Ermənilərin tarixi Azərbaycan torpaqlarına köçürülməsi nəticəsində bölgədə əhalinin etnik tərkibi dəyişib və tarixi torpaqlar iğtişaş və münaqişə mənbəyinə çevrilibdir.
XIX əsrin əvvəllərində Qarabağ xanlığı ilə Rusiya arasında imzalanan Kürəkçay müqaviləsi, daha sonra isə Rusiya və İran dövlətləri arasında bağlanan Gülüstan və Türkmənçay müqavilələrindən sonra Azərbaycan torpaqlarına ermənilərin kütləvi köçürülməsi siyasəti həyata keçirilib. Bölgənin erməniləşdiriməsi siyasətini həyata keçirmək məqsədilə İrəvan, Göyçə, Zəngəzur və Zəngibasar bölgəsində yaşayan azərbaycanlıların öz tarixi yurdlarından deportasiyasına və soyqırımına start verilib. Erməni köçkünlərin sayının mexaniki şəkildə artırılması nəticəsində regionda marağı olan böyük dövlətlərin dəstəyi ilə tarixdə ilk erməni dövləti 1918-ci il mayın 28-də daşnaklar tərəfindən qədim Azərbaycan ərazisi olan keçmiş İrəvan xanlığı ərazisində yaradılıb. Zəngəzur qəzasının bir hissəsi Ermənistana verilməklə Naxçıvan Azərbaycandan ayrı salınıb.
Ermənilərin tarixi Azərbaycan torpaqlarına köçürülməsi nəticəsində bölgədə əhalinin etnik tərkibi dəyişib və tarixi torpaqlar iğtişaş və münaqişə mənbəyinə çevrilibdir. Soyqırımlar və azərbaycanlılara məxsus yaşayış yerlərinin yandırılması, deportasiya, tarix və mədəniyyət abidələrinin dağıdılması, azərbaycanlılara məxsus maddi-mədəniyyət nümunələrinin tarixi adlarını dəyişdirərək erməniləşdirib bölgədəki azərbaycanlı izlərini silməyə çalışmaq, bu mümkün olmadıqda isə həmin maddi-mədəniyyət abidələrini ya məhv etmək, ya da “qədim ermənilərə” aid olmaları barədə saxta tarixi sənədlər hazırlamaq, abidənin mənsubiyyətini dəyişdirməklə öz adlarına çıxmaq kimi hallar bu siyasətin tərkib hissəsi idi.
Bütün bunlarla yanaşı, 1905-1907, 1918-1920, 1948-1953, 1959-1979, 1988-1991-ci illərdə “monoetnik Ermənistan” dövləti yaratmaq məqsədi ilə həmin ərazilərdən azərbaycanlıların etnik təmizlənməsi aparılıb, 1988-1991-ci illərdə baş verən son deportasiya zamanı 22 rayondan (172 sırf azərbaycanlı, 89 ermənilərlə qarışıq yaşayış ərazilərindən 40.928 ailə) 250.336 azərbaycanlı ata-baba yurdlarından zorla çıxarılıb, qətlə yetirilib, yaralanıb və yollarda qar çovğununa düşərək həlak olublar.
XX yüzilin əvvəllərində İrəvan quberniyası ərazisində 310 məscid qeydə alınsa da, 1915-ci ildə İrəvan və Zəngəzur quberniyasının ərazisində məscidlərin sayı artıb, 391 - bunlardan 382 şiə, 9 sünni məscidi fəaliyyət göstərib. 1918-ci ildən başlayaraq bu məscidlərin hamısı ermənilər tərəfindən dağıdılaraq məhv edilib. 1988-1991-ci illərdəki deportasiya zamanı azərbaycanlıların tərk etmək məcburiyyətində qaldıqları ərazilərdə 234 məktəb, 214 kitabxana, 268 mədəniyyət müəssisəsi, 235 səhiyyə ocağı, 112 uşaq bağçası, 152 məişət evi ermənilərin əlinə keçib. 223 qəbiristanlıq, 49 məscid, 68 tarixi-memarlıq abidəsi tədricən erməni vandalları tərəfindən səssiz-səmirsiz dağıdılıb. Ümumilikdə, 5000-dən çox maddi-mədəniyyət abidəsi ermənilər tərəfindən şüurlu, planlı şəkildə məhv edilib, mənimsənilib, bütün toponimlər erməniləşdirilib. Günümüzdə Ermənistan ərazisində yalnız bir məscid – Göy məscid, bölgələrdə isə bir neçə məscid qismən salamat qalıb ki, o da xarici qonaqlara “fars” məscidi kimi təqdim edilir. Bu proses XX əsrdə qlobal şəkil alıb və o yerə çatıb ki, bu gün Ermənistanın yerləşdiyi Azərbaycanın tarixi torpağı olan Qərbi Azərbaycanda son siyahıyaalınma və pasportlaşma prosesində heç bir müsəlman abidəsinin qeydə alınmamağı bu tarixi torpaqlardakı azərbaycanlı izinin silinməsi uğrunda aparılan mübarizə tezisini dəstəkləyir. Deyilənlərin və saxta tarix yazanların əksinə bölgənin zəngin maddi -mədəni irsi mövcuddur. Bu irsin mühüm bir hissəsi ““Tarixi Azərbaycan torpaqlarında maddi-mədəni irsimiz” kitabında öz əksini tapır. Kitab yalnız dövlət rəsmiləri və diplomatik-siyasi heyət üçün deyil, daha çox xalqımıza onun taleyi ilə eyni aqibəti yaşayan, yüz illərlə dağıdılmaya məruz qalsa da yazılı mənbələrdə, bir-birini əvəzləyən nəsillərin yaddaşında diri və canlı qalan maddi-mədəni irs nümunələrini bir araya gətirməklə ümumxalq ensiklopediyası yaratmağa çalışır. Mühüm milli və mənəvi ideyalara söykənən tədqiqatın nəticəsi olan “Tarixi Azərbaycan torpaqlarında maddi-mədəni irsimiz” kitabı təkcə hazırkı, Ermənistanda azərbaycanlılara məxsus irsin məhv edilməsi və yer üzündən silinməsinin miqyasını, statistikasını göstərmir, həm də abidələrin daşıdığı yaddaşı, əfsanələri, inanc və hekayələri onların pasportu, ruhi və fiziki kimliyi, milli tariximizin hard diski şəklində yenidən bərpa edir.
