“Buğda müharibəsi” və Rusiya-Ukrayna müharibəsi fonunda ölkələrin yeni ərzaq təhlükəsizliyi proqramı

20.05.2022

Günümüzdə dünyanın ən ciddi narahatlıq mövzularından biri qlobal aclıq böhranıdır. Xüsusilə iqlim dəyişikliyi və Rusiya-Ukrayna müharibəsi səbəblərilə bu mövzu daha da aktuallaşmışdır. Belə ki, bu iki amil dünya müstəvisində buğda/taxıl istehsalını və ixracını azaldıb, digər istehsalçı dövlətlərin tətbiq etdiyi ixrac qadağaları isə vəziyyəti daha da kritikləşdirərək böhranı genişləndirir. Bu gün milyonlarla insanın aclıq böhranı ilə üz-üzə qalacağından bəhs olunur.

Aşağıdakı siyahıda 2020-ci ildə dünya üzrə buğda/taxıl ixracatçıları və müvafiq ixrac həcmləri qeyd olunmuşdur:

Sıra

Ölkə

Buğda ixracı (ton)

1

Rusiya

37 267 014

3

ABŞ

26 131 626

2

Kanada

26 110 509

4

Fransa

19 792 597

5

Ukrayna

18 055 673

6

Avstraliya

10 400 418

7

Argentina

10 196 931

8

Almaniya

9 259 493

9

Qazaxıstan

5 198 943

10

Polşa

4 689 130

 

Siyahıdan göründüyü kimi buğda/taxıl ixracında ilk 3-lükdə Rusiya, ABŞ və Kanadadır. Rusiya təxmini 22% və Ukrayna 8% olmaqla, ikisi birlikdə dünya üzrə ümumi buğda ixracının (yəni, həm də dünyanın buğda ehtiyacının) 30%-dən çoxunu həyata keçirir. Ukraynadakı müharibə səbəbilə Rusiya Baş naziri 14 mart 2022-ci il tarixində imzaladığı qərarla buğda/taxılın Avrasiya Iqtisadi Birliyi ölkələrinə (Belarus xaric) ixracını müvəqqəti qadağan etmişdir.

Bu təşkilatda keçmiş SSRİ ölkələrinin üzv olduğu, Avropa ölkələrinə isə ixrac qadağasının olmadığı nəzərə alınmalıdır. Eyni zamanda Rusiya Qara dəniz limanlarına gələn buğda/taxıl dolu gəmilərin hərəkətini məhdudlaşdırmaqla Ukraynadan ixraca mane olur.  May ayının 14-də keçirilən Böyük 7-liyin toplantısında Almaniya Xarici işlər naziri bunu “buğda müharibəsi” adlandırmışdır. Tarixdən “neft müharibəsi”, “su müharibəsi” terminləri hamıya yaxşı məlumdur. “Buğda müharibəsi” termini isə məhz yeni dövrün fenomenidir. Bu fenomen nəticəsində dünya bazarında buğda/taxılın həcminin azalması və qiymətlərin artması fonunda Afrika və Yaxın Şərqdə milyonlarla insanın aclıq böhranına düçar olacağı ehtimal olunur.

Ukrayna 2020/2021-ci illərdə ümumilikdə 64,21 milyon ton taxıl (bura buğda və digər dənli bitkilər daxildir) istehsal etmiş və bunun 45,81 milyon tonunu ixrac etmişdi. 2019/2020-ci illərdə Ukraynada sadəcə buğda istehsalı 29,2 milyon ton olmuş, bunun 21 milyon tonu ixrac olunmuşdu. Müqayisə üçün qeyd etmək olar ki, Azərbaycanın buğda tələbatı illik 3,1 milyon tondur. Bunun 1,9 milyon tonu ölkədə istehsal olunur, 1,3 milyon tonu isə idxal olunur. Yəni, Azərbaycan ərzaq buğdası isə özünü 59,5% təmin edə bilir və 40-45% idxaldan asılıdır. Azərbaycan indiyədək Rusiya, Qazaxıstan və Ukraynadan buğda/taxıl idxal edirdi. 

Təxmini və kobud hesablama etmiş olsaq, 21 milyon ton buğda kəsintisi 7 Azərbaycan boyda ölkənin və ya Azərbaycan əhalisinin 7 qatının doyuzdurula bilməməsi demək olacaq. Bunun qarşısının alınması üçün buğda istehsal edən digər ölkələrin istehsalını və müvafiq olaraq ixracını artırması tələb olunur. FAO-nun 2019-cu il statistikasına əsasən buğda istehsal edən ölkələrin ilk onluğu və müvafiq istehsal həcmləri aşağıdakı siyahıda qeyd olunmuşdur.

