“Yəqin, Azərbaycan xalqı xatırlayır, son 3-4 il ərzində mən öz çıxışlarımda dəfələrlə demişdim ki, dünya dəyişir, münasibətlər dəyişir, beynəlxalq hüquq işləmir, güc amili önə çıxır, “kim güclüdür o da haqlıdır” prinsipi üstünlük təşkil edir. Bütün bunları mənim çıxışlarımda görmək olar. Çünki mən beynəlxalq vəziyyəti düzgün təhlil etmişəm. Demək istəmirəm ki, biz də bu yolla gedək. Yox. Bizim yolumuz ədalət yoludur və beynəlxalq hüquq yoludur.”
Prezident İ.Əliyev, 2020-ci il, 20 noyabrda xalqa müraciətindən
G-Zero dünyası və onun xarakteri
Geosiyasət əsas qlobal aktorlar tərəfindən məqbul istisnalarda bir beynəlxalq sistemin funksionallığının davam etməsinə söykənən az və çox dərəcədə prudensial aktlardan ibarətdir. Əgər müəyyən bir beynəlxalq sistem qəbul edilən belə müstəsna aktlara icazə vermirsə və ya qarşısını alırsa, bu o deməkdir ki, həmin sistem ya çox sərtdir və yenilənməlidir, ya da həddən ziyadə amorfdur, dolayısı ilə də gerçək bir sistem deyil.
Mövcud qlobal konyuktura elədir ki, paradoksal şəkildə qeyd edilənlərin hər ikisi mövcuddur. Keçən əsrin sonlarında Tomas Frank yazırdı ki, beynəlxalq sistemdə qaydalara itaət olunur, onlar zorla icra etdirilmir. Lakin bu gün üçün onu söyləmək doğru olardı ki, qaydalar zorla icra etdirilmir, onlara itaətsizlik göstərilir. Beynəlxalq hüquq ekspertlərinin dili ilə söyləsək, obligato erga omnes[1]-in qaynaqlandığı jus cogens[2]-in tətbiqi miqyası getdikcə daralır. Ekzistensial şərtlərin dominantlığını daha da şiddətləndirən ironik fakt odur ki, konnektivlik dünyamızı birləşdirən deyil, onu daha da bölən bir katalizatora çevrilib. Texnoloji bifurkasiyanın spektri transformasiya yaşayan beynəlxalq sistemin üzərinə çökür. Məhz bu, Çin-Amerika gərginliyinin sürətli eskalasiyası ilə başlayan de-qlobalizasiyanın zühurunu aydınlaşdırmağa kömək edir. Bütün qeyd edilənlər birlikdə götürüldükdə, tarixən bizə məlum olan liderlik boşluğu ilə xarakterizə edilən bir dünyada ağılasığmaz sürətlə artan təxminediləbilməzlik və qeyri-sabitliyin açıqlayıcı tərifidir.
2020-ci ildə S.Enders Vimbuş “çalxalanan” geosiyasi situasiyanının snapshot şəklini belə təsvir edirdi: “Rusiya gücsüzləşir, Avropa parçalanır, Amerika geri çəkilir, Çin assertiv şəkildə ekspansiya edir, Hindistan yüksəlir, Yaponiya silahlanır, İran (yenidən) inqilab astanasındadır, Türkiyə terapiyadadır, Orta Şərq isə elə Orta Şərqdir”. Ona görə də, Ayen Bremmer və Nuriel Rubini “G-Zero” dünyasında – bir ölkə və ya ölkələr blokunun həqiqi bir beynəlxalq agenda yürütmək iqtisadi-siyasi ağırlığı (və ya iradəsinin) olmadığı bir dünyada yaşadığımızı qeyd edir. “G-Zero” dünyasının nə zaman meydana çıxdığına gəldikdə isə, 2008-ci ilin avqustunda başlayan Rusiya-Gürcüstan müharibəsi və Kremlin Qərbin onu əngəlləyə bilməyəcəyinə dair korrekt mühakimələri bu prosesin startı oldu. G-Zero dünyasının ikinci və son mərhələsi isə Lehman Qardaşlarının total müflisi, ardınca Qərbin səhm bazarlarının kollapsı və qlobal maliyyə resessiyasının başlanğıcı idi.
