Yeni Dünya Nizamı: qırxın dörd maddəsi

16.03.2022

Nağıllarda adətən açılmaması gərəkən, lakin nağılın davamı üçün qəhrəmanın açdığı və gözlənilməz hadisələrlə üzləşdiyi o qırxıncı qapı bugünümüzün dünyasının pozulan nizamının astanası da adlandırıla bilər.


2012-ci ilin dekabrında “apokalipsis” yaşanacağı və dünyanın məhv olacağı ilə bağlı çoxsaylı konspiroloji illüziyaları və təqvim iddialarını yəqin ki çoxları xatırlayır. Bu tarixin üzərindən 10 il, II Dünya Müharibəsinin başa çatmasının üzərindən isə 76 il keçməsinə, lokal və ölkələr arası müharibələr və çox saylı müxtəlif müstəvili konfliktlərə baxmayaraq dünya öz halında və varlığında “sülh içində” yaşamağa davam edirdi. Albert Eynşteynin daim xatırlanan “Mən bilmirəm III Dünya Müharibəsi hansı silahlarla aparılacaq, lakin IV Dünya Müharibəsi mütləq ki, dəyənək və daşlarla aparılacaq” sözləri dövlətləri qlobal sülhü pozaraq növbəti dünya müharibəsinə başlamaqdan çəkindirmək üçün nəzərdə tutulmuşdu. 2022-ci ilin 8 mayında dünya qlobal sülhün vəya dünyəvi nizamın 77-ci ildönümünü qeyd edə bilərdi ki, Rusiyanın Ukraynaya gözlənilməz, lakin əslində 2014-cü ildən bəri davam edən elan olunmamış müharibəsi bütün dünyanı çalxalandırdı. 

ABŞ-ın genişlənmə doktrinaları

ABŞ ərazisi bir zamanlar İngiltərənin müstəmləkəsi idi. 1812-ci ildə İngiltərənin öz müstəmləkələrini geri qaytarmaq üçün apardığı müharibədə məğlub olaraq 2 il sonra Kent müqaviləsini imzalaması ilə ABŞ dünya siyasi müstəvisində rolunu təsdiqləmiş oldu. Bundan sonra ilk öncə Amerika qitəsində genişlənmə məqsədilə 1823-cü ildə Monro doktrinası qəbul edildi. Bu doktrina ilk baxışda ABŞ-ın özünütəcrid elanı kimi görünsə də, “Müqəddəs İttifaq”ın keçmiş Latın Amerikası müstəmləkələri üzərində haqq iddialarının qarşısını alır və bütövlükdə Amerika qitəsində ABŞ-ın hegemonluğunu təsdiq edirdi. Dünya bu nizama 100 ilə yaxın müddət dözdü. Yayılmanın ikinci dalğası II Dünya Müharibəsindən sonra ABŞ-dan şərqə, Rusiyadan qərbə doğru idi – NATO 1949-cu ildə yaradıldı. Yuxarıdakı şəkildə NATO sərhədlərinin ilbəil Rusiyaya necə yaxınlaşdığını görə bilərik. Bu Rusiyanın təcridolunma və təhlükəsizlik instinktlərini gedərək daha da təşvişə salır. 

Yəqin heç də hamı bilmir ki, Rusiya “Soyuq müharibə” başa çatdıqdan sonra bir neçə dəfə NATO üzvlüyünə qəbul olunmaq istəyib. Bu həm Rusiya Federasiyasının ilk prezidenti Boris Yeltsinin, həm də indiki prezident Putinin hakimiyyətinin ilk dövrünə təsadüf edib. Bu istək (həmçinin Qorbaçovun bir zamanlar NATO-dan aldığı şifahi təminat) o qədər təsirli idi ki, Polşanın 1990-cı illərin əvvəllərində NATO-ya qatılması cəhdi, yaxud alyansın genişlənməyə başlaması həmin on illiyin sonunadək təxirə salınmış, Rusiya isə öz növbəsində MDB-ni təsis etmiş və 1993-cü ildə özünün ilk hərbi doktrinasını “Yaxın Çevrə” adlandırmışdır. Dünyadakı öz yerini bu doktrina ilə təsdiqləyən Rusiyanın növbəti rəhbəri Putin Qərb kollektivinin bir üzvü olmaq istədiyini dilə gətirərkən, 1999-2003-cü illərdə NATO rəhbəri olan George Robertsonun dediyinə görə, aralarında belə bir dialoq keçmişdir:

“Putin:- Siz bizi NATO-ya üzv olmağa nə zaman dəvət edəcəksiniz?

