İnfosavaş – təhdidlər müqavimət tələb edir

29.09.2022

İnformasiya ilə manipulyasiya etmək cəhdləri indi heç olmadığı qədər aktualdır. Artıq bilgi təkcə rasional silah deyil, həm də dedi-qodunun “atom”udur.

Samuel Hantinqton yeni dünyanı daha fəlakətli hesab edirdi. Hantinqtona görə, tarixi prosesin sonsuz geriyə dönüşü baş verib. Artıq bəşər insanı yenilikləri daha çoxşaxəli mənimsəməyə başlayır. Arnold Toynbi də bunu belə izah edirdi. Toynbiyə görə, gələcəyin tarixi çox qaranlıq görünür və insan beyininin inkişafı ona sonsuz yeni şanslar yaradır.

Elmdə klassik tibbi müddəalar təkamülçü tibb anlayışının inkişafı ilə sual altına salınır, kültürdə imperialist maraqlar meydana çıxır və yarımçıq toplumlar digər xalqların sərvətlərini mənimsəmək yarışına çıxır, informasiya texnologiyaları siyasi maraqların arealına çevrilməyə başlayır.

Yeni dünyada savaşlar da fərqlənir. Tolstoyun “Hərb və sülh” əsəri, Kventin Tarantinonun bizi həyəcanlandıran filmləri də indi real olan situasiyaları izah etməkdə bizə kömək etmir. Müharibə səngərlərdən yazılara keçib.

Media rupor rolunu oynayır. İşğalçılar qlobal nizamda öz haqsızlıqlarına pozitiv rəy yaratmaq üçün beynəlxalq media holdinqləri lobbist oyunlara alət edirlər. Adlarıyla guya obyektiv jurnalistika rəyi yaradan beynəlxalq KİV nəhəngləri hadisələri biryanlı izah etməklə əvəzsiz manipulyator obrazını məharətlə üzərinə götürür.

Buna ən sadə misal “Charlie Hebdo” olaylarında bütöv şərqi pisləmək üçün yarışa çıxan mediatik böyüklərin fələstinli karikaturist Naci Əlinin Londondakı sui-qəsdinə səssiz qalmağı idi.

Ukrayna məsələsində Rusiya əleyhinə iri-iri yazılar dərc edən beynəlxalq media  Qarabağdakı həyasız işğala 3O il israrla diqqət ayırmamağa çalışırdı. Bir neçə məşhur Qərb köşə yazarlarının separatizm əleyhinə yazılarına baxmaq kifayət edir ki, hadisələrə yanaşmadakı fərqi açıq-aydın görəsən.

Ekzsitensional filosof Haydegger dünya müharibə taktikasının dəyişməsini labüd hesab edir. Eynilə, ortada gəzən hibrid və elektron savaş strategiyaları buna aydın misaldır.

Hakerlər ordusu formalaşdırılır, başqa dövlətlərin informasiya materiallarına və elektron təhlükəsizliyinə cinayətkar hücumlar edilir. İnformasiya savaşının görünən tərəfi isə sosial şəbəkələrdə davam edir. Sosial şəbəkələr insanların ünsiyyət platformasından real dartışma məkanına çevrilir.

Sosial media ekspertləri burada aparılan müzakirələri effektiv hesab edəndə təbii ki, yanılmırlar. Neofreydist Erix Fromm şüurun təsirləndiyi ən önəmli komponent kimi informasiya bolluğunu nəzərdə tuturdu. Yüzlərlə insanın eyni anda yazdığı fikirlər, ya da informasiya yüklü paylaşımlar insanların yönləndirilməsində əsas rol oynayır.

Hazırda sosial şəbəkələrin populyarlığı artan xəttlə inkişaf edir. Siyasətçilər, fikir adamları, incəsənət nümayəndələri burada insanlarla fərdi və kollektiv ünsiyyətə daxil olur, iclaslar və konfranslardan onlayn, tet-a-tet bağlantılar həyata keçirilir.

Yeni çıxan proqramlar vasitəsilə artıq vətəndaş jurnalistikası təşəkkül tapır, insanlar özləri hadisə yerindən anında məlumat ötürə bilirlər.

Tvitterdə #Azerbaijan haştaqı altında ermənilərin iftiraları və bizim bəzi daxili radikal müxaliflərin səyləri ilə yanlış rəylər formalaşdırılır ölkəmiz haqqında. Bu məsələdə daha ehtiyatlı olmalı, yazılan rəylərdə ölkənin maraqlarını nəzərə almağa çalışmalıyıq.

İnternetdə heç olmazsa gündə bir tvit atsaq, mikrobloqlarda müzakirə aparsaq, bu, çox vaxt itkisi ilə nəticələnməz.

Dövlətçiliyin tərəqqisində vətəndaşın da rolu danılmazdır və məsuliyyət duyğusunu qavramaq mənəvi borcdur artıq bizim üçün. İnfosavaş indi və həmişə labüd gerçəklikdir, elə də qalacaq!

Tural İsmayılov

Bakı Dövlət Universitetinin Sosial Elmlər və Psixologiya fakültəsini bitirib, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Sosial Tədqiqatlar Mərkəzinin Mətbuat Xidmətində sektor müdiri, teleaparıcıdır