G-Zero dünyasının məntiqi Soyuq Müharibənin sonundan etibarən Atlantik okeanının hər iki tərəfində dəstəklənilən “tarixin sonu” ideyasının dominantlığına əsaslanan beynəlxalq münasibətlərin birqütblü konsepsiyasını əvəzlədi. Kardinal nüans ondan ibarətdir ki, 2008-ci ilin 40 günlük dövrü Qərbin iki kiritik cəbhədə etimadlığının dağılmasını təmsil edir: böyük güc siyasəti və beynəlxalq iqtisadiyyat. Bu, fundamental şəkildə öncədən görüləbilmə (və ya təxmin ediləbilmə), rifah və “patronaj inhisarı” üzərində dayanan Qərbin qlobal liderlikdə üstünlük iddiasını sual altına salırdı.
İki fakt 2008-ci ilin ağırlığını işıqlandırmağa yardım edir. Birincisi, iqtisadi tənəzzülün təsirlərini aşmaq üçün edilən cəhdlər əhəmiyyətli dərəcədə qeyri-Qərb müdaxiləsi olmadan uğur qazana bilməzdi. İkincisi, Qərbin maliyyə kollapsına cavab olaraq tələsik şəkildə edilən yeni institusional düzənləmələrə üzvlük kriteriyası idarəetmə forması olaraq liberal-demokratiyanın mövcudluğunu ön-şərt kimi özündə ehtiva etmirdi. Artıq, dövlət xəzinəsində nəğd pula sahib olmaq və onu sərhədlərindən kənarda geosiyası ekspedisiyalar axtarışına xərcləmək hazırlığı ən zəruri məsələ idi.
Bu o deməkdir ki, xəzinəsində kifayət qədər nəğd pula sahib dövlət olmaq ilə liderlərinin dünya siyasətində aktiv və təsirli geosiyasi rol oynamaq ambisiyaları arasında heç də əhəmiyyətsiz olmayan bir korelyasiya var. 2008-ci ilə hadisələrindən sonra biz aşağıdakı strateji ideyanı hasil edə bilərik: Qərb artıq beynəlxalq problemləri özü-özlüyündə həll edə bilmir.
Mövcud qlobal geosiyasi konyuktura eledir ki, uzun əsrlərdən bəri ilk dəfə aşkar güc vakuumu doldurulmur. Heç bir dövlət və ya dövlətlər ittifaqı aktual qlobal liderlik bir yana qalsın, onun mantiyasını üzərinə geyinməyə yönəldəcəyi yatırımın rasional faydalılığını görə bilmir. Bu sonuncu calculus COVİD-19 pandemiyasının təsirlərini yumuşaltmaq üçün dövriyyəyə daxil edilən çoxsaylı məhdudiyyətlər ilə bağlı olaraq genişmiqyaslı iqtisadi depressiyanın başlanması ehtimalını azaltmaq üçün dövlətlər tərəfindən atılan çox riskli və maliyyəti ağır addımların ardınca meydana çıxdı.
Qeyd edilən perspektivdən, müşahidə edilən altı geosiyasi trend bütövlükdə İkinci Qarabağ müharibəsini adekvat şəkildə qiymətləndirməyə və başa düşməyə yardım edən geosiyasi “background”un elementlərini özündə əks etdirir. Birincisi, Qərb üçün seçim imkanları getdikcə daralır (lakin bu hələ ki, almanların Torschlusspanik adlandırdıqları hal deyil). İkincisi, əsas oyunçuların böyük çoxluğu daha çox peşmanlıq olmaqdan “Qərb liberal-demokratiyası”ndan uzaqlaşır. Üçüncüsü, demək olar ki, bütün geosiyasi aktorların bir-birinə qarşı münasibətini (bir-birini persepsiyasını) xarakterizə edən sayğı çatışmazlığı və hətta aşağılamadır. Dördüncüsü, qlobal geosiyasi aktorların çox azı siyasi idarəetmə rejimi formasına baxmadan yeni qlobal güc balansının realistik və ümumi dəyərləndirilməsinə əsaslanan funksional beynəlxalq sistem təsis etmək üçün birgə işləməyə hazırdır. Beşincisi, getdikcə dərinləşən rəqabətlərini maliyyələşdirmək üçün geosiyasi aktorların əlindəki resursların sayı azalacaq. Altıncısı, geniş və dayanıqlı çoxtərəfli (multilateral) yanaşma tələb edən ümumdünya məsələləri (iqlim böhranı, kiber təhlükəsizlik, nüvə silahlanması və s.) artıq suboptimal diqqətə layiq görülür.
