Aktual sosial-fəlsəfi problem kimi öyrənilən multikulturalizm, mədəniyyətlərarası dialoq, plüralizm və mədəni müxtəliflik anlayış və ifadələri müasir sosial-ictimai, siyasi düşüncədə mühüm yer tutmaqla, intellektual leksikonda geniş istifadə olunmaqdadır. Qeyd edək ki, mədəniyyətlərarası dialoq, plüralizm və mədəni müxtəliflik anlayışlarının sosial-mədəni və ictimai-siyasi mahiyyəti rəsmi və yekun olaraq Avropa Şurasının Xarici İşlər Nazirlərinin 118-ci Sessiyasında qəbul edilərək “Mədəniyyətlərarası Dialoqa dair Ağ Kitab”da müəyyən edilmişdir. “Ağ kitab”da “mədəniyyətlərarası dialoq qarşılıqlı anlaşma və ehtiram əsasında müxtəlif etnik, mədəni, dini, linqvistik mənşə və irsə malik fərdlər və qruplar arasında mövcud olan açıq və səmimi fikir mübadiləsini əhatə edən proses kimi başa düşülür. O, başqalarının fikirlərini dinləmək istəyi və bacarığını tələb etdiyi kimi, özünü ifadə etmə sərbəstliyi və qabiliyyətini də tələb edir. Mədəniyyətlərarası dialoq müxtəlif mədəniyyətli cəmiyyətlərin siyasi, sosial, mədəni və iqtisadi inteqrasiyasına və birləşməsinə imkan yaradır.” (Mədəniyyətlərarası Dialoqa dair Ağ Kitab. (Strasburq, 7 May 2008-ci il)) Qəbul etməliyik ki, açıq şəkildə ifadə və izah edilən sözügedən anlayışlar burada pasportlaşdırılır. Lakin mahiyyət, prosesin özü bir qədər dərindədir. Belə ki, mədəniyyətlərarası dialoq, multikulturalizm problem kimi əvvəldən mövcud olan, ancaq açıq şəkildə müasir qloballaşma tendensiyalarına müvafiq olaraq meydana gəlmişdir. “Qloballaşma – zaman və məkanı görünməmiş ölçüdə sıxışdırıb. Telekommunikasiya və mətbuatda inqilablar – xüsusən, İnternet kimi yeni kommunikasiya xidmətlərinin meydana gəlməsi – milli mədəni sistemləri get-gedə dəlmə-deşik edib. Nəqliyyat və turizmin inkişafı mədəniyyətlərarası dialoq üçün get-gedə daha çox şərait yaradaraq həmişəkindən çox sayda insanın qarşılıqlı əlaqəsini təmin edir.” (Mədəniyyətlərarası Dialoqa dair Ağ Kitab) Qloballaşan, bir başqa mənada kiçilən dünyada sivilizasiya isə mövcud yüksək texniki imkanlara baxmayaraq özünün ən keşməkeşli ruhi böhran, tənəzzül dövrünü yaşayır. Qlobal informasiya məkanının formalaşması və informasiyanın sürətli axını nəticəsində ənənəvi milli sərhədlər dağılmış, elmi-texniki tərəqqi məngənə effekti yaradaraq dünyanı daha da kiçiltmiş və müxtəlif mədəniyyətləri iç-içə yaşamağa sövq etmişdir. Bir tərəfdən əldə edilən elmi-texniki nailiyyətlər insanın komfort, təhlükəsiz həyat şərtlərinə xidmət etsə də, digər tərəfdən bəşəriyyəti təbii, sosial və mənəvi böhran, kataklizmlərlə qarşı-qarşıya qoymuşdur. Qlobal virtual məkanda informasiyanın sürətli və idarəolunmaz axını bir çox hallarda psevdo həqiqətlərin həqiqət kimi təqdim edilərək ictimai şüurun fərqli - çarpaz toqquşması ilə müşayiət olunur. Bu mənada kiçilən dünyada iç-içə yaşayan müxtəlif mədəniyyətlər multikulturalizm mühitini yaratmaqla yanaşı, onların toqquşmasını qaçılmaz edir. Belə bir şəraitdə sivilizasiyanın, bəşəriyyətin gələcəyi naminə yeni dövrün çağırışları məhz mədəniyyətlərarası dialoq və plüralizmdir. Burada mühüm yeri isə psevdo həqiqətlərdən uzaq sağlam informasiyanın rəqabətə davamlı, aktiv idarəolunması tutur.
