Amerikan Marksizmi

18.10.2022

 

“Amerikan Marksizmi” və ya “Amerikada Marksizm”dən danışmaq ilk baxışdan ekksentrik və ya irreal olaraq görünür. Lakin çağdaş Amerikanın daxili dinamikasını diqqətlə izləyən hər kəs marksist elementlərin onun cəmiyyətinə nə qədər dərindən nüfuz etdiyini müşahidə edə bilər. Odur ki, Amerika inqilabına qarşı əks-inqilab tam qüvvəsi ilə mövcuddur. O artıq inkar edilə bilməz. Çünki amerikan cəmiyyəti, kültürü, siyasət, təhsil və mediası dərin bir şəkildə bu əks-inqilabın təsiri altındadır. 

Bu gün Amerikada əksər marksistlər “proqressivlər”, “Demokratik sosialistlər”, “sosial aktivistlər”, “topluluq aktivistləri” kimi frazalar altında gizlənirlər. Çünki əksər amerikalıların Marksizm anlayışına qarşı açıq antipatiyası qalmaqdadır. Ona görə də, onlar “Black Lives Matter” (BLM), “Antifa” , “The Squad” kimi orqanizasional və identifikasiyaedici nomenklaturalar ilə aktivdirlər. Onlar “iqtisadi ədalət”, “ekoloji ədalət”, “irqi bərabərlik”, “gender bərabərliyi” və s. təşviq etdiklərini iddia edirlər. Onların icad etdiyi Tənqidi İrqi Nəzəriyyə kimi nəzəriyyələr, eləcə də ifadələr və terminologiyalar bir marksist konstruksiya ilə uyğunluq təşkil edir. Habelə onlar iddia edirlər ki, “dominant kültür” və kapitalist sistem ədalətsiz, qeyri-bərabər, irqçi, seksist, imperialist, materialist və ekoloji olaraq destruktivdir. Onların adlandırmalar və özünü-deskripsiyaları, inanclarının essensial xarakteristikaları, bəyanatlar və siyasətləri Marksizmin özək doqmasını nümayiş etdirir. Onlar Amerikanın kolleclər və universitetlərini işğal edirlər. Bu əks-inqilabın liderlərinin düşüncələri Demokrat Partiya, Oval Offis (ABŞ prezidentlərinin ofis işləmə məkanı), habelə Konqress divarları daxilində kifayət qədər geniş yayılıb. Reklamçılıq, filmlər, tele-şoular, idman, xəbər reportları və s. bütün sferalarda onların təsiri hiss olunmaqdadır.

Bu əks-inqilabçılar propaqanda və indoktrinasiya taktikalarından istifadə etməklə yanaşı, “cancel culture” kimi repressiv metodlar vasitəsilə zidd fikirlər və səsləri susdurmağa çalışmaqla uyğunlaşma – harmoniya tələb edirlər. “Cancel culture” hər növ patriotik baxışlara senzura qoyur və onu sosial mediada qadağan edir, habelə intellektual azadlığı boğur. Onların hədəfi kültürün bütün aspektləridir – Abraham Linkoln, Corc Vaşinqton, abolisionist Frederik Duqlas-ın memorialları daxil olmaqla tarixi abidələr, Mark Tven, V.Şekspirə qədər. 

BLM və “Antifa” hərəkaları kontekstində kütlə hərəkatlarının təhlil edilməsinin faydalı olacağını düşünürəm. Faşizm, Marksizm və ya avtokratik etatizmin digər bir formasında utopianizm paradiziakal gələcək və insanın mükəmməlliyinə dair iddiaları ilə böyük əksəriyyəti özünə cəlb edir. Lakin bu iddiaların realizasiyası özlüyündə mövcud cəmiyyət və kültürün radikal transformasiyasını ehtiva edir. Fərd öz azadlığını, azad iradə və təhlükəsizliyini bu amal uğrunda fəda edir. Kütlə hərəkatlarının təbiəti məhz belədir. Belə hərəkatlar fərdi iki formada yeyib-udur: identiklik və unikallığını konsumasiya etməklə onu “kütlələr”dən fərqliləşməmiş hala gətirir. 