 

Lakin əsas məqam bu ölkələrin bir çoxunun istehsal zamanı ixraca deyil, öz daxili tələbatlarının ödənməsinə fokuslanmalarıdır. Məsələn, Çin dünya buğda/taxıl istehsalında liderdir. Onun buğda istehsalı ABŞ ilə müqayisədə 80% çoxdur. Lakin, bununla belə Çin də buğda/taxıl idxalatçıları arasında yer alır. Çin ərzaq təhlükəsizliyi məqsədilə ixraca deyil, istehsal olunmuş məhsulun saxlanılmasına və əlavə idxala üstünlük verir. Dünyanın gözü Çindən sonra ən çox buğda istehsalçısı olan Hindistanın üzərində cəmləşdiyi bir anda Hindistan da bu günlərdə buğda/taxıl ixracını qadağan etdiyini rəsmi olaraq açıqladı. İndoneziya isə palma yağı ixracını dayandırıb.

Hindistan 2022/2023-cü il üçün ixracı 12 milyon tona çatdırmağı hədəf almışdı ki, bu, onu dünya üzrə ilk 10 buğda ixracatçısından birinə çevirə bilərdi. Lakin ölkədə yaşanan ən son quraqlıq və istehsal həcminin aşağı düşməsi ixracı artırmağa imkan vermədi. Həmçinin Hindistanda milli ərzaq təhlükəsizliyi məqsədilə bu günlərdə tətbiq olunan ixrac qadağası qlobal ərzaq böhranının yüngülləşməsinin qarşısını aldı.

Bu qadağaların gedərək genişlənən vüsət alması vəziyyəti daha da gərginləşdirir. ABŞ-ın BMT-dəki nümayəndəsi Hindistana müraciət edərək bu qadağanı aradan götürəcəklərinə ümid etdiyini, əks təqdirdə ərzaq çatışmazlığının daha da artacağını bildirmişdir. BMT Dünya Ərzaq Proqramının İcraçı Direktoru isə qeyd etmişdir ki, “dünyanın 38 ölkəsində 45 milyon insan aclıq ilə üz-üzədir.” Vəziyyət Afrikada xüsusilə ağırdır. 346 milyon insanın – qitə əhalisinin təxminən ¼-nin aclıq böhranı ilə bağlı həyacan təbili çaldığı qeyd olunur. Bu rəqəm keçən il üçün 286 milyon nəfər idi.

Xüsusilə aşağıdakı qrafikdə böyük həcmdə Ukrayna və Rusiyadan buğda asılılığında olan Afrika və Asiya ölkələri qeyd olunmuşdur. Göründüyü kimi hazırkı Rusiya-Ukrayna müharibəsi səbəbilə yaranan böhrandan ən çox təsirlənə bilən ölkə onsuz da aclıq böhranı yaşayan Somali, eyni zamanda Ukraynadan önəmli həcmdə buğda idxal edən Misir, Laos, Seneqal, Konqo kimi ölkələrdir.

 