İndi sivilizasiya adının nə olmasından (Mədəniyyətlərin toqquşması, çarpazlaşması, mübarizəsi, inteqrasiyası və s.) asılı olmayaraq ümumən ruhi böhran halını yaşayır. Ruhi böhran “Ruhun parçalanması, onun böhranı əslində həyat və düşüncə tərzinin, insanlar arası münasibətlərin, insanın və cəmiyyətin, bütövlüklə həyat və fəaliyyətin, mənəviyyatın, ictimai şüur formalarının, mədəni, etik, estetik dəyərlərin öz məcrasından çıxması, patologiyaya məruz qalması deməkdir.” (İsmayılov F. Müqəddəs od, yaxud fəlsəfənin fəlsəfəsi. 2015) Mövcud normalar sistemi, etik-əxlaqi dəyərlər təzyiqlərə tab gətirməyərək parçalanır və ya dəyişikliklərə məhkum olur. Bəzən belə bir fikir formalaşdırılır ki, Qərb mədəniyyəti digər mədəniyyətləri əridərək öz mədəni prinsiplərini diktə edir. Lakin indiki dövrdə ən qapalı müxtəlif cəmiyyətləri (hətta ən mühafizəkar milli-dini etnik qruplar) ümumi sivilizasiyadan və mədəniyyətdən ayrı təsəvvür etmək mümkün deyil. Belə ki, müxtəlif mədəniyyətlərin qarşılıqlı təsiri nəticəsində, sosial təcrübəni bərpa edən, cəmiyyətin inkişafının hər bir mərhələsində onun ardıcıl şəkildə ötürülməsini təmin edən sabit strukturlar kimi başa düşülən mədəni paradiqmalar dəyişilir. Paradiqmaların dəyişilməsi nəticəsində isə sivilizasiyanın özü qlobal dəyişikliklərə məruz qalır. Bu sistemli-dairəvi prosesdir. Tomas Kunun “Elmi inqilabların strukturu” (Томас Кун. Структура научных революций. Москва, 1977) adlı kitabında “normal elm” və “elmi inqilablar” haqqında fikirlərini sivilizasiyaya transformasiya etdiyimiz zaman deyə bilərik ki, qarşıya çıxan problemlər mövcud paradiqmalar çərçivəsində həlli mümkünsüz olduqda, yerini yeni paradiqmaya verir. Yeni paradiqma isə yeni sivilizasiya, yeni mədəniyyət, yeni cəmiyyət və yeni normalar sistemidir.
