Mərkəzi bankların inflyasiya hədəfləri yüksəldilməlidirmi?

08.08.2022

Həddindən artıq yüksək və ya sürətlənən qiymət artımının vurduğu nisbi zərər asan müşahidə oluna bilər, lakin müxtəlif sabit, aşağı birrəqəmli inflyasiya da qlobal (2008-ci il) maliyyə böhranı dövrü istisna olmaqla, məhsuldarlığa elə də önəmli sıçrayış gə

İnflyasiyanın məzmunu və əhəmiyyəti.

İnflyasiyanın onilliklərin ən yüksək səviyyəsinə qalxması və qiymət təzyiqlərinin əmtəə, mənzil və digər xidmətlərə yayılması ilə Mərkəzi banklar onların etibarına xələl gətirməmək üçün daha təcili hərəkətə ehtiyac olduğunu başa düşürlər. Siyasətçilər keçmişin dərslərinə diqqət yetirir, sonradan daha ağrılı düzəlişlərdən qaçmaq üçün qətiyyətli davranmağa cəhd edirlər. Federal Ehtiyatlar Sistemi, Kanada Bankı və İngiltərə Bankı artıq faiz dərəcələrini nəzərəçarpacaq dərəcədə artırıb və bu il daha böyük artımlarla davam edəcəklərini bildiriblər. Avropa Mərkəzi Bankı bu yaxınlarda on ildən artıq müddətdə ilk dəfə olaraq uçot dərəcəsini qaldırdı. Bununla belə, inflyasiyanın artım miqyası Mərkəzi banklar və bazarlar üçün sürpriz olub, inflyasiyanın görünüşü ilə bağlı əsaslı qeyri-müəyyənlik qalmaqdadır. Yüksək inflyasiyanın möhkəmlənməsi və inflyasiya gözləntilərinin lövbərdən çıxması kimi əhəmiyyətli risk hələ də olduğu kimi qalır.

Əgər yuxarı risklər reallaşarsa və yüksək inflyasiya daha da möhkəmlənərsə, inflyasiyanın aşağı salınması xərcləri nəzərəçarpacaq dərəcədə yüksək ola bilər. Bu halda, mərkəzi banklar iqtisadiyyatı sərinlətmək üçün daha qətiyyətli olmalıdır ki, daha aqressiv şəkildə sərtləşmə iqtisadi artıma əhəmiyyətli dərəcədə şübhələr yaradır. Onsuz da zəif likvidliyin əlamətləri fonunda siyasət dərəcəsinin daha da sürətli artırılması səhmlərə, kreditlərə və inkişaf etməkdə olan bazar aktivlərinə təsir edən riskli aktivlərin qiymətlərinin daha da kəskin azalması ilə nəticələnir. Maliyyə şərtlərindəki sərtləşmə nizamsız ola bilər, maliyyə sisteminin dayanıqlığını sınayır və xüsusilə inkişaf etməkdə olan bazarlara böyük təzyiqlər yaradır.

İnflyasiyanın faiz dərəcələri və monetar siyasət üzərində təsiri.

Həddindən artıq yüksək və ya sürətlənən qiymət artımının vurduğu nisbi zərər asan müşahidə oluna bilər, lakin müxtəlif sabit, aşağı birrəqəmli inflyasiya da qlobal (2008-ci il) maliyyə böhranı dövrü istisna olmaqla, məhsuldarlığa elə də önəmli sıçrayış gətirmədi. Bir az daha yüksək inflyasiya hədəfinin xərcləri kiçikdirsə, faydalar potensial olaraq böyükdür. Əsasən, bu, Mərkəzi bankirlərə nominal faiz dərəcələri üzrə sözdə sıfır aşağı həddən qaçmağa kömək edə bilər. Faiz dərəcələri mənfi əraziyə çox gedə bilməz, çünki onlar bank sisteminin sabitliyini pozmaq riski daşıyır: əmanətçilər alternativ qismində bank hesablarını boşaltmağı və nağd pul saxlamağı seçə bilərlər ki, bu da faktiki olaraq sıfır faiz dərəcəsi ilə nəticələnir, mənfi faiz dərəcələrinin effektivliyini məhdudlaşdırır. Maliyyə böhranından sonra bəzi Mərkəzi banklar kommersiya banklarının ehtiyatlarına bir qədər mənfi dərəcələr təyin etdilər, lakin kreditorların onları pərakəndə müştərilərinə ötürmək imkanları az idi. Mənfi faiz dərəcələrinin zəifliyi Mərkəzi bankları kəmiyyət yumşalması kimi qeyri-ənənəvi siyasətlər qəbul etməyə təşviq etdi.

Faiz dərəcələri üzrə aşağı sərhəddən qaçmaq imkanı kiçik bir şey deyil. Mövcud pul-kredit siyasətinin sərtləşməsinə baxmayaraq, faiz dərəcələrinin nisbətən aşağı olması riski hələ də qalmaqdadır. Pandemiyadan əvvəl faiz dərəcələrinə təsir edən uzunmüddətli amillər, məsələn, əhalinin qocalması və aşağı məhsuldarlıq artımı hələ də aktualdır.

