Kosmik tullantılar: kiçik hissəciklərdən qlobal təhdidə doğru

05.01.2022

2019-cu ilin sonu, 2020-ci illərin əvvəllindən başlayan COVID-19 virusu qlobal iqtisadiyyatın bir çox sahələrinə ağır zərbələr vurdu. Lakin bununla paralel pandemiya bəzi sahələrin inkişafına da çox böyük təkan verib. Məsələn, bu dövr ərzində inkişaf etmiş ölkələr peyk sənayesini inkişaf etdirmək, bu bazara hakim olmaq üçün yarışa giriblər. 2020-ci ildən etibarən süni peyklərin sayı sürətlə artır.  The Union of Concerned Scientists (UCS) məlumatına görə, 1 yanvar 2021-ci il tarixində 6542 peyk olub. Onlardan 3372-si aktiv, 3170-i isə qeyri-aktiv olub.[i]

Birləşmiş Millətlər Təşkilatının Kosmosa buraxılmış Obyektlərin İnventarına (UNOOSA) görə isə 2021-ci ilin aprel ayının sonunda kosmosda 7389 fərdi peyk olub ki, bu da 2020-ci illə müqayisədə 27,9% çoxdur.

Verilənlər bazası göstərir ki, baza yaradılandan bəri 11 139 peyk buraxılıb və 2021-ci ilin birinci rübü üçün onlardan yalnız 7 389-u kosmosdadır. Qalanları isə ya atmosferdə yanıb, ya da bu yaxınlarda Çinin Long March 5C raketinə bənzər dağıntılar içində Yerə qayıdıb və qalıqları Hind okeanında batıb.

Peyklərin sayının artmasının səbəbləri müxtəlifdir. Belə ki, müxtəlif sənaye sahələrinin peyk məlumatlarından asılılığı bu rəqəmlərin ildən-ilə artmasına səbəb olub. Aktiv Yer peyklərinin əsas məqsədi müxtəlif verilənlər bazalarını toplamaqdır. Bəzi peyklər yalnız bir xüsusi əməliyyata xidmət edir, digərləri eyni anda bir neçə əməliyyatı yerinə yetirir. Aşağıda 31 dekabr 2020-ci il tarixində The Union of Concerned Scientists tərəfindən qeydə alınan peyklərin siyahısı və onların mövcud olma məqsədləri:

 

Peyklərin sayı

İstifadə məqsədi

1832

Rabitə məqsədli

906

Yerin müşahidəsi

350

Peyk texnologiyalarının inkişafı və onların nümayişi

150

Naviqasiya və yerləşdirmə

104

Kosmik elm və müşahidə

20

Yer elmi

10

digər məqsədlər.

Peyk sənayesində üstünlük təşkil edən ilk 10-luğa ABŞ, Çin, Rusiya, Böyük Britaniya, Yaponiya, Hindistan, Avropa Kosmik Agentliyi, Kanada, Almaniya və Lüksemburq daxildir.

2012-ci ildən etibarən Azərbaycan da orbitə 2 peyk buraxıb. Bu peyklər, əsasən, telekommunikasiya məqsədlidir və hər birinin istifadə müddəti 15 ildir. Təbii olaraq, Azərbaycan bu sahədə gəlir əldə etmək üçün istifadə müddətinin daimiliyini tənzimləməyi bacarmalıdır. Yəni “Azerspace”in xidmətindən istifadə edən müştəriləri qorumaq və ondan gəlir əldə etmək üçün 15 ildən sonra yenidən orbitə peyk buraxmalıdır.

Bu baxımdan istifadə müddəti bitmiş peyklər digər bir qlobal problemlərə yol açır. Kosmosda tıxac  və kosmik zibillərin idarə edilməsi məsələsi avtomatik olaraq ortaya çıxır.

Son illərdə Beynəlxalq Kosmos Stansiyası toqquşmalardan qaçmaq üçün orbiti daim izləyir və tənzimləyir ki, bu da əlavə büdcə tələb edir. Peykə tələbatın artması fonunda bu problem də ildən-ilə böyüyəcək. Bir tərəfdən kosmos çox böyükdür, digər tərəfdən bəşəriyyət məhdud sayda orbitlərdən istifadə edir. Ən populyar olanlar (məsələn, geostasionar) artıq çox yüklənir və hər bir yeni kosmik gəminin buraxılması üçün boş yer axtarmaq lazımdır.