Reseptiv auditoriya cəmiyyətin tətmin olmayan, xoşnudsuz, uyğunlaşa bilməyən üzvləri arasında aşkar edilir. Onlar öz həyat şərtlərinə görə məsuliyyət üzərinə götürə bilməyən, öz çevrələrini, sistemi, digərlərini təqsirkar bilən fərdlərdir. Onlar yanlış ümidlər və utopik transformasiya vədləri tərəfindən şirnikdirilir. Xoşnudsuzluqların aradan qaldırılması ekzistent cəmiyyətin tənqidi və dekonstruksiyası ilə bağlıdır. İnsan frustrasiyalarını, zəifliklərini, hiddət və qısqanclıqlarını istismar etməklə dəyər və özünəsayğı anlayışları xoşnudsuz olan insanın mənhus və dağınıq, istiqamətsiz həyatında təsis edilir. 

Kütlə hərəkatlarında fərd bir şəxs olaraq dəyərsizdir və sadəcə əhəmiyyətsiz hissələrin aqqlomerasiyasının əhəmiyyətsiz bir parçası olaraq faydalıdır. O sadəcə bir işçi, kütlənin bir hissəsidir. Onun mövcudiyyəti ruhsuzdur. Mütləq itaət ən ali fəzilətdir. Təxminən bir əsr öncə fransız filosofu və esseyisti Jüliyen Benda kütlə hərəkatlarının eyni siyasi nifrəti bölüşən fərdlər ətrafında formalaşdığını qeyd edirdi. Kommunikasiyanın tərəqqisi sayəsində eyni siyasi nifrətə sahib insanların kompakt coşğulu bir kütlə yaratdığı aydındır. Bu kütlənin hər bir üzvü digərlərinin sonsuz sayı ilə təmas halındadır. Lakin bir əsr öncəyə qədər insanlar bir-birilə təmasdan nisbətən daha uzaq idilər və “dağınıq formada” nifrət edirdilər. Bu uyğunluğun daha da inkişaf edəcəyini və qrup ruhunun modern dünyanın ən mühüm xarakteristikalarından biri olduğunu, liqalar, ittifaqlar dünyasının genişlənəcəyini iddia etmək olar. Fərdin coşğusunun minlərlə fərdin coşğularına özünü yaxın hisss etməklə daha da gücləndiyi də vurğulanmalıdır. Fərdin özünü bir üzvü olaraq hiss etdiyi assosiasiya mistik bir şəxsiyyətə çevrilir, ona dini adorasiya şamil edilir. Bu sadəcə onun öz coşğusunun ilahiləşdirilməsidir. 

Benda əlavə edir ki, belə hərəkatlar kulta bənzər hərəkatlardır. Təsvir edilən koherantlıq sadəcə səthi bir koherantlıqdır. Bu səbəbə görə də, eyni siyasi coşğunun sahibləri həm də hiss etmənin fərdi üslublarının aradan qalxdığı və hər bir üzvün şövqünün digərlərininki ilə total bənzərlik təşkil etdiyi homogen bir qrup formalaşdırır. 

Bu gün Amerikada meydana çıxan “Antifa” hərəkatı bir-birindən fərqlənməyən, birformalı şəkildə qara geyinən və üz örtüklərindən istifadə edən “əsgərlər”dən ibarətdir. Onların kimlik və adları məchuldur. Onlar marksist-anarxist ideologiyada indoktrinasiya edilir və zorakı, brutal şəkildə yetişdirilirlər. BLM də bir Marksist-anarxist hərəkatdır. 2015-ci ilə aid bir video-müsahibədə BLM-in qurucularından biri olan Patrissa Kallors bəyan etdi ki, o və digər hərəkat qurucusu Alisiya Qarzon marksistdirlər. “Biz təlim keçilmiş orqanizatorlar, təlim keçilmiş marksistlərik”.  2020-ci ilin yayında BLM-in qurucularından biri əsas məqsədlərinin D.Trampı prezidentlikdən rədd etmək olduğunu bildirirdi. Özünü qaradərililərin iqtidarı və azadlığı olaraq identifikasiya etsə də, onun agendası irqi mövzulardan tamamilə kənara çıxaraq mövcud cəmiyyətin destruksiyası kimi ənənəvi marksist tələblərlə özünü nümayiş etdirir. Onlar qrup düşüncəsi və uyğunlaşma tələb edirlər. Fərdiyyətçilik və non-konformizm üzərinə edilən bu hücum yeni modern nomenklaturasını qazanıb – “cancel culture”.  Bu gün ABŞ-da (xüsusən də, 2020-ci ildə Demokratlar iqtidar olduqdan sonra) hakim kültür və media BLM hərəkatını qəhrəmanlaşdırmağa başlayıb. Baydenin seçki kampaniyasının əməkdaşları həbs edilən BLM üzvlərinin azadlığı üçün pul toplayan fonda donorluq edirdi. Beləliklə, Demokrat Partiya konstitusional prinsipləri pozaraq, Amerikanın tarixi ənənələr və dəyərlərinə məhəl qoymayaraq özünü gücləndirməyə çalışır. Mark Levin bildirir ki, bu partiyanın maraqları Amerikanın maraqlarından öncə gəlir. Partiyaya bağlılıq ölkəyə sədaqətdən daha mühümdür. Levin Demokrat Partiyanın dünyanın kommunist partiyaları oxşar səciyyələrə malik olduğunu qeyd edir. 