Robertson:- Biz heç kimi NATO-ya dəvət etmirik, üzv olmaq üçün müraciət edirlər.

Putin:- Biz digər bir çox əhəmiyyətsiz dövlətlərlə bir sırada dayanıb gözləmək niyyətində deyilik.”

Beləliklə, bu gün baş verən dünya təlatümünün səbəbləri aşağıdakılardır:

  • 1991-ci ildə elan olunan “Yeni Dünya Nizamı”nın pozulması;
  • NATO-nun Şərqə doğru gedərək daha çox genişlənməsi;
  • Putinin “Yeni Dünya Nizamı”nı yenidən təsis etməyə çalışaraq dünyanın bu ən yeni nizamında Rusiyaya daha əhəmiyyətli rol verilməsinə çalışması.

III Dünya Müharibəsi başlayacaqmı?

Dünya nizamının pozulması təbii olaraq dünyanı müharibəyə sürükləyir. Odur ki, “III Dünya Müharibəsi başlayacaqmı?” sualı çoxlarını həyacanlandırır, ciddi şəkildə düşünməyə vadar edir. Lakin bu haqda yekdil və qəti cavab vermək hələ ki, mümkün deyil. Hər şey “dəli Petro”nun müasirinin nə qədər irəli gedə biləcəyindən, Ukrayna xalqının onun təzyiqləri qarşısında nə qədər dayana biləcəyindən, dünya dövlətlərinin Rusiyanın yaratmağa çalışdığı yeni nizama nə qədər təhammül edəcəyindən, o cümlədən Rusiya xalqının özünün Prezident Vladimir Putinə qarşı hər hansı ciddi etiraz addımları atacağından, bütün bunlarla yanaşı digər qlobal müstəvilərdə iddiaları olan güclərin yaranmış xaotik şəraitdən faydalanaraq özlərinə pay qoparmaq istəklərinin canlanmasından asılıdır. Hələ ki, hər şey “kısır döngü” təəssüratı yaradır:

  • Putinin gedə biləcəyi ən irəli nöqtə nüvə silahından istifadə etməsi ola bilər və o, an etibarilə nüvə başlıqlı silahları döyüşə hazır vəziyyətə gətirməyi əmr edib. Lakin NATO Baş katibi Stoltenberq alyansın nüvə qüvvələrinin döyüş hazırlığı səviyyəsinin artırılması üçün səbəb görmədiklərini açıqlayaraq, sətraltı Putinin bu əmrini sadəcə “çəkindirmə vasitəsi” olaraq gördüklərini etiraf etmişdir. Bununla belə II Dünya Müharibəsinin sonunda ABŞ-ın Xirosima və Naqasakiyə atom bombaları atacağını da heç kəs təsəvvürünə gətirə bilməzdi. Rusiyanın addımlarının ölçüsü Ukraynanın inadının qırılması ilə paralel hesablana bilər;
  • Ukrayna Prezidenti Volodimir Zelenski “Reuters” və “CNN”-ə birgə müsahibəsində “Ukrayna Rusiyanın hücumu qarşısında daha nə qədər dözə biləcək?” sualına “...Bu fəlsəfi sualdır. Vacib deyil. Biz geri çəkilmirik, mübarizə aparırıq və bu millət sonuna qədər mübarizə aparacaq. Vəssalam...” cavabını verərək inadkar mübarizə aparacaqlarına işarə etmişdir. 
  • NATO Baş Katibi Stoltenberq ittifaq qüvvələrinin Rusiya ilə müharibəyə qatılmayacağını, həmçinin ABŞ Dövlət katibinin müavini Endi Şerman Ukraynanın ittifaqa qatılmayaraq neytrallığını elan edərsə, ABŞ-ın bunu dəstəkləcəyini bildirib. Zelenski isə hələ də inadlıdır və Qərbdən təhlükəsizlik zəmanəti tələb edir: sitat “Qərb ölkələri əgər Ukraynanı NATO-ya qəbul etməyəcəklərsə, təhlükəsizlik üzrə hüquqi zəmanət verməlidirlər”; əlavə qeyd: Rusiya üçün Ukraynanın Avropa İttifaqı üzvlüyü deyil, NATO üzvlüyü narahatedicidir. Çünki Avropa iqtisadi birlik, NATO isə hərbi birlikdir və Rusiya hərbi genişlənməyə qarşıdır.
  • Bir çox ekspertlər iqtisadi savaşın hərbi savaşdan daha öldürücü olduğunu iddia edirlər. Artıq Rusiyanın bir gün içərisində külli miqdarda vəsait itirən milyarderlərindən bəziləri (Mixail Fridman, Oleq Deripaska, Aleksey Mordaşov, Oleq Tinkov vd.), həmçinin bir çox sıravi vətəndaşlar Rusiya hakimiyyətindən Ukraynadakı müharibəni dayandırmağı tələb/xahiş etsə də, bu onları Qərb sanksiyalarının hədəfi olmaqdan qurtarmayıb. Vaxtilə Rusiyanın ən zəngin adamı hesab olunan, daha sonra Putinin sərt  cəza tədbirlərinə tuş gələn (2003-2013-cü illər arasında 10 illik həbsdə olmuş, daha sonra əfv olunmuş) keçmiş tikon - Xodorovski ölkə vətəndaşlarını Putinə və Ukraynadakı müharibəyə qarşı çıxmağa səsləmişdir. Lakin, hələ ki, Rusiya vətəndaşlarının bu çağırışa təsirli reaksiya verdiyinə şahid olmuruq. 
  • Yıxılana balta vuran çox olar.  Belə ki, II Dünya Müharibəsindən sonra demilitarizə olunmuş, 1947-ci ildə qəbul etdirilmiş Konstitusiyasına əlavə edilmiş 9-cu maddə ilə müharibədən imtina etdiyini rəsmi və hüquqi formada elan edən, ballistik raketlər və nüvə silahı kimi ciddi hücum silahlarına sahib olması qadağan olunan Yaponiyanın son illərdə öz “pasifist” konstitusiyasını yeniləmək cəhdləri, silah, hətta ballistik arsenalını artırmağa və gücləndirməyə başlaması (2020-ci ilin dekabrdında rus general-mayoru Mixail Makaruk Yaponiyanın bu addımlarını Cənubi Kuril adalarını (adalar II Dünya Müharibəsindən sonra Rusiya tərəfindən ilhaq edilib) geri almaq niyyəti ilə əlaqələndirmişdir) və nəhayət, Ukraynaya hücumdan sonra Yaponiya Xarici işlər nazirliyinin departament rəhbəri Hideki Uyamanın “Şimal əraziləri işğal olunub və biz hesab edirik ki, bu, Rusiya ordusunun Ukraynaya hazırki hücumu kimi beynəlxalq hüquqa ziddir” açıqlaması gəlmişdir. Bu, Yaponiyanın şərqdə Rusiya üçün yeni cəbhə aça biləcəyindən xəbər verir.

