Ukrayna böhranı və Avropanın enerji siyasətində radikal dəyişiklik
Rusiya Federasiyasının 24 fevral 2022-ci il tarixində Ukraynaya qarşı başlatdığı geniş-miqyaslı müharibə (yaxud rusların təbirincə “xüsusi hərbi əməliyyat”) Avropa və Amerikanın indiyədək ən kəskin reaksiyası ilə qarşılanmışdır. Rusiyaya əməliyyatın başladığı günə qədər 2754 sanksiya tətbiq olunmuşdusa, 24 fevral tarixindən sonra, son 35 gündə bundan daha çox, 2827 sanksiya tətbiq olunmuş və Rusiya tarixdə indiyədək ən çox sanksiyaya (cəmi 5581) məruz qalan dövlət statusuna “yüksəlmişdir”. Bu sanksiyalar siyasi, maliyyə-iqtisadi, sənaye-energetika, texnika və texnologiya, nəqliyyat-kommunikasiya, turizm, hətta idman və mədəniyyət sahələrini də əhatə edərək dövlət həyatının demək olar bütün sahələrini iflic etməyə hesablanmışdır. Bu sanksiyaların nə qədər məqsədinə nail olub-olmayacağını müharibədən sonra və uzun zaman perspektivində müşahidə edəcəyik.
Hazırda müşahidə olunan məqam isə sanksiyalardan sonra rublun sərt devalvasiyasıdır. Son bir ildə 1 dollar = 70-80 rubl arasında olan üzən məzənnə sanksiyalar gəlməyə başladıqdan sonra kəskin dəyişməyə başladı. Martın 7-də isə rubl tarixi pik (yaxud bataqlığa) düçar olmuşdur (1 dollar = 132/digər mənbəyə görə 140 rubl). Lakin iqtisadi savaş (sanksiyalar) hər iki tərəfi kəsən iti bir qılıncdır. Qılıncın əks tərəfinin Avropanın özünü kəsməsi və rublun devalvasiyasının qarşısını almaq üçün Putin ixrac məhsullarını, xüsusilə rus qazı alan Avropa ölkələrini ödənişi rublla etməyə məcbur edir. Rusiya deputatı Vyaçeslav Volodin isə bunu belə ifadə edib: "Qaz istəyirsinizsə, rubl tapın". Rusiya, həmçinin, qeyri-rasional davranış davam etdirilərsə Avropaya ixrac olunan digər önəmli xammal maddələri - neft, metal, buğda, gübrə və taxta-şalbanın ödənişlərini də rublla almaqla hədələyib. Təsadüfi deyil ki, bu bəyanatlardan sonra rubl yenidən dəyər qazanmağa başlamışdır. Hətta İstanbulda Ukrayna və Rusiya danışıqlarının getdiyi müddətdə (29 mart 2022) müharibədən əvvəlki məzənnəyə qayıdan rubl dəyərini bərpa etməyə başlamışdır. Bu gün (30 mart) etibarilə 1 dollar = 83.6 rubla bərabərdir. Beləliklə Putinin taktikasının qısa müddətli perspektivdə işə yaradığını bildirmək olar. Təbii ki, bu, Avropa tərəfindən qəbuledilməzdir.