Bu şərtlər altında, ümumi şəkildə qəbul edilən normativ prinsiplərə, beynəlxalq siyasət məsələləri üzərində vahdi siyasi yanaşmaya, həmrəylik naminə məsuliyyəti bölüşmənin qəbuluna əsaslanan bir “beynəxalq birlik” üzərində təkid etmək, Hans Kelsenin vurğuladığı kimi, reallıqda yalnız içiboş bir şeydən danışmaq - “delirium”dur. Bu aberrasiya beynəlxalq birliyi “vahid əxlaqi kültür və affektiv bağlar” olaraq tərif edən Amitai Etzioni-nin timsalında daha da aşkar formada özünü göstərir. “Beynəlxalq birlik” ən yaxşı halda ümumi məxrəcə gəlinərək, konfliktləri minimallaşdırma və ümumi çıxarları maksimallaşdırma arenası olaraq dərk edilə bilər. T.Lindberq bildirir ki, tərkibinə daxil olan hər bir dövlətin ümumi marağı kimi təqdim edilən beynəlxalq birlik ideyası klassik liberal normativ aspirasiyanın refleksiyasıdır: Bu, bir neçə örtük altında özünü göstərir – kosmopolitanizm və universalizmin müxtəlif formalarından Amerikan istisnailiyi və Qərb sivilizasiyası kimi müxtəlif spesifik tavtologiyalara qədər.
Lakin G-Zero dünyasında, “beynəlxalq birlik” (yaxud “ictimaiyyət”) dövlətlərin birgə mövcud olmaq və iqtisadi mübadilələri asanlaşdırmaq üçün qarşılıqlı olaraq qəbul edilən tənzimləmələr üzərində razılığa gəlmək üçün yollar axtardığı bir beynəlxalq sistem qarşısında geri çəkilməkdədir.
Bu kontekstdə, Qərbin siyasi qərar-qəbuledicilərinin Azərbaycan, Türkiyə və əlbəttə ki, Rusiyanı ehtiva edən, (lakin tragik şəkildə Ermənistanı ehtiva etməyən) paradiqmal dəyişikliyin miqyasını, digər bir ifadə ilə, geosiyasətin qayıdışını dərk edə bilmədilər. 2020-ci il 27 sentyabrda başlayan İkinci Qarabağ müharibəsi Azərbaycan-Ermənistan Qarabağ münaqişəsinin Aristotelin məşhur adlandırması ilə desək, “lusis”i, tragik çözülməsinin başlanğıcı idi. Maksimalist iddialarının artıq mühafizə edilə biləcək bir tərəfinin qalmadığını görə bilmək iqtidarında olmayan Ermənistan öz mənhusluğunun dönüş nöqtəsini (esxaton) yaşadı. Prinston universitetindən Maykl Reynolds bildirir ki, müharibə erməni dövlətçiliyinin özünüaldadıcı arxayınlıq və sadəlövh sentimentallığın qarışığı olduğunu nümayiş etdirdi. Ermənistan örnəyi bizə onu isbat edir ki, məhdud suverenlik təcrübəsi ilə birləşmiş tarixi travma dövlətləri öz-özünü dağıdıcı (self-destructive) siyasət yürütməyə sövq edir”.
2020-ci ilin noyabrın 10-da Azərbaycan preizdenti İlham Əliyev, Rusiya Prezidenti V.Putin və Ermınistan baş naziri N.Paşinyan tərəfindən imzalanan və Yerevanın kapitulyasiyasını elan edən bəyannamə bütün hədəf və məqsədləri ilə işğala son qoydu. Azərbaycan öz modern tarixində ilk dəfə bütövlüyünü və əmin-amanlığını qazanmış, azad bir millətin yurduna çevrildi. Məhdud hərb və aktiv diplomatiyanın siyasətən son dərəcə bəsirətli kombinasiyası ilə Prezident İ.Əliyev XXI əsrdə dünyanın heç yerində heç bir liderin imza ata bilmədiyi bir məharəti nümayiş etdirdi. İstiqlal savaşında Türkiyənin döyüş meydanında yunanları tamamilə darmadağın etməsi və Anadoludan tam çıxarmasından sonra imzalanan və imzalandığı tarixdən 15 gün ərzində yunanları Şərqi Trakiya və Adrianopolu (Edirne) boşaltmağa vadar edən Mudanya atəşkəs razılaşmasından sonra 2020-ci il 10 noyabr bəyannaməsi ikinci dövlətlərarası razılaşma idi ki, qalib tərəf savaş meydanında azad etdiyi ərazilər ilə birgə imzalanan razılaşmaya əsasən digər ərazilərini də düşmən işğalından döyüşsüz azad edirdi. Həmçinin o da vurğulanmalıdır ki, Prezident İ.Əliyev bunu “beynəlxalq birliy”in səsləndirdiyi diplomatik etirazlar və basqılara rəğmən etdi.
