Modern kültürlərin resakralizasiya məkanı olaraq kütləvi media

14.03.2022

Media fərqli topluluqların diferensiasiyasında bir faktordur. Bu o deməkdir ki, media iqtisadi fenomenler və ya siyasətin alətlərini ehtiva etmir. Media sadəcə texnoloji dəyişikliyin bir örnəyi olaraq da əhəmiyyət kəsb etmir. Media daha çox, kultural identikliklər yaratma, fərdləri “fəaliyyət subyektləri” olan koherant publikalara daxil etmə prosesi olaraq analiz edilməlidir. Bu anlamda, Modernizm, dindarlıq və media münasibətlərini konseptuallaşdırmaq üçün medianı sosial aktorların konstitusiyasında bir faktor kimi görülə bilər.

Modernizm dünyanı rasionallaşdırdığı üçün “Müqəddəs”i anlamsızlaşdırdı. Dəyərlərin instrumental effektivlik və səmərəliliyə reduksiyası dünyanı magikallıq və misteriyadan qopardı. M.Veber, qeyd olunan fenomeni Entzauberung - “dünyanın sehrinin pozulması” adlandırır. Texnoloji sürət və ekstaziyada yaşayan ultra-postmodern cəmiyyətin insanı üçün bunu dərk etmək asan deyil. Halbuki, yaşam təcrübəmizin hər bir aspekti bu “Entzauberung”u əks etdirir – empirik elmə olan kor inancdan sosial münasibətlərin süniliyi, dayanıqsızlığı və səthiliyinə qədər. Demək olar ki, hamımızda “müqəddəs”in yox olması dünyanı görmə tərzimizi dəyişdirib. Veber bu prosesi modern kültürün bütün təbii və sosial hadisələrin düzənli, simmetrik, dəqiq artikulyasiya edilmiş ümumiləşdirmələr və analitik modellər çərçivəsinə daxil etməsi olaraq da görürdü. Adam Smit və Nyuton prinsiplərinin məqsədi dünyanı izah etmək deyil, ona nəzarət və manipulyasiya etməkdir.

Bu totallaşdırıcı dünyabaxışı sayıla bilməyən, misteriya qüvvələrinə  heç bir yerin qalmadığı bir kosmos yaratdı. Hədəf, dünyanın qarışıqlıq və kompleksliliyinin kalibrasiyası, təbiəti əhliləşdirmək, işçiləri daha adaptiv və sözəbaxan etməkdir. Bu yolda, Modernist filosoflar misteriya, magikallıq və inanc əleyhinə arasıkəsilməz savaşa başladı. Zəfər üçün dünya tamamilə de-spiritualizasiya edilməli idi.

Lakin təbiət üzərində total nəzarət üçün Modernizm boşluq anlamını tərk edib. Çox az insan bir ovsunlanma, misteriya, mifik vizyon, ritualist məqamlar olmadan yaşamağa qadirdir. Ona görə də, nə qədər qəribə olsa da, biz dünyanın yenidən ovsunlanmasını, magikallığın qayıdışını, həyatımızın misteriya ilə qaplanmasını təhlil etməli oluruq. Əsrimizin ən aydın analistlərindən biri olan Daniel Bell qeyd edir ki, Modernizm ilə bağlı real problem spiritual dünyabaxışının – “Weltanschauung”un böhranıdır. Qədim kültürlərin təməlləri dəfn edilib, yenilərinin isə illüziyonar olduğu aşkardır.

Dünyanın pervaziv rasionallaşması ilə bağlı olan fenomenlər özlərini yenidən planetimizə implant edən fundamentalist, sektarian və inteqralist hərəkatlardır. Bu, həm modernizasiya qüvvələrinə qarşı bir reaksiya, həm də populyar dindarlıq müstəvisində dəyişməyən “mütləq”lərin boşluğunu doldurmaq üçündür. Sürətli kultural dəyişimlərin ortasında insanlar şəxsi və sosial identikliklərini sabitləyə biləcəkləri insani konstruksiyanın fövqündə təməl(lər) axtarışındadır. Keçmiş Yuqoslaviyada bu fundamentalizm din və etnik millətçiliyin qarışığı, faşist Almaniyada isə zorakılıq və irqçi nifrət ilə birləşmiş “qədim Nordik alman miflərinə qayıdış” idi. Fundamentalizmin bütün formalarında media həm identiklik axtarışında, həm də dinilik və müqəddəsliyin modernləşən bir dünyada ən mühüm sosial aktorlar üçün bazis ola biləcəyini təsdiq etmək cəhdlərində mərkəzi rol oynayır.