Uzun müddətli perspektivdə bu taktikanın nə qədər uğurlu olacağı sual doğurur. Belə ki, Avropa Rusiya enerjisindən asılılığı azaltmaq üçün qollarını tam olaraq çırmalayaraq, Beynəlxalq Enerji Agentliyi (International Energy Agency) tərəfindən təklif olunan 10 maddəlik Plan (https://www.iea.org/reports/a-10-point-plan-to-reduce-the-european-unions-reliance-on-russian-natural-gas) qəbul etmişdir. Sənəddə qeyd olunduğu kimi Avropa İttifaqı 2021-ci il ərzində Rusiyadan 155 milyard m3 qaz alıb. Bu, Aİ-nin ümumi qaz ehtiyacının/istifadəsinin 40%-i, ümumi qaz idxalının isə 45%-i deməkdir. Beləliklə Aİ-nin enerji baxımından Rusiyadan kəskin asılılığı mövcud olduğu bir faktdır. 10 maddəlik Plan yerinə yetirilərsə Aİ qarşıdakı bir il (2022) ərzində Rusiyadan qaz asılılığını 50 milyard m3 – demək olar 1/3 qədər azalda bilər. Bu, həm də IEA Net Zero Emissions by 2050 Roadmap, yəni Beynəlxalq Enerji Agentliyi tərəfindən hazırlanan və 2050-ci ilədək Aİ-də neft və qazdan sıfır asılılığı nəzərdə tutan Yol Xəritəsində qeyd olunan planın sürətli icrasına da töhfə verəcəkdir.
Maddə 1: Rusiya ilə heç bir yeni qaz tədarükü sazişi imzalamamaq (Bu, 2022 və ondan sonrakı dövrdə tədarükün daha çox diversifikasiyasına şərait yaradacaq)
Maddə 2: Rusiyadan qaz tədarükünü alternativ tədarükçülərlə əvəz etmək (Digər ölkələrdən qaz tədarükünü 1 il ərzində 30 milyard m3 həcmində artırmaq)
Maddə 3: Minimum qaz saxlama öhdəliklərini tətbiq etmək (Bu, gələn qışa qədər qaz sisteminin dayanıqlılığını artıracaq)
Maddə 4: Yeni külək və günəş enerjisi layihələrinin tətbiqini sürətləndirmək (Bu, qarşıdakı bir il ərzində qaz istifadəsini 6 milyard m3 azaltmağa imkan verəcək)
Maddə 5: Bioenerji və nüvə enerjisi istehsalını artırmaq (Bu, qarşıdakı bir il ərzində qaz istifadəsini 13 milyard m3 azaltmağa imkan verəcək)
Maddə 6: Həssas elektik istehlakçılarını yüksək qiymətlərdən qorumaq üçün plandan kənar mənfəətə görə qısamüddətli vergi güzəştləri tətbiq etmək (Bu, qazın qiymətinin və müvafiq olaraq enerji xərclərinin azaldılmasına yardım edəcək)
Maddə 7: Qazanxanaların istilik nasosları ilə dəyişdirilməsini sürətləndirmək (Bu, qarşıdakı bir il ərzində qaz istifadəsinə 2 milyard m3 qənaət anlamına gələcək)
Maddə 8: Fərdi binalar və sənaye təsislərində elektrik enerjisi istifadəsi effektivliyini artırmaq (Bu, bir il ərzində 2 milyard m 3 qaz istifadəsini azaldacaq)
Maddə 9: İstehlakçılar tərəfindən termostatın 1 C0 azaldılmasını təşviq etmək (Bu, qarşıdakı bir il ərzində 10 milyard m3 qaz istifadəsini azaldacaq)
Maddə 10: Enerji istehsalı sisteminin diversifikasiyası və karbonsuzlaşdırılmasını sürətləndimək (Bu, Avropanın qaz tədarükü ilə elektrik enerjisi istehsalı və enerji təhlükəsizliyi arasındakı bağlılığı azaldacaq).