Müasir dövrdə sosial-mədəni, hərbi-siyasi, ictimai-iqtisadi böhranların yaşanması əslində mövcud normalar sisteminin, beynəlxalq qanunlar sisteminin işləməməsinin nəticəsidir. Yeni paradiqma, yeni normalar sistemini tələb edən tarixi proses indi özünün elə bir mərhələsini yaşayır ki, ümumən qlobal dəyişikliklər fonunda prosesin özünə əvvəllər mövcud olmayan gözlə baxılmasını tələb edir. Bu baxımdan yeni sivilizasiyaya keçidin labüdlüyünü dərk edərək cəmiyyətin terapiyası, yeni baxış bucağı məhz mədəniyyətlərarası dialoq, plüralizm və mədəni müxtəlifliyə tolerant münasibətdə əksini tapır. Beləliklə, müasir dövrdə ağlabatan, sağlam cəmiyyətin qurulmasına gedən yolun konturları sağlam cəmiyyətin qurulması, sağlam virtual informasiya məkanın qurulmasından böyük ölçüdə asılıdır. Hələ ötən əsrin əvvəllərindən başlayaraq bir çox mütəfəkkirlərin ictimai-siyasi görüşlərində sivilizasiyanın yeni mərhələyə keçidi ilə bağlı fikirlər yer almağa başlamışdır. Belə mütəfəkkirlərdən biri alman filosof-sosioloqu Yurqen Habermas fəlsəfi düşüncələrini ağlabatan cəmiyyətin formalaşdırılması istiqamətə yönəltmiş, rasionallıq, etika və azadlıq anlayışlarına kommunikasiya anlayışını əlavə edir və mədəni birliyin universal əsasında kommunikasiya anlayışını irəli sürürdü. Habermas müxtəlif cəmiyyət və siyasi sistemlərin ortaq məxrəcini axtararaq cəmiyyətin düzgün, ağlabatan idarə olunma sistemini təklif edir və burada diskussiyanın önəmini xüsusi vurğulayırdı. Eyni zamanda qloballaşmanın xeyirdən daha çox zərər gətirdiyini düşünən, bundan isə geri dönüşün mümkün olmadığını anlayan Habermas hesab edirdi ki, qloballaşan cəmiyyətdə ən aparıcı faktor dialoqdur. Müxtəlif mədəniyyətlər, qruplararası münasibətlərin, qarşılıqlı anlaşma və konsensusu məhz dialoqdan keçir. Müasir dövrdə dialoqun faydası yalnız uzlaşma ilə bitmir o, sözün əsl mənasında özgə dəyərlər və etiqadlara dözümlü münasibət və daha aydın fikir yaratmağa kömək edir. Vətəndaş cəmiyyətinin kökündə dayanan dialoq bəşəriyyətin kəşfi, onun nicatıdır. Dialoqa alternativ olan siyasi repressiya, siyasi və mədəni-ictimai ayrı-seçkilik və digər qeyri bəşəri aktlardır. Dialoq vasitəsilə müxtəlif qruplar arasında müzakirələr nəticəsində güclü qruplar qalib gələrkən, həmin qrupların öz mənafelərini müdafiə etməsi ilə əlaqədar olaraq, digər fundamental məsələlərin açıq müzakirəsindən imtina edirlər. Bu kimi problemləri dərindən anlayan Habermas plüralizm anlayışına keçid alır və plüralizm vasitəsilə cəmiyyət modellərinin sinergetik sintezini axtarır ki, onun vasitəsilə ağlabatan, sağlam mühitin yaradılmasının mümkünlüyünə diqqət yetirsin. Şübhəsiz plüralizm və dialoq özgələşən cəmiyyətlərin, toqquşan maraqların, sülhün açarı, xəstə cəmiyyətin dərmanıdır. Kommunikasiya nəzəriyyəsi vasitəsi ilə Habermas sağlam cəmiyyətin qurulması üçün konfliktlərin güc yolu ilə həllini tamamilə inkar edirdi. Onun fikrincə bunun üçün tərəflərin bir-birini anlaması nəticəsində qarşılıqlı anlaşmanın əldə edilməsi vacibdir. Lakin ardınca onu da göstərməyi unutmur ki, “çətin həyati şəraitdə plüralist cəmiyyətdə belə cəhd uğursuzluğa məruz qalacaq.” (Хабермас Ю. Вовлечение другого. Санкт-Петербург. 2001) Göründüyü kimi Habermas konfliktlərin güc yolu ilə həllini inkar etməklə bərabər real həyati situasiyada bundan qaçmağın mümkün olmadığını da diqqətə çatdırır. Sağlam cəmiyyətin qurulmasında zorun yaramadığını, kompromislərin isə problemləri kökündən həll etmədiyini göz önünə gətirsək o, zaman çıxış yolunun harada olduğunu tapmaq lazım gəlir. Dialoq nə qədər mühüm rol oynasa da onun istiqamətini bilmədən davam etdirilməsi də mənasızdır.