Digər bir məqam isə odur ki, 26 fevralda BMT Təhlükəsizlik Şurasında Rusiyaya qarşı qətnamənin qəbul olunmasına 3 ölkə tərəfsiz qalaraq dəstək verməmişdir (Hindistan, BƏƏ və ...) və onlardan biri Çin idisə də, son günlərdə Çinin Rusiyaya qarşı ritorikası dəyişilmişdir. Hətta rəsmi Pekin müharibənin başlanmasının 6-cı günündə (1 mart 2022) rusiyayönümlü çıxışları azaldıb artıq tamamilə neytral mövqe sərgilədiyinin göstəricisi olaraq Rusiya və Ukrayna arasında vasitəçilik rolunu üstlənməyi təklif etmişdir. Beləliklə Çin Rusiyanın “haqlı narahatlıqlarını” dəstəkləyir və eyni zamanda bütün körpüləri yandırmamağa cəhd edir. Bununla belə onlar anlayır ki, Putin hər nə etsə də, Çin üçün ən böyük təhlükə Qərbdən, xüsusilə ABŞ-dan gəlir. “Levada” Araşdırmalar Mərkəzi Çini Belarus, Qazaxıstan, Ermənistan və Hindistanla birgə “Rusiyanın dostları” elan edən sorğu keçirsə də (1620 rusiyalı respondentin iştirakı ilə, May 2021 tarixində) əslində Çin üçün (və ümumiyyətlə siyasət aləmində) “dost” anlayışı yoxdur. Məsələn, nümunəvi istisnalardan biri kimi Azərbaycan-Türkiyə dost və qardaş dövlətlər olaraq ən ağır zamanlarında bir-birlərinə hərbi-siyasi-iqtisadi dəstək olduqları kimi, Çin Rusiyanın ən ağır zamanında ona dəstək olmağı deyil, əksinə Rusiyadakı yatırımlarını xilas etməyi düşünür. 

Bəs Rusiyanı Ukrayna böhranı dövründə siyasi mövqeləri ilə dəstəkləyən Kuba, Venesuela, Nikaraqua, Suriya, İran, nisbətən neytral mövqe sərgiləyən və müzakirələrə və diplomatiya masasına geri dönüşə səsləyən İsrail, Cənubi Afrika, Hindistan Rusiya ilə gələcəkdə bir blokda, eyni cəbhədə yer alacaqlarmı? BRICS (Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrikadan ibarət iqtisadi qruplaşma) üzvləri 2014-cü ildə Rusiyanın Krımı ilhaqı zamanı da onu dəstəkləyərək neytral mövqe sərgiləmişdilər. Aydındır ki, Rusiyaya nə iqtisadi, nə hərbi dəstək lazım deyil. Ruslara dəstək vermək ona neytral olmaq deməkdir. Bir zamanlar Rusiya çarı II Nikolayın dediyi kimi, “Rusiyanın yalnız iki müttəfiqi var – quru qoşunları və hərbi dəniz qüvvələri.”

Azərbaycan: yeni dünya nizamının tam hüquqlu üzvü

Fevral ayında (2022) “Rossiya” telekanalının aparıcısı Vladimir Solovyova verdiyi müsahibəsində qeyd edib: “Belarus artıq bu İttifaqdadır. Düşünürəm ki, Qazaxıstana da yaxşı dərs oldu. Əgər siz 15 illik müddətdən danışırsınızsa, əminəm ki, səhv etməsək Ukrayna da orada olacaq. Ermənistanınsa çıxış yolu yoxdur. Axı Ermənistan, ermənilər kimin nəyinə lazımdır?! Onlar bunu gördülər. Azərbaycan bu sıradan kənardadır, çünki biz də çox səhvlər etmişik. Ayrı söhbətdir. Təbii, Azərbaycanı Türkiyə çox ciddi şəkildə dəstəkləyir. Türkmənistan, Özbəkistan və Tacikistan isə, düşünürəm ki, ilk əvvəl iqtisadi zərurətlərə görə qatılacaqlar”. Onun sözlərinə görə, “Gələcək İttifaq dövlətində vahid valyuta olacaq və bu müstəqil dövlətlərin birliyi olacaq. Yox, müstəqil yox - suveren. Müstəqillik nisbi anlayışdır. Axı bütün nefti və qazı Rusiyadan alıramsa, necə müstəqil ola bilərəm?!”  

Bu çıxışdan sonra Ermənistandan, xüsusilə Paşinyan hökümətinin nümayəndələri, XİN və hökümət-yönümlü deputatlar tərəfindən Lukaşenkonun ünvanına sərt etirazlar səsləndirilmiş, lakin Co Baydenin “Demokratiya Sammitinin” iştirakçısı rəsmi Yerevan Ukrayna böhranında Rusiyaya qarşı səs çıxara bilməmişdir. Azərbaycanın isə mövqeyi bəllidir.