Maraqlıdır ki, bu gün Rusiyadan Avropaya qaz daşıyan 3 əsas xətdən biri - Yamal-Avropa qaz boru kəmərinin fəaliyyətinin sıfıra endiyi xəbəri (Reuters tərəfindən[2]) yayılmışdır. Müqayisə üçün: Yamal-Avropa xəttinin illik qaz daşıma kapasitəsi 33 milyard m3-dur. Bu, Rusiyanın Avropaya ümumi qaz ixracın təqribi 21%-ni təşkil edir. Son zamanlar bu xəttin istifadəsi azalaraq Rusiyanın Avropaya ixrac etdiyi qazın 15%-i axırdı. Maraqlıdır ki, bu xətt Ukraynadan deyil, Belarusdan keçərək Polşaya və Almaniyaya qaz daşıyır. Demək təzyiqlərin hədəfi Polşa və məqsədi Ukraynadakı müharibə fonunda “ölən” Nord Stream-2 layihəsini “diriltmək” cəhdidir. Lakin Avropa nəinki Rusiya ilə yeni enerji layihələrinə başlamağı planlaşdırmır, əksinə yuxarıda qeyd olunan 10 maddə qarşıdakı illərdə bu Rusiyadan asılılığı sıfıra endirməyi hədəfləyir. Rusiyaya alternativ enerji ölkələri arasında Azərbaycanın adını xüsusilə qeyd etmək olar.
Avropanın enerji təhlükəsizliyi və Azərbaycanın əhəmiyyəti
Artıq bəlli olduğu kimi, Aİ qarşıdakı 10 ildə Rusiyadan enerji asılılığını azaltmaq üçün alternativ ölkələrə üz tutacaq və bu ölkələr arasında Əlcəzair, Norveç və adını xüsusilə qeyd etmək gərəkli olan Azərbaycan vardır.[3] Bu ölkələrin hər birindən əlavə 10 milyard m3 qaz alınarsa, Aİ-nin müvafiq Planının 2-ci maddəsi icra olunmuş olacaqdır.
Lakin maraqlıdır ki, Avropanın üz tutduğu Azərbaycan 22 fevral 2022-ci il tarixində imzalanan “Müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında” Bəyannamə ilə Rusiya ilə münasibətlərinin konturlarını bəlli etmiş, Əlcəzair isə Rusiyanı dəstəkləyən və ona qarşı sanksiyalara qoşulmayan, hətta BMT Baş Assambleyasında səs verməyə çıxarılan 2 mart tarixli “Rusiyanın Ukraynaya qarşı zorakılığını pisləyən” qətnaməyə səssiz (abstained) qalmışdır. Azərbaycan isə ümumiyyətlə səsvermədə iştirak etməmişdir.
Buna baxmayaraq Əlcəzair Aİ-nin enerji təhlükəsizliyində böyük əhəmiyyətə malik olub Rusiya və Norveçdən sonra Aİ-ni (ümumi qaz ehtiyacının 8-10%-i həcmində) qazla təmin edən üçüncü ölkədir. Blinkenin dünən Əlcəzair və Mərakeşə səfər edərək, Qərbi Səhra ilə bağlı rəqib cəbhələrdə yer alan bu iki ölkəni barışdırıb, onların ərazisindən keçən enerji xəttlərini yenidən aktivləşdirməyə ümid edir. Qarabağ nümunəsində Qərbi Səhra ərazisi də iki ölkə arasında mübahisəli ərazi olub, Mərakeş öz ərazi bütövlüyünün bərpasını, Əlcəzair isə Qərbi Səhranın müstəqilliyini tələb edir. İki tərəf arasında münaqişə (keçən ilin avqustunda diplomatik münasibətləri kəsiblər) səbəbilə Məğrib-Avropa qaz boru xətti 2021-ci ilin noyabr ayından bəri işləmir. Bu qaz xətti təkrar fəaliyyətə başlayarsa, Əlcəzairdən Avropaya qaz ixracı da artırıla bilər. Lakin maraqlıdır ki, Avropa və ABŞ Mərakeşin ərazi bütövlüyünə dəstəklərini ifadə etməklə Əlcəzairin Rusiya cəbhəsində yer almasına təsir göstərirlər. Bununla belə geostrateji maraqlarından irəli gələrək Əlcəzair yeni bir xəttin – Mərakeşdən yan keçərək Əlcəzair, Niger və Nigeriyadan Avropaya Trans-Sahara qaz boru xətti layihəsi müzakirə olunur. Bu xətt reallaşarsa Avropa əlavə 30 milyard m3 qaz əldə edə biləcəkdir. Nigeriyada bu xəttin