Erix Fromma görə müasir insan sağlam cəmiyyətin qurulması üçün ilahi kodunu itirmişdir. Fromm bu kodun tapılmasını ideyada görür, ideya ilə insanın aktivliyinin artmasını əlaqələndirir və bildirir ki, ideya insanın gözünü açır. Görmə isə “linqivistik analitiklərə görə, yalnız metafizika deyil, eyni zamanda metoddur.” (İsmayılov Fərman. Dilin metafizikası. 2002) İdeya insanları yuxudan oyadır. İnsandan aktiv düşünməyi və hiss etməyi tələb edir. Bu baxımdan ideya ilə silahlanmış insan daha aktiv və deməli, inamla dünya ilə bütünləşmiş olur.
Əgər XIX əsrin əvvəllərində insanlar yanlış istiqamətə yönəldilmiş olsa belə ideya ilə dolub daşırdılarsa və indi bu “status quo”nu bərpa edə biləcək ideyalar mövcud deyil. İdeyalarsız indi tarix özünün elə bir anına yaxınlaşmaqdadır ki, biz ona tarixin heç bir mərhələsində rast gəlməmişik. Müxtəlif mədəni dəyərlərin daşıyıcıları, müxtəlif qruplar bu gün bir-birinə daha dözümsüzdür. Sanki onlar eyni dünyanın sakinləri deyillər. Onlar arasında artan zorakılıq, işgəncə və zülmlər topluluqları bir-birindən hər gün daha da uzaqlaşdırır. Beləliklə, münaqişələr kiçik qruplardan tutmuş mədəniyyətlər, sivilizasiyalar münaqişəsinə doğru inkişaf edir. Heç şübhəsiz “mədəniyyətlər mübarizəsi” mövzusu Qərbin iyrənc maraqlarının örtüyü rolunu oynayır. Bu baxımdan “Dünya müharibələri bir sivilizasiyanın – Qərbin məhsuludur”. (Rüstəmov Y. Sivilizasiyaların qarşılıqlı münasibəti: 2007) Bunun kim tərəfindən və hansı formada ortalığa atılması isə tamamilə başqa bir mövzudur. Etiraf etməliyik ki, əslində hər hansı bir mədəniyyətin digərindən üstünlüyünü düşünmək absurd və nöqsanlıdır. Həqiqət ondan ibarətdir ki, “Qərb sivilizasiyası hissə-hissə, damla-damla bütün planetə paylanmışdır və getdikcə daha çox planetar hadisəyə çevrilmək cəhdləri göstərir. Qloballaşma da məhz bu dəyərlər sisteminin dünyaya yayılması, hamı tərəfindən qəbul olunması və ya hamıya qəbul etdirilməsi proseslərini əhatə edir.” (Xəlilov S. Şərq və Qərb: ümumbəşəri ideala doğru: 2004) Bəşəriyyət isə öz mədəni müxtəlifliyi ilə daha cazibədar, ağlabatandır. Birrəngli dünyanın qurulması isə insanları daha passiv və daha qəmgin edir.