24 fevralda başlayan Rusiya-Ukrayna müharibəsindən 2 gün öncə, yəni 22 fevral 2022-ci il tarixində Moskvada Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə imzalandı. 43 maddədən ibarət bu bəyannamə Rusiya tərəfindən Azərbaycanın dövlət sərhədlərinin, yəni ərazi bütövlüyünün və suverenliyinin tanınması idi. Bu bəyannamə bir çox sahələrdə Rusiya və Azərbaycan arasında əməkdaşlığın inkişaf etdiriləcəyini nəzərdə tutur, gələcək perspektivləri gözlər önünə sərir, xüsusilə enerji, iqtisadi-ticari-maliyyə əməkdaşlığı burada xüsusilə vurğulana biləcək məqamlardır. Təbii ki, bütün bunlardan daha önəmli və üstün məqam, Bəyannamədə Rusiya və Azərbaycanın beynəlxalq təşkilatlarda bir-birinin əleyhinə səs verməyəcəyini, regional təhlükəsizlik məsələləri ilə bağlı məsələlərdə qarşılıqlı məsləhətləşmələr aparacağına dair öhdəlikdir.

Yəni, Azərbaycan öz neytrallığını elan edir. 

Rusiyanın 2 gün sonra qlobal çaxnaşmalara gətirib çıxaracaq və qlobal təcridlə üz-üzə qalacağı bir məqamda Azərbaycanın beynəlxalq təhdidlərdən özünü sığortalamasının, ölkəmizin sabitliyinin yaxın gələcəkdə ən etibarlı şəkildə qorunmasının, sivil cəmiyyətimizə və ölkəmizə bomba və güllə yağdırılmayacağının bundan daha mütərəqqi təminatı ola bilməzdi.

Təsadüfi deyil ki, Britaniya Parlamentinin deputatı Marqaret Kokun Qazaxıstan və Azərbaycanın Rusiyanı “dəstəklədiyi”, yəni Rusiya əleyhinə sanksiyalara qoşulmadığı üçün bu ölkələrin özlərinin də sanksiyalara məruz qoyulması barədə tələbi gündəmə gəlmişdir. Bu məqsədlə Britaniyanın Qazaxıstandakı səfiri Qazaxıstan XİN-nə çağırılaraq izahat tələb edilmişdir. Azərbaycanın da bənzər addım atması məqbul olardı. İstənilən halda bu cür qeyri-vacib personalar Britaniya-Azərbaycan müttəfiqliyini poza bilməzlər. Unutmayaq ki, 44 günlük Vətən müharibəsi dövründə BMT TŞ-də Azərbaycana qarşı qərəzli mövqeyi əks etdirən bəyanatın qəbul olunmasına məhz Britaniyanın buradakı daimi nümayəndəsi Barbara Vudvord çevik reaksiya verib ölkəsinin mövqeyini sərgiləyərək veto qoymuşdur.

Ümumiyyətlə Rusiyaya neytral ölkələrin siyahısını tutsaq burada ilk sıralarda bunlar qeyd edilə bilər: Belarus, BRICS ölkələri, Kuba, Venesuela, Nikaraqua, Türkiyə, Suriya, İran, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Monqolustan, Pakistan (qeyd edim ki, indiyədək Rusiyanı Ukraynada müharibə başlatdığı üçün tənqid etmədiyinə görə (02.03.2022) 22 ölkə Pakistana müraciət ünvanlamışdır), Vyetnam vs.  Bu siyahıya bugün rahatlıqla Gürcüstanı da əlavə edə bilərik. Bəli, 2008-ci ildə Rusiyanın müharibə etdiyi Gürcüstan. Ukraynaya gedən könüllülərə icazə vermədiyi üçün Ukrayna Gürcüstandan səfirini geri çağırmasına baxmayaraq, Gürcüstan XİN rəhbərinin açıqlaması çox ibrətamizdir: “Mən Gürcüstanda 2008-ci ildə baş verənləri, Tbilisiyə doğru gələn rus tanklarını, paytaxtın və hava limanlarının necə bombalandığını görmək istəmirəm.” Beləcə, Gürcüstan da öz mövqeyini sərgiləmiş oldu.