gerçəkləşməsinə sərt qarşı çıxan militant-hərbi qruplaşma fəaliyyət göstərir və onlar “bu xəttə qoyulan istənilən qədər pul havaya sovrulacaqdır” deyə açıqlama verməkdədirlər. Rusiyanın “Qazprom”u isə öz növbəsində bu layihəyə qoşulmağa öz marağını israrla ifadə edir. Lakin bu, Avropanı təbii ki, qane etmir. Həmçinin 2021-ci ilin avqustunda Rusiya ilə Nigeriya hərbi saziş imzalamış, Nigeriya ölkədəki militantlarla mübarizə üçün Rusiyanın “Vagner”indən istifadə edəcəyini bildirmişdir. Maraqlıdır ki, Nigeriya Rusiyanın Ukraynaya hücumuna ilk olaraq səssiz qalsa da, beynəlxalq təzyiq altında 2 mart tarixli BMT qətnaməsinin qəbulunda müsbət səs vermişdir. Beləliklə bu enerji layihəsi ilə Avropanın enerji təhlükəsizliyi məsələləri arasında sıx bağlantı varsa da, Rusiyanın Afrikada artan siyasi, hərbi və iqtisadi fəaliyyəti fonunda hələ ki, gələcəyi qeyri-müəyyəndir.
Norveç onsuz da Avropa ölkəsidir və mümkün yardım əlini uzadacaqdır Avropaya. Və ən nəhayət, Azərbaycan...
Təsadüfi deyildir ki, 4 fevralda Aİ Enerji komissarı Kadri Simson və cənab Prezident İlham Əliyev Cənub Qaz Koridorunun 8-ci nazirlər konfransı çərçivəsində görüşmüş və Azərbaycanın Avropaya qaz nəqlini genişləndirməsi müzakirə olunmuşdur. Bu yaxınlarda “EU Reporter”-də dərc olunan məqalədə[4] isə Azərbaycanın “Cənub Qaz Dəhlizi” vasitəsilə Aİ-yə qaz ixracını növbəti il üçün 10 milyard m3-dan 2 dəfə artıraraq 20 milyard m3-a çatdırmasının önəmindən bəhs olunur. Məqalədə həmçinin qeyd olunur: “Azərbaycan qazının iri istehlakçılarında olan Türkiyə ərazisindən keçən Trans-Anadolu boru kəmərinin (TANAP) buraxılış gücü qarşıdakı 4-5 ildə iki dəfə, yəni 16 milyard m3-dən 31 milyardadək artırılacaqdır. Hazırda Azərbaycan qazı ilə doldurulacaq Yunanıstan-Bolqarıstan interkonnektoru ilə bağlı məsələlər də həll olunur. Bakıdakı konfransda Avropa İttifaqının Qonşuluq və Genişlənmə üzrə komissarı Oliver Varhelyi Azərbaycan qazını “bizim enerji siyasətimizin çox dəyərli parçası” adlandırmışdır.”
Bütün bunlarla yanaşı Aİ-nin bir çox məmurlarının qeyri-adi erməni sevgisinə heç Rusiyanın enerji təzyiqi də mane ola bilmir. Qarabağda yaşanan ən son hadisələr, xüsusilə bölgənin enerji problemi fonunda, Aİ öz “narahatçılığını” yenidən ifadə etmiş, Azərbaycana “Qarabağ ermənilərinin qazını kəsməməyi və humanitar böhran yaratmamağı” məsləhət görmüşdür: “Xüsusilə də sərt hava şəraitində zərər çəkmiş yerli əhalinin (red.– ermənilər nəzərdə tutulur) qaz təchizatının dərhal bərpasını təmin etməyə təcili ehtiyac vardır və Aİ Azərbaycanın müvafiq hakimiyyət orqanlarını təmir işlərinə şərait yaratmağa çağırır”, - bəyanatda deyilir. Həmçinin, Aİ-nin bölgədəki vəziyyətə nəzarət etməkdə (monitor etməyə) davam edəcəyi bildirilir.[5] Maraqlıdır ki, bu qərəzli açıqlama daha sonra Aİ Diplomatik Xidmətinin rəsmi saytından silinmişdir.[6]
28 martdan etibarən Azəriqaz Xankəndi və ətraf ərazilərdə təbii qazın verilişini bərpa etmişdir. Sıra ermənilərin öz öhdəliklərini yerinə yetirməsini tələb etməkdədir. Lakin, Aİ hələ ki, erməni tərəfinə hər hansı tələb irəli sürmür. Bəlkə də 20 milyard m3 qaz aldıqdan sonra belə tələblər də səslənməyə başlayar...