Avropa Kosmik Agentliyinin hesablamalarına görə, Yer Kürəsinin ətrafında 170 milyona yaxın kosmik tullantı hissəcikləri aşkarlanıb. Yer Kürəsini əhatə edən tullantı təbəqələrinin  ümumi kütləsi təqribən 7500 ton tullantıdan söhbət gedir.[ii] [iii]

Bir sözlə, dünyanın kosmik axtarışları, fəzaya göndərdiyi peyklərin istifadə müddəti bitdikdən sonra, raketlərin partlamasından ətrafa yayılan hissəciklər tullantı halında Yer Kürəsi ətrafında böyük bir zibillik təbəqəsi yaradıb.

Kosmik zibil problemi nə dərəcədə ciddidir?

Mütəmadi olaraq, kosmik zibil parçaları göy cismləri, orbitdə süni peyklərlə, raketlərlə toqquşması təhlükəsinə dair xəbərdarlıqlar gəlir. Rusiya, ABŞ və Avropa Kosmik Agentliklərinin mütəxəssisləri həmin cismlərin hərəkətlərini diqqətlə izləyirlər. Kosmosda toqquşmaların əsas problemi onların böyük sürətlə baş verməsidir. Məsələn, Beynəlxalq Kosmik Stansiyasının  özü 7,7 km/s sürətlə orbitdədir, buna görə də kosmik zibilin çox kiçik fraqmentləri ilə toqquşma belə ciddi nəticələrə səbəb ola bilər. Mütəxəssislərin fikrincə, bir neçə santimetrlik fraqment BKS-nın modullarından hər hansı birinə toqquşarsa sıradan çıxara bilər, hətta BKS-nın özünün tamamilə məhv edə bilər.[iv]Kosmik nəqliyyatın idarə edilməsi və kosmik tullantıların monitorinqi dərhal həll edilməli olan qlobal problemlərdir.

Toqquşmalardan yayınmaq üçün dünyada bir neçə kosmik zibil idarəetmə sistemi fəaliyyət göstərir; Məsələn, Yerə Yaxın Kosmosda Təhlükəli Vəziyyətlər üçün Rusiya Avtomatlaşdırılmış Xəbərdarlıq Sistemi və ya ABŞ Kosmik Müşahidə Şəbəkəsi.

Bu yaxınlarda Avropa Kosmik Agentliyinə (ESA) 2025-ci ildə buraxılacaq dünyanın ilk kosmik zibil çıxarma missiyalarından biri olan ClearSpace-1 missiyasının təşkil edilməsinə başlanılıb.

Təəssüf ki, orbitin təmizlənməsi çox baha başa gələn prosesdir. Məsələn, bir kosmik gəmidən böyük miqdarda zibilin təmizlənməsi üçün onu müxtəlif orbitlərə qədər izləmək lazımdır və orbital meylin dəyişdirilməsi çox böyük miqdarda yanacaq tələb edir. Eyni zamanda, bir zibilin təmizlənməsi, hətta ABŞ iqtisadiyyatı üçün çox baha başa gəlir.  Məsələn, 2020-ci ildə ABŞ Müdafiə Nazirliyi orbitdəki peykləri təhdid edən 'kosmos tullantısı' təqib etmək üçün 1 milyard  dollarlıq layihə hazırlayıb. Bu xərclər ildən-ilə daha da şişir. Bu o deməkdir ki, orbitlərin təmizlənməsi dünyanın aparıcı iqtisadiyyatlarının birgə işi və maliyyələşməsini tələb edir. Hazırda yaradılan və aşağı yerin orbitinə buraxılan bütün kosmik gəmilərin istismar müddəti bitdikdən sonra onu söndürmək üçün mexanizm var. Amma bu müddəa beynəlxalq səviyyədə də təsbit edilməlidir.


[ii] https://trends.rbc.ru/trends/green/608044f79a79473d011318f1

http://www.pereplet.ru/news/index.cgi?id=36873

[iii] https://3dnews.ru/1053835/uchyonie-u-zemli-mogut-poyavitsya-koltsa-kak-u-saturna-tolko-iz-kosmicheskogo-musora?topblock

[iv] https://tass.ru/opinions/11881009

Vüsalə Rüstəmova

Bakı Dövlət Universitetini bitirib. 2003-cü ildən jurnalist kimi bir sıra mətbuat orqanlarında çalışıb. Hazırda tədqiqatçı kimi fəaliyyət göstərir.