Çoxları Qərb sivilizasiyasının bu gün böhran dövrünü yaşadığını, başqa sivilizasiyaya keçidindən bəhs edir və hesab edir ki, XXI əsr müasir hegemon “Qərb” sivilizasiyası öz yerini başqa sivilizasiyaya vermə mərhələsindədir. Bəşəriyyət isə “köhnə” sivilizasiyadan ayrıla bilmir və onun yaşaması üçün sanki mübarizə aparır. Burada isə “köhnə”, yoxsa “yeni” sivilizasiyanın, mədəniyyətin “yaxşı”, qəbul edilən və ağlabatan olması önəmli deyil. Bu yalnız keçid mərhələsidir, keçid mərhələsi isə ağrılı-acılı olur. Hazırda dünyada yaşanan qlobal böhran məhz bu keçid mərhələsinin təzahürüdür. İnsanın mahiyyətinin dəyişməsi və yeni mahiyyət qazanması da bundan irəli gəlir. Yeni insanın formalaşması isə uzun zaman ala bilər. Məhz bu səbəbdəndir ki, bəzi gizli və ya açıq fanatik meyllər əmələ gələrək, insanın daxilində mövcud olan psixoloji boşluğu tutmağa cəhd etməkdədir. Separatizm, terrorizm və digər antihumanist meyllərin yaranması da bu qəbildəndir. Digər tərəfdən isə müxtəlif fanatik meyllərin yaranması sağlam cəmiyyətin formalaşmasında mühüm rol oynayan dialoq və qarşılıqlı anlaşmanı kənara atır.
Yuxarıda göstərilən bu kimi problemlərin müzakirəsi məqsədi ilə 2011-ci ilin 10-11 oktyabr tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin xüsusi himayəsi ilə ölkəmizdə “XXI əsr: ümid və çağırışları” I Bakı Beynəlxalq Humanitar Forumu təşkil edilmişdir. Həmin Forumun “Multikulturalizm: nailiyyətlər və problemlər” adlı tədbirində Bolqarıstan Respublikasının sabiq prezidenti Jelyu Jelev “XXI əsr – dünyamız hara gedir? Bir qütblü, yoxsa çoxqütblü modelə doğru?” məruzəsinə fikrinizi yönəltmək istərdim. O, məruzəsində bildirir ki, XX əsrdə “totalitar faşizm və kommunizm doktrinalarının həyata keçirilməsi yolu ilə yeni insan və yeni cəmiyyət yaratmaq cəhdləri” XXI əsrin fikir adamlarının gözündə sadəlövh və gülməli görünəcək. Belə ki, “cisimlərin daxili məntiqi elədir ki, demokratik məqsədləri qeyri-demokratik vasitələrlə həyata keçirmək olmaz. Məqsədlər və vasitələr arasında ziddiyyət olduqda, ayrılmalar, ixtilaflar meydana gəlir, onda qeyri-demokratik instrumentarilər demokratik məqsədləri çəkib çıxarır, sıxışdırır, özü isə məqsədə çevrilir, beləliklə ilkin məqsədlər yox olub gedir. Başqa sözlə desək, başqa cür düşünənlər üçün konslagerlər, qaz kameraları, gizli dinləmələr və donoslar, bütöv xalqların deportasiya və genosidi ədalətli, azad, demokratik cəmiyyət qurmağa yardımçı ola bilməz, əksinə, əxlaq və mənəviyyatdan xəbərsiz bir cəhalətpərəstlər kütləsi meydana gələr.” (http://bakuforum.az/az/multikulturalizm-nailiyyetler-ve-problemler/?fid=2258) Göründüyü kimi yeni insanın, yeni cəmiyyətin yaradılması bir layihə deyil, prosesdir. Bu prosesi sürətləndirmək və ya ləngitmək humanitar faciələrlə nəticələnir və ya ifrat anti-demokratik meyllərin, müxtəlif məqsədlərə xidmət edən qruplarının yaranmasına səbəb olur. Dialoq, plüralizm və mədəni müxtəliflik cəmiyyətə harmoniya və rifah gətirirsə, onların yoxluğu xaos və fəlakətlərə münbit zəmin yaradır. İndi biz sivilizasiyanın elə bir mərhələsində yaşayırıq ki, dünyanın hər hansı bir nöqtəsində baş verən istənilən hadisə dünya nizamına bu və ya digər formada təsir göstərir. Bu baxımdan dünya nizamı mədəniyyətlərarası dialoqdan və mədəni, milli, dini müxtəliflikdən böyük ölçüdə asılıdır. Unutmaq olmaz ki, millətindən, dinindən asılı olmayaraq biz hamımız bir evin sakinləriyik. Bu evi isə qorumaq hər kəsin borcudur.