Azərbaycanda ərzaq təhlükəsizliyi perspektivləri

Azərbaycanın taxıl ehtiyatları bir müddət daxili bazarda qiymətləri sabit saxlamaq üçün imkan verəcək, lakin uzun müddətli perspektivdə ölkə qarşısında ərzaq təhlükəsizliyi məsələsinin həllinin iki variantı vardır. Bunlardan biri Ukraynadan idxal edilən buğdaya alternativ olaraq idxalın şaxələndirilməsi, ikincisi isə Azərbaycanın yerli istehsalının artırılmasıdır ki, bu variantların hər ikisi eyni anda tətbiq oluna bilər. Ukraynaya alternativ olaraq Pakistandan buğda alınması üçün danışıqlar aparıla bilər, eyni zamanda dünya üzrə digər istehsalçılarla müvafiq əməkdaşlıq qurula bilər. Həmçinin Azərbaycanın işğaldan azad edilmiş torpaqlarda buğda/taxıl əkini sahələrini, o cümlədən ölkə ərazisində bol qalmış münbit torpaqlarda müvafiq əkinləri həyata keçirmək olar. 17 mayda ölkə başçısı İlham Əliyevin İsrailin kənd təsərrüfatı və kənd yerlərinin inkişafı naziri Oded Forer ilə görüşü, İsraillə Azərbaycan arasında kənd təsərrüfatı sahəsində əməkdaşlığın genişləndirilməsi, müasir İsrail texnologiyalarının Azərbaycanın kənd təsərrüfatında tətbiq olunması ilə bağlı səsləndirilən fikirlər məhz ölkəmizin ərzaq təhlükəsizliyinin artırılması və qlobal qıtlığın yaşanması fonunda böyük əhəmiyyət daşıyır. Bilindiyi kimi, İsrail müxtəlif sahələrdə, o cümlədən kənd təsərrüfatı sahəsində yüksək texnologiyaların və xüsusi idarəetmə sisteminin tətbiqi sayəsində çox yüksək göstəricilər əldə etməyə nail olmuşdur. İsrail 50 il əvvəl quru səhra torpağından ibarət idi. İsrail müstəqilliyinin ilk illərində kənd təsərrüfatı və su sahəsində inkişafa nail olmaq üçün büdcəsinin 30%-ni ayırmış, daha bir 30% də təhsilin inkişafına yönəldilmişdi. Bu gün bu siyasət özünü doğruldur və İsrail texnologiya və o cümlədən kənd təsərrüfatı sahəsində dünyaya meydan oxuyur. Bununla belə, Azərbaycan buğda/taxıl istehsalında heç də İsraildən geri qalmır.

Dünya Bankından əldə olunan 2018-ci ilin məlumatına əsasən İsraildə 1 hektar sahədən taxıl bitkilərinin yığımı (məhsuldarlıq) 3035 kq olub. Azərbaycanda isə hazırda 600 min hektardan çox buğda əkilir, və orta məhsuldarlıq, təxminən, 30-31 sentnerdir, yəni 3000-3100 kq arası. Lakin Azərbaycanla müqayisədə İsrailin səhra tipli torpağı münbitləşdirərək və irəli texnologiyalar tətbiq edərək bu göstəriciyə nail olduğu qeyd olunmalıdır.

Beləliklə kənd təsərrüfatının müxtəlif sahələrində, o cümlədən torpağın münbitləşdirilməsi və ən yeni texnoloji tətbiqlərlə bağlı İsrail təcrübəsindən faydalanaraq ölkəmizdə kənd təsərrüfatı sektorunun bütünlükdə inkişaf etdirilməsinə, münbit torpaq sahələrinin və məhsuldarlığın artırılmasına nail olmaq olar. Belə ki, ölkəmizdə bir hektar torpağın məhsuldarlığını 50 sentnerə qaldıra bilsək, daxili tələbatı tamamilə ödəyə, əlavə torpaq sahələrindəki əkinləri isə xaricə ixrac üçün istifadə edə bilərik. Uğurlu ideya və tətbiqlərin Avropaya daşınması üçün 2014-2020-ci illərdə Avropa İttifaqı Horizon 2020: araşdırma və innovasiya proqramı çərçivəsində 1600-dən çox İsrail şirkətinə 1,3 milyard avro qrant təqdim etmişdir. Aİ 2027-ədək davam edəcək Horizon Europe proqramını açıq elan etmiş, bu proqram çərçivəsində 95,5 milyard avro ümumilikdə yaşıl texnologiya, kənd təsərrüfatı və bir sıra digər sahələrə ayrılacaqdır. Dövlətlər artıq yüksək və yaşıl texnologiyalara üstünlük verərək davamlı inkişaf məqsədlərinə, xarici bazarlardan ərzaq və enerji asılılığın azaldılmasına yönələn layihələr icra edirlər. Azərbaycanın İsraillə əməkdaşlığı da ölkəmizin kənd təsərrüfatında yeniliklərə və inkişafa qapı açmaq üçün hesablanmışdır.

 

Şəhla Cəlilzadə

Azərbaycan Dillər Universitetində beynəlxalq münasibətlər ixtisası üzrə bakalavr, Azərbaycan Dövlət İqtisad Universitetində beynəlxalq münasibətlər və diplomatiya ixtisası üzrə magistr dərəcəsi alıb. Müvafiq ixtisas üzrə elmi araşdırmaların və məqalələrin müəllifidir. Əsas tədqiqat sahələri konfliktologiya, Qarabağ münaqişəsi, sülh quruculuğu prosesləridir.