Burada maraqlı digər bir məqam Trans-Xəzər qaz xətti layihəsi ilə bağlıdır. Bu kəmər haqqında digər bir yazımda[7] oxuya bilərsiniz.
22 fevral tarixli Moskva Bəyannaməsinin 31-ci maddəsi Azərbaycanın Rusiya ilə enerji əməkdaşlığını genişləndirəcəyini, qlobal enerji təhlükəsizliyinin möhkəmləndirilməsində sıx qarşılıqlı fəaliyyət həyata keçirərək yanacaq-energetika sahəsində, o cümlədən səmərəli infrastruktur layihələrinin icrasında, həmçinin neft-qaz yataqlarının birgə kəşfi, emalı, nəqli sahəsində əməkdaşlığın dərinləşdiriləcəyi niyyəti vurğulanır. Təsadüfi deyil ki, Aİ-nin enerji təhlükəsizliyinin və Rusiyadan enerji asılılığının azaldılmasının gündəm təşkil etdiyi bir zamanda məhz bu layihənin də gündəmə gətirilməsi[8] üst-üstə düşür. Beləliklə Rusiya özünə tətbiq olunan enerji sanksiyalarından Trans-Xəzərlə müəyyən qədər qaçmağı, bu layihəni işə salaraq Avropanın enerji payında yenidən rol almağı düşünür. Amerikan Trans Caspian Resources şirkətindən verilən açıqlamaya görə, layihənin icrası üçün 500-800 milyon dollar investisiya tələb olunur. Artıq mövcud Türkmənistan və Azərbaycanın enerji infrastrukturu isə bu işdə təkanverici qüvvə və böyük dəstək olaraq dəyərləndirilir. Bu gün (30 mart 2022) Türkmənistanın paytaxtı Aşqabad şəhərində təşkil olunan “Türkmənistan Qazı və Nefti” mövzulu beynəlxalq investisiya forumu[9] da məhz bu çərçivədə dəyərləndirilə bilər. Bu foruma Çinin CNPC, Azərbaycanın SOCAR, İtaliyanın TAPI vs. dünyanın 90-a yaxın enerji şirkətinin, o cümlədən bir çox Rusiya qeydiyyatı olmayan (sanksiyalardan qaçmaq üçün) rus şirkətlərinin qatılması, bu layihəyə olan beynəlxalq marağın coğrafiyasını da əks etdirir. Yaxın gələcəkdə Mərkəzi Asiyanın enerji qaynaqlarının Trans-Xəzərlə Azərbaycan qazına qoşulub Avropaya axacağı istisna edilmir. Beləliklə Azərbaycan nəqliyyat qovşağından, həm də enerji qovşağına çevrilərək, Avropa üçün önəmi biraz daha artıraraq manevr imkanlarını da genişləndirəcəkdir.
[1] https://www.iea.org/news/how-europe-can-cut-natural-gas-imports-from-russia-significantly-within-a-year
[4] https://www.eureporter.co/world/azerbaijan-world/2022/03/22/stepping-up-the-gas-pipeline-expansion-will-increase-flows-from-azerbaijan-to-eu/