İnflyasiya hədəflənməsi rejimi.

Yüksək inflyasiya ağrılıdır. Qiymət artımı əməkhaqqı ilə uzlaşsa, bununla da işçilərin gəlirləri real ifadədə saxlansa belə, pulun həm hesab vahidi, həm də dəyər anbarı funksiyası pozulur. Bir anda razılaşdırılmış müqavilələr öz dəyərini sürətlə itirərək kapitalı alıcı və satıcı, kreditor və borclular arasında özbaşına bölüşdürür, uzunmüddətli investisiya və qənaət qərarları daha çox qumara çevrilir. Buna rəğmən, deflyasiya da uğurlu seçim deyil. Həm ipoteka sahibləri, həm də hökumətlər üçün borcların dəyərinin real ifadədə artımı baxımından narahatlıq doğurur. Bu da Mərkəzi bankların aşağı, lakin müsbət inflyasiya dərəcəsini hədəfləməsinin səbəbini izah edir.

1989-cu ilin dekabrında Yeni Zenlandiya parlamenti Mərkəzi bank üçün 2% hədəfi barədə qərar qəbul edərkən, milad öncəsi millət vəkillərindən heç biri etirazını bildirmədi. Don Braş 1988-ci ilin sentyabrında Yeni Zelandiyanın MB-ın sədri seçiləndə ölkə qızğın inflyasiyadan yavaş-yavaş özünə gəlirdi: cəmi bir il əvvəl bu nisbət 15%-i keçmişdi. O zaman bütün dünya üzrə Mərkəzi banklar, şübhəsiz ki, sabit qiymətləri təmin etməyə çalışırdılar, lakin onların effektivliyini ölçmək üçün müxtəlif meyarlardan istifadə edirdilər - məsələn, öz valyutalarının məzənnələri və ya pul kütləsinin artım tempi kimi. İnflyasiyanın 2% hədəflənmənin isə praqmatik tərəfləri var idi. Birincisi, Yeni Zelandiya kimi ölkələr yüksək inflyasiyanın mütləq yüksək iqtisadi artım gətirmədiyini öyrənmişdilər, ona görə də bankirlər aşağı, sabit rəqəm istəyirdilər. Eyni zamanda, inflyasiyanın çox aşağı olması da arzuolunmaz idi. Çünki bu, tənəzzül dövründə iqtisadiyyatı stimullaşdırmaq üçün faiz dərəcələrini daha aşağı salmağa imkan verməyəcəkdi. Beləliklə, başlanğıc nöqtəsi kimi qəbul edilən 2% hədəflənmə növbəti dəfə Kanadanın tətbiqi ilə zaman keçdikcə inkişaf etmiş dünya üçün standarta çevrildi.

 

Hətta 2008-ci il tənəzzülündən sonra da, öz aktuallığını qoruyan 2%-lik hədəfləmə, cari ildə inflyasiyanın bir neçə dəfə yüksəlməsi ilə bir sıra müzakirələri də ortaya çıxarmış oldu. Vəziyyət o yerə gəldi ki, ABŞ MB-ı FED inflyasiya mandatının şərhini dəyişdi.

Gözləntilər.

30 illik vəddən boyun qaçırmağın nəticələri ağırdır. Metodologiyanı indi dəyişmək mübarizədən tamamilə imtina etmək təəssüratı yarada bilər. Çünki inflyasiyanın hədəflənməsi ictimaiyyətin qiymət artımı ilə bağlı gözləntilərini təsdiqləmək məqsədi daşıyırdı. Hədəfin dəyişdirilməsi inflyasiyanın növbəti dəfə yüksələcəyinə dair gözləntilər yaradaraq, bu hədəfi tamamilə sarsıda bilər:  hansı aşağı və müsbət rəqəmin arzuolunan olduğuna qərar vermək olduqca çətin məsələdir. Məsələn, 2%-lik hədəf əslində 3% və ya 4%-dən birindən üstündür, yoxsa o, sadəcə olaraq yüksək statusunu ənənəyə borcludur?  Yaxud da hədəf səviyyə, misal üçün 2%-dən 4%-ə yüksələrsə, bazarlar “niyə 6% olmasın?” sualı ilə onun yenidən dəyişə biləcəyini, yəni yüksək inflyasiya gözləntilərini ehtimal edəcəklər.

Nə qədər ki, inflyasiya hədəfdən kənardır, təbii ki bu cür mülahizələr pul islahatçıları olmaq istəyənlərin əlində qalacaq. Mümkündür ki, hədəfin artırılması iqtisadiyyatların qlobal maliyyə böhranından sonrakı onillikdə hökm sürən aşağı inflyasiya tempinə qayıtmasına kömək edə bilər.

Pünhan Musayev

İqtisadçı, Sosial Tədqiqatlar Mərkəzinin əməkdaşı