Regionda İkinci Qarabağ müharibəsindən öncə (pre-müharibə) geosiyasi vəziyyət
Cənubi Qafqazda İkinci Qarabağ müharibəsinə qədərki, güc balansını riyazi olaraq belə xarakterizə etmək olardı:
• Rusiya +2, -1. Ermənistanla ittifaq (+), Azərbaycanla strateji partnyorluq (+), Gürcüstanla sıfır münasibət (-)
• Türkiyə +2, -1. Azərbaycanla ittifaq (+), Gürcüstanla strateji partnyorluq (+), Ermənistanla sıfır münasibət (-)
• İran +3. Cənubi Qafqazın hər üç ölkəsi ilə diplomatik münasibətləri mövcuddur. Lakin heç bir müttəfiqi və strateji partnyoru yoxdur.
Regionun ən güclü və həlledici aktoru olan şimal qonşumuz Rusiyanın bütövlükdə C.Qafqaz üzərində ənənəvi geopolitik hegemonluğunu strateji olaraq Primakov doktrinası ilə əlaqələndirmək mümkündür: 1. Rusiya qeyri-regional partnyorlar və Qafqaz respublikaları arasında yeganə vasitəçi olacaq. 2. Heç bir başqa ölkənin regionda həlledici təsir gücünə çevrilməsinə icazə verilməyəcək. 3. Heç bir halda region Rusiya hinterland-ı üçün bir təhdid təşkil etməyəcək. 4. Rusiya Kremlin regional ehtiyacları üçün bir strateji resurs kimi pozitiv regional inteqrasiyanı təşviq edəcək. Rusiya uzun illərdir ki, Cənubi Qafqaz siyasətində məhz bu doktrinanı izləyir.
Post-müharibə dövrü və dəyişən regional geosiyasi reallıqlar
İkinci Qarabağ müharibəsinin nəticələri bölgədə güc balansını xeyli dəyişdirdi. İndiyədək bölgədə təsir gücü məhdud olan Türkiyə bu müharibənin yaratdığı yeni reallıqlar kontekstində əhəmiyyətli təsir gücünə malik bir aktora çevrildi. Bu zamanadək Ermənistan və Gürcüstan hərbi bazaları olan Rusiya Azərbaycan ərazisində öz sülhməramlı kontingentini yerləşdirdi. Regionun qonşuları və üç C.Qafqaz ölkəsinin iştirakı ilə yeni, 3+3 əməkdaşlıq platformasının qurula biləcəyi elan edildi. ABŞ və AB-ni özündə ehtiva etməyən bu qrupun həm ölkəmizin, həm də Rusiya və Türkiyənin maraqlarına uyğun olduğunu söyləmək mümkündür. Geosiyasi lokasiyanın qanunları və Realpolitik prinsiplərinə uyğun hərəkət edən Azərbaycan tərəfi yaxşı anlayır ki, İran-Türkiyə-Rusiya üçbucağının ortasında yerləşməyimizi siyasi coğrafiyanın bizə təlqin etdiyi bir müqəddəratdır. Bu üçbucağı təşkil edən dövlətlərin tarixən çoxmillətli imperiyalar olmasına görə onların Azərbaycan və hər bir perspektivdən “azərbaycanlı” identikliyi üzərində təsiri davam etməkdədir. Post-müharibə dövründə meydana çıxan geosiyasi güc balansından çox da məmnun olmayan, siyasətquruclarının çıxışlarında ara-sıra Azərbaycana qarşı ərazi iddialarının səsləndirildiyi və Zəngəzur dəhlizi məsələsində mövqelərimizin üst-üstə düşmədiyi İranla da ölkəmiz münasibətləri pozmur, “təmkinli balanslaşdırma” siyasətinə sadiqliyini qoruyur.