Modernizm hər zaman ateizm ilə identikləşdirilsə də, Papa X Piy tərəfindən “modernizm”in tənqidindən başlayaraq bu anlayış təkamülçü qüvvələrə tərk edilmiş, tradisional dünyanın dəyərlərin destruksiyasına yönələn naturalist determinizm inanclarının dominant olduğu bir cəmiyyət ilə assosiasiya edilib. Bu perspektivdən düşünənlər üçün Modernizm sekulyar humanizm, kommunitarian öhdəlikləri qeyri-mümkün edən bir fərdiyyətçilik anlamına gəlir. Veberə görə, sekulyar, modern dünya sadəcə Tanrılarsız deyil, tamamilə rasionallaşmış, insani mövcudiyyətin magikal-misterik təməllərini dağıdan sientist arqumentasiya tərəfindən idarə edilən bir dünyadır. Veber bu dünyanı “yaşam təcrübəsinin nəhayi mahiyyətinin olmaması” ilə izah edir. Özlüyündə dəyər və mahiyyət kəsb edən, “konstruksiya edilmiş reallığımız”dan kənarda başlanğıc - istinad nöqtə olan bilən reallıqlar artıq mövcud deyil. Dünyanı idarə edən Veberin metaforası ilə desək, bir “dəmir qəfəs” – instrumental rasionallıqdır. Tam şəkildə insan məntiqi tərəfindən konstruksiya edilən bu dünya içərisindən qaçılması mümkün olmayan bir qəfəsdir. Çünki insan müqəddəratına rəhbərlik edən dialektika instrumentaldır, supra-insani bir telos-a heç bir istinad yoxdur.

E.Gellner bildirir ki, Veberin “Entzauberung” – dünyanın ovsununun pozulması - ilə söylədiyi koqnitiv, texnoloji və administrativ iqtidara Faustsayağı sahiblikdir. Biz idarə edilə, öncədən görülə, lakin donuq, etinasız və rasional bir dünya üçün qeyri-təhlükəsiz dünyanı tərk etdik. Bu, sekulyarlaşma konseptinin matriksidir. Moden dünya instrumental rasionallıq tərəfindən idarə edilən soyuq, praqmatik və funksional dünyadır. Bu dünyaya dinin sosiologiyası ənənəsindən daha iki element əlavə edilməlidir. Birincisi, Hegelin qeyd etdiyi kimi sekulyar dünya arzular və təxəyyüllərimizdən meydana çıxan tamamilə insani bir proyektdir, insanların şüur və yaradıcılığının obyektivləşdirilməsidir. İkincisi, sekulyar dünya dövlət, cəmiyyət, mədəniyyət və incəsənətin özünü dindən tamamilə müstəqilləşdirməsi, öz sosial iqtidar bazislərini yaratmış olduqları bir dünyadır. Özünün kultural, ideoloji, koqnitiv azadlığını yaradan bu dünyanın inanclar, kredolar və dini institutlardan heç bir əsaslandırmaya ehtiyacı yoxdur.

Lakin digər tərəfdən, Alan Turen bildirir ki, modern cəmiyyət dinə laqeyd yaxud dindən azad bir cəmiyyət deyil. Bu cəmiyyət spirituallığın aradan qalxmadığı, dünyəvi və spiritual sferaların separasiyasını müdafiə edir. Bəs hansı kontekstdə bəzi tədqiqatçılar dünyanın yenidən ovsunlanmasından bəhs edir? Kütləvi media sadəcə ideoloji və kommersial manipulyasiya fenomeni deyil, antropologiya və digər sosial elmlər tərəfindən başa düşülən kultural fenomendir. Kütləvi media getdikcə daha çox insanın həyatının mahiyətini konstruksiya etdiyi yerləri ehtiva edir. Media insanlara incəsənətin mahiyyətindən ölümün mahiyyətinə, gəncliyin və gözəlliyin mahiyyətindən xoşbəxtliyin mahiyyətinə qədər həyatın sentral məsələlərini başa düşmək üçün bir yerə toplaşmalarına imkanlar təklif edir. Məhz bu kontekstdə, X.M.Barbero elektron kilsə anlayışını irəli sürür.