Görkəmli alman filosofu Y.Habermas bu mənada BMT-nin dünyada oynadığı rola diqqət yetirərək xalqlar arasında birliyin mühüm əhəmiyyət kəsb etdiyini, dövlətlər arasında münasibətlərin sivil yolla həll edilməsinin əhəmiyyətini vurğulayır. Bildirir ki, BMT nizamnaməsi aqressiv müharibələri tamamilə rədd etməklə yanaşı, dövlətlərin daxili işinə qarışmağı qəti surətdə qadağan edir və istənilən dövlət hərbi özünümüdafiə hüququnu özündə saxlayır. Habermas hesab edir ki, (bu elə BMT-nin nizamnaməsidə də belədir) “dövlətin müstəqilliyi, ərazi bütövlüyü və milli birliyi BMT-nin nizamnaməsində bütövlükdə nəzərə alınmalıdır.” (Хабермас Ю. Вовлечение другого. Санкт-Петербург. 2001) Lakin BMT-nin heç bir silahlı birlikləri yoxdur və o, onun üzvlərinin maddi dəstəyindən asılıdır. Belə olduğu təqdirdə isə böyük dövlətlərin maraqlarına daha çox diqqət yetirilməsi, fövqəldövlətlərinin burada öz maraqlarını diktə etdirməsi təbiidir. Hətta, bu fövqəldövlətlər heç bir qanuni əsası olmadan öz məqsədlərini birtərəfli şəkildə həyata keçirməsi dünya nizamı və dialoquna ciddi zərbə vurmuş olur. Habermas beynəlxalq hüququn məhz fövqəldövlətlər tərəfindən pozulmasının gələcəkdə xoşagəlməz nəticələrə səbəb olacağını diqqətə çatdırır və bildirir ki, ABŞ-ın İraqa qarşı qeyri-qanuni müharibəsi arzu olunan normativ nəticə versə belə beynəlxalq hüquqa zidd olaraq qalır. (Хабермас Ю. Раскoлотый запад. Москва, 2008) Bununla da Amerikanın İraqa müdaxiləsi beynəlxalq hüquqda yeni situasiyanın yaranmasına şərait yaratdı. Ardınca bütövlükdə Qərb sivilizasiyasının Şimali Afrika və Yaxın Şərqə demokratiya adı altında “sırıdığı” “Ərəb baharı” dünya üçün çözülməsi mümkün olmayan problemlər gətirdi. Şərqi Avropada baş verən hadisələr, Rusiya-Ukrayna qarşıdurması, ekoloji, təbii, sosial-psixoloji və humanitar fəlakətlərin beynəlxalq hüququn prinsip və normalarının pozulması, suveren respublikaların daxili nizamına bu və ya digər, açıq və gizli formada müdaxilənin nəticəsidir. Dövlət çevrilişləri və hakimiyyət strukturlarının zəifləməsi nəticəsində meydana çıxan radikal terror təşkilatları və müxtəlif maraqları təmsil edən qruplar bölgəni xaos və humanitar fəlakətlərə sürükləməkdədir. Belə vəziyyətdə dialoq və kompromisin yalnız müxtəlif mədəniyyətlərin daşıyıcısı olan dövlətlər arasında deyil, həm də müxtəlif qruplar və toplumlar arasında mövcud olması qaçılmaz həqiqətdir. Çünki, kiçik qruplar arasında baş verən münaqişələr zamanla böyüyərək daha böyük hərbi münaqişələrə çevrilmək ehtimalını özündə saxlayır. Hərbi münaqişə isə konfliktlərin davamlı həlli üsulu deyil. Konfliktlərin davamlı həllinin yeganə üsulu məhz dialoqdur. Ancaq bu dialoqun özünün də ədalətə, beynəlxalq hüquqa, humanizm prinsiplərinə əsaslanmaqla konkret parametrləri müəyyən edilməlidir. Dialoq – münaqişənin uzadılması, münaqişələrin gizli yayılması və ya digər formalara keçidi üçün çətir rolunu oynamamalıdır.