ABŞ və Avropa Birliyinin C.Qafqaza yenidən müdaxil olma cəhdləri
2022-ci ilin fevralında başlayan Rusiya-Ukrayna müharibəsi (daha geniş anlamda Rusiya-NATO, və ya Rusiya-kollektiv Qərb toqquşması) diqqətini və resurslarını Ukraynaya yönəldən və Cənubi Qafqazda həll edilməmiş mühüm məsələləri təxirə salmağa çalışan Kremlin vasitəçi rolunun atrofiya nümayiş etdirməsi ilə Avropa Birliyi bir mediator kimi bölgəyə daxil oldu. Ermənistan Rusiyanın vasitəçiliyi ilə qəbul edilən qərarları təsirsizləşdirməyə çalışmaqla yanaşı, Brüsselin regiondakı boşluğu doldurmasına icazə vermək niyyətini ortaya qoydu. Üstəlik, ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin İrəvana səfəri və Vaşinqtonun Ermənistan ilə ikitərəfli münasibətlər və multi-sektoral əməkdaşlığın daha da gücləndirilməsi ilə bağlı verdiyi açıqlamalar ilə yanaşı, Azərbaycanı Ermənistanın “suverenliyi üzərinə hücum”da ittiham etməsi İkinci Qarabağ müharibəsinin yaratdığı reallıqlar nəticəsində Cənubi Qafqazda bütün təsir gücünü itirən Avro-Atlantik alyansın regionda möhkəmlənmək məqsədini ortaya qoyur. Ukrayna böhranı onu göstərdi ki, ələlxüsus D.Trampın prezidentliyi dövründə ciddi bir parçalanma yaşayan Avro-Atlantik alyansın onu əvəzləyən C.Baydendən sonra yenidən birləşməyə çalışaraq mühüm qlobal məsələlər ilə bağlı eyni mövqedən çıxış etdikləri müşahidə olunur.
Əlbəttə ki, Ermənistanın bu addımları Azərbaycanın strateji prinsiplər və maraqları ilə uzlaşmır. Hər şeydən öncə, artıq səmərəsizliyi Rusiya və Fransa tərəfindən də qəbul edilən ATƏT-in Minsk Qrupunu ABŞ-ın yenidən canlandırmaq istəməsi və avqust ayında ABŞ dövlət katibi E.Blinken tərəfindən Filip Rikerin yeni həmsədr olaraq təyin edilməsi Bakı ilə Vaşinqton arasında soyuq küləklərin əsməsinə yol açdı. Çünki Azərbaycan bu Qrupun missiyasının özünü doğrultmadığını, uğursuzluğunu və onu yenidən diriltməyə heç bir zərurət olmadığını dəfələrlə dilə gətirib. Rusiya XİN S.Lavrov da, mövcud geosiyasi şərtlər daxilində Minsk Qrupu həmsədrləri institutunun funksional ola bilməyəcəyini bildirib.
Qərb, Azərbaycanın maraqlarına zidd olaraq “Qarabağ problemi”nin hələ də həll edilməmiş qaldığını, bu məsələnin radikal şəkildə tezliklə həll edilməli olduğu mövqeyinə sahibdir. Avropa Şurasının prezidenti Şarl Mişelin mətbuat katibi problemin kökünə gedilərək onun həll edilməsinin vacibiyyətini dilə gətirmişdi. Bu anlamda, Qərb siyasi liderləri “Qarabağ məsələsi” ətrafında Azərbaycan-Ermənistan danışıqlarının yeni raundunu keçirmək və Azərbaycanı danışıqlar masasına əyləşdirmək üçün ona təzyiq göstərməyi planlaşdırırlar. Amerika və Fransa səfirlərinin Azərbaycan hökumətinin Şuşada təşkil etdiyi istənilən tədbirdə iştirakdan imtina etməsi bu xüsusda mütləq qeyd edilməlidir. Digər tərəfdən, ABŞ prezidenti Co Baydenin Ermənistanın müstəqillik günü ilə bağlı baş nazir N.Paşinyana