Elektron kilsə intellektualizə edilən, donuq və ovsunsuzlaşdırılmış dünyaya bir magiya bəxş edir. Bu yeni elektron kilsə hisslərin apokaliptik və messianik yüksəlişini zəbt etmək üçün simulakrum və sentimentlər texnologiyasına sahibdir. Bu da modern traybal kultlar, sektalar və kommunalara bir sima, səs verir. Bu topluluqlar üçün ritualistik və əxlaqi normalar teoloji doktrinalardan daha önəmlidir. Barberoya görə, Protestant ənənə medianın dünyanı yenidən ovsunlama vasitəsi olduğunu daha öncə dərk edirdi. Mediatizasiya insanların gündəlik həyatını bir magiyaya transformasiya etmə üslubudur.

Postmodern intellektuallara görə, dünyada magikallığa yer qalmayıb. Lakin insanların böyük əksəriyyəti üçün melodraması, ulduzlarının həyatı, nəhəng idman müsabiqələri ilə media misterik, magikal, həyəcanlandırıcı və ovsunlayıcıdır. Media müqəddəs və dini arasındakı distansiyanı da eliminasiya edib. Dinlərin böyük qısqanclıqla qoruduğu müqəddəs ətrafındakı divarlar media tərəfindən dağıdılıb. Televiziya, o cümlədən sosial media dünyəvi domenə bir magiya daxil etməklə yanaşı, əsrlər boyu müqəddəs olanı sekulyarlaşdırıb. Müqəddəslik triviallaşmaya məruz qalsa da, buna paralel olaraq, gündəlik yaşamın ən dərinliklərinə nüfuz edib. Mediatizasiya və reklam spotları gündəlik həyatın ən rutin, adi işlərinə də ovsunlayıcı xarakter verir.

Fausto Neto bildirir ki, mediatizasiya medianın texnoloji cihazlar olaraq görüldüyü insturmental və texnoloji prizmadan daha genişmiqyaslı və mühüm bir şeydir. Bu, medianın qruplar və fərdlər arasındakı interaksiyaların daha geniş sosial tablosuna daxil edilməsi, anlamlar və obrazların yaradılması ilə bağlı olan “sosial praktika”ya transformasiyası deməkdir.

Televiziya, habelə hiperaktiv sosial media ümumi miflərimizin vizuallaşma məkanıdır. Burada mif Rolan Bartesin qeyd etdiyi anlamda (bir ideologiya forması) deyil, dərin antropoloji interpretasiyada vurğulanır. Dolayısı ilə, kultural vəhdətin mənbəyi, əndişələrimizə səbəb olan və ya onları aradan qaldıran, xaos terrorundan bizi qoruyan miflər olaraq. Məhz televiziya və sosial media cəmiyyətlərimizin birləşdirici miflərini artikulyasiya və katalizasiya edir. Kino, rok və ya futbol ulduzları yaxud çempion boksyorlar deyilsə, bizim ümumi miflərimiz nədən ibarətdir? İnsanlar televiziya və sosial mediada idollar və ulduzları ilə dərin identifikasiya yaşayırlar. İdentiklik kompleks xarakter aldıqca, onun dini aspektlərinin pop-mədəniyyətdən (məsələn “Game of Thrones” izləyicisi yaxud futbol azakeşi olması) ayrılması qeyri-mümkünləşir.

Antonio Fausto Neto qeyd edir ki, institusional və denominasional aspektindən başqa, gündəlik fərdi dini təcrübələr medialaşmanın bir parçasına çevrilib. Mediatizasiya dini inancların kultural praktikaları (seriallar yaxud filmlər izləmək, elektron musiqi dinləmək, komik “yüngül” ədəbiyyat oxumaq) ilə inanclılar üçün dini təcrübənin yeni dimensiyasını meydana çıxardı. Əgər pre-modern dünyada ümumkültür və din bir-birindən ayrı dünyalar idisə, bu gün dini inanclılar kütlə kültürünü öz dinlərinə yaxın element olaraq görürlər. Yüksək dərəcədə mediatizasiyalaşmış dünyada, dini baxışlarını media və əyləncə istehlakından ayırmaq çətindir.