Bu gün reallıq ondan ibarətdir ki, mədəniyyətlərarası dialoq, plüralizm və mədəni müxtəliflikdən nə qədər çox danışılsa da birinin digəri üzərində hegemonluq niyyətləri mədəniyyətləri, xalqları və toplumları bir-birindən daha da uzaqlaşdırmaqdadır. Bununla belə mədəniyyətlərin yaxınlaşması, xalqların, müxtəlif etnik qrupların dialoq və plüralizm şəraitində birgəyaşayışı qloballaşan dünyada zamanın tələbi, günün reallığıdır. Sağlam beynəlxalq, bəşəri mühitin formalaşdırılması mədəniyyətlərarası dialoq və plüralizmdən keçir. Yeni sivilizasiyanın, yeni dövrün paradiqması isə multikulturalizmdir.
Multikulturalizm – cəmiyyətin mədəni müxtəliflik əleyhinə etirazını səngitmək üçün alternativ siyasət kimi meydana gələn, mədəni müxtəlifliyi qoruyub saxlamaq və zənginləşdirmək, mədəniyyətlərarası dialoqun qurulması ilə yeni formaların axtarışıdır. Mədəni müxtəliflik digər dövlətlərin ərazilərinə, xalqların mədəni irsinə iddiaları, etnik təmizləməni, assimilyasiya və ksenofobiyanı tamamilə rədd edir. Müasir dövrün yeni dünya nizamının tələblərinə uyğun olaraq, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin düşünülmüş beynəlxalq siyasəti, xalqımızın tarixən yaratdığı və yaşatdığı multikultural ənənəyə verdiyi önəm ölkəmizi dünyanın mədəniyyətlərarası dialoqun episentrinə çevirmişdir. 2008-ci ildə mədəniyyətlər arasında dialoqun qurulması məqsədilə ölkə başçısı tərəfindən irəli sürülən “Bakı prosesi” təşəbbüsü xalqımızın çoxəsrlik tolerant, birgəyaşama mədəniyyətinin dünya mədəniyyətləri arasında münasibətlərin tənzimlənməsi və inkişafında nümunə kimi təqdim edilmişdir. Bu isə bəşəriyyətin plüralizm, mədəni müxtəlifliyin dəstəklənməsi çərçivəsində təhlükəsiz və birgəyaşayış mədəniyyətinə dəstəyin ən bariz nümunəsidir. “Bakı prosesi”nin davamı olaraq Azərbaycan Respublikasının Prezidentinin təşəbbüsü, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın dəstəyi ilə 2011-ci ildən başlayaraq YUNESKO, BMT-nin Sivilizasiyalar Alyansı, BMT-nin Ümumdünya Turizm Təşkilatı (BMÜTT), Avropa Şurası, İSESKO və digər beynəlxalq təşkilatların tərəfdaşlığı ilə iki ildən bir paytaxt Bakı bəşəri sülhə, əmin-amanlığa, bütövlükdə sağlam dünya nizamının qurulmasına xidmət edən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumlarına yüksək səviyyədə ev sahibliyi etmişdir. Forumlarda çıxış edən Azərbaycan Respublikasının Prezidenti bildirir ki, Forumda aparılan müzakirələrin məqsədi “necə edək ki, xalqlar bir-birinə daha da yaxın olsunlar. Necə edək ki, dünyada dini zəmində qarşıdurma olmasın, xalqlar, sivilizasiyalararası məsələlər müsbət istiqamətdə inkişaf etsin. Qarşılıqlı inam artsın, qarşılıqlı hörmət artsın”. “Əgər biz hamımız istəyiriksə