Ukraynada bu gün yaşananlar nə qədər humanitar fəlakət, insalığın böhranı olsa da eyni zamanda məsuliyyətsiz liderlərin inadlı qərarlarının nəticəsi, bununla yanaşı güclü dövlətlərin dünyanı yeni çevrə doktrinaları ilə parçalamasının başlanğıcı, yaxud qırxıncı otaqdakı gözlənilməz hadisələrin təzahürü olaraq da adlandırıla bilər. Obamanın Şotlandiyaya gedib onu İrlandiya ilə qarışdırması, avstriyalıların dilinin də alman dili olduğunu bilməməsi, Afrika liderlərinin görüşündə iştirak edən Trampın çaşaraq mövcud olmayan Nambiya dövlətinə müraciət etməsi (çox güman, Zambiya və Namibiyanı qarışdırıb), Baydenin hazırkı böhranla bağlı video-çıxışında ukraynalıları “iran xalqı” adlandırması (“ukrainians” və “iranians” sözlərinin bənzər olduğu üçün) kimi səhvlər sadəcə “texniki” olmayıb dünyanın bir nömrəli dövlətinin siyasi fiqurlarının obrazlarını nə qədər qeyri-ciddiləşdirsə də, Putin öz iddiaları ilə, davranış tərzi ilə böyüklüyə və ciddiliyə bir o qədər iddialı görünür. Rusiyaya qarşı sanksiyalar, görünür ki, rəsmi Kremli qətiyyən qorxutmur və təşvişə salmır.

İlham Əliyevin zəkası və fövqəladə hallar üçün böyük əhəmiyyət daşıyan təcili qərarlar qəbul etmə mexanizmlərinə sahib olmasının nəticəsidir ki, ölkəmizdə “Suriya”, “Maydan” hərəkatları deyil, qlobal liderliyə iddia edən bir güclə tərəfdaşlıq baş verir! 

Humanitar hüququn 4 maddəsi (prinsipi) vardır (humanizm, tərəfsizlik, müstəqillik və ...) onlardan biri neytrallıqdır. Azərbaycandan da yeni dünya nizamında öz yerini bu prinsipləri rəhbər tutaraq müəyyənləşdirməkdədir. Məhz bu çərçivədə də Azərbaycan Ukraynada Rusiya əleyhinə səs-vermələrə qatılmasa da, humanitar yardımlar həyata keçirir və bunlar dünya və Ukrayna liderləri və xalqı tərəfindən qətiyyətlə alqışlanır.

Isveçrə də 19-cu əsrin dünya nizamını təsis edən Vyana konqresində “əbədi neytral” ölkə elan edilmişdi. O, bu neytrallığını Dünya Müharibələri dövründə də qoruya bilmiş, I Dünya Müharibəsi dövründə neytral olsa da, humanitar yardımlarını səngitməmişdir. Azərbaycan “Qafqazın İsveçrəsi” ola bilməzmi?!

Son olaraq, yaşadıqlarımız və yaşananlardan öyrənərək əminliklə demək olar ki, dövlətin sabitliyinin və inkişafının yeganə və ən vacib amili xalq-hakimiyyət birliyidir! Bu birliyimizin əbədi olması diləyilə!


 

Şəhla Cəlilzadə

Azərbaycan Dillər Universitetində beynəlxalq münasibətlər ixtisası üzrə bakalavr, Azərbaycan Dövlət İqtisad Universitetində beynəlxalq münasibətlər və diplomatiya ixtisası üzrə magistr dərəcəsi alıb. Müvafiq ixtisas üzrə elmi araşdırmaların və məqalələrin müəllifidir. Əsas tədqiqat sahələri konfliktologiya, Qarabağ münaqişəsi, sülh quruculuğu prosesləridir.