göndərdiyi təbrik mesajında “Dağlıq Qarabağ xalqı” ifadəsini işlətməsi, bir neçə gün öncə Fransa prezidenti Emmanuel Makronun Ermənistan və Azərbaycan arasında baş vermiş son toqquşmalara görə Rusiyanı ittiham edərək onun “Azərbaycanın xeyrinə oyun oynadığını”, Ermənistana zəiflətməyə çalışdığını, lakin Ermənistan və Fransanın unikal əlaqələrə sahib olduğunu və Parisin İrəvanı tək buraxmayacağını bildirməsi istər “Qarabağ məsələsi”, istərsə də Azərbaycan-Ermənistan arasında sərhədlərin müəyyən edilməsi və yekun sülh müqaviləsinin imzalanması xüsuslarında Azərbaycan ilə Qərb arasında uçurumun getdikcə dərinləşdiyinə dəlalət edir. Vaşinqton və Brüssel faktiki olaraq İrəvanın Qarabağda yaşayan ermənilər ilə bağlı öz müqəddəratını təyin etməni çox yanlış şəkildə aşkar sesessiya hüququ ilə eyniləşdirən irredentist iddialarına dəstək verir. Ermənistanda bu situasiyadan ümidlənən bəzi dairələr, analitiklər və media nümayəndələri Azərbaycanın “artıq “Qarabağ məsələsi” deyə bir şeyin olmadığına dair” mövqeyinə qarşı Qərbin (Avropa Parlamenti, Beynəlxalq Ədalət Məhkəməsi və s.) Kosovo ssenarisini tətbiq etmək üçün hüquqi və siyasi proseduralara başlayacağına inanır. Lakin reallıq ondan ibarətdir ki, geostrateji hesablamalar və iqtisadi mənfəətlər Rusiyanı, o cümlədən də Avropa İttifaqını Cənubi Qafqaz regionu ölkələri arasında ən çox Azərbaycanın mövqeyini nəzərə almağa məcbur edir.
Rusiya-Ukrayna müharibəsi və Azərbaycanın incə balanslaşdırıcı aktları
Ukraynada münaqişənin aktiv fazaya qədəm qoyması və müharibənin başlanmasından iki gün öncə, (fevralın 22-də V.Putinin “Donetsk Xalq Respublikası” və “Luqansk Xalq Respublikası”nın müstəqilliyini tanımasından bir gün sonra) Prezident İlham Əliyevin Moskvaya səfəri və Azərbaycan-Rusiya arasında hərbi-diplomatik əməkdaşlığın artırılması ilə bağlı ittifaq müqaviləsinin imzalanması bir çox dairələr tərəfindən münaqişədə “Rusiyanın tərəfində yer almaq” kimi dəyərləndirilsə də, ölkə rəhbəri bunu rədd edərək bu səfər və müqavilənin hərbi əməliyyatların başlanmasından daha əvvəl planlaşdırıldığını bildirmişdi. Prezident İlham Əliyev həmçinin Rusiyaya qarşı sanksiyaların əbəs olduğunu və potensialı, imkanları və coğrafiyasına görə Rusiyanın istənilən sanksiyaya qarşı müqavimət gücünə diqqət çəkmişdi. Fevralın 25-də Prezidentin köməkçisi Hikmət Hacıyev dövlət televiziyasındakı çıxışında Ukraynada baş verən narahatlıqdoğurcu proseslərin dialoq yolu ilə həll edilməli olduğunu söyləmişdi. Qeyd edilən razılaşma ilə tərəflər – Rusiya Federasiyası və Azərbaycan Respublikası – hər iki ölkənin dövlət sərhədlərinin pozulmazlığı, ərazi bütövlüyü, dövlət suverenliyi və müstəqilliyinə qarşı sayğı çərçivəsində münasibətlərini yenidən qurmaq öhdəliyini üzərinə götürürdülər. Geostrateji olaraq bu razılaşmadan daha çox faydalanan tərəfin Azərbaycan olduğu şübhəsizdir.