ki, millətlərarası, dinlərarası münasibətlər sağlam zəmində qurulsun.” ( http://president.az/articles/1845) “Forumda iştirak edən insanları bir amal birləşdirir. Bizi multikulturalizmin inkişafı, mədəniyyətlərarası dialoqun uğurlu gələcəyi və beləliklə, dünyada gedən müsbət meyllərin gücləndirilməsi amalı birləşdirir”. (http://president.az/articles/8406) Göründüyü kimi ölkəmizdə dünya sülhü, ədalətli dialoq, zamanın çağırışlarına ən yüksək kürsülərdən sistemli, ardıcıl və real praktiki addımlarla cavab verilir. 2015-ci ilin 18 mayında III Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda çıxış edən ölkə başçısı bir daha vurğulayır ki, multikulturalizmin, mədəniyyətlərarası dialoqun alternativi yoxdur. Və buna əks olan kəsimlərə tutarlı cavab verərək qeyd edir: “Hesab edirəm ki, multikulturalizmi gələcəyi olmayan məfhum kimi təqdim etmək təhlükəlidir, əksinə səylərimizi dayandırsaq, dünyada vəziyyət daha da pisləşəcək. Bu səbəbdən artıq dünyada multikulturalizm mərkəzlərindən biri olaraq tanınan Azərbaycan kimi ölkələrin nümunəsi yaxşı göstəricidir ki, multikulturalizm yaşayır və biz müsbət meylləri stimullaşdırmalıyıq. Bunun alternativi nədir? Təcridolunma, ayrı-seçkilik, ksenofobiya, islamofobiya, antisemitizm kimi təhlükəli amillərdir ki, onlar artıq bəşəriyyət tarixində sivilizasiyaların və xalqların fəlakətinə səbəb olub”. (http://president.az/articles/15172)
Müasir sosial-mədəni, ictimai-siyasi düşüncədə mədəniyyətlərarası dialoq, plüralizm və mədəni müxtəliflik ölkəmizdə dövlət səviyyəsində xüsusi həssaslıqla, real gerçəkliklər nəzərə alınmaqla yanaşılan məsələlərdəndir. Dünya düzəninin reallıqları, mədəniyyətlərarası dialoq, plüralizm və mədəni müxtəlifliyin Azərbaycan gerçəkliyində güc faktoru ilə yanaşı çoxgedişli, kombinasiyalı siyasi manevrlər ilə bərabər, virtual məkanda informasiya savaşında psevdo həqiqətlərin iflasa uğradılması Vətən müharibəsində xüsusi önəm kəsb etdi. Prezident İlham Əliyevin psevdo həqiqətlərin param-parça edən bir neçə dildə etdiyi çıxışları faktiki Qafqazda yeni reallıqlar yaratdı. Geniş mənada multikultural dəyərlər milli dəyərlərlə sinergetik sintez formasında təqdim edilməklə dünyəvi və hüquqi dəyərlər sistemi kimi təqdim edildi. Gücün real zaman və məkanda humanitar fəlakətlərdən qaçmaqla uğurlu tətbiqi isə bu dəyərlər sisteminin qorunmasına ən önəmli faktordur. Bu gün Azərbaycan hər nə qədər hərbi münaqişəyə cəlb edilsə belə, ölkəmizin mövcud multikulturalizm ənənəsi və mühiti, plüralizm və mədəni müxtəlifliyə dözümlü münasibət ölkə rəhbərliyi tərəfindən həyata keçirilən dövlət siyasətinin nəticəsində hərbi münaqişə və konfliktlərin davamlı həlli modeli kimi dünyaya təqdim edilir.
ƏDƏBİYYAT