Kitabda 244 abidənin tarixi hərtərəfli araşdırılır və düzgün elmi təsnifata uyğun onların reestri verilir. Göründüyü kimi, 44 rəqəmi millətimiz üçün fərqli ruh yaradaraq keçmişimizə münasibəti dəyişir, yüzilliklər əvvələ gedərək gedərək tarixin silinmiş səhifələrindən qurucu kimliyimizi görməyə imkan verir. “Tarixi Azərbaycan torpaqlarında maddi-mədəni irsimiz” adlı kitab Qərbi Azərbaycandakı maddi mədəniyyət abidələrimizin böyük bir hissəsi haqqında məlumat əldə etmək imkanı yaradır. Kitabda 244 abidə tədqiq edilərək müvafiq xüsusiyyətlərinə görə təsnifləşdirilib. Burada öz əksini tapan maddi-mədəni abidənin hər birinin adı, tarixi, yerləşmə yeri (əvvəlki toponim/sonrakı toponim), təsnifatı, növü-təyinatı, əhəmiyyəti, mövcud vəziyyəti haqda informasiya əldə etmək və hər abidə haqqında qısa məlumatlarla tanış olmaq mümkündür. Olduqca mühüm tarixi, milli və mənəvi əhəmiyyət kəsb edən tədqiqatın nəticəsi olan bu kitab indiki Ermənistan ərazisindəki azərbaycanlılara məxsus maddi-mədəni irsin məhv edilməsi və yer üzündən silinməsi prosesinin bugünkü - cari vəziyyəti haqqında təsəvvür yaratmağa imkan yaradır və məsələnin nə qədər mühüm əhəmiyyətə malik olduğunu daha əyani şəkildə ictimaiyyətə çatdırır. İndiki Ermənistan ərazisində qalan, xüsusi milli-mənəvi dəyər kəsb edən istər yararlı və istərsə də xarabaya çevrilən bu tarixi, unikal abidələr ermənilər tərəfindən mənimsənilərək bütün dünyaya erməni abidəsi kimi təqdim olunur.
Tədqiq edilən 244 abidədən 133-ü tamamilə dağıdılıb, 51-i xarabaya çevrilib və erməniləşdirilib, yararlı olan 58 abidə isə ermənilər tərəfindən mənimsənilib. Eləcə də yararlı vəziyyətdə olan 1 kilsə erməni kilsəsi kimi, yararlı vəziyyətdə olan 1 məscid isə fars məscidi kimi təqdim edilməkdədir. Kitabda 49 pir/ocaq/ziyarətgah, 40 məscid, 38 qəbirüstü abidə, 15 məbəd, 13 qala, 19 alban kilsəsi, 13 karvansara, 8 türbə, 6 etnoqrafik-arxeoloji abidə, 6 günbəz, 5 qəbirüstü heykəl, 5 körpü, 3 məqbərə, 3 sərdabə, 3 arxeoloji abidə, 3 daşüstü yazı, 2 mədrəsə, 2 məhəllə, 2 imarət, 9 qayaüstü təsvir, qədim yaşayış məskənləri haqqında yerli və xarici mənbələrdən toplanan məlumatlar tərəfimizdən aparılan tədqiqat nəticəsində ilk dəfə aşkar edilərək mövcud siyahıya əlavə edilib və siyahı daha da təkmilləşdirilib, tədqiqat nəticəsində əvvəlcədən mövcud olan məlumatlar isə yeni istinad və mənbələr əsasında işlənərək daha da zənginləşdirilib. Tədqiqatın nəticəsinin kitab halında nəşri məqsədəuyğun hesab edilib və çap edilərək daha böyük ictimaiyyətə təqdim olunması təmin edilib.