 2021).

2.         Julien Benda, The Treason of the Intellectuals (New Brunswick: Transaction, 2014)

3.         Jean-Jacques Rousseau, Discourse on the Origin and Foundations of Inequality Among Men, ed. And trans. Donald A. Cress (Indianapolis: Hackett, 2012

4.         Allan Bloom, The Closing of the American Mind (New York: Simon & Schuster, 1987)

5.         Felicity Barringer, “The Mainstreaming of Marxism in U.S. Colleges,” New York Times, October 29, 1989, https://www.nytimes.com/1989/10/25/us/education-the-mainstreaming-of-marxism-in-us-colleges.html

6.         Herbert Croly, “The Promise of American Life,” in Classics of American Political and ConstitutionalThought, vol. 2, eds. Scott J. Hammond, Kevin R. Harwick, and Howard L. Lubert (Indianapolis: Hackett, 2007)

7.         John Dewey, Individualism Old and New (Amherst, NY: Prometheus Books, 1999

8.         John Dewey, Democracy and Education (Simon & Brown, 2012)

9.         John Dewey, “What Are the Russian Schools Doing?” New Republic, December 5, 1928, https://newrepublic.com/article/92769/russia-soviet-education-communism  (April 7, 2021

10.       Richard Landes, Heaven on Earth: The Varieties of the Millennial Experience (Oxford: Oxford University Press, 2011)

11.       “Joe Biden’s War on Women,” National Review, January 25, 2021, https://www.nationalreview.com/2021/01/joe-bidens-war-on-women/ (April 9, 2021)

12.       Kadia Goba, “He/she could be they in the new Congress,” Axios, January 2, 2021, https://www.axios.com/congress-gender-identity-pronouns-rules-40a4ab56-9d5c-4dfc-ada3- 4a683882967a.html (April 9, 2021)

13.         Veronica Meade-Kelly, “Male or Female? It’s not always so simple,” UCLA, August 20, 2015, https://newsroom.ucla.edu/stories/male-or-female  (April 9, 2021)

14.       “Executive Order on Preventing and Combating Discrimination on the Basis of Gender Identity or Sexual Orientation,” White House, January 20, 2021, https://www.whitehouse.gov/brie https://www.whitehouse.gov/briefing-room/presidential-actions/2021/01/20/executive-order-preventing-and-combating-discrimination-on-basis-of-gender-identity-or-sexual-orientation/

15.       https://www.washingtonexaminer.com/tag/donaldtrump?source=%2Fnews%2Fblack-lives-matter-co-founder-says-groups-goal-is-to-get-trump-out

16.       Mark Levin., American Marxism, Threshold Editions, 2021

17.       Susan Moller Okin., Justice, Gender, and the Family (New York: Basic Books,

18.       1989)

19.       P. Edward Gottfried., Multiculturalism and the Politics of Guilt Toward a Secular Theocracy, University of Missouri Press, 2002

Sübhan Padarsoy

Bakı Dövlət Universitetinin tarix fakültəsi məzunu, modernizm sosiologiyası üzrə tədqiqatçı, "Modernizm əsri və insan", "Entropik dünya" kitablarının müəllifidir.