Eyni zamanda, 30 ilə yaxın davam edən Qarabağ münaqişəsi boyu Azərbaycanın beynəlxalq şəkildə tanınan ərazi bütövlüyünü birmənalı dəstəkləyən Ukrayna ilə də tarixən yaxın münasibətləri mövcuddur. Nəticə olaraq, Azərbaycan müharibədə Rusiyanın mövqeyini publik şəkildə dəstəkləməməklə bərabər, Ukraynaya humanitar yardımlar göndərir və Ukrayna ordusuna SOCAR-ın yanacaq doldurma məntəqələrindən pulsuz yanacaq tədarük etməsinə icazə verirdi. Bunlara baxmayaraq, Ukraynanın Azərbaycandakı səfiri Vladislav Kanevski Kiyevin Azərbaycanın rəsmi mövqeyini eşitməyi gözlədiyini və bunun üçün hökumət nümayəndələri ilə rəsmi görüşlər keçirməyi planlaşdırdığını bildirsə də, Bakının mövqeyi belə kənar amillərə məruz qalmadan dəyişməzliyini qorudu. Bu şəkildə, Bakı iki mühüm müttəfiqi arasında balansı ehtiyatla qorumağa çalışır. Bunun digər bir göstəricisi Rusiyanın Avropa Şurasının üzvü olaraq qalıb-qalmaması ilə bağlı keçirilən səsvermədə rəsmi Bakının iştirak etməməsi idi. Habelə, BMT Baş Assambleyasında səsə qoyulan və Ukraynanın ərazi bütövlüyünü dəstəkləyən, Rusiyanı Ukraynadan çıxmağa çağıran qətnamənin qəbul edilməsi ilə bağlı səsvermədə də Azərbaycan iştirak etməyən 8 ölkə arasında idi.
Azərbaycanın bu balanslaşdırıcı aktlarının doğruluğu bir neçə aydan sonra özünü isbat etdi. Belə ki, Sentyabrın 12-də gecə saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində genişmiqyaslı təxribatına cavab olaraq başladılan və iki gün davam edən hərbi əməliyyatlar əsnasında Ukrayna ictimaiyyəti Azərbaycana azərbaycanlıların onları Rusiya ilə müharibədə verdiyi dəstəyi göstərmədi və əksinə, ukaynalı müğənni Tina Karolun Bakıda keçirilməli olan konserti “erməni həyatları əhəmiyyətlidir” başlığı ilə bir şəkil paylaşmasına görə ləğv edildi. Digər tanınmış ukraynalı ifaçı Maks Barskixin də dekabrın 10-da Bakıda keçirilməsi planlaşdırılan konserti ləğv edildi. Səbəb isə, Barskixin erməni jurnalisti Mxer Baqdasaryanın “Ermənistan hücuma məruz qalır” paylaşımını səhifəsində dərc etməsi idi. Eləcə də, bir sıra Ukrayna KİV vasitələri, politoloq və ekspertləri Ermənistanın bu təxribatını “Azərbaycanın Ermənistana hücumu” olaraq qələmə vermişdi. Beləliklə, bu ilin sentyabrındakı hərbi əməliyyatlar Ukrayna dövləti və ictimaiyyətinin Azərbaycanla bağlı mövqeyinin testi oldu. De-fakto NATO alyansına qoşulduğunu və “azad dünyanın təhülkəsizliyinə yardım etdiyini” bildirən Ukraynanın bu testdən uğurla, üzüağ çıxdığını söyləmək qeyri-mümkündür. Bundan sonrakı Ukraynanın “Qərbin dili ilə danışan bir Ukrayna” olacağının ilkin siqnalları artıq mövcuddur. Azərbaycanın Ukraynanın poliqon və proksi olaraq seçildiyi Rusiya-kollektiv Qərb savaşı ilə bağlı prudensial balanslaşdırmaya əsaslanan mövqeyinin kifayət qədər əsaslı və müdrik şəkildə müəyyən edildiyi də şübhədoğurmazdır.
Dünyanın “orta gücü” olaraq – Azərbaycan
XVI əsr italyan siyasət filosofu Covanni Botero “Dövlət ağlı” adlı əsərində digər ölkələrin yardımı olmadan müstəqil, özünəyetərli siyasi-iqtisadi güc kimi mövcud ola bilən dövlətləri “orta güclər” şəklində müəyyən edir. Botero qeyd edir ki, “orta güclər”in liderləri onun təhlükəsizliyini qoruya və sərhədlərindən kənarda prudensial tərzdə təsirini genişləndirə biləcək çevik ağıla sahibdir. N.Qvosdyev və Q.Qlison kimi tədqiqatçılar orta gücləri beynəlxalq əlaqələrində həm muxtariyyət, həm də təmkinlilik elementlərini özündə ehtiva edən, regional düzənə sabitlik və istiqamət verməklə əhəmiyyətli strateji çəkiyə malik “keystone states” olaraq identifikasiya edirlər. Sözsüz ki, bu gün Azərbaycan sürətlə genişlənən nəqliyyat və kommunikasiya infrastrukturunun critik coğrafi fulkrum nöqtəsində yerləşməsi səbəbilə belə bir orta gücə çevrilib. 30 il boyu məğlub, bəzən də “failed state” kimi yaddaşlarda qalan Azərbaycan artıq uğurlu milli dövlətçiliyin çağdaş və nadir örnəyini təmsil edir.
