Bütün Yer kürəsi üçün bəlkə də son şansdır

24.05.2022

Dünyada hazırda ciddi qlobal təlatümlər formalaşıb. Koronavirus pandemiyasının gətirəcəyi iqtisadi neqativ proqnozlar və siyasi kataklizmlər arıq daha dərin özünü göstərir. Üstəlik, bu faktorlar mövcud ola-ola Rusiya-Ukrayna savaşı, Çin-Tayvan gəginliyi və digər siyasi gəginliklər də qlobal psixoloji təhdid elementlərini daha da artırır.

Münaqişə, zorakılıq, insan haqlarının pozulması və təqiblərdən qaçmağa məcbur olan insanların sayı indi ilk dəfə olaraq Ukraynadakı müharibə və digər ağır münaqişələr səbəbindən 100 milyonluq həddi ötüb. Bunu Qaçqınlar üzrə Ali Komissarı Filippo Qrandi deyib. BMT-nin Qaçqınlar üzrə Agentliyi olan BMT QAK-ın yeni məlumatlarına görə, Efiopiya, Burkina Faso, Myanma, Nigeriya, Əfqanıstan və Konqo Demokratik Respublikası daxil olmaqla bir sıra ölkələrdə yeni zorakılıq dalğaları və ya uzun sürən münaqişələr nəticəsində 2021-ci ilin sonunadək dünya üzrə zorla didərgin salınmış insanların sayı 90 milyona çatıb.

Bundan əlavə, Ukraynadakı müharibə bu il ölkə daxilində 8 milyon insanı didərgin salıb, Ukraynadan 6 milyondan çox qaçqının köçməsi qeydə alınıb. Dünya əhalisinin 1%-indən çoxunu təşkil edən bu ümumi rəqəm dünyada əhali baxımından 14-cü olan ölkənin əhalisinin sayına bərabərdir. Məcburi Köçkünlüyün Monitorinqi Mərkəzinin (IDMC) bu yaxınlarda dərc olunmuş hesabatına görə, buraya qaçqınlar və sığınacaq axtaranlar, habelə münaqişə nəticəsində ölkəsinin sərhədləri daxilində didərgin düşmüş 53,2 milyon insan daxildir. Bu rəqəmlər kifayət qədər ciddidir və qarşısı alınmasa böyük təlatümlər hələ qarşıdadır.

Reaksiyasızlıq və dünyanın iqlim problemlərinə qarşı adekvat davrana bilməməyi də gələcək üçün yaxşı nəticələri proqnozlaşdırmağa imkan vermir.

Dünyada resursların ədalətsiz istifadəsi və bölüşdürülməsi səbəbindən ərzaq böhranı günü-gündən daha kritik problemə çevrilir. “2022 Qlobal Qida Böhranı” başlıqlı hesabatda 2021-ci ildə 53 ölkədə təqribən 193 milyon insanın pandemiyanın iqtisadi təsirləri səbəbindən böhran səviyyəsində kəskin qida çatışmazlığı yaşadığı açıqlanıb. Bundan başqa ekoloji kataklizmlərin dərinləşməyi, ölkərlər arasında siyasi qarşıdurmalar və müharibələr situasiyanın nəzarətdən çıxma ehtimallarını artırır.

Qida böhranından təsirlənənlərin sayının 2020-ci ilə nisbətən təxminən 40 milyon nəfər artaraq bütün illərin ən kritik səviyyəsinə çatdığı barədə Ərzaq Böhranına Qarşı Qlobal Şəbəkə (GNAFC) tərəfindən həyəcan təbili çalınır. "Efiopiya, Cənubi Madaqaskar, Cənubi Sudan və Yəməndə yarım milyondan çox insan (570 min nəfər) kəskin qida təhlükəsizliyi fəlakətinin ən ağır mərhələsində olduğu üçün çöküşün qarşısını almaq üçün təcili tədbirlər görülməlidir" - hesabatda deyilir.

8 öregionda 23 milyondan çox insan ekstremal hava şəraiti, 21 regionda isə 30 milyondan çox insan iqtisadi sarsıntılar səbəbindən kəskin qida çatışmazlığı yaşayır. Hesabatın təqdimatında fikirlərini əks etdirən FAO-nun baş direktoru Çjou Donqyu hesabatın nəticələrinin kəskin qida təhlükəsizliyi probleminin kollektiv şəkildə həll edilməsi zərurətini ortaya qoyduğunu bildirib və əlavə edib: “Münaqişə ilə ərzaq təhlükəsizliyi arasında faciəvi əlaqə bir daha göz qabağındadır”.

Bu gün bütün dünya dövlətləri və elm adamları vahid Yer kürəsi məsuliyyət şüurunu əsas götürməlidir. Ölkələrin bəşəri problemlərə milli müqavimət formalaşdırmağı başadüşüləndir, amma kollektiv yanaşma olmasa qlobal təhdidlərdən bütün dünya əziyyət çəkəcək.

Eyni zamanda Almaniyanın “Welthungerhilfe” yardım təşkilatı ərzaq qiymətlərinin sürətlə artması səbəbindən dünyada yeni aclıq böhranlarının ola biləcəyi barədə xəbərdarlıq edib. Şiddətli quraqlıq səbəbiylə Afrika Buynuzu bölgəsində yalnız 15 milyona yaxın insanın aclıq təhlükəsi ilə üzləşdiyini bildirən təşkilat, qiymət artımlarının vəziyyətin aktuallığını daha da artırdığını bildirib.

Pandemiya dövründə də gördük ki, bəzi ölkələr lazım olandan artıq vaksin stoklasa da bunlara ehtiyacı olan ölkələrdə gündəlik koronavirusa yoluxma faktları kifayət qədər çox idi. Azərbaycan bu çətin situasiya da örnək davranaraq həm BMT, həm Qoşulmama Hərəkatı platformalarından qlobal vaksin milliyətçiliyinə etiraz etdi.

Gələcəyin insan amili bütün ölkələrin daha ümumi məqsədlər naminə vahid hərəkətliliyini tələb edir. Əksi sadəcə mümkün görünmür...

 

Tural İsmayılov

Bakı Dövlət Universitetinin Sosial Elmlər və Psixologiya fakültəsini bitirib, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Sosial Tədqiqatlar Mərkəzinin Mətbuat Xidmətində sektor müdiri, teleaparıcıdır