Bir Rok musiqisi və ya Star Trek fanatı olmanın dini fərd olmağın qarşısında problem təşkil etdiyi günlər artıq tarixdə qaldı. Star WarsAvengers filmlərini, Harry Poter kitablarını dini mülahizələr və ideyalarla əlaqələndirərək onları doktrinar perspektivdən interpretasiya edən internet saytları mövcuddur.

Kristofer Helland bildirir ki, online dinin əsas səciyyəsi iştirakdır, çünki o konkret bir yer (kilsə yaxud məbəd kimi) ilə məhdudlaşmır, virtual olaraq hər yer yayılır və hər kəsə əlçatandır. Lakin Helland onu da əlavə edir ki, asan əlçatanlıq iştirak anlamına gəlmir. Dini məbədlər və denominasiyaların öz ibadətçiləri ilə sinxron olmamasına görə dini praktikalar, rituallar və mərasimlərin zamanlanması dəyişib. Covid-19 pandemiyası ilə bağlı lokdaun-lar dövründə kult və mərasimləri online şəkildə keçirilməyə başlandı. İnsanlar inanclıların daha geniş topluluğun bir parçası olmaq naminə bir rəqəmsal cihaz qarşısında toplanırlar. Mediatizasiya sadəcə dini sfera və media haqqında deyil, inanclı insanlar tərəfindən qurulan və din ilə medianın qovuşmasından meydana çıxan yeni anlamlar ilə bağlıdır.

Əgər din və media bir-birilə birləşirsə, bu insanların onları bir magiya, misteriya, dünyanın yenidən ovsunlanmasına  transformasiya etmək ehtiyacının təməl kultural mediasiyaları olmasına görədir. Başqa sözlə, mediatizasiya deyil, media sekulyarlaşmanın “qürubu”, modernist mədəniyyətin yenidən “sakralizasiyası”nda önəmli rol oynayır. Burada meydana çıxan ekksentrik hal ondan ibarətdir ki, Modernizmin dini yox edəcəyinə dair bütün vədlərinə rəğmən, dinin özünü modernləşdirdiyini, onu öz məqsədlərinin inqrediyentinə çevirdiyini müşahidə edirik. Şahidlik etdiyimiz din və modernizmin konflikti deyil, yeni kommunikasiya texnologiyalarının populyar dindarlıq məntiqinə bağlanması ilə Modernizmin bir ovsunlamaya transformasiyasıdır.

 

            Ədəbiyyat:

 

  1. Barthes, R. (1974). Mythologies. London: Cape
  2. Bellah, R., Madsen, R., Sullivan, R., Swidler, Α., & Tipton, S. (1985). Habits of the heart: Individualism and commitment in Amencan life. Berkeley: University of California Press
  3. Alain Touraine, Modernliğin eleştirisi, çeviren Hülya Tufan, İstanbul, YKY, 1992
  4. Heidi Campbell,. 2013., Introduction. In Digital Religion: Understanding Religious Practices in New Media Worlds. Edited by Heidi A. Campbell. London: Routledge.
  5. Fausto Neto, Antonio. 2006. Mediatização, Prática Social-Prática de Sentido. Paper presented at XV Encontro da Compós, Bauru, Brazil, June 6–9.
  6. Fishwick, M. 2004. Religion as entertainment. The Journal of American Culture 27: 460–61
  7. Christopher Helland,. 2005. Online religion as lived religion. Journal of Religions on the Internet 1: 1–16
  8. J.Martin-Barbero,. Mass media as sites of resacralization of contemporary culture. In Rethinking Media, Religion and Culture. Edited by Stuart E. Hoover and K. Lundby. London: Sage, p. 109.  1997
  9. J.Martin-Barbero,. Communication, Culture and Hegemony: from Media to Mediations, trans.by Elisabeth Fox, Robert White, Sage Publications, 1993
  10. Luís Mauro Sá Martino., The Mediatization of Religion. London: Routledge. 2016
  11.  Max Weber., The Protestant ethic and the spirit of capitalism. New York: Scribner. (1958)
  12.  Ernest Gellner, Culture, Identity and Politics, Cambridge University Press, 1997