Prezident İlham Əliyevin sentyabrın 2-də İtaliyanın Çernobbio şəhərində baş tutan 48-ci Beynəlxalq Çernobbio Formunda çıxışı zamanı səsləndirdiyi fikirlər yuxarıda vurğulanan A.Bremmer və N.Rubininin işlək beynəlxalq hüquq və beynəlxalq birlik sarıdan boşalan bir “G-Zero dünyası”nda yaşadığımıza dair ideyalarını təsbit edir: “Təbii ki, yeni qlobal vəziyyətin necə olacağını öncədən təxmin etmək çətin məsələdir. Yalnız bu aydındır ki, dünya fevraldan əvvəl olduğu vəziyyətdə heç vaxt olmayacaq. Dünya dəyişib və bu dəyişikliklərin hansı axımla gedəcəyi bu amillərdən asılıdır - Ukraynada müharibə nə qədər müddət davam edəcək, bu savaşın sonu necə bitəcək, dünyadakı və təbii ki, regiondakı güclərin balansı hansı şəkildə olacaq? Yeni müstəqil bir ölkə kimi, özümüzü xarici amillərdən müdafiə etmək bizim üçün əsas məsələ olacaq. Çünki bizim ölkələrimiz daxilən artıq inteqrasiya edib. Bizim daxildə ölkəmizi hansı yöndə inkişaf etdirmək üçün birliyimiz var. Buna görə də yeni qlobal düzənin bizim regiona təsirləri, böyük region ölkələrinin mövqelərinin necə olacağı, Ermənistanla sülhə nail olmaq planlarımızda nələr əldə edəcəyimiz, övladlarımız və yeni nəsillərin gələcəyinin necə olacağı bizim üçün maraqlıdır. Odur ki, biz vəziyyətə nəzarət edirik. Təbii ki, addımlarımızı öz strategiyamıza uyğun atacağıq. Eyni zamanda, biz dünyanın dəyişməsi faktına əhəmiyyət verməyə bilmərik. Həmçinin beynəlxalq hüquq normalarının tamamilə pozulduğunu görürük. Bu beynəlxalq hüquq normaları elə bizim öz məsələmizdə də pozulmuşdur. Biz torpaqlarımız işğal altında olarkən beynəlxalq ictimaiyyətə fəal şəkildə müraciət etmişdik. Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının qətnamələri 27 il ərzində yerinə yetirilməmişdi. Biz indi bir çox digər bölgələrdə beynəlxalq hüququn pozulmasını görürük. Biz görürük, bəzi ölkələr düşünür ki, onlar buna məhəl qoymaya bilərlər və buna əhəmiyyət vermirlər. Beləliklə də bu, tamamilə yeni situasiyadır. Dünyanın yeni düzəni necə olacaq? Beynəlxalq institutlar, Birləşmiş Millətlər Təşkilatı necə olacaq? O, yenidən qurulacaq, ya başqa bir təşkilat ortaya çıxacaq? Bunların hamısı dünyada yeni fikirləri təşviq etmə gücünə malik olanların məsuliyyətindədir.”
Bütün məsələlərdə suverenliyini qorumağı təməl məqsəd olaraq müəyyən edən Azərbaycanın xarici siyasət duruşunu konseptual olaraq bu şəkildə klassifikasiya etmək olar: strateji təmkin (prudensiallıq), öncədən təxmin edilə (proqnozlaşdırıla) bilmə, strateji riskdən qorunma, maraqların balansını tapma. Çağdaş dünyanın belə burulğanlı və böhranlı vəziyyətində müxtəlif hərbi-siyasi güc mərkəzləri arasında var-gəl edən və onlardan yardım dilənən Ermənistandan fərqli olaraq, Azərbaycan İkinci Qarabağ müharibəsində qazandığı zəfərin üstünlüyü ilə diplomatik meydanda da regional güc balansını əsas alan, hər hansı supergüc və ya dövlətlər blokunun çıxarlarına tabe olmadan öz milli-suveren maraqları uğrunda vuruşan müstəqil geosiyasi və geoiqtisadi subyektə çevrilib.
Ədəbiyyat: