Hanna Arentin “siyasi” və “sosial” dixotomiyası

10.06.2022

Alman filosofu Hanna Arentin ideyalarının təməlində “siyasi” və “sosial” arasındakı distinksiya dayanır. Onun demokratiya haqqında tənqidi yanaşması demokratik impulsun bu distinksiyanı keçərsizləşdirməsinə dair korrekt görüşə əsaslanır. Cəmiyyətin təbii halı tipik olaraq siyasi iqtidara intişar edilən sərvət, doğuluş və təhsilin mühüm fərqliləşmələrini özündə ehtiva edir. Beləliklə, sosial iqtidarın siyasi iqtidara transformasiyası sonradan məhz sosial iqtidarın gücləndirilməsinə zəmin yaratdı. Bununla da, demokratiya iqtidarın təbii tsiklini alt-üst etmək, sosial zəifliyi siyasi iqtidara translasiya etmək  üçün əksəriyyətin cəhdi olaraq dəyərləndirilə bilər.

Demokratiya həmçinin sıravi insan həyatlarının eqalitarianizmini publik sferaya intişar etdirmək istəməsi ilə də Arentin distinksiyalarını eliminasiyaya uğradır. Demokratik düşüncə Arentin siyasi aksiya konsepsiyasında xüsusilə vurğulanan iqtidar, ambisiya, şərəf və superiyorluq anlayışları ilə diametral ziddiyyət təşkil edir. buna görə də, təsadüfi deyil ki, Arent “sevgi”, “mərhəmət”, “qardaşlıq” kimi Yəhudi-Xristian kommunallıq konseptlərini siyasi domendən çıxarır. Qeyd olunan liberal-demokratik sentimentlər və məziyyətlər aksiyanın aqonistik konsepsiyası ilə uzlaşmazlıq təşkil edir. Demokratik aksiya məcburi, kollektivdir. Onun ilkin şərti qəhrəmanların kiçik auditoriyası deyil (Yunanlarda olduğu kimi), birgə, vahid yaşam təcrübəsidir.

Arentin “Totalitarizmin Mənşəyi” adlı kitabı onun ən mühüm əsərləri arasındadır. İlk baxışdan totalitarizmin analizinin niyə demokratiyanı müzakirə etdiyi anlaşılmasa da, əsər tamamilə bunun əksini söyləyir. Kitab İkinci Dünya Müharibəsindən dərhal sonra yazılıb. Həmin dövrdə sıravi insanların interpetasiyasına əsasən, hər yerdə “demokratiya” və “diktatorluq” arasında mübarizə gedir. Zamanın kitablar, jurnallar, qəzetlər, radio və filmlərinin vahid baxışı ondan ibarət idi ki, totalitarizmin təbiəti bütövlükdə demokratiya və totalitarizm arasındakı siyasi antitezislər kontekstində dərk oluna bilər: demokratik söz, təhsil azadlığı və totalitar şəkildə düşüncəyə nəzarət, kütləvi manipulyasiya, azad siyasi partiyaların demokratik sistemi və terror, intimidasiyadan istifadə ilə totalitar təkpartiyalı dövlət arasında...

Əsər dərin bir şəkildə anti-demokratik olan intellektual ənənədən qaynaqlanan kateqoriyalar vasitəsilə totalitarizmi interpretasiya edən baxışı qəbul edib. Bir ənənə Nitzşe, digər ənənə isə Tokvil ilə assosiasiya edilir. Nitzşeyə görə, demokratiya təməl olaraq Xristianlığın qul əxlaqı tərəfindən aqonist, aristokratik Antik siyasi kültürün məğlub edilməsindən sonra meydana çıxan atomist, qeyri-heroik, təhlükəsizlik maniyası ilə xarakterizə edilməli olan kültürün siyasi ekspressiyasıdır. Nitzşe qeyd edir ki, “demokratik hərəkat sadəcə siyasi orqanizasiyanın tənəzzül forması deyil, insanı inferiyorlaşdırmaq və onun dəyərini endirməklə insani tənəzzül formasıdır.

H.Arentin Amerika respublikasının qurulması, eləcə də Fransa inqilabı ilə bağlı düşüncələrinə dərindən təsir edən A. Tokvil cəsarət qradasiyası üzərində bir siyasət nostalgiyası ilə Nitzşeni qabaqlamaqla bərabər, müəyyən tiraniya formalarının ümumxalq formaya sahib olması haqqında qədim anlayışı yenidən canlandıran ilk XIX əsr nəzəriyyəçisi idi. Tokvil sosial həyatın bütövünü qaplayan qarışıq, banal qaydalar şəbəkəsinin qadağan etdiyi, boğduğu, infantilləşdirdiyi, əsnəkləşdirdiyi brutal deyil, daha çox mülayim şəkildə akt göstərən “kolossal protektiv iqtidar”a diqqət çəkir. Tokvilə görə, demokratik “bərabərlik” insanları banal və bayağı həzz axtarışlarına, təcrid olunaraq və siyasətən passiv şəkildə, özü üçün və özündə mövcud olmaya həvəsləndirməklə onları məhz bu “protektiv iqtidar”a hazırlayıb.

Bu filosofların düşüncələri Arentin totalitarizmin analizisində də görülə bilər. O qeyd edir ki, totalitar hərəkatlar bir kütlə cəmiyyətinin struktursuzluğundan daha çox, atomlaşmış, fərdiləşmiş cəmiyyətin spesifik şərtlərindən asılıdır. İzolyasiya və normal sosial münasibətlərin çatışmazlığı ilə xarakterizə edilən “kütlə insanı” qismən də sinif sisteminin dağılması ilə meydana çıxdı. Totalitar hərəkatlar heç vaxt siyasət səhnəsində mövcud olmamış olduqca çox apatetik insanlar üzərində qurulur. O əlavə edir ki, totalitar hərəkatların zəfəri “mütləq əksəriyyətin aktiv iştirakı və demokratik hökuməti dəstəkləməsi ilə demokratiyanın ekzistensiyası mümkün oldu” illüziyasını darmadağın etdi. Reallıqda, mütləq çoxluq apatetikdir. Bu həm də onu sübut edir ki, demokratiya yalnız bir azlıq tərəfindən identifikasiya edilən qaydalara müvafiq şəkildə funksional ola bilər. Demokratiya kütlələr üzərində dayandıqca, o, xalqın qeyri-artikulyat və apatetik seqmentlərinin təqdir, təsdiq və tolerantlığına əsaslanmalı olacaq. Lakin klassik demokratiyada vətəndaşlar sosial və siyasi bərabərsizliyin olduğu sosial və siyasi iyerarxiya formalaşdırırlar. Arent bu əsərində xəbərdarlıq edir ki, insani varlıqlar “yeni politea”nın təsisini ehtiva edən siyasi olaraq yenidən başlanğıca cəhd göstərməsələr, gələcək qəsvətli olacaq.

Bir sözlə, “Totalitarizm mənşəyi” əsəri pre-Sokratik Hellenizm, Nitzşeist və Haydeggerian ideyalardan bəhrələnən “yeni politea”nın arxaik vizyonunu oxucuya təqdim edir. “İnsanlıq durumu” adlı əsəri Platonda olduğu kimi bir siyasi konstitusiyanın skeletini təqdim etməsə də, Platonik tərzdə bir idealı ehtiva edən İdeya ilə çıxış edir. Platon kimi onun idealı da tarixin faktları ilə demək olar ki heç bir bağlılğa sahib deyil (yalnız müəyyən qədər siyasi ideyaların tarixi). “Politikal” idealdır. Kütlə cəmiyyəti təhlükə olaraq qalsa da, bu kitabda analiz “əmək” fenomeninə və produktivlik, iqtisadi artıma edilən modernist təkid ilə siyasət, habelə cəmiyyətin transformasiyasına əsaslanır. Bu və digər anlayışlar “sosial” ideyası daxilində toplanılır. Bu ideyanın da arxasında onun əsas opponenti, Qərbin siyasət ənənəsinin destruksiyasını simvollaşdıran Karl Marks dayanır.

Afinalıların demokratiyası praktiki olaraq polis-in bütöv iş gücünü təmsil edən hər kəsi – qullar, rezident əcnəbilər, fəhlələr, qadınlar – kənarda saxlayırdı. Arent bu anlayışı, eləcə də Aristotelin “insan fəaliyyətləri “zərurət”in metafiziki prinsipini ehtiva edən funksiyalar” olmasına dair əsaslandırmasını qəbul edir. Onlar yalnız polisin kollektiv həyatını davam etdirməsi üçün zəruridir. Lakin bu “əmək” formaları sonsuz şəkildə həyat vasitələrinin produksiya və reproduksiyasına bağlılığına, məhsullar və xidmətlərin aqibəti istehlak edilmə və heç bir iz buraxmadan yox olmasına, əməkçilərin işverənlər və quldarlardan asılılığına görə qeyri-azad, seçimsiz və eternal əhəmiyyət daşımayan xarakterə sahib idi. Arentə görə, azadlıq insanların öz seçimini icra edə bildiyi siyasi sferada yerləşir. O bildirir ki, Marks tərəfindən əməyin mədh olunması və cəmiyyətin əmək prinsipi ətrafında yenidən təşkil olunmalı olduğu iddiası dəyərlərin gerçək iyerarxiyasının inversiyasını təmsil edir. Bu, gözlənilməz, xatırlanan məziyyət impulsu ilə siyasi aksiyanın yerində ruhsuz, rutinləşmiş və repetitiv bir aktivliyin müqəddəsləşdirilməsi deməkdir. “Siyasət sənəti insanlara nəyin əzəmətli və parlaq olduğunu öyrədir. Əzəmət motivasiya və ya nailiyyətində ilə deyil, yalnız öz-özünün reallaşdırılmasında mövcuddur. Əmək bir sosiallıq formasını zəruriləşdirməklə fərdilik və identiklik fərqindəliyinin total itkisini özündə ehtiva edir. “Animal laborans” distinksiya, aksiya və nitq yetərsizliyi ilə qeyd olunur.

Siyasi və ya publik domenin özünəməxsus təbiəti Arentin bu domen və “sosial” konsepti arasında vurğuladığı kontrastlar ilə inkişaf etdirilir. “Sosial” konsepti təbiəti etibarilə privat olan fəaliyyətlər və münasibətlərin bütünü anlamına gəlir. Onlara iş və əmək, sevgi və cinsi həyat, ailə və ev təsərrüfatı daxildir. Arent qeyd edir ki, bu aktivliklər və münasibətlər distorsiyaya və perversiyaya uğrayaraq bütün siyasi aksiyalarda ekzistent olan “publiklik aydınlığı”na qarşı gələ bilən məsələlədir. Əmək, maddi qayğılar və korporeal funksiyalar kimi privat şeylər “gizliliy”ini qorumalıdır.

Modernizmin böhranı siyasət sferasının sosial sfera, xüsusən də özəl iqtisadi maraqlar, istehlak və həzzin privat dəyərləri tərəfindən istila edilməsidir. Ən təhlükəli istilaçı konformizmin genişlənməsi ilə iqtidarı getdikcə şiddətlənən külədir. Bərabərlik dəyəri eyniyyət faktorunda realizasiya edilib. Bürokratiyalar gündəlik həyatı tənzimlədikcə və onu birformalılaşdırdıqca siyasət administrasiya qarşısında boyun əyir. Zərurət və onun ehtiva etdiyi əmək prinsipinin zəfəri bəsit həyatın ikrah doğurucu idealına özünü həsr etmiş bir cəmiyyət formasında reallaşır. Cəmiyyət elə bir formadır ki, həyat naminə qarşılıqlı asılılıq faktından başqa heç nə ictimai əhəmiyyət qazanmır; həyatda qalmaq ilə bağlı fəaliyyətlərin ictimai domendə meydana çıxmasına icazə verir.

“İnqilab haqqında” əsərində Arentin Afina paradiqmasını, erkən Amerika respublikası ilə, aqonal Homer aktorunu 1776-ci il inqilabı, Perikli Con Adams ilə əvəzlədiyi müşahidə edilir. “İnsanlıq halı”nda irəli sürülən kateqoriyaların əksəriyyəti, xüsusən də “siyasi” və anti-demokratik, hətta anti-siyasi implikasiyaları ilə “sosial” arasındakı dixotomiya qorunub saxlanılır. Lakin siyasi və sosial arasındakı bu ziddiyyət XVIII əsrin iki böyük inqilabı arasındakı kontrast vasitəsilə - autentik siyasi impulsun dominant olduğu Amerika və Antik dövrdən bəri tarixin kənarında qalan “əksəriyyəti” katalizasiya edən Fransa inqilabı. Fransa inqilabı cəmiyyətin alt qatında gizlədilənlərin partlayaraq meydana çıxması anı idi. Geniş aydınlıqda ilk dəfə meydana çıxan bu əksəriyyət əsrlər boyu qaranlıqda və utanc içində gizlənmiş yoxsullar və məzlumlardan ibarət “çoxluq” idi. O qeyd edir ki, bu sanki bir xalqa belə mənsub olmayan əhalinin çoxluğunu formalaşdıranların yüksəlişi və hüquqlar bərabərliyini tələb etməsi idi. Ehtiyacları ilə bağlı qayğılanmaqla onlar öz səfalətlərindən bir fiziki zərurət tipi meydana çıxardı və onu publik sfera üzərinə hökmedici şəkildə təlqin etdilər.

Amerika inqilabında isə bunun tamamilə əksi baş verdi. Amerikalılar cəmiyyətin düzəni ilə deyil, idarəetmə forması ilə bağlı olan gerçək bir siyasi inqilab etdilər. O, inqilaba əbədi institusional forma verməkdə uğur qazandıqları üçün Amerika Konstitusiyasının Banilərini təqdir etsə də, bu Konstitusiya haqqında interpretasiyasındə yenidən maddi məsələlər üzərində antipatiyasını, Qurucu Ataların iqtisadi motivlərini nümayiş etdirir. Lakin Şeldon Volin bildirir ki, Arentin bu konstitusiya haqqında interpretasiyası sentralizaiya – mərkəzləşdirmə impulsunu, kolonial qanunvericilərin iqtidarını zəbt etmək iradəsini, güclü dövlətin təməlini təşkil edən milli iqtisadiyyatın Hemiltonian vizyonunu nəzərə almaqdan uzaqdır.

H.Arent Amerikanın Qurucu Atalarını “insanların publik domendə iştirakına icazə verilmədiyi” anlamına gələn nümayəndəli hökumət sistemi tətbiq etikləri üçün də tənqid edir. O, Amerika Konstitusiyası şəhər şuraları və bələdiyyələri, eləcə də bütün siyasi fəaliyyətlərin orijinal mənbələrini yeni siyasi düzənə inteqrasiya etməkdə uğur qazana bilmədiyi üçün Konstitusiyanı inqilab ruhunun atrofiyasına səbəb olmaqda ittiham edir. Şeldon Volin isə bildirir ki, yeni milli hökumət dövlət və lokal institutların xalqın affeksiyaları üzərində inhisarını aradan qaldırmalı idi. Lokal institutların inkorporasiyası Qurucu Ataların siyasi vizyonu ilə zidiyyət təşkil edirdi. Onlar Konstitusiyanı dövlət dəstəkli kapitalizmin zəfərinə, mülkiyyət hüquqlarının müdafiəsini, valyuta islahatları, tariflər, vergiləndirmə, kommersiya siyasətləri, dövlət subsidiyaları, hərbi sənaye və “maariflənmiş bürokratiya” vasitəsilə bir milli iqtisadiyyatın təşviqini özündə ehtiva edən “sosial məsələ”nin elit versiyasına çevirdilər. Onların baxışı lokal deyil, daha çox milli, statsionar deyil, ekspansiv idi. Lakin Arent bildirir ki, modern nümayəndli hökumət və onun siyasi partiyalar sistemi siyasəti professional elitaların inhisarına verməklə yanaşı, onu karyeralar deyil, gerçək siyasət sevgisindən ilham alan təbii elitalara-dan qopardı.   

H.Arentin iddialarının radikallığı əsasən onun distributiv ədalət və sosio-iqtisadi bərabərlik problemlərinin essensial siyasi aksiyaların əsas obyektlərinə, siyasi institutlar və siyasi liderlərin qabiliyyətlərinin testinə çevrilməsi kontekstində dəyərləndirilməlidir. Belə mövzuların ictimai – publik debatlara hökm etməsi nəticəsində, biz normal olaraq siyasətçilərdən bu tipli məsələlərin həllini gözləyirik və tələb edirik. Bu da siyasi “weltschmerz”in bir simptomudur. Sərvətin redistribusiyası, maddi məhsullar, cəmiyyətin produktivliyi, iş imkanları və ya işsizlik, sosial təhlükəsizlik kimi məsələlər ilə gərgin ictimai obsessivlik anti-siyasi qüvvələr və dəyərlərin autentik siyasəti publik sferadan sürgün etməsinin bir indikatorudur. Siyasəti işçi kütlələrin ehtiyaclar və arzularında təməlləndirmək fundamental olaraq iki anti-siyasi aktivliyin ritimləri, imperativləri və dəyərləri ilə düzənləmək deməkdir – istehsal və istehlak.

H.Arentin baxışına əsasən, işləmək zərurətə əsaslanan aktivlik anlamını daşıyır. İnsanlıq bir növ kimi öz ekzistensiyasının davamlılığını təmin etmək üçün işləyir. Ekzistensiya doğuluş, böyümə, qürub və ölümün qaçılmaz ritmi tərəfindən idarə edilir. O həmişə var olub və yox olduğu üçün eternal olaraq keçicidir. əmək mövcudiyyətin tələblərini tətmin etmə vasitəsidir, lakin o bunu yalnız öz ritmlərini zərurətin ritmlərinə adaptasiya etməklə edə bilir. Bu anlamda, əmək repetisiya forması, proqressiv şəkildə rutinləş(diril)ən aktların sonsuz performansıdır. Əməyin müqəddəratı monotonluqdur. Oxşar şəkildə, əmək məhsulları zərurət tsiklləri tərəfindən basdırılır. Onlar istehsal, mübadilə və istehlak olunur. Onlar heç bir müddətlilik və xatırladıcılığa malik deyillər.

Əmək konsepsiyası öz tətbiqatında sadəcə “işçi sinfi” ilə məhdudlaşmır. Repetisiya, davamsızlıq (keçicilik) modern həyata dominantlıq edən digər fəaliyyətlərin də xarakteristikasıdır: administrasiya, texniki iş, kültürün produksiyası. Beləliklə, əmək bir sinfin deyil, ümumi “mentallığ”ın deskripsiyasıdır. Əgər biz sual versək bütün əməkçilərin cəhd göstərdiyi zərurət, istehsal, istehlak, repetisiya, müddətsizlik, hər şeydən öncə, özəl ehtiyaclar və məmnuniyyətlərin antitezisləri nədir? – cavabı belə olardı: Zərurət deyil, azadlıq; istehsal əvəzinə aksiya və ya performans; məhsullar əvəzinə aktlar və ritorika; keçicilik əvəzinə davamlılıq və əbədilik; istehlak əvəzinə xatırlama; özəl məmnuniyyətlər əvəzinə ictimai xoşbəxtlik.

Bu anti-tezislər H.Arentin autentik siyasət konsepsiyasının təməl daşlarını təşkil edir. Azadlıq, aksiya, ritorika, yaddaş, davamlılıq və ictimai rifah onun siyasət vizyonunun essensial elementləridir. Fəlsəfənin gerçək forması və kontentinin axtarışı ilə qədim Yunanlar və pre-Sokratiklərə yönələn Haydegger kimi, H.Arent də eyni dövrə yönələrək Homerik miflər, pre-Sokratik fəlsəfədə və Yunan polis-nin siyasətində autentik siyasət və siyasiliyi aşkar etməyə çalışır.

Arentə görə, qədim dövr siyasət insanlarının ritorika və aksiyaları instinktiv şəkildə siyasəti maraqlar, siyasi fəaliyyəti isə nəticələrin rasional hesablaması ilə assosiasiya edən insanlarda qəribəlik və çaşqınlıq yaradır. O bildirir ki, siyasət essensial olaraq dramaturjikdir. O, maddi çıxarlar və faydalar hesablamasına etinasızca və ikrah ilə yanaşan bərabərlərin şahidliyində dəqiq müəyyən edilmiş publik sferada ictimai performanslardan – aktlardan ibarətdir. Siyasət insanları bir agon – rəqabət və mübarizə içində olan, təqdirəlayiq aktları ilə bərabərlər auditoriyasında heyranlıq oyada bilən insanlar idi.

Bununla yanaşı, aktlar ritorika tələb edirdi. Ritorika, aktın mahiyyətini artikulyasiya edərkən, aktorun məqsədlər və niyyətlərini aşkara çıxarırdı. Ritorika aktı mahiyyətsizlik, anlamsızlıq boşluğundan xilas edərək onun bir konstitutivini təşkil edirdi. Lakin ritorika da özlüyündə təkbaşına aktı mühafizə edə bilməzdi. Yalnız “yaddaş” aksiya və ya aktorun xatırlana bilən olduğuna qərar verirdi. Siyasi aktor xatırlanmağı arzulayırdı, əks halda onun aksiyaları anlamsızlığa məhkum idi. buna görə də o, auditoriyadan, yəni siyasi kommunitasdan asılı idi. Siyasi kommunitaslar da ölümsüzlükdən azad deyildi, onları xatırlayan heç kim olmadıqda, ölümə məhkum idilər.

Qədim formasında autentik siyasət ictimaini özəl domendən kəskin şəkildə demarkasiya etməklə yanaşı, vətəndaş-iştirakçıların sayını məhdudlaşdırırdı. Yunan polis-nin siyasi həyatı əmək fəaliyyətindən azad olmaqla özlərini siyasətə tam həsr edə bilən vətəndaşların asudə - kübar sinfindən asılı idi. Siyasət qeyri-vətəndaşlar, sənətkarlar, qullar, istehsalat və kommersial mübadilələrə daxil olduğu iqtisadi sistem ilə qorunurdu. Beləcə siyasi akt və əmək primordial ziddiyyətləri ehtiva edirdi: zərurətə qarşı azadlıq, repetitiv aktivliyə qarşı föbvqəladə akt, həyatda qalmaya qarşı həyatın riskə atılması, özəl yerlər və transaksiyalarda gizlənmiş aktivliyə qarşı ictimaiyyətin parlaq aydınlığında baş verən akt, və nəhayət, istehlak edilmək və unudulmağa məhkum məhsullar ilə nəticələnən, nitqsiz fəaliyyətə qarşı ritorika ilə anlamlandırılan və təşkil edilən, xatırlanaraq mühafizə edilən aksiya.

Bu siyasət vizyonu modern dünyaya proyeksiya edildiyi zaman radikal pessimizm ortaya çıxır. İctimai domen əmək kültürü tərəfindən fəth olunub. İqtidar və əzəmət produktivlik ilə ölçülür. Hökumətlər iqtisadiyyatları idarə etmək üçün mövcuddur. Siyasi ritorika siyasi haksterizm və imic səyyarlığı ilə əvəz olunub. Siyasi aktorlar administratorlar və menecerlərə, vətəndaşlar isə komprihensiyadan məhrum tamaşaçılara transformasiya olub.


            Ədəbiyyat:

  1. Tracy B. Strong, Friedrich Nietzsche and the Politics of Transfiguration (Berkeley, 1975), p. 201
  2. Alexis de Tocqueville., Democracy in America, trans. George Lawrence (Garden City, NY, 1969), p. 15
  3. Hannah Arendt., The Origins of Totalitarianism (New York, 1951)
  4. Hannah Arendt., The Human Condition (Chicago, 1958)
  5. G. S. Kirk and J. E. Raven, The Presocratic Philosophers (Cambridge: Cambridge University Press, 1957
  6. Hannah Arendt, “Truth and Politics,” in Philosophy, Politics, and Society, ed. Peter Laslett and W. G. Runciman, 3rd series (Oxford: Blackwell, 1967)
  7. Hannah Arendt., On revolution, Penguin Books, 1990
  8. Karl Marx and Friedrich Engels, Manifesto of the Communist Party, pt. 1.
  9. Karl Marx and Friedrich Engels, The German Ideology, translated by S. Ryazanskaya, Moscow, 1964
  10.  Sheldon Wolin., Fugitive Democracy and Other Essays, Princeton University Press, 2016

Sübhan Padarsoy

Bakı Dövlət Universitetinin tarix fakültəsi məzunu, modernizm sosiologiyası üzrə tədqiqatçı, "Modernizm əsri və insan", "Entropik dünya" kitablarının müəllifidir.