1800-cü illərin sonu 1900-cu illərin əvvəllərinin proqressiv intellektualları akademik, sosietal və kultural sferalarda Marksist ideologiyasının bugünkü indoktrinasiya və qəbulunun əsasını qoydular. Onlar kapitalizmin  və konstitusional-respublika idarəçilik sisteminin gizli düşmənləri idi. Lakin anlayırdılar ki, bütün vətəndaşlar onların yad məqsədləri ilə uzlaşdırıla bilməz. Buna görə də, dövlət məktəbləri və yüksək reytinqli ali təhsil ocaqlarında radikallar və inqilabçıların gələcək ordularını yenidən təhsilləndirmək, onları indoktrinasiya etmək üçün uzunmüddətli kampaniyaya başladılar. 

Amerikalı paleokonservativ filosof və tarixçi P. Edvard Qottfrid bildirir ki, ABŞ keçən əsrin ortalarından etibarən sosial davranışların modifikasiyası üzərində daha çox fokuslanıb. Dövlət nəzarətində təhsil və diskirminasiyaya qarşı müharibə vasitəsilə “vətəndaşlar”ın sosiallaşdırılması Amerikanın təməl daxili səciyyəsinə çevrilib. Belə rekonstruksionist təşəbbüslər dövlət, media və “qurban” qruplarının böhran olaraq xarakterizə etdikləri situasiyaya qarşı cavab olaraq irəli sürülür. Bu böhranın təqsirkarları – irqi, cinsi, etnik diskriminasiya və qərəzə yol verdiyi iddia olunan hər kəs – nəzarət altına alınmalı və yenidən təhsilləndirilməlidir. 

Erkən proqressiv intellektuallar bu gün olduğu kimi Marksist doktrinaya rəğbət bəsləyir, onun özək konseptlərini qəbul edirdilər. habelə onlar edyukasional indoktrinasiya ilə bağlı Russoçu yanaşmanı da mənimsəmişdilər. Bu yanaşmaya görə, tələbə bir fərd olaraq onu maraqlandıran və motivasiya edən şey(lər)i öyrənməkdə azad olduğu qeyd edilsə də, reallıqda, müəllim tələbəni maraqlandıran və motivasiya edən şeyləri ustalıqla manipulyasiya edə bilər. Çünki ictimai təhsilin ali məqsədi fərdin iradəsini ümumi iradəyə tabe etmək idi. 

Təxminən 30 il əvvəl Amerika kollecləri və universitetlərində Marksizmin təsirini qələmə alan məqalə dərc olundu. “New York Times”ın təhsil üzrə yazarı Felisiti Barringer qələmə aldığı “The Mainstreaming of Marxism in U.S. Colleges” (Oktyabr 29, 1989) adlı məqaləsində kommunist ölkələrində Karl Marksın ideoloji varislərinin onun siyasi irsini transformasiya etməyə çalışdğını, Amerika kampuslarındakı onun intellektual varislərinin isə rahatsızedici, simasız “outsayder”lərdən assimilyasiya edilmiş akademik “insayder”lərə doğru transformasiyalarını tamamlayıblar. Lakin onların XIX əsr alman filosofu ilə bağları müxtəlif nəzəriyyələrin əsnək şəkildə örülmüş kolleksiyasıya parçalanıb.